Yenixeber.org: Mövzunu şərh edən politoloq Natiq Miri deyib ki, bu görüş çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin qarşısında iki əsas hədəf vardı:
“Bunlardan birincisi Dağlıq Qarabağ problemini müzakirə etmək və ən azından indiki mümkün geosiyasi şərtlər daxilində Qarabağ probleminin həllini irəliyə daşımaq; ikincisi isə, Azərbaycanın Türkiyədə inşa etdiyi neft zavoduna Rusiyadan ildə bir milyon tona qədər neft cəlb etmək üçün anlaşma əldə etmək. Azərbaycan Rusiya ilə ticarətin səviyyəsini daha da artırmaq istəyirdi”.
Politoloq qeyd edir ki, Dağlıq Qarabağ problemi bu görüşdə ciddi müzakirə olunub: “Azərbaycan prezidentindən sonra Ermənistan prezidentinin də sentyabrın 7-8-i Moskvaya dəvət olunduğu haqqında informasiyalar var. Bu kontekstdə Dağlıq Qarabağ problemi Ermənistanın baş naziri Paşinyanla da müzakirə olunacaq. Hər bir halda bu, Rusiyanın geosiyasi maraqlarına xidmət edən taktikadır. Rusiya Azərbaycana müəyyən müsbət yanaşmalar göstərməklə Ermənistan rəhbərliyinə təzyiq etmək, Ermənistanı öz orbitində saxlamaq istəyir”.
Ekspert Rusiya- Azərbaycan arasında bağlanan silah mübadiləsi ilə bağlı müqavilə haqqında da danışıb: “Rusiyanın dünya bazarına çıxardığı silahlar müasirdir və bu silahları almaqla Azərbaycanın arsenalı Ermənistanla müqayisədə daha güclü hala gəlir:
“Azərbaycan bütün zamanlarda Rusiya silahı alıb və bu proses davam edir. Çünki bu məsələ həm Azərbaycanın, həm də Rusiyanın maraqları çərçivəsindədir. Bu gün Rusiyanın enerji daşıyıcılarından başqa dünya bazarına çıxara biləcəyi ən strateji məhsul silahdır. Silah istehsalı üzrə dünyada ən güclü dövlətlərdən biri də Rusiyadır. Ona görə də Rusiya hər zaman daha çox silah satmağı hədəfləyir. Rusiya xüsusən də postsovet məkanında silah satmaqda maraqlıdır. Azərbaycan da müasir silahlar almaqda maraqlı olduğu üçün bu cür anlaşmaları doğru qəbul etmək lazımdır. Çünki Azərbaycanın 20 faiz torpağı bu gün işğal altındadır”.