Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Xəmiri hələ çox su aparacaq problem…-Bahalaşmadan hamı narazıdır, elə bahalaşdıran da

 

“Bizim külfət böyükdür, gündə azı 6-7 çörək alırıq. Dünəndən də çörəyin qiyməti 15 qəpik bahalaşıb, bu da bizim üçün hər gün 1 manat əlavə xərcdir. Dövlətdən heç bir gəliri olmayan ailə üçün ayda 30 manat böyük puldur. Ötən il anamın müavinətini kəsdilər, dedilər, yeni qanuna görə daha düşmür. Bütün ərzaqların, qazın, işığın qiyməti artıb. Hökumət fikirləşmir ki, hər şeyi bahalaşdır, amma evinə 1 manat qazanc girməyən, iş yeri, təsərrüfatı olmayan ailələr necə dolanacaq?!”

Yenixeber.org: Bu sözləri Tovuz sakini Əli Səfərov deyib. O, qeyd edib ki, rayonda əhalinin əksəriyyəti işsizdir, Rusiyada əvvəlki kimi qazanc yoxdur. Əkin-biçin üçün su və maya, mal-qara saxlamağa isə otlaq, yem lazımdır. Ona görə də, bahalaşan qiymətlər günəmuzd iş tapıb ailəsini dolandırmağa çalışan ailələr üçün fəlakətdir.   

Qeyd edək ki, yanvarın ilk günlərindən iri un istehsalçıları unun qiymətini təxminən 10 manat qaldırıblar. Unun bahalaşması da əhalinin gündəlik qidasında ən böyük ərzaq olan çörəyin qiymətini artırıb. 

İstehsalçılar bahalaşmanın səbəbini dünya bazarında ərzaqlıq buğdanın idxal qiymətinin kəskin artması ilə izah edir. Bildirilir ki, hazırda hər ton üçün 338 dollar ödənilir ki, bu da 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz çoxdur. İri un istehsalçıları yanvarın 4-də yaydıqları rəsmi müraciətdə qeyd edilib ki, 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manata çata bilər. Çörək istehsalçıları isə əhaliyə müraciət edərək qiymət artımının 10-15 qəpik aralığında olacağını bildiriblər. Yəni, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik nəzərdə tutulur. 

Amma bazarda qiymətlər bu rəqəmlərdən xeyli fərqlidir, unun kisəsi 38-39, bəzi bölgələrdə 40 manatdır. Bəzi çərək növlərində qiymət fərqi isə 20-25 qəpik təşkil edir. 

Müraciətdən belə məlum olur ki, buğda idxalçılarına ötən ilin fevralından başlayaraq, dekabrın sonuna kimi subsidiya ödənilib. Bu il üçün isə subsidiya verilməsi nəzərdə tutulmayıb. 

Bununla belə, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2024-cü ilin yanvarın 1-dək uzadılıb. Eyni zamanda, buğda və un ixracının qarşısının alınması üçün 1 ton üçün 200 ABŞ dolları rüsum təyin edilib.

Rəsmi rəqəmlərdə hər şey normal görünür. Amma maraqlıdır, çörəyin qiymətindəki artım istehsalçıların maraqlarını təmin edirmi? Daim təzyiq altında olan sahibkarlar yeni şərtlərdə gəlir əldə edə bilirlərmi? 

Gəncə şəhərində çörək sexi sahibi olan Məmməd Səfərov bildirib ki, bahalaşmadan sonra mağazalara verdikləri çörəyin qiymətində 10-15 qəpik artım var. Amma o, problemin təkcə unun bahalaşması ilə bağlı olmadığını deyir:

“Unun kisəsində 10 manat artım var. Biz də çörəyi bir az baha satıb, yaranan fərqi bağlayırıq. Bəs il ərzində bahalaşan kommunal haqların bizə vurduğu zərəri kim kompensasiya edəcək? Qazın kubmetrini 25 qəpiyə, elektrikin 1 kVt saatını 13 qəpiyə, suyun tonunu 2 manata alırıq. Hələ başqa xərcləri demirəm… Hər ay təkcə kommunal bahalaşmaya görə xeyli artıq pul ödəyirəm. 5-6 işçimiz var. Əvvəl 350-400 manata işləyirdilərsə, indi artıq maaş istəyirlər. Haqlıdırlar, çünki bu maaşla ailə saxlamaq mümkün deyil. Bəs mən sahibkar bu şərtlər altında artıq pulu haradan qazanıb ödəyim? Dövlət əhalini fikirləşirsə, lap yaxşı. Amma sahibkarın acınacaqlı halını da düşünsə yaxşı olar”.   

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, hazırkı bahalaşma əhalinin gəlirlərinə təsir edəcək. Onun sözlərinə görə, hökumət inflyasiyanı iqtisadi alətlərlə nəzarəti altına ala bilməsə, maaş və təqaüd artımı inflyasiyanın qurbanına çevriləcək.

“Azərbaycanda keçən il real gəlirlər azalıb və ərzaq qiymətləri inflyasiya nəticəsində artıb. Əgər inflyasiya eyni sürətlə davam edəcəksə, onda builki maaş və təqaüd artımı gələn il gözlənilən inflyasiyanın qurbanına çevriləcək”.

Onun sözlərinə görə, problemin kökü ondadır ki, Azərbaycan bütün təbii imkanlar olmasına baxmayaraq, özünü ərzaq buğdası ilə tam təmin edə bilmir. İqtisadçının fikrincə, seleksiyadan, toxumçuluqdan tutmuş, suvarma və məhsuldarlığın aşağı olmasına qədər problemlər var:

“Təəssüf ki, bu problemlər illərdir həll edilmir və nəticədə xaricdən asılılığımız artır. Əhali artdıqca ərzaqlıq buğdaya da tələbat ildən-ilə yüksəlir. Həm də Azərbaycan adambaşına düşən çörək istehlakına görə dünyada ilk yerlərdən birini tutur. Son statistikaya görə, Azərbaycan vətəndaşı ildə təxminən 130 kiloqram çörək istehlak edir ki, bu da kifayət qədər böyük rəqəmdir”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün ölkədəki bahalaşmaya münasibət bildirərək qeyd edib ki, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır. Nazirin sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur.

İqtisadçı Toğrul Maşallı isə nazirin fikirlərinə tənqid edib: “Maraqlıdır, nazir nəsə deyəndə, elə-belə deyir, ya faktlara əsaslanır? Yəni, misal üçün, Azərbaycan ərzaqlıq buğda və ya kənd təsərrüfatı texnikasını heç vaxt istehsal etmədiyi halda, çörəyin 100%-lik lokalizasiyasına necə nail ola bilər? Ümumiyyətlə, belə planlar qurmaq da mənasızdır. Hər bir ölkə öz iqliminə və şəraitinə uyğun olaraq məhsullar istehsal edir”. 

İqtisadçı iddia edir ki, adi pomidorda belə 80% lokalizasiyaya nail olmaq demək olar ki, mümkün deyil: “Əslinə qalsa, Azərbaycan kimi ölkələrdə buna ehtiyac da yoxdur. Sadəcə sosial siyasəti və bazarda qiymətlər bir çox üsullarla tənzimləmək olar. Amma bizdə həm eyni zamanda dövlət büdcəsini ƏDV, gömrük rüsumları ilə doldurmaq istəyirlər, həm də paralel olaraq qiymət artımı ilə “mübarizə” aparırlar”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam