Yenixeber.org: SSRİ-də, incəsənətin başqa sahələrində olduğu kimi, rəssamlıqda da sərt çərçivələr və senzura hökm sürürdü. Rəsmi ideologiyanın arzulanan hesab etmədiyi təmayüllər sıxışdırılır, onların nümayəndələri Rəssamlar İttifaqına qəbul edilmir, əsərləri nümayiş etdirilmir, dövlət tərəfindən dəstək göstərilmirdi.
Doğrudur, Xruşşov zamanında bir qədər mülayimləşmə oldu, amma bir lətifədə deyildiyi kimi, onun da sonu qanıqaralıq oldu. Sovet lideri 1962-ci il dekabrın 1-də avanqardist rəssamların sərgisini ziyarət etdi və bir qədər gəzib-dolaşandan sonra, Mərkəzi Komitənin mühafizəkar katibi Suslovun da təhriki nəticəsində coşdu və bu zaman nalayiq ifadələrdən də çəkinmədi.
Rossal-Voronovun qız portretinin qarşısında duran Xruşşov “Bu nədir? Niyə bir gözü yoxdur? Bu ki, morfinistdir” dedi. Qribkovun “1917-ci il” əsərinə “Siz inqilabı necə belə təsvir edə bilərsiniz? Siz nədir, çəkə bilmirsiniz? Mənim nəvəm daha yaxşı çəkər” reaksiyasını göstərdi. Az qala bütün şəkillərin qarşısında deyinən Xruşşov sonda rəssamlara üzünü tutaraq “Siz kişisiniz, yoxsa lənətə gəlmiş pederast? Sizin vicdanınız var?” söylədi və “Bunlar sovet xalqına lazım deyil” hökmünü çıxardı.
Xruşşovun 1964-cü ildə devrilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Nonkonformist rəssamların hətta şəxsi evlərdə, öz emalatxanalarında keçirməyə çalışdıqları sərgilər hakimiyyət orqanları xəbər tutan kimi qapadılırdı. Bir çox rəssamlar çıxış yolunu ölkədən getməkdə görürdülər.
***
Xruşşovun devrilməsindən 10 il sonra, 1974-cü ilin sentyabrında rəssamlar açıq havada sərgi keçirməyi qərara aldılar. Onlar məqamın əlverişli olduğunu güman edirdilər. Çünki artıq bir müddət idi ki, ABŞ konqresində Ticarət haqqında qanuna Cekson-Venik düzəlişi müzakirə olunurdu. Bu düzəliş mühacirətə (əsasən yəhudilərin İsrailə köçməsinə) maneçilik yaradan və insan hüquqlarını pozan dövlətlərə ticarətdə daha əlverişli mühit yaradılmasını (most favoured nation) qadağan edirdi.
İqtisadi vəziyyəti artıq ürəkaçan olmayan SSRİ-nin Amerikadakı bütün diplomatları bu düzəlişin qəbul edilməməsi üçün cəhd göstərirdilər. Rəssamlar da hesab edirdilər ki, bu amil onların sərgisinə daha loyal münasibətə səbəb ola bilər. Onlar xarici diplomatları və jurnalistləri də sərgiyə dəvət etmişdilər.
Təşkilatçılar Moskva sovetinə məktub yazaraq, “Belyayevski pustır” deyilən yerdə iki saat ərzində sərgi keçirəcəkləri barədə xəbərdarlıq etmişdilər. Şəhər hakimiyyəti onları bu fikirdən daşındırmağa çalışsa da sərgiyə birbaşa qadağa qoymadı, çünki bununla bağlı qanuni əsas tapmadılar. SSRİ-də rəsmi orqanların təşkil etmədiyi hər hansı bir aksiya təsəvvür edilmədiyindən qanunvericilikdə bununla bağlı boşluqlar vardı.
Sərgi günü həmin ərazidə rəssamları sürpriz gözləyirdi. Milis formasında olanlar az idi. Əvəzində xeyli “zəhmətkeş” vardı, hərçənd, bazar günü idi.
Guya həmin ərazidə iməcilik – ağacəkmə kampaniyası keçirilirdi və əslində milis əməkdaşları olan, amma mülki geyimli “zəhmətkeşlər” rəssamlardan iməciliyə mane olmamağı, ərazini tərk etmələrini tələb edirdilər. Ətrafda da bir neçə buldozer, susəpən maşınlar və yük maşınları vardı.
Rəssamlar bu tələbə qulaq asmayaraq əsərlərini çıxarıb əllərində tutduqda (üçayaqlıya qoymağa imkan tapmadılar) hücuma məruz qaldılar. Şəkillər cırıldı, torpağa atıldı, təpik və buldozer altında qaldı, susəpən maşınlar vasitəsilə yararsız hala salındılar. Hətta xarici jurnalistlərdən də döyülənlər oldu. “Nyu York Tayms” qəzetinin müxbirinin öz fotoaparatı ilə dişini sındırdılar.
“Buldozer sərgisi” adını alan hadisə Qərbdə böyük rezonans doğurdu. Nəinki sovet hökumətinə mənfi münasibət bəsləyənlərdən, hətta Qərb ölkələrinin kommunist partiyalarından etirazlar gəldi. Elə sovet rəhbərliyi daxilində da baş verənləri əbləhlik hesab edənlər vardı. Görünür, həm bu səbəbdən, həm də Cekson-Venik düzəlişinə görə, saxlanılanlara heç inzibati həbs verilmədi, cərimə olunub buraxıldılar. İki həftə sonra isə, sentyabrın 29-da nonkomformistlərə İzmaylovo parkında dörd saat ərzində sərgi keçirmək icazəsi verildi. Amma xeyri olmadı, dekabrda Cekson-Venik düzəlişi qəbul edildi.
Həmin sərginin əsas təşkilatçısı Oskar Rabin adlı rəssam idi. Digər yəhudilərdən fərqli olaraq sovet hökuməti özü ona İsrailə köçməyi təklif edirdi, amma Rabin razılaşmırdı. 1978-ci ildə onu tovlayıb ailəliklə (arvadı və oğlu) Fransaya turist səfərinə getməyə razı saldılar. Bir müddət sonra isə Parisdəki Baş konsulluğa dəvət edərək “sovet vətəndaşı adını rüsvay etdiyinə görə” vətəndaşlıqdan məhrum edildiyini bildirdilər.
***
İkinci dünya müharibəsi zamanı ABŞ SSRİ-yə lend-liz adını alan kampaniya çərçivəsində yardım göstərirdi. Yardımın şərtlərinə görə, ABŞ-ın göndərdiyi və sərf edilən, döyüşlərdə itirilən materiallara, texnikaya görə heç bir ödəniş olmayacaqdı, yalnız müharibədən sonra qalmış və mülki işlər üçün yararlı olan texnikanın dəyərini ödəmək lazım idi.
Amma müharibədən sonra ödənişin məbləği barədə razılığa gəlmək SSRİ-nin cığallığı üzündən mümkün olmadı. 1948-ci ildə aparılan danışıqlarda amerikalılar sovetlərin 1,3 milyard dollar ödəməli olduğunu söyləyirdilər. Qarşı tərəf isə cəmi 170 milyon dollar ödəmək niyyətində idi. Üç il davam edən alış-verişdən sonra amerikalılar rəqəmi 800 milyon dollara endirdilər, SSRİ isə 300 milyon dollara qaldırdı. Konsensus alınmadı.
Razılığa yalnız 1972-ci ildə gəlmək mümkün oldu. SSRİ 2001-ci ilə qədər 722 milyon dollar ödəməyi öhdəsinə götürdü. 1973-cü ildə cəmi 48 milyon dollar olan üç ödəniş həyata keçirildi. Amma sözügedən Cekson-Venik düzəlişinin qəbulundan sonra Moskva ödənişləri dayandırdı.
Yalnız SSRİ süqutundan sora Rusiya bu borcu ödəməyə başladı və 2006-cı ildə, müharibənin bitməsindən 61 il sonra qapatdı. Formal olaraq lend-liz üzrə alınmış yardımın 6,5%-i həcmində borc ödənildi. Lakin inflyasiya nəzərə alınarsa bu ödəniş yardımın cəmi 0,4%-ni təşkil edirdi.