İdeyası Stalinə, icrası Xruşova məxsus olan kompleksin bəhrəsini Brejnev görüb – “Lujniki”nin 64 yaşı
Yenixeber.org: 64 il əvvəl bu gün, Moskvada dünyanın ən böyük idman komplekslərindən biri sayılan “Lujniki” idman kompleksinin inşası sona çatıb. Uzun illər Leninin adını daşıyan kompleks 1992-ci ildən yerləşdiyi ərazinin adına uyğun “Lujniki” adlandırılıb.
II dünya müharibəsindən qalib çıxan SSRİ 1950-ci illərdən başlayaraq öz liderliyini nümayiş etdirmək üçün bütün sahələr üzrə xarici ölkələrlə rəqabət aparıb. O cümlədən idman sahəsində də Kreml rəsmiləri mühüm tədbirlər həyata keçiriblər. 1952-ci ildə Helsinkidə keçirilən 15-ci Yay Olimpiya Oyunlarından sonra isə bu sahəyə daha böyük diqqət göstərilib. Belə ki, həmin olimpiya oyunlarında sovet idmançıları 22-si qızıl olmaqla, 71 medal qazanaraq 43 ölkə içərisində 2-ci yeri tutub. Bu uğurdan sonra hökumət idmanın inkişafı və həm də gələcəkdə idman turnirlərinə ev sahibliyi etmək üçün Moskvada yeni idman komplekslərinin inşa edilməsini qərara alıblar.
Məsələ Kremldə müzakirəyə çıxarılanda İosif Stalin Leninin adını daşıyacaq 80 min nəfərlik stadionun tikilməsini təklif edib. Amma bu təklif və təşəbbüs həyata keçməyib. Stalinin vəfatı ilə stadionun tikintisi təxirə salınıb.
Əslində Leninin adını daşıyacaq böyük stadionun tikintisi məsələsi hələ 1920-ci illərin ortalarında müzakirə olunub. Hətta bununla bağlı Moskvada yer seçimi də edilib. Amma həmin dövrdə ölkənin iqtisadi durumu bu sahəyə büdcədən vəsait ayırmaq imkanından xaric olub.
Nəhayət, 1954-cü ilin dekabr ayında Moskva şəhər Partiya Komitəsinin birinci katibi (sonralar SSRİ mədəniyyət naziri) Yekaterina Furtseva Mərkəzi Komitənin iclasında stadionun tikintisi ilə bağlı məsələ qaldırıb. Nikita Xruşov əvvəlcə bu məsələyə müsbət fikir bildirməyib. Sonrakı müzakirələrdə qərb ölkələrində və ABŞ-da idman sahəsinə ayrılan vəsaitlər, idman komplekslərinin tikintisi ilə bağlı faktlar və rəqəmlər baş katibin diqqətinə çatdırıldıqda, Xruşov müvafiq göstərişlər verib.
Əvvəlcə təkcə stadion tikintisi nəzərdə tutulsa da, sonra qərara alınıb ki, stadion da daxil olmaqla idman kompleksi inşa edilsin. Stadionun tutumu müzakirə olunanda 80 min nəfərlik təklifləri səsləndirilib. Bu dəfə Xruşov bu təklifə etiraz edib:
“Moskvanın mərkəzi stadionu bütün stadionlardan böyük olmalıdır, 100 min nəfərlik...”
İdman kompleksinin layihəsinin hazırlanması və inşası rekord müddətə həyata keçirilib. Layihəyə Moskvanın baş arxitektoru Aleksandr Vlasov rəhbərlik edib. 90 gün ərzində layihə hazır olaraq Xruşova təqdim olunub, təsdiqləndikdən sonra idman kompleksinin tikintisi başlanıb. 1955-ci ilin aprel ayında başlanan tikinti 450 gün ərzində sona çatıb. Tikintiyə ümumi nəzarət Yekaterina Furtsevaya həvalə olunub.
101 min nəfərlik stadion və digər idman kompleksləri 160 hektar ərazidə inşa edilib. Ayrı-ayrı idman növləri üçün meydancalar, stadion, üzgülük hovuzu, restoran, kafe, mehmanxana və s. böyük bir idman şəhərciyini xatırladıb.
Kompleksin tikintisində SSRİ-nin bütün bölgələrindən könüllü komsomol briqadaları çalışıblar.
Araşdırmaçıların qənaətinə görə, tikintinin məhz həmin ərəfədə aparılması məqsədəuyğun olmayıb. Sovet vətəndaşlarının müharibədən sonrakı ərəfədə mənzillərə daha çox ehtiyac duyduğu bir vaxtda büdəcədən kifayət qədər böyük vəsaitlər ayıraraq idman kompleksinə xərclənməsi Xruşovun səhv addımı kimi qiymətləndirilib.
Sonralar Xruşov öz xatirələrində də bu məsələyə toxunub:
“Moskvada Leninin adını daşıyacaq belə möhtəşəm bir idman kompleksinin tikintisi vacib idi. Amma bu hökumətin büdcəsinə də uyğyn deyildi. Kompleksin tikintisi böyük vəsaitlər hesabına başa gəldi. Həmin vəsaitlə minlərlə sovet ailəsini mənzillə təmin etmək olardı. Düzdür, həmin dövrdə yaşayış binalarının tikintisi də böyük vüsət almışdı. Buna baxmayaraq, gərək biz tələsməyəydik. Hər halda bu tikintini uğursuz bir layihə kimi də qiymətləndirmək olmaz. Çünki zaman-zaman kompleksdə keçirilən tədbirlərin hesabına büdcəyə vəsaitlər daxil olur və bu davamlıdır...”
Bəlkə də elə bu tələskənliyə görə Nikita Xruşov idman kompleksinin on minlərlə insanın iştirak etdiyi açılış mərasiminə qatılmayıb.
Təntənəli açılış günü kompleksin stadionunda futbil üzrə SSRİ yığması ilə Çin futbolçuları görüşünblər. Oyun 1-0 hesabı ilə ev sahiblərinin xeyrinə qurtarıb.
Fəaliyyət göstərdiyi illər ərzində “Lujniki” idman kompleksində minlərlə mötəbər idman turnirləri keçirilib. O cümlədən kompleksin stadionunda dünyanın tanınmış estrada ulduzları da konsertlər veriblər.
“Lujniki” 1990-cı illərdə siyasət meydanına da çevrilib. Boris Yeltsin bir neçə dəfə tərəfdarları qarşısına məhz bu stadionda çıxıb.
1980-ci ildə “Lujniki” dünyada daha da məşhurlaşıb. Moskvada keçirilən 22-ci Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri məhz “Lujniki”də keçirilib.
Xruşovdan fərqli olaraq “Lujniki” Leonid İliç Brejnevin sevimli məkanlarından biri sayılıb. O, dəfələrlə bu idman kompleksində azarkeçi olduğu futbol və xokkey oyunlarını canlı izləyib.
1990-cı ilin əvvəllərindən başlayaraq idman kompleksində maliyyə problemləri yaşanıb, işçilərə əmək haqqı vermək, cari təmir işləri aparmaq və s. üçün kompleksin büdcəsində pul olmayıb. Bu məqsədlə 1992-ci ilin əvvəllərində kompleksin direktoru Vladimir Alyoşin Moskva meri Yuri Lujkova şəhər büdcəsindən kompleksə vəsait ayırmaqla bağlı müraciət edib. Lujkov müraciətə fərqli cavab verib, kompleksdə əşya yarmarkasının açılmasını təklif edib. Bununla da Rusiyada ilk ən böyük əşya bazarı “Lujniki”də fəaliyyətə başlayıb. Sözsüz ki, bu da idman kompleksinin imicinə xələl gətirib, kompleks zaman-zaman dağıntılara məruz qalıb.
1 avqust 2011-ci ildə yarmarkanın fəaliyyəti rəsmi olaraq dayandırılıb. Ondan sonrakı illərdə “Lujniki” idman kompleksində bir neçə dəfə əsaslı yenidənqurma və bərpa işləri aparılıb, kompleks əvvəlki kimi mötəbər idman turnirlərinə ev sahibliyi edib və etməkdədir.(musavat)
İlham Cəmiloğlu