“Diqqət, qapılar açılır, növbəti stansiya... Zəngəzur” -ŞƏRH
-21.jpg)
Azərbaycan və Ermənistan arasında tranzit hələlik qonşu dövlətlər vasitəsilə həyata keçiriləcək
Yenixeber.org: Azərbaycan işğal dövründən bəri Ermənistan istiqamətində yük tranzitinə qoyduğu bütün məhdudiyyətləri aradan qaldırıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Azərbaycan işğal dövründən Ermənistan istiqamətində yük tranzitinə qoyduğu bütün məhdudiyyətləri ləğv edib və bu istiqamətdə ilk tranzit yükü Qazaxıstan taxılı olub. Düşünürəm ki, bu, Azərbaycan və Ermənistan arasında sülhün artıq təkcə kağız üzərində deyil, praktik olaraq da mövcudluğunun ən yaxşı göstəricisidir”, – dövlət başçısı qeyd edib.
Bu açıqlamaya İrəvandan dərhal reaksiya gəlib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bunu regional kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından mühüm addım adlandırıb: “Ermənistan Respublikası Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ermənistan istiqamətində yük tranziti məhdudiyyətlərinin ləğvi barədə bəyanatını alqışlayır. Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın gücləndirilməsi və Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun formalaşmaqda olan sülhün institusional təsbit edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bundan dərhal sonra Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yaxın vaxtlarda ölkəyə Qazaxıstan buğdasının ilk partiyası gətiriləcək. Onun sözlərinə görə, yük Aktau–Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Ermənistana çatdırılacaq. “Sülh bərqərar olub”, – o, sosial şəbəkədə yazıb.
Ardınca Ermənistanın baş nazir müavini Mher Qriqoryan da Azərbaycanın Prezidentinə minnətdarlığını ifadə edib və Bakının qərarının regionda sülh gündəliyinin irəliləməsi və əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Beləliklə, Azərbaycan Qarabağ münaqişəsinin başlanandan sonra ilk dəfə Ermənistana məxsus yükün öz ərazisindən keçməsinə icazə verib. Bu hadisə, şübhəsiz ki, çox əlamətdardır. Bəs o, nəyi simvolizə edir?
Belə çıxır ki, indi Azərbaycan da öz məhsullarını Ermənistan ərazisindən keçməklə, məsələn, Türkiyəyə göndərə bilər. Lakin bunun üçün nəqliyyat əlaqəsi lazımdır, Zəngəzur dəhlizi isə hələ bağlıdır. Yeri gəlmişkən, Prezident Əliyev elə həmin mətbuat konfransında Zəngəzur dəhlizinin yalnız 2028-ci ilin sonunda, yəni üç ildən sonra açıla biləcəyini bildirib. Bəs, qarşılıqlı əməkdaşlıq prinsipi necə təmin olunacaq? Ümumiyyətlə, baş verən hadisələri və perspektivləri necə dəyərləndirmək mümkündür?
Pressklub.az-ın suallarına nəqliyyat-logistika sahəsində tanınmış ekspert Rauf Ağamirzəyev cavab verib.
Ekspertin fikrincə, tərəflər istəsələr, Zəngəzur dəhlizinin Ermənistan hissəsində nəqliyyat arteriyalarının tikintisini sürətləndirə bilərlər. “Bu il ərzində orada müəyyən işlər aparılıb. Məsələn, Nüvədi kəndindən Azərbaycan istiqamətinə doğru dağ-partlayış işləri görülüb. Məncə, bu işləri sürətləndirmək və ilkin mərhələdə avtomobil nəqliyyatı üçün hərəkəti açmaq lazımdır. Əslində orada məsafə elə də böyük deyil və bu, tamamilə mümkündür.
Əgər Meğri sahəsində dəmir yolu əlaqəsindən danışırıqsa, orada relslərin bir hissəsi hələ də qalır. Həmçinin bu sahədə süni mühəndis qurğuları da mövcuddur. Əvvəllər mövcud olmuş dəmir yolunu qısa müddətdə bərpa etmək olar. Lakin yeni reallıqları nəzərə alsaq, bu marşrut yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında deyil, həm də İran və Türkiyənin iştirakı ilə regional, hətta qitələrarası daşımalar üçün istifadə olunacaq. Buna görə də burada yüklərin həcmi çox böyük olacaq. Bu səbəbdən müasir tələblərə cavab verən yeni infrastruktur yaradılmalıdır – yəni birxətli yox, ikixətli dəmir yolu olmalıdır.
Paralel şəkildə avtomobil magistralı da inşa edilməlidir. Düşünürəm ki, tərəflər iki il ərzində bu infrastrukturu qura bilərlər. Əsas məsələ ondadır ki, bu marşrut artıq mövcuddur – o, Araz çayının şimal sahili boyunca keçir. Amma bu yolun dağların dərinliyinə nə qədər daxil olması tikintinin müddətinə təsir göstərəcək. Müasir texnologiyalar belə layihələri çətin şəraitdə də reallaşdırmağa imkan verir. Amma hər şey zaman və qiymət məsələsindədir. Yəni, istəsən, tez də tikmək olar, bir az gec də, əsas məsələ onun düzgün və möhkəm əsaslara malik olmasıdır. Süni qurğuların sayı artdıqca, bu həm qiymətə, həm də tikinti müddətinə təsir edəcək”, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında Cənubi Qafqazda ən uzun dövlət sərhədi mövcuddur – təxminən 1007 km.
“Əvvəllər bu sərhəd boyunca bir neçə dəmir yolu və avtomobil yolu fəaliyyət göstərib. Düşünürəm ki, mərhələli şəkildə bu yolların hamısı bərpa ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə çox fəal işləyir. Hazırda bizim ərazidə fiziki olaraq həm dəmir yolları, həm avtomobil yolları mövcuddur. Sadəcə onları Ermənistan ərazisinə qədər uzatmaq və istismara vermək qalır.
Horadiz–Ağbənd marşrutu üzrə yük qatarları artıq Qumlaq stansiyasına qədər hərəkət edir, oradan Qarabağa və Şərqi Zəngəzura yüklər daşınır. Relslər Mincevanadək çəkilib. Orada son 25 kilometrlik hissədə körpü və tunellər tikilir, onların gələn il istifadəyə verilməsi planlaşdırılır.
Avtomobil yolu da, ümumilikdə 95% hazırdır. Orada da sərhədə yaxın hissədə tunellər tikilir. İran istiqamətində də avtomagistral inşası davam edir. Son xəbərlərə görə, 2026-cı ilin martında İran ərazisindən keçən avtomobil seqmentinin, yəni “Araz dəhlizi”nin açılması planlaşdırılır.
Digər istiqamətlərə gəlincə, Naxçıvanda artıq texniki-iqtisadi əsaslandırma tamamlanıb və indi dəmir yolunun modernləşməsinə başlamaq planlaşdırılır. 158 km mövcud yol yenilənəcək, əlavə 30 km yeni xətt çəkiləcək. Bu, Ordubaddan Ermənistan sərhədinə və Sədərək rayonunun Vəlidağ stansiyasından Türkiyə istiqamətinə qədər olan hissəni əhatə edir. Fikrimcə, Ermənistan istiqamətində mövcud yol da bərpa olunacaq.
Bizdə Qazax istiqamətində dəmir yolu fəaliyyətdədir. Hər gün Qazaxa sərnişin qatarları gedir – orada üç reys işləyir və sayının artırılması planlaşdırılır. Qazaxdan Ermənistan sərhədindəki Bərxudarlıya qədər dəmir yolu mövcuddur, sadəcə bir qədər abadlaşdırmaq lazımdır. Düşünürəm ki, bunu da qısa müddətdə edə biləcəyik.
Amma Ermənistan tərəfdə hələ qarşılıqlı dəmir yollarının tikintisinə ehtiyac var. Çünki vaxtilə sürüşmə səbəbindən relslərin bir hissəsi dağılıb. Orada avtomobil yolu da var və onu qismən bərpa edirlər. Hesab edirəm ki, bütün bu kommunikasiya xətlərinin mərhələli şəkildə açılması üçün Ermənistan tərəfi tikinti işlərini sürətləndirməlidi”, – Ağamirzəyev yekunlaşdırıb.
Rauf Orucov









AZ
RU