Tacikistan və Qırğızıstan sərhədində atışma davam edir.
Yenixeber.org: Hər iki tərəfdən ölən və yaralananlar var. Məlumata görə, Tacikistan tərəfindən ölənlərin sayı 8 nəfərə çatıb ki, onların 2-si sərhədçidir, yaralananların sayı isə 31 nəfərdir.
Qırğızıstan tərəfindən isə aprelinin 30-u səhər saatlarına olan məlumat görə, 13 nəfər həlak olub, 134 nəfər isə yaralanıb.
Məlum olduğu kimi, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.
Xatırıladaq ki, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr bir-biri ilə hərbi münaqişəyə girməməlidirlər. Digər ölkənin üzvlərdən hər hansı birinə qarşı təhlükə yaratması isə ümumilikdə təşkilata qarşı addım kimi qiymətləndirilməlidir.
Göründüyü kimi, nizamnaməyə zidd olaraq KTMT-yə üzv olan ölkələrin özləri münaqişəli vəziyyətə gəlib çıxıb. Hələ ki, bununla bağlı hər hansı bir müdaxilə də yoxdur. Hərbi ittifaqın təşəbbüskarı olan və digər münaqişələrə müdaxilə etməyi özünə “borc bilən” Rusiya tərəfindən də ortaya ciddi mövqe qoyulmur. Bu da növbəti dəfə ittifaqın effektivliyinə şübhə yaradır.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında hazırda Mərkəzi Asiyanın Qərb dövlətlərinin diqqət mərkəzində olduğu bildirib:
“Son illərdə Tacikistana, Qırğızıstana, ABŞ-ın, o cümlədən də Türkiyənin marağı artıb. Bu da Rusiyanı narahat edir. Rusiyanın Tacikistanda və Qırğızıstanda hərbi bazaları var. Mərkəzi hakimiyyətlər isə Rusiya ilə deyil, ABŞ və Qərb ölkələri ilə əməkdaşlıqda maraqlıdırlar. Qırğızıstanla Tacikistan arasında isə su hövzələrinə nəzarət, həmçinin sərhəd problemi var”.
Politoloq hesab edir ki, iki dövlət arasında yaranan hərbi toqquşma birbaşa Rusiyadan idarə olunur:
“Çünki regionda hərbi vəziyyətin yaranması digər ölkələrin, xüsusilə də ABŞ-ın regiona gəlməsinin qarşısını alır. Ona görə də Rusiya bu münaqişəni qızışdırır. KTMT üzvü olan ölkələrin bir-biri ilə müharibə etməsi onu göstərir ki, təşkilat formal xarakter daşıyan bir qurumdur. Onun hər hansı bir nüfuzu yoxdur. Bundan sonra da KTMT hər hansı ölkənin bura üzvlüyü ilə bağlı cəlbediciliyini itirir. Xüsusilə də Rusiya Azərbaycana təşkilata üzvlüklə bağlı dəfələrlə müraciət edib, amma görünür ki, bundan sonra Azərbaycan və ya digər bir ölkə belə bir quruma üzv olmayacaq”.
Politoloq qeyd edir ki, son hadisələr ortaya qoydu ki, KTMT bir-birinə hər hansı bir dəstək verən ölkələrin birliyi deyil:
“Bu qurum Rusiyanın öz maraqları çərçivəsində yaranmış bir qurumdur, bunu hər hansı bir qurumla alternativ qoymaq cəhdləri baş tutumayacaq. Qırğızıstan və Tacikistan arasında olan hərbi toqquşma da bir daha göstərdi ki, Rusiyanın orbitində olan və yeni layihələrində yer alan ölkələrin bir-birinə qarşı müharibəsi və Rusiyanın bunu körükləməsi baş verir. Məlum oldu ki, Rusiya öz mütəfiqlərinə qarşı səmimi deyil, eləcə də regionda sülh və təhlükəsizliyin qorunmasında maraqlı deyil. Hesab edirəm ki, KTMT artıq fiaskoya uğradı, Rusiyanın beynəlxalq aləmə belə bir təşkilat adı ilə çıxması siyasi nüfuzuna zərbə vurmaq kimi qiymətləndirilir”. cebhe.info