Rasim Balayev Nazirlikdən NARAZIDIR
“Azərbaycanfilm” yeni direktorun təyin edilməsi kino sahəsindəki problemlər yenidən gündəmə gəlib. Son illər Kinostudiyanın rəhbər heyətində baş verən dəyişikliklər müzakirələrə səbəb olub.
Yenixeber.org xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Xalq artisti Rasim Balayev yeni təyinatdan heç bir gözləntisinin olmadığını deyib.
Təkcə ötən il Kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.Yeni rəhbər Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.
“Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.
Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də Kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, Kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir. Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil”.







AZ
RU