Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sülhlə bağlı pərdəarxası danışıqlar gedir -ŞƏRH

Yenixeber.org: Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından dalana dirənmiş sülh danışıqlarında yenidən canlanma var. Praqada 6-7 oktyabrda keçirilmiş dördtərəfli (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa) müzakirələrdən sonra Baş nazir Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronun da növbəti görüşdə iştirak etməsi şərtini qoyması Bakının kəskin narazılığına səbəb olmuşdu və Brüsseldə dekabrın 7-ə təyin olunmuş növbəti danışıqlar ləğv edilmişdi. Azərbaycan rəhbərliyi Fransa siyasi elitasının qərəzli mövqeyini əsas gətirərək, Parisin müzakirələrdə iştirakına qarşıdır.

Yeni canlanma Ermənistan və Azərbaycan rəhbərlərinin son bəyanatları, habelə ABŞ və Avropa İttifaqının 2023-cü ilin əvvəlindən yenidən fəallaşması ilə bağlıdır. Paşinyan yanvarın 18-də parlamentdəki çıxışında bəyan edib ki, İrəvan Praqa razılaşmaları əsasında sülh müqaviləsinin imzalanması istiqamətində işləməyə hazırdır. 

Baş nazirin sözlərinə görə, regional sabitliyi təmin etməyin ən yaxşı yolu danışıqlar vasitəsilə həllərə nail olmaqdır. “Biz danışıqları davam etdirməyə hazırıq”, – deyə o, çıxışında qeyd edib.  

Azərbaycan Prezidenti İlham Əliyev də Davos iqtisadi forumunda bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə aparılan sülh danışıqlarını davam etdirməyə hazırdır.  

Xatırladaq ki, Praqa Bəyanatı ötən il oktyabrın 7-də Çexiyanın paytaxtı Praqa şəhərində qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqdirlər. 

Almatı bəyannaməsində keçmiş sovet respublikaları arasında sərhədlərin toxunulmazlığı təsbit edilir. Bu sənədə əsasən keçmiş sovet respublikaları bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar.

Qərbin yeni fəallığına gəlincə, yanvarın 13-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti ilə telefon danışığında qaldırdığı məsələlərə diqqət etmək olar. O, Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb. İlham Əliyev də Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini deyərək, Azərbaycanın bu formatda aparılan müzakirələrə sadiqliyini ifadə edib.

Bu zəng Laçın yolunda davam edən aksiyanın fonunda Fransada anti-Azərbaycan mövqeyinin güclənməsi, Ermənistanın Makronu Avropa İttifaqından kənar prosesə qoşaraq Azərbaycana qarşı təzyiqlərə cəhd etməsinin yaratdığı mənfi atmosferin yumşaldılmasıdır. Ştaynmayer Əliyevə bildirib ki, Fransa rəhbərliyinin mövqeyi ümumilikdə Avropa İttifaqının yanaşması deyil və Brüssel prosesi qaldığı yerdən davam etməlidir. İlham Əliyev də buna razılıq verib.   

Yanvarın 18-də ABŞ Dövlət Katibi Antoni Blinken Ermənistan lideri Nikol Paşinyanla Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılacaq addımları müzakirə ediblər. Blinken Baş nazirin sülhə sadiqliyini alqışlayıb: “Mən baş nazir Paşinyanla Azərbaycanla ikitərəfli sülh müzakirələrinin bərpa olunması üçün addımları müzakirə etdim. Bu, iki ölkə arasında dayanıqlı sülhün yeganə yoludur”.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə bu barədə jurnalistlərə bildirib: “Son vaxtlar Qarabağla bağlı geriləmə – uğursuzluqlar gördük. Biz konstruktiv dialoqun bərpa olunduğunu görmək istəyirik. Biz əməkdaşlıq etməyə hazırıq”.

Ned Prays əlavə edib ki, ABŞ, keçmişdə olduğu kimi, ATƏT vasitəsilə və ya lazım gəldikdə üçtərəfli qaydada tərəfdaşlarla və beynəlxalq tərəfdaşlar vasitəsilə işləməyə hazırdır: “Biz doğru zamanda ən təsirli olanı edəcəyik”.

Onun sözlərinə görə, Qafqaz danışıqları üzrə xüsusi nümayəndə, səfir Filip Riker 30 illik karyerasından sonra Dövlət Departamentindən təqaüdə çıxsa da, bu prosesdə iştirak edəcək digər şəxslər var.

“Dövlət Departamentində bu prosesdə dərindən iştirak edən bir sıra şəxslər var, onlardan biri dövlət katibi Blinkenin özüdür. Bu, onun şəxsi prioritetidir. Amma Viktoriya Nuland, Karen Donfrid kimi bizim Avropa və Avrasiya məsələləri üzrə büromuzun bir sıra yüksək vəzifəli məmurları bununla dərindən məşğul olacaqlar”.

N.Prays bu günlərdə Blinkenlə Azərbaycan Prezidenti arasında müzakirələrin keçiriləcəyini vurğulayıb.  

Bəs Qərbin növbəti cəhdləri Azərbaycanı və Ermənistanı sülhə nə qədər yaxınlaşdıra bilər?

Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal erməni mediasına deyib ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi” ifadəsi yanlışdır, çünki bu, yalnız çərçivə sazişidir, burada ümumi sözlər, bəlkə də bir səhifə mətn yazılacaq, o da danışıqlar üçün əsas olacaq.

Onun sözlərinə görə, hər şey Moskva və Bakıdan asılıdır: “Hazırda pərdə arxasında danışıqlar gedir və bu barədə məlumat azdır. Əlbəttə, Qərbdən Laçın yolun açılmasının zəruriliyi ilə bağlı çağırışlar var, lakin hər şey Bakının Qarabağ ermənilərinə və ilk növbədə Rusiyaya qarşı tələblərinin nədən ibarət olacağından asılıdır. Azərbaycan yolun rejiminin müəyyən olunması və daşınan yüklərin şəffaf olmasını tələb edir. Düşünürəm ki, bu məsələni həll etmək olar, amma Əliyevin müxtəlif məsələlərlə bağlı daha tələbkar gündəmi var: Yəni Qarabağ heç vaxt müstəqil dövlət olmayacaq, 2020-ci ildə baş vermiş 44 günlük müharibə ilə artıq bu məsələ bağlanıb, ATƏT-in Minsk Qrupunun missiyasına da ehtiyac yoxdur”. 

Təhlilçi xatırladır ki, Avropa İttifaqı bu çərçivədə anlaşma mümkün olarsa, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik təminatlarının müzakirə olunmasını istəyir. “Yəni Bakının zəmanəti ilə Rusiya sülhməramlılarının beynəlxalq mandatlı missiya ilə əvəzlənməsindən söhbət gedir. Ancaq hazırkı vəziyyətdə bu mümkün deyil, çünki atmosfer yoxdur, çərçivə razılaşması ancaq tərəflərin xoş niyyət ifadə etməsi şəraitində mümkündür. Bundan əlavə, Dağlıq Qarabağda beynəlxalq missiya rolunu hansı ölkələrin üzərinə götürə biləcəyi də mürəkkəb məsələdir. Beynəlxalq missiyanın bölgəyə gəlməsi problemin məntiqi həllidir, lakin mən hazırda resursları görmürəm və rəsmi Bakı da bunu istəmir”, – Tomas de Vaal vurğulayıb. 

Tədqiqatçının sözlərinə görə, Brüsseldə Əliyevlə Paşinyan arasında ikitərəfli görüşlər zamanı razılığa gəlmək mümkün olacağına dair ümidlər var idi: “Onlar hətta Naxçıvana gedən yolun hansısa şəkildə açılmasını müzakirə də edə bilərdilər. Liderlər Brüsseldə prinsipial məsələlərdə razılığa yaxın idilər. Düşünürəm ki, bunu əngəlləyəcək heç bir fundamental problem yox idi, amma erməni tərəfi qorxur ki, razılaşmaya imza atsa, son kartını da oynayacaq. Əlbəttə, Paşinyan razılaşır ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaq, lakin status və ondan daha da vacibi təhlükəsizlik təminatı məsələsi gələcəkdə həll olunmalıdır”.

Ekspert əmindir ki, İlham Əliyev 2020-ci ildə olduğu kimi dünyanın başqa problemlərlə, xüsusən, Ukrayna ilə məşğul olduğunu düşünərək, Rusiyanın zəiflədiyini, Moskvanın və Qərbin Qarabağ ətrafında baş verənlərə kifayət qədər diqqət yetirməyəcəyini düşünərək, ermənilərə təzyiqlər üçün indiki zamanı seçdi. “Əliyev həm də strateji müttəfiqi Ərdoğanın gələcək siyasi taleyindən narahatdır. Məncə, hazırda Qarabağ ətrafında baş verən əsas gərginliyin səbəblərini burada axtarmaq lazımdır”, – Tomas de Vaal vurğulayıb.

Proseslərin gedişindən belə nəticəyə gəlmək mümkündür ki, ABŞ və Avropa İttifaqı Azərbaycanı danışıqlar masasına qaytarmağa nail olub. Bu həftə gözlənilən Əliyev-Blinken müzakirələrindən sonra Brüsseldə liderlərin növbəti görüşünün tarixi müəyyənləşdirilə bilər. Böyük bir məsafə artıq qət edilib: tərəflər arasında ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək barədə prinsipial fikir ayrılığı yoxdur. Əsas məsələ Qarabağ probleminin necə həll olunacağıdır. Ermənistan Alma-ata bəyannaməsinə istinad etməklə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul edir, amma bu, problemin həlli deyil. Çünki Qarabağ İrəvanın deyil, Moskvanın əlindədir, Azərbaycan Ermənistanla sülh bağladıqdan sonra separatçı rejimlə Moskvanın müqavimətini qırmaq üzərinə işləməlidir.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam