Güclü Avropa zəif Rusiyadan niyə qorxur?
Brüssel Moskvaya sanksiya tətbiq edir, ABŞ və Çin qabağa düşür
Yenixeber.org: Niyə Avropa Birliyi (AB) Rusiyanın qarşısında bu qədər aciz görünür? Məntiqlə tam əksi olmalıdır. AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. 1957-ci ildən başlayaraq zaman-zaman 27 ölkə bir araya gəlib. Bu ölkələr həm müstəqilliklərini qoruyub saxlamaq, həm də belə nəhəng qurumun çətiri altında daldalanmaq istəyirlər. AB-in ən zəif yeri elə bu yanaşmadan qaynaqlanır. Yəni AB vahid dövlət deyil. Az qala bu birlikdə yer alan hər bir ölkənin fərqli, bəzən bir-birinə daban-dabana zidd olan maraqları var. AB 450 milyon, Rusiya isə 146 milyon əhaliyə sahibdir. Ümumi daxili məhsul üzrə ölkələrin reytinqinə diqqət etsək görərik ki, bu göstəriciyə görə dünyada 11-ci yerdə olan Rusiya nəyinki AB-nə, hətta AB-in ayrı-ayrı ölkələrinə uduzur. Məsələn, Almaniya, Fransa, (AB tərk etmiş Böyük Britaniya), İtaliya Rusiyanı arxada qoyur.
Təbii ki, AB bütün parametrlər baxımından, o cümlədən hərbi baxımdan Rusiyadan irəlidədir. Məsələn, dünya miqyasında hərbi xərclərinə görə dördüncü yerdə gələn Rusiya 2020-ci ildə hərbi sahəyə 61.7 milyard dollar ayırıb. Almaniya 52.8, Fransa 52.7, İtaliya isə 28.9 milyard dollarlıq büdcəyə sahib olub. Yəni, AB-nin yalnız bu üç ölkəsinin hərbi xərcləri 134.4 milyard dollardır. Bu isə Rusiyanın hərbi büdcəsindən 72.7 milyard dollar çoxdur. Ancaq Rusiyanın üstünlüyü ondadır ki, o, monolit ölkədir. AB haqqında isə bunu söyləmək olmaz. Diqqət edin: AB-də əsasən pul vahidi olaraq avrodan istifadə olunur. Ancaq 9 başqa valyuta da ortadadır. Bu amil də məhəlli maraqlardan irəli gəlir. Bu təşkilatı tərk edən Böyük Britaniya da həmişə öz pul vahidindən istifadə etdi. Yeri gəlmişkən, Böyük Britaniyanın bu birlikdən çıxması da AB-yə ciddi sarsıntı yaşatdı.
Rusiya isə federativ ölkə olsa da daha çox unitar xarakterli dövlət təsiri bağışlayır. Avropa Birliyi isə obrazlı şəkildə desək, dövlətlər yığnağıdır. Bu birlikdə hərənin ağzından bir avaz gəlir.
Moskva Dövlət İnstitutunun Xarici Əlaqələr şöbəsinin professoru Irina Busygina deyir ki, Rusiyanın ayrı-ayrı Avropa ölkəsi ilə münasibəti AB ilə münasibətindən çox-çox yaxşıdır. Professor daha çox Almaniya, Fransa və İtaliya kimi AB üzvü olan ölkələri nəzərdə tutur.
Təsadüfi deyil ki, Qərbin aparıcı analitikləri deyir ki, Almaniya heç bir halda Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. Hətta Vladimir Putin NATO-nun AB-də olan üzv ölkələrə qarşı hərbi müdaxiləyə əl atsa belə, Almaniyadan səs çıxmayacaq. Bu, həm də o deməkdir ki, ABŞ-ın dominant rol oynadığı NATO da o qədər etibarlı deyil. Qeyd edək ki, Rusiya 5 AB üzvü olan ölkə ilə sərhədə malikdir: Estoniya, Finlandiya, Latviya, Litva və Polşa.
Deyək ki, AB daxilində olan ziddiyyətlər dünənin söhbəti deyil. Məsələn, ABŞ-2003-cü ildə Səddam Hüseyni devirmək üçün İraqa hücum etdi. O vaxt Polşa və Böyük Britaniya bəyan etdi ki, onlar könüllü şəkildə ABŞ-ın keçirdiyi hərbi əməliyyata qoşulurlar. Fransa və Almaniya isə bildirdi ki, onlar Rusiya ilə birlikdə Birləşmiş Millətlər Təşkilatında ABŞ-ın İraqa hərbi müdaxiləsinə qarşı çıxacaqlar və bu müdaxiləyə “imkan verməyəcəklər”. Nəticədə AB üzvü olan Böyük Britaniya və Polşa ABŞ-ın, Fransa və Almaniya isə Rusiyanın yanında yer aldı.
“Eurointelligence” mərkəzinin rəhbəri olan almaniyalı jurnalist Wolfgang Münchau deyir ki, Qərb ilə Rusiya arasında hərbi münaqişə Polşa-Litva arasındakı 65 km.lik zolaqda (Suwalki Gap kimi tanınır) baş verə bilər. Rusiya ərazisindən kənarda qalmış Kalininqradla bağlı bu ərazi Rusiya üçün xüsusi önəm kəsb edir. Getdikcə daha çox Rusiyanın qazından və vaksinindən (korona) asılı vəziyyətə düşən Almaniya özünü kənara çəkir. Ekspert qeyd edir ki, Vladimir Putin Aleksandr Lukaşenkonun aradan götürülməsi ilə bağlı Qərbin planlar qurmasından danışır. Əslində isə belə bir şey yoxdur. Sadəcə, o, bu kimi saxta ittihamlarla Qərbə təzyiq göstərir.
Ekspert bildirir ki, Rusiya ilə Belarusun birləşməsi məsələsi də gündəmdədir.
Bu birləşmə baş tutsa, AB ilə Rusiyanın sərhədləri dəyişmiş olacaq. Məsələn, Baltikyanı ölkələr Avropadan kənarda qalacaq. Rusiya Baltikyanı ölkələri işğal etsə, Almaniya sükuta qərq olacaq.
Rusiyanın Baltikyanı ölkələrə müdaxilə etməsi üçün bəhanə çoxdan hazırdır: Bu ölkələrdə ruslara və rus dilinə ciddi məhdudiyyətlər tətbiq olunub.
Təbii ki, NATO-nun problemi təkcə Almaniya-Rusiya münasibətləri ilə bağlı deyil. Ortada Türkiyə-Fransa, Türkiyə-Yunanıstan, hətta Türkiyə-ABŞ qarşıdurması da var. Həm də Almaniyanın Rusiyaya qarşı müharibədən imtinası AB üzvü olan digər ölkələri də oxşar addım atmağa təhrik edə bilər. Göründüyü kimi, bu, o qədər də ürəkaçan mənzərə deyil.
Əslində NATO-nun da problemi ondadır ki, bu təşkilat bir dövlətə məxsus deyil. Qərarlar müxtəlif ölkələrlə müzakirələr əsasında verilir. Bu isə NATO-nun da işlək və effektiv hərbi güc mərkəzi olmasına əngəl yaradır.
Məhz bu kimi amillərdən çıxış edən Avropa Parlamentinin keçmiş ali məqamlı məsləhətçisi Sebastien Cochard rəsmi Brüsselə üzünü tutaraq deyir ki, AB zəifdir. Ona görə də Putin AB-nin hədələrinə məhəl qoymur. O da qeyd edilir ki, cənab Putin AB-yə heç bir əhəmiyyət vermir, əvəzində AB-nin ayrı-ayrı üzvləri ilə danışıqlar aparır.
Bu yaxınlarda AB-nin ən yüksək səlahiyyətli diplomatı Josep Borrell Moskvada oldu. Qərb mütəxəssisləri yazır ki, o, Moskvada alçaldıcı münasibətlə qarşılaşdı. Onunla görüşən Rusiyanın xarici işlər naziri Segey Lavrov “AB etibarsız tərəfdaşdır”,- dedi. Josep Borrell Moskvada olduğu bir vaxtda Moskva AB-nin 3 diplomatını ölkədən qovdu.
Cənab Cochard deyir ki, Rusiya AB-nin heç bir orqanını ciddi qəbul etmir: “AB zəifdir, çünki heç bir ölkəni təmsil etmir. Üstəlik, AB-ə məxsus orqanlar özlərini qurban kimi təqdim etməkdən çəkinmirlər”.
AB-nin Rusiyaya qarşı təqdim etdiyi sanksiyalara toxunan diplomat deyir ki, bu, intihar xarakterli bir addım idi. Bu addım hər iki tərəfin itkiləri ilə müşahidə olunur, mahiyyətdə ABŞ və Çinə xidmət edir.
AB-də olan bir sıra ölkələr, xüsusən kiçik ölkələr bu təşkilatın ali kürsüsündən Rusiyaya qarşı hücuma keçirlər və Rusiyanı həvəslə bu və ya digər cinayətlərdə ittiham edirlər. Bu amil də AB ilə Rusiya arasında uçurum yaradır.
Ekspertlər deyir ki, bu kimi səbəblərdən rəsmi Moskva Berlin və Parislə ciddi danışıqlar aparır, Brüsselə isə məhəl qoymur.
Polşa parlamentinin üzvü olan cənab Kowalski deyir ki, cənab Borrell AB-nin yox, yalnız Fransa və Almaniyanın maraqlarından çıxış edir.
AB ilə Rusiyanın əsas problemi isə hazırda Ukrayna və Aleksey Navalni məsələsi ilə bağlıdır. Ukrayna ilə bağlı məsələ köhnədir.
Hələ 2014-cü ildə Rusiya Krım yarımadasını ələ keçirdi, Donbasda hərbi əməliyyatlara başladı. Buna cavab olaraq AB Rusiyaya sanksiyalar tətbiq etdi. Ukrayna məsələsinə toxunan Qərb mətbuatı xatırladır ki, Vladimir Putin çıxışlarının birində deyib ki, ruslar dünyada öz vətənlərindən kənarda qalmış xalqlar sırasında öndə gəlir. Belə ki, 25 milyon rus Rusiyadan kənarda qalıb. SSRİ dağıldıqdan sonra onlar xəbər tutdular ki, xarici ölkədə yaşayırlar: “Siz düşünürsüz ki, 25 milyon rusun “xaricdə” yaşaması normaldır? Bu, sizin üçün normal ola bilər, mənim üçün yox”.
Rəsmi Moskva Avropaya təzyiqlərini gücləndirmək üçün təbliğat vasitələrinə ciddi maliyyə ayırır. Avropa dillərində təşviqat aparır. Media mərkəzləri fəaliyyətdədir. Bu kimi mərkəzlər AB-nin daxilindəki ziddiyyətlərin daha da alovlanmasına xidmət edir. Rusiya Avro-skeptik və populist siyasətçilərə maliyyə yardımı ayırır. 2014-cü ildə Avropada fəaliyyət göstərən ifrat sağçılar və solçular Rusiyanın təşkilatçılığı ilə AB-də bir araya gəldilər. Onlar anti-Avropa (Rusiyapərəst) cəbhəsi yaratmağa cəhd göstərdilər. O vaxt “Agence France-Presse” yazırdı: “Avropadakı ifrat sağçılar və solçular Vladimir Putinin himayəsi altına keçib. Putin onlardan anti-AB təbliğatı aparmaq üçün istifadə edir. Onlar Ukrayna məsələsində Rusiyanın marağından çıxış etməyə başladılar”.
Hətta Böyük Britaniyadan olan ifrat sağçı və solçular deyirdilər ki, AB Rusiyanı Ukraynaya qarşı belə bir addım atmağa təhrik edib.
O vaxt Rusiyanın Avropadakı hansı partiyaya nə qədər pul verməsi uzun müddət mediada müzakirə olundu. Məsələn, qatı sağyönümlü "Milli Cəbhə"nin lideri Marin Le Pen etiraf etdi ki, onun partiyasına Rusiyadan 9 milyon avro vəsait daxil olub. Media isə ortadakı rüşvətin 40 milyon avrodan çox olduğunu yazırdı. Eləcə də digərləri Rusiyadan sanballı səviyyədə pul-para almışdı. Təbii ki, belə şeylər də AB-ni Rusiya qarşısında aciz duruma salır.
Bu məsələ ilə bağlı “The Independent” yazırdı ki, bu yolla Rusiya AB-təsir imkanları əldə edir. 2009-cu ildən Avropa Parlamentinin üzvü olan almaniyalı Reinhard Bütikofer vurğulayırdı ki, Avropanın azadlıq ideyasına qənim kəsilən Putinin çətirinin altına keçən siyasətçilər Avropanın ən böyük düşmənidir. Keçmiş Rusiyalı dissident Boris Kagarlitsky də oxşar fikirdədir: “Əgər hər hansı xarici bir ölkə Rusiyada fəaliyyət göstərən partiyanın hesabına pul köçürsə, bu, qanundan kənar sayılacaq. Ən azı bu, böyük bir qalmaqala səbəb olacaq. Həmin partiya isə casus kimi tanınacaq”.
Ancaq Avropada pul qarşılığında belə xidmətlər əldə etməkdə elə bir problem yoxdur. AB üzvü olan siyasi partiyaların Rusiya tərəfindən satın alınması da bu nəhəng birliyi Rusiya qarşısında daha da zəiflədir. Təbii ki, ABŞ və Böyük Britaniya kimi ölkələrdə keçirilən seçkilərə çeşidli vasitələrlə müdaxilə edən Rusiya üçün AB-yə bu kimi əməliyyatlarla müdaxilə etmək o qədər də çətin deyil...
Elbəyi Həsənli, Sürix
https://www.express.co.uk/news/world/1431064/vladimir-putin-germany-wont-support-nato-against-russia-world-war-3-moscow-baltics-ont
https://www.express.co.uk/news/world/1432129/eu-news-russia-news-vladimir-putin-france-ukraine-navalny