Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

ŞEYXİN 10 MİNLİK “HƏCİ BİZNESİ” –Və adi dindar üçün getdikcə əlçatmaz olan Həcc ziyarəti

İqtisadçı ekspertlər Azərbaycanda inflyasiyanın səviyyəsini müəyyən etmək üçün müxtəlif mürəkkəb üsullardan - əsas tələbat mallarının qiymətinin artması, istehlak zəmbilinin dəyərinin bahalaşmasının və s. hesablanmasından istifadə edirlər. Lakin bahalaşmanın və Azərbaycanda əhalinin cibinə girənlərin iştahının miqyasını müəyyən etməyin daha bir mükəmməl indikatoru var - Həcc ziyarətinin qiyməti…

Yenixeber.org: Onun qiyməti “dinamik və ardıcıl” olaraq, durmadan, ilbəil sürətlə artır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) son “preyskurantına” görə, ziyarətin qiyməti 6100 dollar, yəni, təxminən 10 400 manata çatıb. Hansı ki, məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni, 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın - az qala 50 faiz artıb.

Artıq heç kimə sir deyil ki, Azərbaycanda əksər sahələrdəki monopoliya “məğlubedilməz və ölməzdir”. Həcc ziyarətinin təşkilindəki monopoliya isə bu azarın mənəvi dəyərlərimizə, dinimizə, məzhəbimizə, bir sözlə, iliyimizə qədər işlədiyinin göstəricisidir.

Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsi(QMİ) vasitəsilə Həccə getmək mümkündür. Müxtəlif operatorların olmaması alternativ qiymət və xidmət paketlərinin təklif olunmamasına, beləliklə də qiymətlərin yüksək və rəqabətsiz qalmasına, eyni zamanda, ilbəil artmasına səbəb olur.

“Dünya malında gözü olmayan” Hacı Allahşükür Paşazadənin “müdrik rəhbərliyi” altında Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymətini kefi istədiyi kimi və əlbəttə, dindarların deyil, öz tələbatlarına uyğun şəkildə tənzimləyir. Bu “tənzimləmənin” kriteriyaları necə “mükəmməl”, nə qədər “Allah rizası üçün” hesablanırsa, Səudiyyə Ərəbistanından Azərbaycanla müqayisədə dəfələrlə uzaq məsafələrdə yerləşən ölkələrdən Həcc ziyarətinə getmək bizimlə müqayisədə daha ucuzdur. Paşazadənin təşkilatı bunun gerçək səbəblərini – öz tamahkarlığını gizlətmək üçün Tarif Şurasının qaz, su, işıq, nəqliyyat və s. bahalaşmalarını izah etdiyi üsullara bənzər ABSURD izahlar uydurur.

Qurumun builki bahalaşma ilə bağlı izahında deyilir: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları(?), habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib”. 

Günahın ərəblərin üstünə atılmasını başa düşdük, amma “bütün ölkələrdə müşahidə edilən qiymət artımları” ifadəsinin Azərbaycandan Həcc ziyarətinin təşkililə hansı əlaqəsinin olduğunu başa düşmədik.

Birincisi, “bütün ölkələr” deyərkən hansılar nəzərdə tutulur və oradakı hansı qiymətlərin artımından söhbət gedir?

İkincisi, həmin “bütün ölkələr”də bahalaşmanın Azərbaycandan Həccə ziyarət təşkil edilməsinə nə aidiyyatı var? Onlarda ucuzlaşma olanda, bizdə nəsə ucuzlaşır? Məsələn, Banqladeşdə Həcc ziyarətinin qiyməti 500 dollar artıbsa, bunun Azərbaycandan ziyarət təşkili xərclərinə nə dəxli var? 

Bizə lazım olan təyyarə bileti və dindarların orada yerləşdirilməsinə, tibbi sığortasına və s. aid xərclərin miqdarıdır. Bunlarınsa nə şərti Bnaqladeşə, nə də Madaqskara dəxli yoxdur. Yəni, bu o deməkdir ki, alverçi təfəkkürü və maraqları ilə idarə olunan Paşazadənin idarəsi qiymət artımına zəhmət çəkib düz-əməlli bəhanə də uydurmağa tənbəllik çəkir.

Təbii ki, idarədən kimsə durub bahalaşmanı “Şeyxin “rasxodları” artıb” kimi daha real və həqiqətəuyğun səbəblə izah etməyəcək. Amma hər halda, səbəb uydurarkən, daha kreativ bəhanələr tapmaq olardı. 

Məsələn, həmin qurum 2023-cü ildəki bahalaşma qərarını dünyada gedən müharibələrlə izah etmişdi: “Dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib. Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb"…

Əslində isə bütün dünyada Həcc ziyarətinin təşkili fərqli formalarda həyata keçirilir. Bu prosesdə təkcə mərkəzləşdirilmiş rəsmi dövlət qurumları deyil, özəl şirkətlər də iştirak etdiyindən təbii rəqabət yaranır. Rəqabət qiymətlərə müsbət təsir edir, onları aşağı salır. Azərbaycanda isə QMİ bu prosesi elə “qamarlayıb” ki, bircə özəl şirkət də Həcc ziyarətinin təşkilinə yaxın belə düşə bilmir.

Paşazadənin idarəsi təkcə Həccə qoyduğu qiymətlərlə deyil, ümumilikdə saxtakar mahiyyəti ilə, apardığı (əgər belə demək mümkünsə) “dini siyasət”lə, dini biznesə çevirməsi, Şeyxülislam başda olmaqla, qurumun başında duranların lüks həyatı, var-dövləti, imarətləri ilə xalqın dinə, mənəviyyata olan münasibətini, inamını da cılızlaşdırır…

Nəticədə cəmiyyətimizdə zatən hökm sürən və getdikcə daha da dərinləşən varlı-kasıb təbəqələşməsi dini çevrələrdə də özünü aşkar şəkildə təcəssüm etdirir, rüşvət alan, xalqın malını talayan, ev yıxan, müğənni saxlayan “həci”lərin sayı varlığını Allaha təslim edən gerçək Hacı dindarlarımızı əzə-əzə üstələyir.

Artıq statistika göstərir ki, Həccə getmək istəyənlərin, yaxud buna imkanı çatanların sayı da ilbəil azalır. Bir zamanlar - monopoliya olmayan, ayrı-ayrı özəl şirkətlərin də səfər təşkil edə bildiyi dövrlərdəki qısa zaman kəsiyində Azərbaycanın Həcc ziyarəti kvotası 5000 nəfərə çatırdısa, hazırda 1200-1300 nəfərlik kvota belə çətinliklə dolur. Bu o deməkdir ki, inhisarçılıq, saxtakarlıq, talançılıq tək iqtisadi, maliyyə, sosial imkanlarımızı deyil, dindarlığımızı da “ixtisar edir”…(Azpolitika)

Cəlal Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam