Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Təsadüflər təsadüfdürmü? və ya -“Allah hamının ünvanını bilir”.

İnsan təbiətinin özünəməxsusluğu ondadır ki, dünyanın tam mənzərəsini və hər bir detalını ayrı-ayrılıqda görə bilmir. Məhz bu xüsusiyyət sayəsində bəzi hadisələri və bir çox prosesləri təsadüflərlə səhv salırıq. Çətinliklər az və ya çox dərəcədə hər kəsin başına gəlir, amma hamımızı düşündürən bir sual var:bu hadisələr niyə baş verir? Əslində hər şeyin səbəbi var, hətta səbəblərin də səbəbi var. Bu dünyada heç bir hadisə mənasız və səbəbsiz baş vermir. Hər şeyin bir səbəb-nəticə əlaqəsi var. Bu yazıda səbəb və nəticə əlaqəsindən deyil, normal təsadüf saydığımız hadisədən danışacağıq. Bunu başa düşdükdən sonra həyatımızdakı bəzi səbəbləri aradan qaldıraraq, lazımsız problemlərdən qurtulmaq mümkün olur.

Yenixeber.org: Bu dünya müəyyən bir qanunauyğunluqla “düzəldilmişdir” və baş verən hər hadisəni tənzimləyən yüksək qanunlar vardır. Cahillik, anlaşılmazlıq, dünyanın qanunlarından imtina etmək, “burda mənəm, Bağdadda kor xəlifə” demək heç nəyi dəyişmir. Həyat, hikmətini öyrənməyə məcbur olduğumuz bir məktəb prinsipi əsasında qurulur və idarə olunur. Biz bunu qəbul etsək və ya etməsək həyatın bizim nə düşündüyümüzlə maraqlanmağa belə ehtiyacı yoxdur. Həyatın qanunlarını öyrənsək, bu qanuna tabe olsaq belə, lazım gəldikdə o bizimlə hesablaşmır.

 

Biz insanlar, o cümlədən bütün canlılar tərkib hissələrinin bir-biri ilə sıx əlaqəli və qarşılıqlı təsirə malik olduğu qapalı bir sistemdə yaşayırıq, bu səbəbdən heç bir şey təsadüfi deyil. Bunları biz demirik, bu dünyada çoxdan məlum olan bir qanundur. Əgər həyatımızda baş verən hadisələr öz-özlüyündən gəlib keçsəydi, bəlkə inanmaq olardı ki, təsadüflər mövcuddur. Amma, diqqət versək görərik ki, heç bir şey iz qoymadan keçmir. Buddizmin qızıl qaydası var, "özünüz üçün istəmədiyinizi başqasına etməyin" və ya ”özünüzə rəva görmədiyinizi başqasına rəva görməyin”. Bu səbəb və nəticə zəncirinin anlaşılmasını asanlaşdırır. Bu fikirlər bütün dinlərdə var. Həyatın dərin qanunları bu əlaqənin  üzərində qurulub.

İnsanın  ömür uzundur, nəticə dərhal özünü göstərmir. Bir əməlin “bumeranq” zərbəsinin uçub hədəf nöqtəsinə çatmasına və geri qayıtmasına  müəyyən vaxt lazımdır. İnsan şüuru səbəb əlaqəsini izləyə bilmədiyi üçün, (əksər hallarda) bu həyatda heç bir şeyin təsadüfən baş verə bilməyəcəyinə dair bir anlayış da yoxdur. Amma, hər şey bir-birinə bağlıdır və təbiidir. Başımıza gələn bəlaların ədalətsiz ilahi cəza deyil, kainatın qanunlarını pozmağımızın nəticəsi olduğunu başa düşmək lazımdır. Başqa sözlə, bu bəlaların əsas səbəbkarı biz özümüzük (düzdür, insan beyni bunu qəbul edə bilmir, məsələn, ağır xəstəliyə düçar olmaq, pulsuz və işsiz qalmaq bizim səbəb olduğumuz hadisə kimi qəbul edilə bilmir).  Bunu bir həqiqət kimi qəbul edərək, “başıma gələnlərə görə cavabdehəm”, mənəvi qanuna uyğun yaşasaq, səhvlərimizi düzəltmək və ən yüksək hədəfə çatmaq üçün imkan yaradırıq.

 

Bəli, bu bütün dünyada, bütün dinlərdə və fəlsəfədə belə ifadə olunur. Amma, bir az dərinə getsək, bir çox hadisələrin izahını tapmaq çox çətindir. Başımıza gələn hər hadisədə bir səbəb var deyərkən, bu səbəblərin səbəbini araşdıran bir fəlsəfə də var. Buddizmdə bu səbəbləri araşdırmaq üçün xüsusi metodlar var. Həyatın qanunlarını, fəlsəfəsini öyrənib imtahan verib sertifikat almaq çox çətin məsələdir, bu sertifikatı bəzən elə bir nadan alır ki, mat qalırsan. Sertifikat isə xoşbəxtlikdir.

İştirak etdiyim bir seminarda din xadiminə bir cavan oğlan sual verdi:mənim ata-anam məsciddə diz çöküb dua edərkən bizim evimiz yanıb, evdə bacım və qardaşım olub, onlar da yanıblar. Təkcə mən qalmışam, çünki, bu zaman dərsdə olmuşam. Bəs allaha dua edən, məsciddə namaz qılan adamın ailəsi niyə yanıb kül olur? Bu nə ədalətdir? Din xadimi sakit bir səslə cavab verdi:bu hadisələrin səbəbini biz bilmirik, bunu səbəblər səbəbi bilir, biz tabe olub dözürük. Bunu səbəbini araşdırmaq üçün bir ömür bəs etməz.

 

Bəlanın gəldiyi yollarda da vasitələr və vasitəçilər var. Birini öldürən və ya zülm edən insan bu bəlanın mənbəyi deyil, yalnız vasitəsidir. Həyat bu insanın vasitəsi ilə  işarələr edir, düşünməyinizi, həyata keçirməyinizi və düzgün nəticə çıxarmağımızı tələb edir. Əsas hadisə deyil, onun səbəbidir. Bizə zülm və pislik edən bu adam olmazdı, başqası olardı, amma vəziyyət eyni olacaqdı, vəziyyətin ssenarisi əsasdır, vasitəçi rolunu hər kəs oynaya bilər. Başımıza bir şey gəlsə, deməli bizə bir işarə verilir.

Kainatın insanları bir araya gətirmək kimi çox təəccüblü bir metodu da var. Bizdə bir rəvayət də var:əzrayıl suda qərq olub ölməli adamları bir gəmiyə yığır. Həyat bir səhnədir, deyərkən səhnənin arxasından bu oyunları idarə edən və istiqamət verən bir rejissor var.  Bir çoxu uyğun bir ev, iş və ya həyat yoldaşı tapmaq üçün uzun zaman axtarır. Lakin, bizim üçün mükəmməl əlaqələr yaradan da dünya səhnəsinin pərdə arxasında bizim xeyrimizə və ya ziyanımıza çalışır. Bizdə bir məsəl də var:sən saydığını say, gör fələk nələr sayır. Allahın planlarında şans heç bir rol oynamır (bununla belə, şansın rolunu da inkar etmək olmaz). Ürəyinizdəki istəkləri yerinə yetirməyə çalışdığınız zaman bilin ki, bütün niyyətləriniz kainata məlumdur. Azərbaycanda doğulub böyüyən biri Hindistanda doğulub böyüyən biri ilə rastlaşır, sevir və ailə qurur. Nə hikmətdir? Həyatımızdakı bu hadisələri kim və necə “təşkil edir?”.

 

Belə hadislələri görəndə doğrudan da inanmaq olur ki, “allah hamının ünvanını bilir” və lazım olanda elə bir yol açır ki, bu adamlar qarşılaşır. Bunlar bir çox elmi-psixoloji və dini kitablarda göstərilmişdir. Tanrı bizim hər birimizin ünvanını bilir və hər bir niyyətimiz, etdiyimiz pisliklər və yaxşılıqlar  İlahi matritsanın ensiklopediyasında qeyd olunur. İlahi matritsa hələ bizim eradan əvvəl məlum idi, bu barədə gələcək yazılarımızda qeyd edəcəyik. İlahi matritsada hətta ruhların yeri də dəqiq göstərilir.

Yolunuzda qarşılaşdığınız hər kəs yazılmış ssenaridəki bir personajdır. Bütün dini kitablarda insana öz taleyində müəyyən hadisələri idarə etmək üçün icazə verildiyi qeyd olunur. Biz həyat filmimizi yaxşılaşdırmaq üçün ssenarini daim təkmilləşdirməliyik, yəni, “filminizin rejissorluğuna siz cavabdehsiniz”.

 

Yəqin hamının Pifaqor teoremi yadındadır. Amma, Pifaqor təkcə riyaziyyatçı olmamışdır. Riyaziyyatçı və filosof olmaqla bərabər Pifaqor psixologiyanı dərin bilirdi. Onun astronomiya elminə marağı gələcəyi görməyə kömək etmişdir.  Onun ədədi nəzəriyyəsi monada (yunanca tək) adlanır, bu tək rəqəm çoxşaxəli ədədi kombinasiyaları əmələ gətirir. Monada ağacların toxumu ilə müqayisə olunur, sonra budaqlara ayrılır, yəni tək sonradan kainat kimi təsvir olunur. Məhz bu ideya kainatın holoqram quruluşu və insanların qarşılaşma mexanzimini təsdiq edir.

 

Riyaziyyatda ehtimal nəzəriyyəsi təsadüfi hadisələrin qanunauyğunluqlarını: təsadüfi hadisələr, təsadüfi dəyişənlər, dəyişənlərin xassələri və onlar üzərində əməliyyatları öyrənən bir sahədir. Öz növbəsində, riyazi statistika statistik məlumatların sistemləşdirilməsi və elmi-praktik nəticələrdən istifadə edilməsi üçün yaranmış bir elm sahəsidir. İnsan həyatının ehtimal və statistik metodların praktiki tətbiqi olmayan sahələrini tapmaq çətindir. Böyük sayda təsadüfi məlumatların hər hansı bir analizi üçün digər elmlərin də köməyinə ehtiyac vardır.

 

Bütün bu elmi məlumatları niyə sayırıq? Təsadüflərin də ehtimalını başa düşmək üçün. Dünyada elmi əsası olmayan bir hadisə yəqin ki, yoxdur, olsa belə, bu hadisəni izah edən elm sahəsi yaxşı inkişaf etməmişdir. Ümumiyyətlə, təsadüf deyilən bir şey varmı? Təsadüflərin bəxt və tale proseslərinin dəyişməsində rolu varmı? Ağ və ya qara bəxt mövcuddurmu, mövcuddursa bu bölgü nəyə əsaslanır? Əgər bu bölgü allahın hökmü ilə aparılırsa niyə varlı ailələrin övladları çətinlik çəkmədən, onlar üçün çəkilmiş xəritələr üzrə gedib xəzinənin üstünə çıxırlar, kasıbların övladları isə ancaq öz gücünə və bəxtinin gətirməsinə ümid edir? Mən bu sualları çox dəyərli Dədə Qorqudşünas alim olan rəhmətlik professor Əzizxan Tanrıverdi ilə çox müzakirə etmişdim. Hətta, bizim tarixi kitabımız olan Kitabi Dədə Qorqudda da təsdiq olunur ki,  həyatda təsadüfi bir şey yoxdur. Bu fikirləri yoxlamaq üçün hər kəsin Dədə Qorqud kitabını oxumağa imkanı var.

 

“Oğulluları ağ otağa, qızluyı qızıl otağa, oğlı-qızı olmıyanı qara otağa qondurun”. “Oğlı-qızı olmayana allah-təala qarğıyıbdır, biz dəxi qarğarız”. Məncə izahata ehtiyac yoxdur… Mən də ömür boyu düşünürəm, niyə quzu ceyran çaqqala yem olur… “Qardaşlu yigitlər qalqar-qopar olur”. Yəni, “qardaşı olan igid daha hünərlidir, daha cəsurdur, qardaşsızda isə bu keyfiyyətlər yoxdur” deyə öz əksini tapmışdır. (Bu cümlə rəhmətlik Ə.Tanrıverdinindir).

 “Oğul dəxi neyləsün, baba ölüb mal qalmasa”. Əsəri oxuyarkən istər-istəməz təbii insan qruplarının qarşılıqlı əla­­qə­lərini, davranış xüsusiyyətlərini, qohumluq prosesini, həyat tərzini, bioloji xüsusiyyətlərini araşdırmağa çalışırsan. İnsan həyatı haqqında elm kimi Kitabi Dədə Qorqud insanlığın filogeniyasını, təkamül prosesini və onun səbəblərini, təka­mülün biokimyasını, təkamül genetikasını açıb göstərir. Deməli, təsadüflərin səbəbləri də vardır, bu səbəblər insanların ətrafda yaşayan digər insanlarla birləşməsi; digər təriqətlərdən olan insanlarla  birləşmə nəticəsində yaranan qohumluq əlaqələrinin təyin edilməsi; birləşmədən sonra belə yaşayış ərazilərinin sərhədlərinin dəqiqləşdirilməsi; yaşam prosesində insanların dərəcələrə ayrılması ilə izah olunur.

 

Beləliklə, arzu olunan həyatı qazanmaq, eyni zamanda təsadüfləri öz xeyrinə dəyərləndirmək üçün iki əsas amil mövcuddur:1)fərdin  özündən asılı olan aktiv surətdə fürsətləri qaçırmamaq fəaliyyəti, 2)fərdin özündən asılı olmayan xarici amillər – təsadüflər və tale faktoru. İlahi matritsa və insanın həyatında təsadüflərin səbəbləri barədə kavant fizikasını bilmədən fikir söyləmək çətindir. Əslində, hamının bildiyi xalq dastanlarından və ya Kitabi Dədə Qorquddan götürülmüş deyimləri nəzərinizə çatdırmaqla bir növ “doğulduğun ev taleyindir” kəlamını təsdiq edirik. Bu da bir təsadüfdürmü? Bunu kvant fizikası izah edir. Biz sadəcə təsdiq və ya inkar edirik.

 

 

Təsadüflərə inanırsınız, yoxsa təsadüflərin təsadüf olmadığına ?

                                   Fikirlərinizi aşağıda yaza bilərsiniz.                                               

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 


 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam