Laçın dəhlizinə ya birgə nəzarət, ya da... -Bakı bu qapını qapaya bilər!
Rusiyanın təsir zonasında erməni quldurlarının davam edən özbaşınalığı, Qarabağa qanunsuz giriş-çıxış Azərbaycanın səbrini daşırır; ekspert: “Azərbaycan dəhlizə deyil, dəhlizin başlanğıcındakı Ermənistanla dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət məsələsini həll etməlidir”
Yenixeber.org: Erməni silahlılarının Azərbaycan ərazisinə daxil olmasını əks etdirən faktlar Bakının beynəlxalq hüquqa uyğun olaraq öz ərazisinə Laçın vasitəsilə giriş-çıxışa sərt nəzarətini zəruri edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə əsasən, Laçın dəhlizinə nəzarət funksiyasını Rusiyanın bölgədəki kontingenti həyata keçirir. Lakin ötən aylar ərzində hətta Ermənistan mənbələrinin yaydıqları kadrlar, erməni diversantların məhkəmə proseslərində söylədiyi ifadələr Laçın dəhlizində nəzarətin heç də yetərincə həyata keçirilmədiyinə şübhə yeri qoymur.
Elə bir müddət əvvəl məlum oldu ki, dəhlizin qapılarından İrana məxsus yük maşınları mənşəyi bəlli olmayan yüklər daşıyıb, həmçinin Ermənistan anlaşmanı pozaraq Azərbaycan ərazisinə hərbçilərin göndərilməsini, hərbi sursatların ötürülməsini məhz bu yol vasitəsilə həyata keçirməkdədir. Odur ki, Laçın dəhlizində Azərbaycan və Rusiya hərbçilərinin birgə nəzarətinin olması zərurəti ortaya çıxır. Hesab olunur ki, Rusiya sülhməramlıları ilə birgə Azərbaycan hərbçiləri də təhlükəsizliyi təmin etməli, həmçinin ölkəmizə daxil olan yüklərə nəzarət etməlidir. Dəhliz humanitar məqsədli olduğu üçün hərbi təyinatlı yüklər, xüsusən də hərbi qulluqçular bu yol vasitəsilə daşına bilməz. Əcnəbilərin girişi isə Azərbaycanın rəsmi sərhəd prosedurlarına uyğun olaraq həyata keçirilməlidir. Bəzi ekspertlər iddia edirlər ki, əgər Ermənistan bəyanatın bəndlərinə əməl etmirsə, hərbçilərini Qarabağdan tam çıxarmaqdan imtina edirsə və Zəngəzur dəhlizinin açılmasına razılıq vermirsə, Azərbaycan da 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliklərdən özünü azad hesab edə, birgə bəyanatdan çıxa da bilər...
Prezident İlham Əliyev Azərbaycan ərazisinə qanunsuz daxil olmalar və qanunların pozulması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edib. Düzdür, bu xəbərdarlıqlardan sonra Ermənistan rəhbərliyinin Xankəndi və digər ərazilərə qeyri-qanuni səfərlərinə son qoyulub. Hansı ki, ermənilərin özləri də Nikol Paşinyan və digər rəsmi şəxslərin Qarabağa səfər edə bilmədiyini etiraf edirlər. Lakin heç şübhəsiz Azərbaycan ərazisinə istisnasız olaraq qanunsuz daxilolmalara son verilməlidir, kimliyindən asılı olmayaraq. O cümlədən sülhməramlıların müşayiəti altında (!) ermənilərə aidiyyəti olmayan kilsələrin davamlı şəkildə ziyarəti ilə bağlı şoulara da son verilməlidir. Xüsusilə də İrəvanın Qarabağa qanunsuz olaraq əsgər göndərməsi Azərbaycanı növbəti dəfə dəmir yumruğa əl atmağa vadar edə bilər. Son günlər Prezident bir neçə dəfə Ermənistana və onun havadarlarına 44 günlük döyüşlərdən, aldığı sarsıdıcı zərbələrdən dərs çıxartmağı tövsiyə edib, bununla bağlı xəbərdarlıqlarını çatdırıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri də, heç şübhəsiz, təsadüfi deyildi. Son zamanlar bu bölgədə Ermənistanın təxribatlarının artdığını müşahidə edirik. Bölgədə maraqları olan ayrı-ayrı qüvvələrin təxribatçılara stimul verən davranışları da cavabsız qoyulmur və rəsmi Bakı tərəfindən lazımi ünvanlara “nöqtəli diplomatik zərbələr” endirilir. Prezident Kəlbəcər səfəri zamanı da delimitasiya və demarkasiya prosesinə əngəl olmağa çalışan dairələrə ünvanlı mühüm mesajlarını çatdırıb. Bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik: “Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbiləşirsə, necə deyərlər, getsinlər, su içsinlər”.
Azərbaycan Prezidentinin Laçın hava limanının, Laçın-Kəlbəcər yolunun mühüm hissəsi olacaq iki tunelin təməlini qoyması, həmçinin Basarkeçər, Göyçə ilə bağlı tarixi bəyanatlar səsləndirməsi ondan xəbər verir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləməkdədir və onun yolunu heç bir qüvvə kəsə bilməyəcək.
O da bəllidir ki, Laçın dəhlizinə birgə nəzarət mexanizmi olarsa, erməni silahlıları heç bir halda Qarabağa sıza bilməz, Azərbaycan rəhbərliyi də buna əmindir. Rusiya indiki halda buna razılıq vermək istəmir, amma hazırda Bakı sülhməramlılarla bağlı kifayət qədər sərt tənqidi mövqedədir, bunun üçün də tutarlı əsasları var. Təəccüblüdür, bölgədə gərginliyin artmasında maraqlı görünməyən Moskva hansı səbəblərdən Laçın dəhlizinə birgə nəzarətə qarşı çıxır? Azərbaycan birgə bəyanatdan çıxa biləcəyini işarə edərsə, nə dəyişə bilər?
Sabiq təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə kiçik, amma vacib bir dəqiqləşdirməyə ehtiyac var: “Azərbaycan dəhlizə deyil, dəhlizin başlanğıcındakı Ermənistanla dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət məsələsini həll etməlidir. Bu, Laçın dəhlizinə nəzarətdən çox vacibdir. Əsas diqqət dövlət sərhədinə nəzarətə yönəlməlidir, çünki dəhlizin təhlükəsizliyinə nəzarət mexanizmi sərhəddən kimin və nəyin keçməsini öyrənməyə imkan vermir. Dövlət sərhədinə nəzarət bütün beynəlxalq normalara, qayda-qanunlara əsasən keçirilməli və orada bizim sərhəd xidməti ilə yanaşı, gömrük, təhlükəsizlik strukturları da fəaliyyətdə olmalıdırlar. Ermənistan vətəndaşları üçün viza rejimi tətbiq olunmalı, Qarabağ erməniləri üçün də məhdud giriş-çıxış müəyyən edilməlidir, məsələn, ayda iki dəfədən çox olmamaq şərti ilə”. İ.İsmayıl digər vacib məqamı da vurğuladı: “Qeyd olunan sərhəd bölgəsindən icazəsiz keçən Ermənistan rəsmiləri haqqında hələ ilin əvvəlində -yanvarın 8-də rəsmi etiraz bildiriləndə Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov bildirdi ki, 10 noyabr razılaşmasında belə bir müddəa nəzərdə tutulmayıb, sərhəddən yalnız Ermənistan Respublikasının və Rusiya Federasiyasının vətəndaşları giriş-çıxış edə bilərlər. Bundan sonra Rusiya sülhməramlıları sərhəddən Ermənistan ordusunun canlı qüvvələrinin və texnikasının keçməsinə şərait yaradıb. Ümumiyyətlə isə Azərbaycan üçün arzuolunmaz şəxslərin dəfələrlə dövlət sərhədini keçərək Qarabağa gəlməsi halları getdikcə artır.
İlham İsmayıl
Ona görə də Azərbaycan tezliklə sərhədə sülhməramlılarla birgə nəzarət məsələsini qaldırmalı və həll etməlidir”. Ekspert qeyd etdi ki, Moskvanın konkret olaraq sərhədə birgə nəzarətdən qaçmasının səbəbi aydın məsələdir: “Birincisi, Azərbaycana qarşı cinayət törətmiş şəxslərin sərbəst keçidinin qarşısı alınacaq, zərurət olduqda cinayətlərdə şübhəli bilinənlər istintaqa cəlb ediləcəklər. Belələri isə Xankəndidə çoxdur. İkincisi, ermənilərin nəinki gediş-gəlişi azalacaq, eyni zamanda Qarabağdan köç etmələri sürətlənəcək, nəticədə sayları azalacaq ki, bu da Rusiya hərbi kontingentinin bu yerlərdə növbəti beşilliyə qalmağına ehtiyac qalmadığının göstəricisi olacaq. Bu və digər səbəblərdən Rusiya nəinki sərhədə birgə nəzarətə razı deyil, həm də 10 noyabr razılaşmasının vacib müddəalarını yerinə yetirməkdən hələ ki imtina edir. Yəni nə Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, nə də Azərbaycan qaçqınlarının geri qaytarılmasını yerinə yetirir”. Bununla belə, İ.İsmayıl hesab edir ki, Azərbaycan üçtərəfli razılaşmadan çıxmamalıdır: “Bu, Rusiya ilə münasibətləri çox gərginləşdirə bilər, sadəcə, Rusiyadan imza atdığı 10 noyabr bəyanatının müddəalarına əməl etməsini tələb etmək lazımdır. Əgər yerinə yetirilməzsə, ilk beşillik müddətin sonunda bəyanata əsasən, Rusiya qoşunlarının qalmasına etirazımızı rəsmən bildirməliyik. Buna hələ çox zaman qalır. Azərbaycan tezliklə öz dövlət strukturlarını bölgəyə yerləşdirməli və qaçqınların doğma yurdlarına qayıdışını təmin etməlidir”.
Dövlət başçısı İlham Əliyev Kəlbəcər və Laçında olarkən digər vacib bəyanatlar da səsləndirib. Sitat: “Biz eyni zamanda Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın”. Bu, həm də o deməkdir ki, Azərbaycan sərhədçisi və gömrük əməkdaşı yaxın perspektivdə Laçın dəhlizində də olacaq! Azərbaycan Prezidenti vurğulayıb ki, indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik. Diqqət edin, Murovdağdan Araz çayına qədər... Bu sırada Laçın dəhlizi istisna ola bilməz, şübhəsiz ki...
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfərində Qaragöl və sərhədlərlə bağlı qeyd etdikləri Ermənistana mesajdır: “Xüsusilə olaraq Ermənistanın iddia etdiyi Qaragöl gölünün Azərbaycanın olmasını qeyd etməsi artıq bu göl üzərində spekulyasiya, son qoyur. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Ermənistan iştirak etməsə də, dövlət başçısı öz sərhədlərimizi müəyyən etdiyini qeyd etdi. Və əgər ermənilər təxribatlara əl atsalar, lazım bildiyi ərazilərdə yerləşməyi vurğuladı”. Ekspertin fikrincə, Ermənistanın bundan sonra heç bir şansı yoxdur və Azərbaycanla normal münasibətlər qurmağa məcburdur: “Məhz hazırkı gərgin situasiyada Prezidentin Kəlbəcər və Laçına səfəri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Murovdağdan Araz çayına qədər hərbi hissələrin olmasını və sərhədlərin möhkəmlənməsini vurğuladı. Bununla da Azərbaycanın Ermənistanla sərhədi tam nəzarətə götürdüyünü elan etdi. Qeyd edim ki, Laçın dəhlizi yaxınlığından verilən bu mesajlar növbəti mərhələdə Azərbaycan postunun bu dəhlizdə qurulmasına hesablanıb. Laçına səfər dəhlizə nəzarətin əldə edilməsinə hesablanır. Çünki Laçın dəhlizində hazırkı durum Azərbaycanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir. Məhz bu dəhliz vasitəsilə erməni separatçılarına silah və sursat daşınaraq Şuşanın atəşə tutulması ilə nəticələnir. Növbəti hədəf Laçın dəhlizinə nəzarətin əldə edilməsi olmalıdır. Bununla da Qarabağda silahlı erməni separatçılarının üstündən tam xətt çəkə bilərik”.
Ekspertlərimiz də Laçın dəhlizinə birgə nəzarət üçün bütün əsasların mövcud olduğunu hesab edirlər. Artıq bu məsələ ilə bağlı qərar vermək an məsələsidir. Reallıq budur ki, erməni silahlılarının dəhlizdən Azərbaycan ərazisinə buraxılmasını “görə bilməyən” Rusiya sülhməramlıları qısa müddət ərzində etimadı itiriblər və artıq Azərbaycan ictimai rəyində rusiyalı hərbçilərin ölkə ərazisindən çıxarılmasını tələb edənlərin sayı sürətlə artmaqdadır. Üstəlilk, Rusiya hərbi kontinginetinə daxil olan hərbçinin Qarabağdakı erməni uşaqlarla “artsax” adlı qondarma qurumun əski parçasını tutaraq (!) fotolar çəkdirməsi faktı qəzəb doğurub. Artıq sosial şəbəkərlədə həmin hərbçilərin ölkəmizdən dərhal rədd edilməsi tələbi qoyulub. Belələri heç şübhəsiz ki, erməni diversantların, qanunsuz silahlı birləşmələrin Azərbaycana qarşı hər cür təxribatlar törətməsinə imkan və şərait yaradacaqlar. Bu mənada günün birində nəinki təkcə Laçın dəhlizinə, həmçinin 20-25 min erməninin yaşadığı digər ərazilərə də birgə nəzarət məsələsi gündəmə gələ bilər. Azərbaycan öz ərazisində terror yuvalarının qazılmasına imkan verə bilməz, necə ki, Rusiya illər öncə buna Şimali Qafqazda imkan vermədi. Rusiya əməkdaşlıq etmək istəyirsə, Laçın qapısından təhlükəsiz və beynəlxalq hüquqa uyğun olaraq giriş-çıxışın təmin olunması istiqamətində əməkdaşlığa başlasın. Əks təqdirdə, Laçın qapısı ermənilərin və digərlərinin üzünə əbədi qapadıla bilər!
“Müsavat”