2020-ci ildən başlayaraq Azərbaycan qlobal siyasi maraqların kəsişdiyi və həm də toqquşduğu mərkəzlərdən birinə çevrildi. Hələ o zaman bəlli idi ki, artıq 3-cü Dünya “Müharibəsinə” start verilib. Aydın olan həm də o idi ki, savaşın əsas predmeti qlobal daşımalar üçün zəruri olan kommunikasiyalardır.
Yenixeber.org: Qısaca xatırladım ki, burada söhbət əsasən “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərindən keçən və keçməli olan daşımalardan gedirdi. Birinci dəhliz Çin-Avropa, ikinci isə Rusiya-Hindistan iqtisadi-ticari əlaqələrini təmin etməlidir. İkinci dəhliz həm də birincini kəsmək, ona nəzarət və ya təsir etmək üçün zəruridir.
Çünki indiki geosiyasi reallıqda Rusiya özünü qlobal güc kimi yalnız həmin şərtlər çərçivəsində təsdiq edə bilər. Ukrayna müharibəsindəki uğursuzluğun ardınca isə Rusiyanın bu ehtiyacı daha da artır. Həm də ona görə ki, sərt sanksiyalara məruz qalan Rusiya indi öz iqtisadi və ticari əlaqələrinin prioritetlərinə yenidən baxmalıdır.
Burada da seçim sanksiyalara məruz qalmış başqa bir dövlət olan İranın və dünyanın iqtisadi güclərindən olan Hindistanın üzərinə düşür. “Şimal-Cənub” dəhlizinin açılması həm də Rusiyanın yüz illərdir çalışdığı isti dənizlərə çıxmaq strategiyasını təmin etmiş olardı.
Mübarizənin indiki mərhələsində geosiyasi konstruksiya da həmin hədəflər ətrafında formalaşır və nəticədə bir tərəfdən İngiltərə-Turkiyə-Azərbaycan-Pakistan, digər tərəfdən isə Rusiya-İran-Hindistan koalisiyaları formalaşır.
Bu, koalisiyalarda başqa dövlətlərin də iştirakı var əlbəttə, amma əsas sual doğuran Çinin hansı tərəfdə olmasıdır. Sualın cavabı hansı layihənin daha çox Çinin iqtisadi maraqlarını təmin etməsindədir. Hindistanla həm hərbi-siyasi, həm də iqtisadi rəqib olan Pekin eyni zamanda Rusiya və İran ilə də isti münasibətlərə malikdir.
Əvvəla ona görə ki, Rusiya kimi bazarı itirmək istəmir, ikincisi isə İran onun “Bir yol, bir qovşaq”
strategiyasında tərəfdaş kimi nəzərdən keçirilir. Digər tərəfdən isə Çin həm də son aylar daha açıq şəkildə gündəmə gələn “Orta Dəhliz” layihəsində maraqlıdır.
Xatırladım ki, həmin dəhliz Çin – Avropa əlaqələrini Mərkəzi Asiya – Xəzər dənizi – Cənubi Qafqaz – Türkiyə üzərindən ilə keçməklə təmin etməlidir. Həmin dəhlizin son dövrlər daha da aktuallaşması isə Qərb-Rusiya (Ukrayna savaşı ətrafında) və Qərb-İran (Tehranın nüvə proqramı ətrafında) münasibətlərindəki gərginliyin artan xətt üzrə getməsindən qaynaqlanır.
Bu mənada təsadüfi deyildi ki, keçən ilin dekabrında “Orta Dəhliz” mövzusunda Bakıda keçirilən beynəlxalq forumun ardınca İlham Əliyev yanvarda Davos İqtisadi Forumunda həmin mövzuda panel müzakirəsinə qatılmışdı və həm də Çinin dövlət televiziya kanalında müsahibə vermişdi.
Deməli, Pekin əslində nəinki həmin dəhlizə qarşı deyil, hətta onun işləməsində maraqlıdır da. Amma həmin dəhlizin işləməsində maraqlı olan supergüc təkcə Çin deyil, həm də Böyük Britaniya və yüksək ehtimalla ABŞ-dır.
Güclərin belə nisbətdə paylanması isə “Şimal – Cənub” dəhlizində maraqlı olan tərəfləri “Orta Dəhlizin” işləməsinə sakit yanaşmağa razı sala bilməz.
Son dövrlər Azərbaycan ətrafında baş verənlər də elə məhz həmin rakursdan nəzərdən keçirilməlidir. Həm də ona görə ki, “Orta Dəhlizin” açılması və işləməsi təkcə sadalanan ölkələrin deyil, həm də bir sıra kontinental Avropa ölkələrinin planlarına uyğun gəlmir.
Bu məsələdə də Fransanın xüsusi səylər göstərməsi təkcə dəhlizlər məsələsi deyil, çünki əslində iqtisadi maraqlar baxımından “Orta Dəhliz” Paris üçün də əlverişlidir. Amma Fransanın indiki siyasətində başlıca prioritet öz fövqəldövlət statusunu qoruyub saxlamaqdır.
Elə həmin səbəbdən də sözdə Rusiya ilə sərt polemikalar aparan Fransa işdə Moskva – İrəvan – Tehran üçlüyünü tərəfdaş kimi görür. Amma Moskva-Paris münasibətlərindəki gərgin və bəzən sərt ittihamların səbəbi təkcə ritorika məsələsi deyil, həm də onların Cənubi Qafqazla bağlı maraqlarının toqquşmasındadır.
Bölgədə fiziki iştiraka malik olmayan Paris özünün və Avropa Birliyinin siyasi-diplomatik resurlarından yararlanmağa çalışdığı halda, Moskva faktiki region dövlətidir, onun Cənubi Qafqaza təsir imkanları isə müqayisə olunmaz dərəcədə böyük və çoxşaxəlidir.
Bundan başqa Cənubi Qafqazı özünün maraq dairəsi kimi nəzərdən keçirən Rusiya digər regional və qlobal güclərin bölgəyə təsirinin qarşını bütün mümkün vasitələrlə almağa çalışır. Elə həmin səbəbdən də Moskva bu məsələdə daha çox Tehranı özünə tərəfdaş bilir və hesab edir ki, bölgənin taleyi bu gün də 200 il əvvəl olduğu kimi Rusiya ilə İran arasında müəyyən olunmalıdır.
Xatırladım ki, istər 200 il (Rusiya-İran müharibəsi), istərsə də 100 il əvvəl (Rusiya imperiyasının çökməsi və ardınca SSRİ-nin bərpası) baş verənlər məhz bölgəyə nəzarətin Rusiyanın əlinə keçməsi ilə başa çatmışdır. Bunu də qeyd etmək yerinə düşərdi ki, qlobal maraqlar və hədəflər də həmin dövrlərdə olduğundan xüsusilə fərqlənmir.
Yaranmış vəziyyət Azərbaycan üçün riskləri artırır, amma bir o fərq var ki, hal-hazırda bölgə ona yönələn maraqlar baxımından nə 200, nə də 100 il əvvəlki durumda deyil. İndiki halda Azərbaycan tək deyil, onunla iqtisadi və geosiyasi maraqları üst-üstə düşən qlobal güclər var və geosiyasi estafetdə aparıcı rollar da hal-hazırda onlardadır.
Ukraynada öz geosiyasi məqsədlərinə çata bilməyən Rusiya üçün “Şimal-Cənub” dəhlizinin aktuallığı daha da artır və digər tərəfdən də zaman Rusiyanın əleyhinə işləyir. Məsələni daha da aktual edən səbəblərdən biri də “Orta Dəhlizin” aktiv müzakirəsi və onun açılması istiqamətində real addımların atılmağa başlamasıdır.
Mövzunun son günlər Rusiya mediasında intensiv müzakirə olunması da buna işarə edir. Rusiya tərəfin hədəflərini özündə əks etdirən həmin materiallardan biri ilə şərh bölümündə tanış ola bilərsiniz. Bu başdan onu da qeyd edim ki, orada Çinin mövqeyi ilə bağlı ola bilsin ki, məqsədli yanlış təqdimat da var.
Amma “Orta Dəhlizin” açılması təkcə Azərbaycanı deyil, Qazaxıstanı və xüsusilə də Gürcüstanı hədəfə gətirir. İlk növbədə də onun uzun illərdir mübahisə predmeti olan strateji əhəmiyyətli dərinsulu Anakliya limanının tikintisini.
Bu yerdə limanın tikintisi ətrafında xeyli müddətdir mübahisələr getdiyini və azı iki tenderin nəticələrinin ləğv olunduğunu xatırlatmaq yerinə düşərdi. Eyni zamanda Putinin “Tik-Tok” klounu Ramzan Kadırovun növbədə Qazaxıstanın olmasını deməsi də təsadüf sayılmamalıdır.
Ondan bir qədər əvvəl isə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Abxaziyaya səfər etmişdi. Moskvanın Gürcüstanın dəniz limanlarına aşırı diqqəti təkcə Rusiyanın Krımı itirə biləcəyi ehtimalı ilə bağlı deyil, həm də “Orta Dəhlizi” nəzarətə götürmək, idealda isə onun açılmasının qarşısını almaq məqsədindən irəli gəlir.
Amma “Orta Dəhliz” layihəsinin reallaşmasında ən ağır yük Azərbaycanın üzərinə düşür. Belə ki, Azərbaycan onun həm quruda (ölkə ərazisində), həm də Xəzər dənizi üzərindən (Qazaxstanla birgə) reallaşması üçün bütün gücünü səfərbər etməlidir.
İlk növbədə də ölkənin təhlükəsizliyinə və sərhədlərin müdafiəsinə bu gün daha ciddi diqqət yetirmək zərurətə çevrilir. Dəhizlər ətrafındakı indiki dövrdə başlayan informasiya axını və hərkətlilik də təsadüfi sayılmamalıdır.
Türkiyədə qarşıdan gələn prezident seçkiləri və baş verən dağıdıcı zəlzələ əks düşərgədə, xüsusilə də İranda və Rusiyada yaranmış məqamdan sui-istifadə meyllərini gücləndirə bilər. Bu isə real təhlükə deməkdir və onun qarşısını alınması ölkənin hərbi gücünün bütün istiqamətlərdə səfərbər etməklə mümkün ola bilər.
Ordu birləşmələri ilə yanaşı sərhəd qoşunları, digər hərbi və yarımhərbi birləşmələr də Azərbaycanın Rusiya və İranla sərhədləri boyu, həmçinin də Xəzər hövzəsində müdafiə mövqeləri tutmalı, baş verə biləcək təxribatların qarşısını ani almağa hazır olmalıdır.
Amma eyni zamanda Ermənistanla sərhədlər və Qarabağın dağlıq hissəsindəki separatçılarla onların rusiyalı tərəfdaşları da diqqətdən kənarda qalmamlıdır. Türkiyədə baş verənlərə rəğmən müttəfiq ölkənin də silahlı qüvvələrinin bu işə cəlb olunmasına ehtiyac var.
Paralel olaraq Azərbaycan qısa zamanda digər müttəfiqlərilə də məsləhətləşmələr aparmalı və onların da hərhansı şəkildə prosesdə iştirakına nail olmalıdır. Yalnız ciddi beynəlxalq dəstək və güc nümayişi təxribatlarda maraqlı olanları bundan çəkindirə bilər.
Göstərilən tədbirlər ona görə zəruridir ki, Azərbaycana siyasi-diplomatik basqı və hədələr nəticə verməyəcəyi halda “Şimal-Cənub” dəhlizinin açılmasında maraqlı olan Rusiya və İran ən gözlənilməz təxribatlara əl ata bilərlər.
Söhbət heç də hökmən hansısa geniş miqyaslı hərbi əməliyyatlardan və ya müharibədən getməyə də bilər, hərçənd əhəmiyyətli geosiyasi vəifələrin həyata keçirilməsi zərurəti yarandıqda belə ssenarilər də istisna deyil. Ukraynada olduğu kimi.
Hansısa orta miqyasda təxribatlar “Orta Dəhlizin” açılmasında iştirakda maraqlı olar investorların bu işdən geri çəkilməsi üçün kifayət edə bilər. Bu da öz növbəsində layihədən birdəfəlik imtinaedilməsə də, onun müəyyən müddətə təxirə salınması demək olardı.
Amma unutmamalıyıq ki, xarici amillərlə yanaşı ölkənin daxilindəki vəziyyət də diqqətdən yayınmamalıdır. Bunun üçün isə Azərbaycan həmin ölkələrin güclü təsirə malik 5-ci kolonundan təmizlənməlidir və bu, əsla günahsız insanların şərlənib tutulması anlamına gəlməməlidir.
Amma şübhəsiz ki, bütün bu tədbirlər bir halda mümkündür: əgər Azərbaycan hakimiyyəti öz seçimini “Orta Dəhlizin” açılmasının xeyrinə edəcəksə. Bu isə ən çətin sualdır, çünki belə olduğu halda Rusiya 5-ci kolonu bugünkü gücə və təsirə malik olmamalı idi…
Ərəstun Oruclu, politoloq