Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Məclisdən Avropa Parlamentinə sərt cavab

 

Milli Məclisin saytında AV Analitik-İnformasiya Mərkəzinin Avropa Parlamentini sərt tənqid etdiyi yazı yerləşdirilib

"Xeberinfo.com":  Həmin məqaləni olduğu kimi təqdim edirik:
1952-ci ildə Avropa Kömür və Polad Birliyi kimi yaranmış və 1957-ci il Roma müqaviləsindən sonra özünü Avropa Parlamenti adlandıran qurum əvvəllər avropalılar arasında ciddi orqan kimi qəbul olunmamışdır. 1970-ci illərdə Avropa Parlamentinin adı gələndə deyirdilər ki, “öz qoca babanı göndər Avroparlamentdə otursun” («Hast du einen Opa, schick ihn nach Europa»). Yalnız 1979-cu ildə vətəndaşlar tərəfindən seçilməyə başlayan Avropa Parlamenti sonrakı illərdə həyata keçirilmiş islahatlar nəticəsində yeni səlahiyyətlər əldə etmiş və Avropa İttifaqının rəhbər orqanları arasında əsas sözçülərdən birinə çevrilmişdir. Fəaliyyəti dövründə Avropa Parlamenti vahid Avropa ailəsinin, müasir Avropa standartlarının formalaşması və inkişafında mühüm rol oynamışdır. 
Lakin son illər Avropa Parlamentin fəaliyyəti yenidən vətəndaşlar, hətta avroparlamentarilər arşında  ciddi fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Xüsusilə Martin Şultsun rəhbərliyi dövründə Avroparlamentin Avropa xalqlarının iradəsini ifadə etməli olan ali orqandan ayrı-ayrı siyasi dairələrin və qrupların maraq və mənafeləri naminə fəaliyyət göstərən bir quruma çevrildiyi bildirilir. 2014-cü ildə Avropa Parlamentinin sədri postuna yarışmada Avropa Birləşmiş Solçu Partiyalar Qrupunun namizədi kimi çıxış edən ispaniyalı deputat Pablo İqlesias bildirmişdi ki, “Avropa qurumlarında sadə vətəndaşlar deyil, ayrı-ayrı klanların nümayəndələri təmsil olunublar”. Cənab Şults bəzi Avropa paytaxtlarından gələn sifarişləri gözüyumulu icra etməklə, habelə parlamentdəki azsaylı fraksiyaların səslərini qulaq ardına vurmaqla və onların manevr imkanlarını məhdudlaşdırmaqla özü haqqında “hər şeyə qadir” və “əvəzolunmaz” şəxs rəyi formalaşdırmağa çalışır. Buna görə də Avroparlament hazırda ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq vasitəsi rolunu oynayan sifariş aləti kimi qəbul olunur. Vaxtilə avrointeqrasiya tərəfdarı olan, Avropa Birliyi ilə qarşılıqlı əməkdaşlığı həm də güclü, demokratik cəmiyyət quruculuğunun, sosial rifah və tərəqqinin başlıca şərtlərindən biri hesab edən müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ictimaiyyəti və siyasi dairələri indi hesab edirlər ki, Qərbdən gələn ardıcıl hücumlar və qərəzli münasibət şəraitində Assosiasiya sazişinin imzalanması perspektivi yaxşı heç nə vəd etmir. 
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 1996-cı ildə imzalanmış və 1 iyul 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoymuşdur. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil olmuş, 2006-cı ildə isə Avropa İttifaqı Fəaliyyət Planına qoşulmuşdur. Avropa İttifaqı ilə Azərbaycan müxtəlif layihələr çərçivəsində məhsuldar əməkdaşlıq etmiş, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO), Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) və digər proqramlar əlaqələrin inkişafına mühüm təsir göstərmişdir. 2009-cu ilin mayında Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşündə imzalanmış Birgə Bəyannamə  digər iştirakçı ölkələrlə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha yüksək səviyyəyə qaldırılmasına, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinə etibarlı zəmin yaratmışdır. 
Keçən dövrdə Azərbaycan öz prioritetlərinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq mühüm demokratik islahatlar həyata keçirmiş, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmiş, dinamik inkişafı ilə seçilən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində öz yeri və mövqeyi olan ölkəyə çevrilmişdir. Müstəqil daxili və xarici siyasət Azərbaycana öz milli maraqları çərçivəsində mövqe tutmağa, qarşısında duran bütün vəzifələrin uğurlu həllinə nail olmağa imkan yaratmışdır. Sözsüz ki, bütün bu nailiyyətlərin əldə edilməsində Azərbaycanın Qərbdəki tərəfdaşları ilə həyata keçirdiyi nəhəng transmilli enerji layihələrinin də böyük rolu olmuşdur. 
2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Memorandumun əsas məqsədi Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycanla birgə praktiki tədbirlərin həyata keçirilməsi olmuşdur. Sonrakı dövrdə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını stimullaşdıran digər mühüm sənədlərlə yanaşı,  2009-cu ilin mayında Şərq Tərəfdaşlığı Bəyannaməsinin, 2011-ci ilin yanvarında Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair "Birgə Bəyannamə"nin, 2011-ci ilin yanvarında Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolunun imzalanması enerji dialoqunu əməkdaşlığın ən mühüm istiqamətlərindən birinə çevirmişdir. 
Azərbaycan tərəfdaşlıq öhdəliklərinə sadiq qalaraq Avropanın enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsinə öz dəyərli töhfələrini davam etdirdi. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair sazişin imzalanması, 2013-cü ildə TAP layihəsinin əsas ixrac marşrutu kimi seçilməsi, dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsi və 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi bunun əyani sübutudur.
Azərbaycan həm də beynəlxalq koalisiyanın terrorizmlə mübarizəsini dəstəkləmiş, bu işə öz töhfəsini vermiş, dünyada sülhün, sabitliyin, davamlı inkişafın və tərəqqinin tərəfdarı olduğunu öz siyasəti və  əməli addımları ilə təsdiqləmişdir. Mühüm transmilli enerji layihələrinin həyata keçirilməsində, terrorizmlə mübarizədə və digər prinsipial məsələlərdə Azərbaycan müstəqil siyasətindən geri çəkilməmiş, heç bir təhrikə baş əyməmiş, bütün təzyiqləri dəf etmiş və öz ali iradəsini nə yaxın qonşularının, nə də uzaq paytaxtların istəyinə və maraqlarına qurban verməmişdir. Bütün bunlar Azərbaycanın öz prinsiplərinə, öhdəliklərinə və tutduğu yola sadiqliyini təsdiq edən faktorlardır. Hesab etmək olar ki, bu, həm də kimlərinsə təzyiqi nəticəsində Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamadığını iddia edənlərə tutarlı cavabdır. 
Hazırda Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, Qoşulmama Hərəkatının üzvü kimi hərbi-siyasi bloklarda iştirak etmir və ayrı-ayrı güc mərkəzlərinin təsir dairəsinə daxil olmaq perspektivini də öz müstəqilliyinə təhlükə kimi qiymətləndirir. Azərbaycan hesab edir ki, dünya ölkələri və ayrı-ayrı birliklərlə əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulmalıdır və bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq səviyyəsinə də yüksəldilə bilər. Buna görə də rəsmi Bakı Avropa İttifaqına Strateji Tərəfdaşlıq istiqamətində fəaliyyət təklif etmişdir. Azərbaycan hökuməti hesab edir ki, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması və digər məsələlər Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynaya bilər. 
Bu gün Avropada dərk etməyə başlayıblar ki, həll olunmamış münaqişələr Avropa İttifaqının müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrinin inkişafına maneə yaradan əsas səbəblərdən biridir. Təəssüf ki, artıq 20 ildən artıq müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli Avropa İttifaqının maraq dairəsinə daxil edilməmişdir. Düzdür, Avropa Parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul etmişdir. Lakin bunu, həmçinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsini, ATƏT-in Minsk qrupu ilə “sıx əməkdaşlığı” münaqişənin həllinə “kömək” hesab edənlər Ermənistanın işğalçı siyasətindən geri çəkilməməsinə, Azərbaycana qarşı ardıcıl diversiyalarına, cəbhə xəttində insanların ölümünə, hərbi əməliyyatların bərpa edilməsi təhlükəsinə də məntiqli izah tapmalıdırlar. Ukraynadakı hadisələrə görə separatçılara və Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edən Avropa İttifaqı hansı səbəbdən analoji sanksiyaların işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağa tətbiq olunmadığına aydınlıq gətirməlidir. Üstəlik Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Abxaziya, Cənubi Osetiya, indi isə Ukraynada separatizmin alovlanmasında katalizator rolunu oynadığı da etiraf olunmalıdır. 
Ancaq əməkdaşlıq təşəbbüslərinin gözlənilən nəticəni verməməsi təkcə Avropa İttifaqının bu kimi həssas məsələlərə laqeyd yanaşması ilə bağlı deyil, burada həm də Avropa Parlamentinin, digər qurumların ABŞ-dan və bəzi Avropa paytaxtlarından gələn sifarişlərə uyğun olaraq müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı ardıcıl şəkildə qərəzli və qeyri-obyektiv münasibəti də öz rolunu oynayır. Avropa Parlamentinin Çexiyadan olan deputatı İrji Maştalka bildirmişdi: “Avropa Şurası yarananda, bu, İkinci Dünya müharibəsindən sonra insan hüquqlarının müdafiəsi məsələsində vaxtında atılmış addım oldu. Ancaq indi bu təşkilat bəzi ölkələrin və məmur qruplarının iradəsinin həyata keçirilməsi üçün siyasi vasitəyə çevrilib. Analoji vəziyyət Avropa Parlamentində də müşahidə olunur, xüsusilə də ayrı-ayrı dünya ölkələrinə dair qətnamələrin qəbulu məsələsində”. 
Həqiqətən də, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə, həmçinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr bu qurumun müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salmışdır. Məlumdur ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci ilə kimi Nissa müqaviləsi ilə tənzimlənmiş və 736 nəfər olmuşdur. 2007-ci ildə Lissabon müqaviləsinə əsasən deputatların sayı 751 nəfərə çatdırılmışdır. Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin müzakirəsində və səsvermədə iştirak edən deputatların sayı hər dəfə 50-60 nəfəri keçməmişdir. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş qətnamənin müzakirəsində və səsvermədə cəmi 54 deputat iştirak etmişdir. 2012-ci il mayın 20-də 56 deputatın iştirakı ilə keçirilmiş toplantı və müvafiq qərəzli qətnamənin qəbulu Bakıda “Eurovision” mahnı müsabiqəsi  ərəfəsinə təsadüf etmişdir. Həmçinin, iyunun 20-21-də Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclasının keçirilməsi nəzərdə tutulmuşdur. 2013-cü il iyunun 15-də Avropa Parlamentində 50-60 nəfərin iştirakı ilə təşkil olunmuş müzakirələrdən bir neçə gün əvvəl – iyunun 7-də isə Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilmiş və cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülmüşdür. 2014-cü il sentyabrın 18-də yenə də azsaylı üzvlərin iştirakı ilə qətnamənin qəbulu “Əsrin müqaviləsi”nin ildönümü və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ərəfəsinə təsadüf etmişdir. Səsvermədə iştirak edən deputatların əksəriyyəti Azərbaycanda həbs olunmuş Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü dünyasını dəyişdikdən sonra Ermənistan rəhbərliyinə başsağlığı verən şəxslər olmuşlar. Üstəlik, bu qətnaməyə Azərbaycana qarşı daha radikal addımların atılması və sanksiyalar tətbiq olunması barədə bənd daxil edilmişdir. 
Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilmiş və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf etmişdir. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən bir qrupun və onların başında duran parlamentin sədri Martin Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas yaradır. 
Əslində, cənab Şults heç vaxt Azərbaycanı tənqid etmək fürsətini qaçırmamış, hətta Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstandan ekstradisiya olunduqdan sonra xüsusi bəyanatla çıxış edərək “narahatlığını” bildirmişdir. 2014-cü il noyabrın 26-da Strasburqda akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində isə Avropa Parlamentinin sədri emosional şəkildə Azərbaycanı insan haqlarının pozulmasında ittiham etmişdir. 
Martin Şults Avropa Parlamentində kifayət qədər ziddiyyətli, xasiyyətcə müvazinətsiz, çılğın şəxs kimi tanınır. Hesab olunur ki, gənclik illərində keçirdiyi sarsıntılar onun həyatında və psixoloji durumunda dərin izlər buraxmışdır. Gənclikdə cənab Şults tam fərqli karyera qurmaq və futbolçu olmaq istəmiş, lakin ayağından aldığı zədə onun vurulan qollar və ulduz karyerası  ilə bağlı ümidlərini puça çıxarmışdır. Bundan sonra gənc Martin dərdini alkoqolla unutmağa çalışmış və içkiyə aludəçilik onda adət halını almışdır. Almaniyanın “Bild” nəşri yazırdı ki, o, hətta işə belə içkili gəlirmiş və buna görə də bir yerdə çox qala bilmirmiş. “Suddeutsche Zeitung” qəzetinin yazdığına görə, arzularının puç olması onda elə psixoloji gərginlik yaratmışdır ki, Martin həyatın dibinə yuvarlanmış və az qala yaşadığı mənzildən də qovulacaqmış. 1980-ci ildə onun qardaşına zəngi və yardım istəməsi, sonrakı dövrdə ardıcıl müalicələr nəticəsində Şults bu bəladan xilas ola bilmişdir. Futbol, kitab alveri və digər sahələrdə “uğursuzluqlar” Martini bəxtini başqa istiqamətdə sınamağa vadar edir və o, Almaniyanın ən nüfuzlu partiyalarından birinə - Sosial Demokrat Partiyasına (ASDP) üzv olaraq öz siyasi karyerasını qurmağa başlayır. Almaniya mətbuatı yazır ki, M.Şultsun ASDP-nin siyasi fəaliyyət platformasını seçməsi də təsadüfi xarakter daşımamışdır: o, öz maraqları naminə həmişə perspektiv vəd edən məqamları seçməyi və qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi bacarır. 
1994-cü ildə Avropa Parlamentində fəaliyyətə başlayan M.Şultsun siyasi karyerasının təhlili onu deməyə əsas verir ki, o, əsil şoumenlər kimi daim diqqət mərkəzində olmağı sevir və lazım gəldiyi hallarda qalmaqallardan belə çəkinmir. 2003-cü ildə M.Şultsun İtaliyanın Baş naziri Silvio Berluskoninin anti-sosial siyasətini kəskin tənqid etməsi onların arasında ciddi toqquşmaya səbəb olmuşdu. Həmin vaxt Berluskoni Şultsa “La Reppublica” nəşri vasitəsilə cavab vermiş və onu nasistlərlə eyniləşdirmişdi. 2010-cu ildə isə Şultsun Böyük Britaniyanı tənqidi və bu ölkəni Avropa İttifaqının dağılmasında maraqlı olmaqda ittiham etməsi ingilis parlamentarilərinin kəskin etirazını doğurmuşdu. Bununla bağlı britaniyalı deputat Qodfri Blum nasistlərin “Ein Volk, ein Reich, ein Führe” (Bir xalq, bir imperiya, bir lider) şüarını çığırmaqla Şultsu təhqir etmişdi. 
2012-ci ildə Avropa Parlamentinin sədri seçildikdən sonra da Şults daim siyasi qalmaqalların mərkəzində olmuşdur. 2014-cü ilin fevralında onun İsrail Knessetində çıxışı ciddi narazılıq yaratmış, İsrailin “Yəhudi Evi” təşkilatının üzvləri etiraz əlaməti olaraq binanı tərk etmiş, Baş nazir Benyamin Natanyahu isə Şultsu qınamışdır. Həmin vaxt media Şultsun düzgün danışıb-danışmadığından daha çox, onun öz statusuna uyğun gəlməyən qeyri-diplomatik davranışını müzakirə etmişdir.  
 Bütün bunlarla yanaşı, M.Şults həm də başqalarının müvəffəqiyyətlərinə rişxəndlə yanaşan, onların uğurlarını öz məğlubiyyəti kimi qəbul edən və hər vəchlə bu uğurları gözdən salmağa çalışan insan kimi tanınır. Məlumdur ki, 2014-cü ildə sosial-demokratların lideri kimi M.Şults Avropa Komissiyasının rəhbəri postuna öz namizədliyini irəli sürmüşdü və aylıq maaşı 27 min avro təşkil edən bu vəzifəni heç bir halda əlindən buraxmaq istəmirdi. Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının namizədi Jan-Klod Yunkerə məğlub olmuş və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik etmək təklifinə razılaşmışdır. Avropa mediasının verdiyi məlumata görə, bu şəxslərdən hansının Avropa Komissiyasının, hansının isə Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə əsasən parlamentarilər tərəfindən deyil,  iyunun 26-27-də Avropa İttifaqının Sammitində dövlət başçıları tərəfindən müəyyən olunmuşdu. Avropa Parlamentinin deputatları isə sadəcə öz rəhbərlərinin iradəsinə uyğun səs vermişlər. Əlbəttə, söhbət Avropadan gedirsə, bunu da “demokratiyanın” növbəti təzahürü kimi qəbul etmək olar. 
Lakin seçkilərdən dərhal sonra bir araşdırmaçı jurnalist təşkilatının internet  saytında Jan-Klod Yunkerə qarşı ciddi korrupsiya ittihamları irəli sürülmüşdür. Belçikanın “Libre Belgique” nəşrinin məlumatına görə, "Luxembourg Leaks" adı alan bu qalmaqallı araşdırmada Yunkerin Lüksemburqa rəhbərlik etdiyi  dövrdə dünyanın nəhəng şirkətlərinin öz ölkələrində vergidən yayınması üçün əlverişli vergi sistemi qurduğu iddia olunmuşdu. Bildirilmişdi ki, Lüksemburq dünyanın 340 nəhəng şirkəti, o cümlədən Apple, İKEA, Amazon, Pepsi və digərləri ilə gizli vergi razılaşması qurmuşdur. 2002 və 2010-cu illəri əhatə edən bu razılaşmalara əsasən, Lüksemburqda filiallarını yaratmaqla, yaxud mərkəzi ofislərini ora keçirməklə, həmin şirkətlər öz ölkələrində qazandıqları gəlirlərdən milyardlarla dollar vergi gizlətməyə müvəffəq olmuşlar. Həmin dövrdə media iddia etmişdi ki, Avropa Komissiyasına seçkilərdən sonra belə məlumatların ictimailəşdirilməsi Yunkerə rəqib olan və məğlubiyyətini həzm edə bilməyən M.Şultsun və ya Yunkerin seçilməsinin əleyhinə qətiyyətlə çıxış edən Böyük Britaniya hakimiyyətinin işi ola bilər. Ancaq nədənsə, bu məsələ inkişaf etdirilmədi və tez bir zamanda unuduldu. Necə ki, vaxtilə Martin Şultsun Ukraynada V.Yanukoviç hakimiyyətindən külli miqdarda rüşvət aldığı barədə məlumatlar araşdırılmadı və dövriyyədən çıxarıldı. Yəqin ki, bu məsələ inkişaf etdirilsəydi, cənab Şults Avropada “İlin korrupsioneri” “fəxri adına” ən layiqli namizədlərdən biri olardı. 
Avropa demokratiyasının digər bir təzahürü Avropa Parlamentinin tərkibi, fraksiyaların imkanları arasında ciddi fərqdə özünün büruzə verir. Bu qurum birbaşa seçkilər vasitəsilə formalaşdığı 1979-cu ildən bu günə kimi iki fraksiyanın – Sosialistlər və Demokratların Proqressiv Alyansı (SOC) və Avropa Xalq Partiyası (EPP) fraksiyalarının nəzarətindədir. Sonuncu 2014-cü il seçkilərində də EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191 mandat əldə etmişlər. Ümumilikdə 751 deputatın təmsil olunduğu parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün məsələlərə təsir imkanlarını öz əllərində saxlayırlar. Kommunistlər və solçular, yaşıllar, regionallar, liberallar, konservatorlar, milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir göstərmək imkanına malik deyillər. Bir çox ekspertlər və avroparlamentarilər bu nisbəti iki fraksiyanın monopoliyası adlandırır və Avropa Parlamentində ədalət prinsipinin pozulduğunu bildirirlər. Hesab olunur ki, mövcud durum Avropada bəzi ölkələrin ardıcıl şəkildə öz siyasi xətlərini yürütməyə, qərarların qəbuluna, Avropa Birliyinin rəhbər orqanlarına öz adamlarını keçirməyə və digər məsələlərin həllinə ciddi təsir imkanlarını öz əllərində saxlamasına şərait yaradır. Əslində, 2014-cü il iyunun 26-27-də keçirilmiş Avropa İttifaqı Sammitinin nəticələri bu iddiaların heç də əsassız olmadığını göstərir. 
Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar olsa da, Avropa Parlamenti onları müzakirəyə çıxarmaq və lazımi tədbirlər görmək istiqamətində heç bir iş görməmişdir. İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması faktları əksər hallarda araşdırılmır. Söz və məlumat azadlığının pozulması, müstəqil QHT-lərin fəaliyyətinə müdaxilələr, bir çox hallarda ictimai rəyə təsir imkanı olan medianın və vətəndaş cəmiyyəti institutlarının susdurulması və ya müxtəlif qrantlar, yardımlar vasitəsilə satın alınması da geniş yayılmışdır. Avropa Parlamenti Brüsseldə, Londonda, Berlində, Parisdə, Ferqyusonda  və digər paytaxtlarda  və şəhərlərdə baş verən kobud insan hüquqları pozuntularını “görmür”, ancaq Azərbaycan kimi ölkələrdə adi bir halı süni şəkildə qabartmaqla öz fəaliyyətinə prinsipiallıq donu geyindirməyə çalışır. Belə ikili standartlar, ayrı-seçkilik Avropa dəyərlərini gözdən salır, Avropa İttifaqına etimadı azaldır. 
Həm də bütün bunlara görə Avropa İttifaqına üzvlük Azərbaycan cəmiyyətinin gündəmində yoxdur. Azərbaycan xalqı hakimiyyətin yürütdüyü müstəqil siyasətin bəhrəsini görür, onu bölüşür və dəstəkləyir. Azərbaycan çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə, qarşılıqlı etimada, bir birinin daxili işlərinə qarışmamaq prinsipinə üstünlük verir. ABŞ və Avropanın bəzi siyasi dairələri tərəfindən idarə olunan kiçik bir qrup – “beşinci kolon” istisna olmaqla, heç kim 70 il Sovet imperiyanın tərkibində olmuş Azərbaycanın yenidən keçmişə yuvarlanmasını, öz azadlığını və müstəqilliyini itirməsini istəmir. Əgər həqiqətən də Avropa İttifaqı ilə Assosiasiya Sazişi və ya bu ittifaqa üzvlük demokratik dəyərlərin qorunması, insan haqlarına hörmət və həyat tərzinin yaxşılaşması deməkdirsə, onda bəzi Avropa ölkələrinin, daha dəqiqi Yunanıstanın qurumdan çıxmaq cəhdinə, Ukraynanın acınacaqlı durumuna, Ermənistanın Avrasiya İttifaqına üzv olmasına izah tapmaq çətindir.(musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam