Ermənistanın təxribat-diversiya planları: Təhlükəsizlik xidməti terrorun və revanşın qarşısını necə ala bildi...
Hadrut və Xocavənddə erməni terrorçuların təxribat cəhdlərinin qarşısı ordumuzun dəstəyi və DTX-nın xüsusi təyinatlı qüvvələrinin antiterror əməliyyatları sayəsində alınıb...
Dünyada bir çox güclü dövlət örnəkləri mövcuddur. ABŞ, Türkiyə, Böyük Britaniya, İsrail və s. kimi ölkələri tərəddüd etmədən bu örnəklərin sırasında göstərə bilərik.
Yenixeber.org: Bu ölkələr birdən-birə belə güclü olmayıblar. Onlar müəyyən inkişaf və dövlət quruculuğu prosesindən keçiblər. İqtisadiyyatlarını inkişaf etdiriblər, bunun sayəsində güclü ordu qurublar. Eyni zamanda, dövlətin milli təhlükəsizliyini təmin edən xüsusi xidmət servisləri yaradıblar. Və bu xüsusi xidmət servisləri öz dövlətlərini hər cür təhlükələrdən, təxribatlardan qorumaq qabiliyyətləri ilə bütün dünyaya səs salmağı bacarıblar.
Məsələn, SİA, FBR, MİT, Mi-6, Mossad fəaliyyətləri ilə bütün dünyada özləri barədə əfsanələrin dolaşmasına nail ola biliblər. Bu xüsusi xidmət servislərinə öz ölkələrində rəğbət bəslənir, güvənilir. Çünki, bu qurumlar öz ölkəsini hər cür təhlükə və təxribatlardan qorumaq qabiliyyətləri ilə dövlətin əsas təməl müdafiə və təhlükəsizlik mexanizmləri sırasında yer alırlar.
Təbii ki, bunları qətiyyən boşuna sadalayıb, örnək göstərmədik. Hər bir ölkə, xalq güclü dövlətə sahib olmaq və təhlükəsizlik şəraitində inkişaf etmək, rifaha yüksəlmək istəyir. Azərbaycan da qətiyyən istisna deyil.
Son illərdə Azərbaycanın iqtisadi yüksəlişi inkaredilməz reallıqdır. Güclü orduya sahib olduğu da son 30 ildə işğal altında qalmış ərazilərimizin cəmisi 44 gündə düşməndən təmizlənməsi ilə sübuta yetirilib. Və bu, Azərbaycan dövlətinin regional güc mərkəzinə çevrilməsinə yol açıb.
Heç şübhəsiz ki, bütün bunların mümkün olmasında, Azərbaycan dövlətinin güclənməsində, ölkənin təhlükəsizliyinin təmin edilməsində milli xüsusi xidmət servisimizin - Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) də rolu inkaredilməzdir. Yəni, bu gün Azərbaycan dövləti regional liderdirsə, 44 günlük savaşda qalib gəlibsə, müharibədən əvvəl, müharibə günlərində və sonrasında ölkənin təhlükəsizliyi təmin edilirsə, vətəndaşlarımız hər hansı təxribat ehtimalı barədə düşünmək məcburiyyətində qalmadan sabitlik şəraitində yaşaya bilirsə, bütün bunlarda DTX-nın da xidmətinin olduğunu etiraf etmək lazımdır.
Əlbəttə ki, DTX-nın fəaliyyəti barədə cəmiyyətdə elə də geniş informasiyalar mövcud deyil. Azərbaycan ordusu və s. önəmli faktorlar ilə yanaşı, güclü dövlət modelində önəmli təhlükəsizlik mexanizmlərimizin əsas təməl qurumlarından biri olan DTX-nın fəaliyyəti məxfi xarakter daşıdığından biz yalnız son nəticələrdən xəbər tuta bilirik.
Elə həmin son nəticələr ilə bağlı məlumatların sayəsində vətəndaşlar arasında DTX-nın ölkənin təhlükəsizliyi və hüquqi dövlət prinsiplərinin qorunması istiqamətində göstərdiyi fəaliyyət barədə müəyyən təsəvvürlər də olmamış deyil. Buna misal olaraq, savaşdan öncəki mərhələdə DTX əməkdaşlarının rüşvət və korrupsiyaya qurşanmış yüksək rütbəli məmurların kabinetlərinə daxil olub, onlara qarşı dövlət adından ittiham oxuyaraq, həbs etməsinə əhalinin reaksiyasını göstərmək olar. Həmin dövrdə hətta bəzi vətəndaşlar DTX əməkdaşlarının onların yaşadığı rayona gələcəyi günü səbrsizliklə gözlədiklərini sosial şəbəkələrdə açıq mətnlə yazırdılar.
Təbii ki, 44 günlük savaşdan öncə də, müharibənin davam etdiyi günlərdə də DTX-nın tarixi hərbi zəfərin qazanılması üçün intensiv və peşəkarcasına fəaliyyət göstərməsi barədə müəyyən məlumatlar mövcuddur. Həmin dövrdə ölkədə hər hansı təhlükə qaynağı ola biləcək hadisələrin törədilməsinin mümkün olmaması məhz Azərbaycan xüsusi xidmət sektorunun peşəkar fəaliyyətinin nəticəsidir.
Onu da nəzərə almaq lazımdır ki, müharibə şəraitində olan hər hansı ölkənin ərazisində təxribat-diversiya ssenarilərinin reallaşdırılması ilə bağlı dünya hərb tarixində çoxlu sayda örnəklər mövcuddur. Azərbaycan üçün də belə təhlükəli planların qurula biləcəyi qətiyyən istisna deyildi. Hətta Ermənistan xüsusi xidmət servislərinin Azərbaycan ərazisində, xüsusilə də, paytaxt Bakıda terror aktları planlaşdırdığı barədə operativ məlumatların əldə olunduğu da rəsmən elan edilmişdi.
Ancaq bu "qara niyyətli planlar"ın heç birisi reallaşmadı. Çünki bu barədə dəqiq, operativ məlumatlar əldə edə bilən xüsusi xidmətimiz bütün təxribat-diversiya və terror törətmək cəhdlərinin qarşısını almağı bacardı. Əhali arasında panik durum yarada biləcək heç bir hadisənin törədilməsinə imkan vermədi. Ölkənin daxili təhlükəsizliyini təmin edə bildi.
Maraqlıdır ki, DTX-nın müharibə dövründə savaş bölgəsində göstərdiyi fəaliyyət ilə bağlı məhdud da olsa, müəyyən məlumatlar mövcuddur. Belə ki, müharibə şəraitində olan ölkələrin orduları daxilində pozuculuq fəaliyyətinin göstərilməsi, adətən, düşmən dövlətin əsas hərbi-kəşfiyyat hədəfləri sırasında ön planda yer alır. Elə Birinci Qarabağ savaşı dövründə Azərbaycanın silahlı qüvvələri daxilində də belə örnəklərə rast gəlinməmiş deyil.
Ancaq bu dəfə analoji neqativ hadisələrə qətiyyən təsadüf olunmadı. Düzdür, bu istiqamətdə düşmən ölkənin müəyyən cəhdlərinin olması barədə məlumatlar mövcuddur. Eyni zamanda, o da məlumdur ki, DTX-nın intensiv və peşəkar fəaliyyəti sayəsində düşmənin bütün hərbi təxribat cəhdləri dərhal iflasa uğradılıb. Yəni, dövlətimizin təhlükəsizlik xidmətinin operativ fəaliyyəti 44 günlük savaş dövründə Azərbaycan ordusu daxilində hər hansı neqativ hadisənin törədilməsinə imkan verməyib. O cümlədən, düşmənin Azərbaycan ordusunun arxasına sızaraq, savaş bölgəsi ətrafında fəaliyyət göstərməsinə də hər hansı şans tanınmayıb. Bu, Azərbaycanın xüsusi xidmət servisinin - DTX-nın qazanılmış tarixi qələbədəki əvəzolunmaz professional xidmətidir.
Bir sözlə, düşmənin xüsusi xidmət servisləri Azərbaycan ərazisində fəaliyyət göstərə bilmədi. Azərbaycan xüsusi xidməti onların bütün təxribat-diversiya cəhdləri qarşısında keçilməz sədd yaratdı. Savaş bölgəsində və onun ətrafında aşılmaz təhlükəsizlik zolağı formalaşdırdı.
Bütün bunlara paralel olaraq, xüsusi xidmətin düşmənə birbaşa vurduğu ağır zərbələr də inkaredilməz reallıqdır. Bu isə Azərbaycan xüsusi xidmət orqanlarının Ermənistan xüsusi xidmət servisləri üzərində parlaq qələbəsidir.
Xatırlayırsınızsa, noyabr ayının əvvəlində erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri Gevorq Sujyan öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda istirahət etdiyi barədə video çəkmişdi. Həmin videoda o, tezliklə Bakıya çatıb, Xəzərin sularında üzəcəyini bildirirdi və Azərbaycana qarşı təhqiramiz ifadələr işlədirdi. Və bu videonu sosial şəbəkələrdə də paylaşmışdı.
Müharibənin ən gərgin, cəbhədə öldürülmüş erməni hərbçilərin cəsədlərinin ətrafda tökülüb, qaldığı bir vaxtında belə bir videonun hazırlanması, təbii ki, Ermənistan xüsusi xidmət strukturlarının Azərbaycana qarşı çirkin informasiya müharibəsi, erməni gənclərini psixoloji cəhətdən toparlamaq cəhdindən başqa bir şey deyildi.
Bir neçə gün keçməmiş Gevorq Sujyanın yoxa çıxdığını müəyyən edən erməni ictimai təşkilatları həyəcan siqnalı verməyə başladılar. Daha sonra isə onun taleyi ilə bağlı əl-ayağa düşən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hadisə ilə bilavasitə məşğul olduğu barədə məlumat yayıldı. Ancaq Gevorqu tapa bilmədilər, "Telegram" kanallarında Azərbaycan tərəfinə əsir düşdüyü barədə narahatlıqlarını ifadə etdilər.
Ardıncasa, Gevorq Sujyanın "Facebook" səhifəsində məhz Azərbaycanın təhqir edildiyi videonun silindiyini aşkar etdilər. Yəqin ki, Gevorq o videonu silmək məcburiyyətində qalmaqla yanaşı, Bakıda istintaq araşdırmalarında İstisuda nə axtardığı, kimlərin sifarişini yerinə yetirdiyi barədə də bir çox şeylərdən danışıb.
Bəli, DTX savaş dövründə öz fəaliyyəti ilə düşmənə göz açdırmayıb. Savaş zamanı Ermənistan ordusunun komandir heyətinə daxil olan bir çox yüksək rütbəli zabitləri, ermənilərə liderlik edən bəzi hərbi cinayətkar şəxslər xüsusi peşəkarlıqla neytrallaşdırılmışdı. Bəzi məlumatlara görə, onların yerinin tam dəqiqliyi ilə müəyyən edilməsində xüsusi xidmətimizin xüsusi rolu olub. Azərbaycan ordusunun "Bayraktar"larına isə yeri, koordinatları, bəzi hallarda isə hərəkət etdiyi maşınları dəqiqləşdirilmiş həmin cinayətkar şəxslərin məhv edilməsi elə bir ciddi çətinlik törətməyib.
DTX-nın işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti indi də davam edir. Buna misal olaraq, bir müddət öncə Hadrutda və Xocavənddə erməni terrorçuların təxribat törətmək cəhdlərinin qarşısının alınmasını göstərmək olar. Verilən məlumatlara görə, DTX-nın xüsusi təyinatlı qüvvələri və Milli Ordumuz tərəfindən reallaşdırılmış anti-terror əməliyyatları sayəsində erməni terrorçuların hamısının tərksilah edilməsi mümkün olub.
Məhz bu proses Ermənistanı yenidən qarışdırıb. Uduzduqları müharibənin revanşı yerinə planlaşdırdıqları gülünc ''partizan hərəkatı'' Ermənistan hərbi elitasının, xüsusi xidmətinin və Dağlıq Qarabağdakı oyuncaq xuntanın öz başında çatladı. Azərbaycan silahlı qüvvələri və xüsusi xidmət orqanları elə bir əks plan hazırladılar ki, onu möhtəşəm Şuşa əməliyyatından sonra ən önəmli əməliyyatlardan biri saymaq olar. Heç bir itki vermədən Ermənistanın revanşını darmadağın etmək! Bu, böyük nəticədir!
Sosial mediada yayılan bəzi kadrlara baxdıq, "partizan'' adı ilə meşəyə doldurduqları erməni silahlıları soyuqdan göyərmiş halda, sosial mediada yayılan çoxsaylı videolarda ''Qarabağ Azirbidjan'', deyirlər və yalvarıcı nəzərlərlə kameraların obyektivlərini yalayırlar. Bu səhnəni quran, incə şəkildə sosial mediada tirajlayan qurumlara xüsusi təşəkkür düşür...
Onların sayəsində Ermənistan silahlı qüvvələrinin ikinci dəfə rəzil olmaları prosesini izləməkdəyik. Artıq Paşinyan da, Araik Arutyunyan da istefaları barədə danışırlar, buna hazırlaşırlar. Dünya ermənizmi də, Ermənistan da param-parça, bölünmüş və iflic durumdadır. Müharibəni uduzdular, revanş isə sadəcə, alınmadı...
Onu da qeyd edək ki, bütün bunlar Azərbaycanın milli təhlükəsizliyinin etibarlı şəkildə təmin edildiyini göstərir. Fəaliyyət dairəsini işğaldan azad edilən torpaqlara qədər genişlənləndirən xüsusi xidmət orqanlarımız etibarlı bir mühit yaratmaqla, Azərbaycan xalqının özünə inamının bərpa edilməsinə misilsiz töhfə verir.
Əlbəttə ki, DTX-nın qazandığı uğurlarda bu önəmli qurumun rəhbərliyində peşəkarların təmsil olunmasının xüsusi rolu var. Heç şübhəsiz ki, Azərbaycan üçün belə məsuliyyətli və tarixi mərhələdə DTX-ya Qarabağ qazisi olan Əli Nağıyevin rəhbərlik etməsi önəmli şansdır. Çünki məhz onun peşəkar idarəçiliyi sahəsində DTX müasir və güclü Azərbaycan dövlətinin əsas təhlükəsizlik mexanizmlərindən birinə çevrilib.
Dövlətin təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən də, Şuşaya, Kəlbəcərə xidməti ezamiyyəsi çərçivəsində Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov ilə əldə edilmiş əməkdaşlıq mühiti regionda sülhün və əmin-amanlığın təmin edilməsi prosesinə öz töhfəsini verə bilər.
Son olaraq, onu da qeyd edək ki, Azərbaycanın bu tarixi hərbi zəfəri qətiyyən asanlıqla qazanılmayıb. Azərbaycan cəmiyyətinin bu qələbədə iştirakı olan hər kəsə və hər quruma bir təşəkkür borcu var...
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert