Yenixeber.org: Azərbaycanlı fəalların Şuşa şəhəri yaxınlığında Laçın dəhlizində etiraz aksiyası davam edir. Azərbaycan mətbuatının hadisə yerindən verdiyi məlumata görə, yola kran qoyulub, onun ən hündür yerində Azərbaycan bayrağı asılıb.
Aksiya başlayandan sonra sülhməramlılar Ermənistan tərəfdən Laçın dəhlizinə girişi bağlayıblar.
Etirazçıların tələblərinə baxmayaraq, Rusiya sülhməramlılarının komandiri bir dəfə də olsun hadisə yerinə gəlməyib.
Sülhməramlılarla azərbaycanlı fəallar arasında ciddi insidentlər qeydə alınmasa da, şifahi söz atışmaları baş verib.
Müəyyən məqamda işə qarışan Azərbaycan xüsusi təyinatlıları sülhməramlılarla etirazçılar arasında dayanaraq, Rusiya hərbçilərini geri sıxışdırıblar və onların etirazçıları geri oturtmasına imkan verməyiblər.
“Turan” agentliyi xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, Bakı, sülhməramlılar komandanlığı, Moskva və İrəvan arasında intensiv danışıqlar davam edir. Görünür, hələ heç kim geri çəkilmək fikrində deyil.
Azərbaycanlı fəallar növbə çəkdikləri yerdə çadır qurublar, orada isti yemək və çay da təşkil olunub.
Maraqlıdır, Azərbaycan tərəfi bu addımla konkret nəyə nail olmağa çalışır? Hamımız başa düşürük ki, jurnalistlərin müşayiət etdiyi və Azərbaycan xüsusi təyinatlılarının aşkar nəzarəti altında olan ekoloji təşkilatların nümayəndələri bu etiraz aksiyasını tam müstəqil şəkildə təşkil edilə bilməzdilər. Açıq görünür ki, bu, Azərbaycan rəhbərliyinin sanksiya verdiyi addımdır. Burada son məqsəd nədir?
Məsələn, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Laçın yolunda baş verənləri belə şərh edib:
“Təəssüf ki, Rusiya sülhməramlıları azərbaycanlı ekspertlərin Qarabağ bölgəsində monitorinq keçirməsinə şərait yaratmayıb. Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatı və bir çox fəallar da burada piket keçirir. Onlar Rusiya sülhməramlılarından narazılıqlarını bildirirlər. Əsas məqsəd yataqlarımızın qanunsuz istismarını dayandırmaqdır”.
Yataqlarla hər şey aydındır, qəzəb də ədalətlidir, amma hər şey bu mövzu ilə bitmir, elə deyilmi?
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu baş verənlərlə bağlı fikirlərini bizimlə bölüşüb:
– Hazırda Qarabağ bölgəsinin dağlıq hissəsində baş verən proses ən azı son bir ildə yaşananların nəticəsidir. 44 günlük müharibəyə son qoyan Üçtərəfli Bəyanatın imzalanmasından sonra çoxlarına aydın oldu ki, Rusiya sülhməramlı kontingenti adlanan qurum öz funksiya və öhdəliklərini yerinə yetirməyəcək. Bu, sadəcə olaraq, Azərbaycan ərazisində yerləşən Rusiya hərbi birləşməsidir.
Sülhməramlıların üzərilərinə götürdükləri öhdəliyə görə, onlar Qarabağda erməniləri tərksilah etməli idilər, lakin bunu etmədilər. Üstəlik, erməniləri silahlandırır, təlim keçir, hazırlayırlar. Kimə qarşı hazırladıqları da aydındır. Yəni, sülhməramlılar Azərbaycanın bir hissəsində özlərini buranın sahibi kimi aparırlar. İndi Bakı üçün minimum proqram onları öz səlahiyyət dairələrinə qayıtmağa məcbur etmək, maksimum proqram isə ya onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına, ya da burada qalma mandatının növbəti müddətə uzadılmamasına nail olmaqdır. Və aydındır ki, Azərbaycan tərəfi dilemma qarşısındadır – nə etməli? Bir müddət əvvəl Azərbaycanda əks-terror əməliyyatı ilə bağlı çağırışlar edilmişdi. Mən də mətbuatda bunun çox arzuolunmaz olduğunu bildirmişdim. Çünki Rusiya bölgəyə əlavə hərbi birləşmələr yerləşdirmək üçün sadəcə olaraq hansısa silahlı təxribat gözləyir. Rusiyanın regionumuzla bağlı ciddi geosiyasi planları var. Yəni, onlara qarşı yalnız yumşaq gücdən istifadə etmək olar. Bunlar mətbuat, QHT, mədəniyyət qurumlarıdır. Bizdə isə bu qurumların əksəriyyəti, sadəcə olaraq, məhv edilib. Amma bəzi QHT-lər tapıb, ekoloji kampaniyaya başladılar. Yəni, Azərbaycan indi öz imkanları daxilində həmin yumşaq güc təzyiqi siyasətini həyata keçirir.
Düşünürəm ki, bu gün bütün mümkün vasitələrdən bu addım az-çox normaldır. Amma hərbi təxribata yol verilməməsi şərti ilə. Və bu, təkcə bizdən asılı deyil. Ruslar bunu erməni separatçıları vasitəsilə edə bilər, onların kifayət qədər imkanları var. Bunu hətta Azərbaycandakı bəzi adamlarının, yəni bizim tərəfimizdən də edə bilərlər.
Amma davam edən aksiya ilə bağlı hər şeyi qiymətləndirmək mənim üçün hələ də çətindir – bu işin nə dərəcədə sistemli olduğunu bilmirəm. Hansı vaxta kimi planlaşdırılıb? Yoxsa bu, kortəbii, boş yaylım atəşidir? Bunu demək çətindir. Amma bunun təzyiq olması şəksizdir. Və bəzi riskləri olsa da, prinsipcə, lazımdır. Amma tədbirlər hərtərəfli olmalıdır. İndi də belə cəhdlər var. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından Rusiyaya nota verildi. Müəyyən informasiya işi var, amma təəssüf ki, Azərbaycandan kənara çıxmır. Biz burada çox zəif iş görürük. Çünki məsələn, nə baş verdiyini Qərbdə heç kim bilmir. Və mən şübhə etmirəm ki, çox yaxında erməni tərəfi bu sahədə bizdən ən azı iki addım öndə olacaq. Yəni, bütün bu işlər kompleks şəkildə aparılmalı, məlumatlar bütün beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. O cümlədən heç bir mandatı olmadığını xatırladaraq, sülhməramlıların davranışından narazı olduğumuz çatdırılmalıdır. Hər şeyin daha geniş miqyasda, beynəlxalq səviyyədə hazırlanması lazımdır. Azərbaycan rəhbərliyinin belə bir istəyi varmı, bilmirəm. Rusiya ilə beynəlxalq səviyyədə üz-üzə gəlmək istəyi varmı? Buna inanmaq çətindir. Amma bu, vacibdir.
Ona görə də, indiki fəaliyyətin istənilən effekti verəcəyini birmənalı şəkildə deyə bilmərəm. Üstəlik, Putin artıq Bakıya zəng edib və ola bilsin ki, hansısa razılaşma əldə olunub. Ancaq istənilən belə razılaşma müvəqqəti, dekorativ olacaq, əhəmiyyətli olmayacaq – çünki tərəflərin maraqları tamamilə bir-birinə ziddir. Təəssüf ki, bu gün Moskva ilə münasibətlərimiz belədir. Rusiya bizim ərazimizdən keçərək Yaxın Şərqə daxil olmaq və Şərq-Qərb dəhlizinin həyata keçirilməsinin qarşısını almaq istəyir. Bu, onun strateji məqsədidir. Və bununla bağlı Kremllə razılaşsaq, o zaman Qərb ölkələri, Rusiyanın əleyhdarları bizi hədəfə alacaqlar. Bu, tamamilə aydındır.
Bu gün baş verənlərdə partnyorlarımızın rolunun nədən ibarət olması da mənə aydın deyil. Məsələn, Türkiyə. Hər hansı bir fəsad yaranarsa, bizə dəstək olacaqmı? Təkcə diplomatik deyil, hərbi toqquşma mənasında da. Bütün bunlar anlaşılmazdır. Bundan sonra baş verənləri izləməliyik.(pressklub)
Rauf Orucov