Üç təhlükəli xüsusiyyət -Dost seçərkən bu xüsusiyyətləri olanlara ehtiyatla yanaşın
Hər bir insan həyat adlı böyük bir simfoniyanın musiqiçiləridir, bizim hər birimizin öz musiqi aləti var. Hər bir insanın barmaq izləri kimi musiqi alətləri də müxtəlifdir, heç biri bir-birinə bənzəmir. Bir simfoniyanı hamının bəyənib başa düşdüyü kimi çalmaq üçün hər kəs öz aləti ilə öz partiyasını çalmalıdır. Bəzən insan öz alətində çalmaq istəmir, başqasının çaldığı musiqiyə və musiqi alətinə həsəd aparmağa başlayır. İnsanın həyatında yaranan problemlər bu zaman başlayır.
Yenixeber.org: Xəsislik, tamahkarlıq və yalançılıq. Bu üç xüsusiyyət bütün xalqlar tərəfindən pislənir. Hər üç xüsusiyyət əksər cinayətlərin motivi və ya faciələrin səbəbi olaraq görülür. Bu xüsusiyyətlərdən birinin normadan artıq olduğu biri ilə dost olsanız, üçünü də qəbul etmiş olacaqsınız. Qeyd edək ki, bu xüsusiyyətlər adətən “üçü birində“ formatında toplanır. Belələrinin verdiyi zərərin nəticələri isə çox acı olur.
Yalan və yalançılıq fenomeni psixologiya və psixolinqvistikada geniş tədqiq olunur. Yalanın çoxsaylı tərifi olsada, normal həyatda o qədər şəkildəyişmələrinə rast gəlinir ki, bilmirsən hansı tərifi əsas götürəsən. Yalan və yalançılıq fenomeninin kompleks tərifi mütləq aldatma hissini də özündə birləşdirməlidir. İnsanlar yalanı bilərək və bilməyərəkdən danışır. Bir başqasını dediyi yalanı təsdiq edib yaymaqla yalançı olmayan adam da bu yalanı dəstəkləmiş olur. Yalançılar da müxtəlif olur, uğurlu və uğursuz. Elələri var ki, yalan danışmaqda çox mahirdirlər, heç bir şübhə yeri qoymadan qarşısındakı adamı inandıra bilirlər, elələri də var ki, uğursuz yalançı olur.
Yalançılıq insan həyatında çox geniş yayılmış bir ünsiyyət fenomenidir. Yalanın məzmunu duyğu, hərəkət, əsaslandırma, nailiyyət və həqiqət ola bilər. Yalanın növləri də var: birbaşa yalanlar (aydın şəkildə həqiqətə uyğun olmayan), şişirtmə və mürəkkəb yalanlar (vacib detalların buraxılması və ya təhrif edilməsi). Yalanın referenti, məqsədli şəkildə başqalarına yönəlmiş və ya qəsdən kiminsə haqqında danışılan yalan. Amma, “ilanın ağına da lənət qarasına da” desək, vacib vəziyyətlərdə danışılan yalanları, bəzən kiminsə həyatını xilas edən yalanları inkar etmiş oluruq. Biz burda bu formanı müzakərə etməyəcəyik, adi, normal həyatda dostlar arasında işlənən “aldatma” formalı yalanları nəzərdə tuturuq. Belə yalanlar və yalançılıqlar yolverilməzdir, dost dediyin adamı aldatmaq, çətin vəziyyətlərdə qoyub qaçmaq yolverilməzdir.
Dostluq ən çox eyni yaşda və eyni cinsdən olan insanlar arasında yaranan dərin şəxsi münasibətlərə aiddir. Dostlar üçün əsas şey psixoloji birlik və bir-birinə davamlı ehtiyacdır. Dostlar çətin anlarda, xüsusən də şəxsi məsələlərini həll edərkən bir-birinə kömək edir, dəstək olurlar. Dostluq belə anlarda qiymətləndirilir, çünki dostların eyni səviyyəli psixoloji yaxınlığı və qarşılıqlı asılılığı var. İnandığın və güvəndiyin adam tərəfindən aldadılmaq insana mənəvi və fiziki zərər vurur. Bəzən bu zərər insanı ömürlük yaralayır və insanlara inamını itirir. Aldadılmış adam sonralar özünü elə proqramlaşdırır ki, hətta yaxşı adamlara belə inanmır. Ümumiyyətlə, patoloji yalançılıq artıq xəstəlik hesab olunur, belələri özünə diqqət cəlb etmək və başqalarına şəxsiyyətinə heyranlıq aşılamaq ehtiyacı duyduğu üçün bu yollardan istifadə edir. Bizim dövrümüzdə belə yalançılar “sosial” xəstəliklərin ayrılmaz bir atributu kimi qəbul olunur. Belə yalançıları artıq hamı tanıyır və ayırd edə bilir, buna baxmayaraq, yenə də yalan qurbanı olanlar hər sahədə vardır. Əvvəl-axır yalanları üzə çıxdığı üçün yalançı insan ətrafındakıların etibarını və hörmətini itirir. Düz danışsa belə, “yalançı” adını qazanmış adamın sözləri şübhə ilə qarşılanır. Yalançı insana heç bir şey əmanət edilmir, heç kim onlarla ticarət etmək istəmir. “Yalançının evi yansa” da, ona köməyə gələn olmur. Ətrafında yalançılardan başqa dostları olmur. Hər kəs onunla münasibətlərində tədbirli davranır. Hz. Mövlana nə gözəl söyləmişdir: “Ya olduğun kimi görün, ya göründüyün kimi ol”.
Xəsislik də insanlararası münasibtlərdə ciddi fəsadlar törədən mənfi xüsusiyyətdir. Xəsislər bütün nemətləri mənimsəyərək zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar. “Qabusnamə”də belə bir nəsihət var: “heç vaxt xəsis adamla ünsiyyət qurub ona inanma”. Mənim düşüncəmə görə də xəsis adamla dost olmağa dəyməz, çünki belə adamlar beş manata görə dostunu dar ayaqda qoyub qaçar. Belələri evini, çörəyini, nəhayət sevincini belə heç kəslə bölüşə bilməz. Belə xəsis insanlar nəinki pul xərcləməyə xəsislik edir, eləcə də öz bilik, bacarıqlarını da gizli saxlayırlar. Çox vaxt xəsislik insanları oğurluğa və digər pis dvaranışlara da gətirib çıxarır. Xəsis adamların yaxın dostları, ailə üzvləri ilə də pul üstündə münasibətləri pozulur. Əlbəttə, qənaətcil olmaq, xərcləmələrdə qənaət etmək normal və yaxşı haldır. Lakin ifrat dərəcədə qənaətcillik, özünə və ailəsinə normal yemək almamaq artıq xəsislikdir. Xəsis insan xəsis olduğunu anlamır, “o dar gün üçün pul saxlayır”. O, daim özünün qənaətcil olduğunu deyir, ətrafındakıları buna inandırmağa çalışır. Xəsislərin pulu çox olduqda belə xərcləmək istəmir, bu pulu bir az da artırmağa çalışır. Belələri ilə dost olmaq mümkün deyil, çünki xəsis dostunun yediyi tikələri sayacaq.
Mən tanışlarımdan birinə üzündəki qırışları götürmək üçün 50 dollara satılan bir kremdən istifadə etməyi məsləhət görəndə o qadın belə cavab verdi: ”nə danışırsan mən 50 dollara krem alıb üzümə çəkə bilmərəm, əlim gəlməz”. Onu da deyim ki, bu yaxşı maddi imkanı olan bir qadındır və ancaq ifrat xəsisdir. İmkanı olub özünə qıymayan bir adam xəsisdir və bu xəsislik insanın psixologiyasını pozur. Bu qadın qonşularda yas və ya toy olanda mütləq yasa və toya yazdırdığı pulu ev sahibinə xatırladır, toydan evinə yemək götürüb gətirməyə, yazdırdığı pulun əvəzini çıxmağa çalışır. İnanmayacaqsınız, amma o qadın telefonunu evdə yox, işdə zaryadkaya qoyur.
Xəsis adam ucuz bir şey görəndə onu alır, sonra görür ki, aldığı bu əşya heç bir şeyə yaramır, məcbur gedib lazım olan şeyi yenidən alır, buna görə deyirlər “xəsis iki dəfə xərcə düşər”. Xəsislik cəmiyyət tərəfindən mənfi şəkildə qəbul edilir, çünki xəsis adamdan heç kimə fayda gəlməz. Xəsis adam tərbiyəli və ləyaqətli insanlarla yaxınlıq eləmir, özü kimi mənfi adamlarla dost olur. Əlbəttə, müəyyən şərtlərdə xəsislik hətta faydalıdır. Məsələn, bir insanın xəsisliyi nəyisə itirmək qorxusundan qaynaqlanırsa, bu müsbət keyfiyyət olacaqdır, çünki bir insan mövcud əmlakını saxlamağa can atır və onu qorumaq üçün tətbiq edilməsi lazım olan hərəkətləri edir. Belə adam borcunu ödəmək üçün ciddi qənaət edir, ailəsinə borc ödənildikdən sonra yaxşı bir həyat vəd edir. Bu başqa məsələdir. Biz patoloji xəsisdən danışırıq.
Xəsislik nümunəsinə A.Puşkinin dillər əzbəri olan “Balıqçı və balıq nağılında” rast gəlirik. Əvvəlcə yaşlı qadın yalnız bir kareta istəyir. Onu alaraq və istədiyi hər şeyi əldə etmək şansından istifadə edərək, xəyala gətirilməyən bütün istəklərini tələb edir. Nəticədə, xəsislik üzündən yaşlı qadın əvvəldən yaşadığı həyata qayıdır.
“Dəryalar içində qəsrim qurulsun
Qızılbalıq gərək nökərim olsun!”
Sonunu bilirsiniz. Çox yemək adamı az yeməkdən də məhrum edir. Yaşamaq instinkti təbiətinə görə hər bir normal insana xasdır. Hər bir normal insan ehtiyaclarını ödəmək, arzularını həyata keçirmək üçün mümkün olan hər şeyi almağa çalışır. Bir qayda olaraq, xəsis insanlar əllərində olanlarla kifayətlənənlərdən daha varlı olmağa çalışırlar. Xəsis insanlar daha çox şeylər istəyirlər və heç vaxt “doymurlar”. Bir tərəfdən, yüksəkliklərə çatmaq üçün bu dünyada xəsislik (qənaətcillik) lazımdır, çünki orta hesabla qənaətcil insanlar orta həyat sürənlərdən daha çox şey əldə edirlər. Digər tərəfdən, çox qənaətcil olmağın da zərəri vardır, bu sonda xəsisliyə aparan yol olur. Tamahkar və xəsis adamlar pullarını kassalara yığıb gizlədirlər, bu kassalar pulların tabutudur, bu pullar heç vaxt öz sahibinə qismət olmur.
Tamahkarlıq əslində həyatdakı dəyişikliklərin, irəliləyişlərin səbəbidir. Bir insan tamahkarlıq hissinin fərqində olarsa və şüurlu davranarsa, demək olar ki, yaxşı hissdir. Ancaq tamah bir insanı idarə edirsə, o zaman ehtiyatsız davranır və hərəkətlərini proqnozlaşdırmaqda çətinlik çəkir. Tamahkarlıq insanı məhv edir və onu səhvlər etməyə məcbur edir. İnsan sadəcə bir xarici meyldən asılı olur, sonunu görmədən qaranlıq yolla hərəkət edir. Və bu çox vaxt mənfi və fəlakətli nəticələrə səbəb olur. Tamahkarlıq üzündən oğurluq və digər cinayətlər baş verir. Bütün ailə xəyanətləri də məhz tamahkarlıq hissindən qaynaqlanır. Tamahkar insanlar çox sərt olurlar və yalnız özlərini düşünürlər. Bu cür insanların heç vaxt əsl dostları olmayacaq, çünki həmişə ondan da fayda axtaracaqlar.
Əlbəttə ki, bir insanın bu xüsusiyyətlə doğulduğunu unutmuruq. Ancaq tamahkarlıq hər kəsdə fərqlidir, məsələn, insan bir şey istədikdə bununla özünü, yəni təbii instinktlərini sakitləşdirir. Hətta eyni yeməyi belə, dəfələrlə yemək mümkün deyil, insan mütləq istədiyi şeyləri dəyişməlidir. Əsas odur ki, insan istədiklərini əldə etməyin düzgün yollarını bilsin, çünki, tamah insanı yeyirsə, bu insan artıq xəstədir.
Hər bir insan öz iradəsinin öhdəsindən gələ bilər, amma, tamahkarlıq artıq xəstəliyə çevrilibsə, bu insan dəyişməz. Tamahkar və xəsis insan edilən yaxşılığa görə təşəkkür etməz, belə insan başqaları üçün qapalı olacaq... Həyat təcrübəmizə görə, qeyd edilən bu üç xüsusiyyətin olduğu adamlar acgöz və cansıxıcı, etibarsız olur və ölüncə dəyişmir.
Qızlara xüsusi bir müraciət etmək istəyirəm, əzizlərim, seçdiyiniz və ya rəğbət bəslədiyiniz şəxs bu xüsusiyyətlərə malikdirsə, toydan sonra dəyişəcəyi xəyalına qapılmayın. Son illərdə cəmiyyətdə artan duygusal xəsislik problemi ilə əlaqədar nə edə bilərik? Dəyişdirə bilərikmi? Bizim problemlərimizlə maraqlanmayan, dərdimizə qalmayan biri ilə bir ömür boyu yaşamaq nə qədər mümkün olacaq? Belələri öz övladlarına qarşı da dəyişmir. Öz övladlarımıza qarşı daha şəfqətli olmalıyıq, çünki, bizim onlara verdiyimiz sevgi gələcəkdə onların öz həyatlarını qura biləcəyi bünövrə daşlarıdır. Övladlarınızın istəklərinin yerinə yetirilməsinə sevinin. Sonra uşaqlarımız duyğusal olaraq səxavətli böyüyəcək və uşaqlarını eyni şəkildə böyüdəcəklər.
Amaliya Murad
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.