Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

1965-ci ildə İrəvanda keçirilən mitinqlərə kimlər icazə vermişdi? - Tarixdə gizlənmiş sensasiya

                   Zarobyandan sitat: “Azərbaycanlılar ermənilərdən daha çox millətçidir”

Yenixeber.org: Osmanlı imperiyasında doğulmuş Yakov Zarobyan (1908) Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1960-1966) olub.

O, hələ 1962-ci ildə ermənilərin Türkiyədə soyqırıma məruz qalmasının 50 illiyi ilə bağlı 1965-ci ildə İrəvanda kütləvi tədbirlərin keçirilməsi üçün hazırlığa başlayıbmış. Erməni əsilli livanlı ictimai-siyasi xadim Andranik Çarukyanla görüşündə o, deyib: “Mənim arzum odur ki, erməni diasporunu Sovet Ermənistanı ətrafında birləşdirək. Biz bir-birimizə çox lazımıq. Erməniliyi qoruyub saxlamaq üçün bu, vacibdir. Vətən birdir, diaspora da qoy bir olsun. Vahid, güclü bir birlik yaransın”.

O vaxt erməni soyqırımı məsələsi Sovet İttifaqında qadağan olunmuş mövzular sırasında idi. Ermənistanın kommunist rəhbərliyində olan şəxslərin bir çoxu 50 illiklə bağlı tədbirlər keçirilməsi fikrinə ehtiyatla yanaşırdılar. Onlar Moskva tərəfindən cəzalana biləcəklərindən çəkinirdilər. Ona görə də Moskvadan-SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsindən razılıq almağa çalışırdılar.

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi bu məsələ ilə bağlı bir neçə dəfə iclas keçirmişdi. Nüfuzlu tarixçilər Moskva üçün bu məsələ ilə bağlı xüsusi arayış hazırlamışdı. Yakov Zarobyan bir neçə dəfə Sovet İttifaqının o vaxtkı rəhbəri Nikita Serqeyeviç Xruşşovla (1953-1964) görüşüb. Leonid İliç Brejnev, Andrey Qromıko, Mixail Suslov, Nikolay Podqornı ilə bu məsələni müzakirə edib. Qromiko türklərin narazı qalacağından ehtiyat edirdi, o vaxt Türkiyə ilə SSRİ arasında xoş münasibətlər qurulmuşdu. Sonda o, bu təklifə razılıq verir, yalnız bir şərtlə: “Ancaq, xahiş edirəm, ərazi tələbi olmasın”.

111.jpg (66 KB)

                                       Yakov Zarobyan, Nikita Xruşşov və başqaları

Suslov hesab edirdi ki, millətçiliyin alovlanması ideoloji doqmalara qəsd etmək anlamına gəlir. Maraqlıdır ki, Anastas Mikoyan da elə düşünürdü. 1964-cü ilin noyabrında Ermənistan rəhbərliyi “Ermənilərin 1915-ci ildə kütləvi şəkildə qırılması ilə bağlı keçiriləcək tədbirlər haqqında” adlı mətni rəsmi sənəd kimi qəbul etdi. Ancaq ondan sonra da həmin mətn üzərində işləməyi lazım bildilər. Bir ay sonra isə düzəlişləri yekunlaşdırıb, sənədi Moskvaya göndərdilər. Elə o vaxtdan da erməni soyqırımı ilə bağlı yazılar gündəmə gəldi. Kitablar buraxıldı. 1965-ci ilin 24 aprelində isə İrəvandakı Lenin meydanında minlərlə insanın iştirakı ilə kütləvi tədbir keçirildi. Tezliklə proseslər nəzarətdən çıxdı. Polis etirazçıların qarşısını ala bilmədi. Ermənilər “torpağımızı istəyirik, torpağımızı qaytarın” deyə bağırırdılar. İrəvana ordu yeridilməsi məsələsi ortaya çıxdı. Ancaq Yakov Zarobyan “öz xalqıma qarşı ordudan istifadə olunmasına imkan verə bilmərəm”, dedi.

Rəsmi Moskva belə olacağını gözləmirdi. O da aydın idi ki, bu olaydan sonra Yakov Zarobyan vəzifəsində qala bilməzdi. 1966-cı ilin 5 fevralında İrəvanda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin fövqəladə sessiyası çağırıldı. 17 dəqiqə davam edən sessiyada Yakov Zarobyan vəzifədən çıxarıldı. Az sonra o, SSRİ üzrə nazir müavini vəzifəsinə təyin edildi...

İndi isə başqa bir erməni haqqında sizlərə məlumat verəcəm.

Edmond Y. Azadyan erməni diasporunun tanınmış və yaşlı üzvlərindən biridir. Ermənistan Demokratik Liberal Partiyasının sədridir. Erməni və ingilis dillərində bir neçə kitabı çıxıb.

O, “mirrorspectator.com” saytında “Armenia Trapped in Web of Russo-Turkish Politics” (Ermənistan Rus-Türk siyasətinin tələsinə (toruna) düşüb) adlı məqalə ilə çıxış edib. Məqalənin adından da göründüyü kimi, müəllif Ermənistanın problemlərinin əsas səbəbkarı kimi Rusiya və Türkiyəni ittiham edir.
Bəhs etdiyimiz həmin məqalədə müəllif yazır ki, o, gənc vaxtlarında Yakov Zarobyanla görüşüb. Həmin görüşü o, belə təsvir edir: 1962-ci ildə cənab Zarobyanla görüş zamanı ondan soruşdum ki, Qarabağ Ermənistana nə vaxt qaytarılacaq. Cavabı belə oldu: “Sovet İttifaqı daxilində sərhədlərin heç bir əhəmiyyəti yoxdur”. Dedim ki, Sovet İttifaqında sərhədlərin əhəmiyyəti olmadığını iddia edirsiz.

Elədirsə, Qarabağ Ermənistana niyə birləşməsin?

Sonra o, çox ciddi görkəm aldı və asta bir səslə dedi: “Oğlum, sən biz erməniləri millətçi hesab edirsən, amma səni inandırıram ki, azərbaycanlılar bizdən daha çox millətçidir”.

Gördüyünüz kimi, təkcə soyqırım yox, həm də Qarabağ söhbəti hələ 1960-cı illərin əvvəllərindən Ermənistanda ən yüksək səviyyədə gündəmdə olub.

Həmin məqalənin sonunda qeyd olunur ki, XI Qırmızı Ordu 1920-ci il dekabrın 2-də birinci erməni respublikasının müstəqilliyini məhv etmək üçün Ermənistana daxil oldu. O vaxt Ermənistanın son baş naziri Simon Vratzyan yazırdı: “Ermənistan rus çəkici ilə türk zindanının (dəmirçi) arasında qaldı”.

Ermənilər bu gün üzləşdikləri problemlərə görə təkcə Rusiya və Türkiyənimi günahkar bilirlər? Bu suala eyni saytda gedən başqa bir məqalədə birmənalı cavab verilir: “Erməni lobbisinin güclü olduğu açar ölkələrdə, o cümlədən ABŞ, Fransa və Rusiyada nə Qarabağda müharibənin qarşısını ala bildik, nə də Ermənistanın hərbi məğlubiyyətinə əngəl olduq. BMT, ATƏT, Avropa Birliyi Ermənistana siyasi dəstək baxımından həmrəylik göstərmədi. O vaxt Donald Trampın prezident olduğu ABŞ bu istiqamətdə diqqətçəkən bir iş görmədi. Avropa dövlətləri, bütövlükdə Avropa Birliyi ortada yox idi. Ermənistanın hərbi müttəfiqi Rusiya 44 gündən sonra hərəkətə keçdi, artıq ermənilər torpaqların böyük bir hissəsin itirmişdi. Şuşa kimi strateji şəhər əldən çıxmışdı. Artsaxın müstəqilliyinin tanıdılması üçün erməni diasporunun 30 il ərzində apardığı kampaniya da elə bir nəticə vermədi.

Gördüyünüz kimi, ermənilər II Qarabağ Müharibəsindəki məğlubiyyətə görə az qala bütün dünya dövlətlərini və beynəlxalq təşkilatları ittiham edirlər. Ən pisi isə odur ki, hələ də erməni diasporunun bir çox nüfuzlu nümayəndəsi erməni xalqını Azərbaycanla növbəti müharibədə qələbə əldə etmək üçün yenidən bir araya gəlməyə, bu ideya ətrafında birləşməyə səsləyirlər.

Əlbəttə, biz Azərbaycan olaraq Ermənistanla müharibə istəmirik. Ancaq “ehtiyat igidin yaraşığıdır”, deyiblər. Biz bu müharibəyə həmişə hazır olmalıyıq.

Elbəyi Həsənli: Sürix

chttps://mirrorspectator.com/2021/04/01/armenia-trapped-in-web-of-russo-turkish-politics/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam