Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycan-Ermənistan əməkdaşlığı və avrointeqrasiya

 

 Rusiyanın aqressiv siyasətinə qarşı duruş gətirmək, bölgədə davamlı sülh və sabitliyi təmin etmək üçün başqa yol qalmır

Yenixeber.org: Rusiya postsovet məkanına nəzarətini gücləndirmək üçün ardıcıl addımlar atır. Moskvadan çoxdan uzaqlaşaraq Qərbə inteqrasiya etmiş Baltikyanı respublikalara təzyiq cəhdlərindən tutmuş, bəzi Şərqi Avropa ölkələrində destabilizasiya yaratmağa qədər, geniş coğrafiyada hər daşın altından rus kəşfiyyatı çıxır. Bu günlərdə Bolqarıstan hökuməti sayca 6-cı rus diplomatını – hərbi attaşeni ölkədən qovub. Bolqarıstan xüsusi prokurorluğunun məlumatına görə, rusiyalı diplomat 2017-ci ildən bəri dövlət sirri sayılan informasiyaların toplanması ilə məşğul olub. Belə informasiyalardan biri də ABŞ-Bolqarıstan birgə hərbi təlimlərində iştirak edən Amerika əsgərlərinin sayı ilə bağlı idi. Xəbərdə deyilir ki, diplomat bu informasiyanı Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QRU) ötürüb.

Moldovada isə hakimiyyətdən getmək ərəfəsində olan rusiyapərəst İqor Dodon gedərayaq parlamentdə rus dilinə millətlərarası ünsiyyət dili statusu verən qanun qəbul etdirərək imzalayıb. Halbuki 2017-ci ildə Konstitusiya Məhkəməsi bu normanı köhnəlmiş olduğuna görə ləğv etmişdi. Bundan başqa, Moldovada Rusiya telekanallarının yayınına yenidən icazə verilir. Bu telekanalların yayını da iki il əvvəl qadağan olunmuşdu.

Bu arada Moskvada Rusiyanın müttəfiqi, Avrasiya İqtisadi İttifaqının 2-ci böyük üzvü Qazaxıstana qarşı da ərazi iddiaları yenidən səslənməyə başlayıb.

Azərbaycanla Ermənistan arasında 6 həftəlik müharibənin gedişində və dərhal sonra Rusiyanın Cənubi Qafqazda fəaliyyəti bu siyasətin davamıdır: məqsəd Qərbə yönəlməyə çalışan Paşinyan iqtidarını zəiflədərək hakimiyyətdən uzaqlaşdırmaq, müstəqil xarici siyasət yürüdən, Qərblə güclü iqtisadi əlaqələr qurmuş, Türkiyə ilə müttəfiqliyi dərinləşdirən Azərbaycan üzərində təsirini gücləndirməkdir. Bu niyyət gerçəkləşərsə, Kreml regionun Rusiyadan qopmuş ölkəsi – Gürcüstana qarşı yeni təzyiq rıçaqları əldə edə bilər.

Müharibədən ağır məğlubiyyətlə çıxan Ermənistanda gedən proseslərə diqqət yetirsək, hər şeyin Moskvanın istəyinə uyğun irəlilədiyini sezmək mümkündür. Bu ölkədə Rusiyaya bağlı siyasi qüvvələrin hamısı birləşərək Paşinyanın istefasını tələb edir. Davamlı olaraq küçə yürüşləri, mitinqlər keçirilir, iqtidar komandasından mümkün qədər daha çox qopmaların olmasına çalışılır. Habelə, Dağlıq Qarabağda Azərbaycan silahlı qüvvələrinə uğursuz hücumlar təşkil edilərək onun rüsvayçı məsuliyyəti (hərbçilərin kütləvi əsir düşmələri və s.) hökumətin üzərinə qoyulur. Xatırladaq ki, Paşinyan təxribatlarda iştirak edən qrupları “könüllü birliklər” adlandıraraq onların Ermənistan Müdafiə Nazirliyinə aidiyyəti olmadığını bildirib. Ümumiyyətlə, Dağlıq Qarabağda gedən proseslər getdikcə daha çox İrəvandakı hökumətin nəzarətindən çıxaraq Moskvanın tam nəzarətinə keçir. Paşinyanın son bəyanatları da Rusiyaya bağlı separatçılarla ziddiyyətlərin ortaya çıxdığını göstərir. O, dünənki çıxışında bildirdi ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çəkilməyə məcburdur. Yəni, Paşinyan üçün bu səhifəni qapadıb, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək, Qərbə inteqrasiya xətti yürütmək başlıca prioritetdir.

Paşinyanın əsas rəqiblərindən olan Ermənistan kəşfiyyatının sabiq rəhbəri Artur Vanetsyan onu ittiham edərək bu fikirləri səsləndirib:

“Paşinyan Bakı ilə demarkasiya, diplomatik münasibətlərin bərpası haqqında razılaşma imzalamağa hazırlaşır. O, Azərbaycandan Türkiyəyə gedən, Sünikdən keçəcək qaz kəmərinin tikilməsi və nəhayət, Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətindədir”.

Paşinyan bu fikirləri Təhlükəsizilik Şurasının iclasında səsləndirib. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev də regionda altıtərəfli   – Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan əməkdaşlıq formatının yaradılması ideyasını irəli sürüb. Türkiyə bu ideyanı dəstəkləyib, Gürcüstan Rusiya ilə gərgin münasibətlərdən dolayı buna sıcaq baxmayıb. Amma görünür, Ermənistan rəhbərliyi də münaqişəni arxada buraxıb, təklif olunan əməkdaşlığı ölkə üçün yeganə çıxış yolu sayır. Bu mənada prezident İlham Əliyevin MDB dövlət başçıları sammitindəkı çıxışı maraq doğurdu. Prezident 44 günlük müharibənin nəticələrindən danışarkən daha çox Ermənistanın keçmiş liderləri – Koçaryan-Sarkisyan cütlüyünə yükləndi: “Ermənistan ordusunu Paşinyan yox, onlar qurmuşdu, biz onları darmadağın etdik”.

Beləliklə, Azərbaycanın “Dağlıq Qarabağ münaqişəsi arxada qaldı, regionda böyük əməkdaşlıq başlamalıdır” mövqeyi ilə Paşinyan hakimiyyətinin siyasəti arasında üst-üstə düşən məqamlar var. Hər iki ölkənin xarici işlər nazirlərinin Brüsselə səfərləri, orada apardıqları danışıqlar və verdikləri bəyanatlar da oxşar idi. Avropa Birliyi liderləri cəhd etsələr də, nazirlər bir masa arxasında oturmayıblar, amma ayrı-ayrılıqda ölkələrinin bu qurumla dərin əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirblər. Avropa İttifaqı da münaqişənin tam həlli və inteqrasiya məsələsində Azərbaycana və Ermənistana kömək etməyə hazır olduğunu bəyan edib.

Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının iclasında çıxış edən Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell bildirib ki, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və əsas azadlıqlarına əsaslanan ambisiyalı yeni hərtərəfli saziş bağlamaq istəyir. “Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişafına və əməkdaşlığımızın daha da genişləndirilməsinə kömək edəcək. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrləri ilə sıx işləyərək Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin  formalaşmasında və dəstəklənməsində rol oynamağa hazırdır. Bunu dəstəkləmək üçün sülhyaratma və yenidənqurma vasitələrimizdən istifadə etməyə hazırıq”, – deyə Borrell söyləyib.

İclasda iştirak edən Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi vurğulayıb ki, Aİ Azərbaycanın enerji, ticarət, sərmayə və əlaqələnmə sahələrində əsas tərəfdaşıdır:

“Bu il Cənub Qaz Dəhlizinin tamamlanmasında əldə olunan mühüm irəliləyişə əsaslanaraq, onun Qərbi Balkanlara qədər uzadılması imkanlarını araşdırmaq istəyirik. COVID-19 pandemiyası kontekstində, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirilməsinə və gücləndirilməsinə dəstək verərək ölkənin sosial-iqtisadi bərpası ilə bağlı Azərbaycanla işimizi davam etdirəcəyik. Humanitar yardım üçün 10 milyon avro ayırmağa və münaqişənin daha əhatəli həlli üçün və daha uzunmüddətli sosial-iqtisadi inkişafa nail olmaq üçün sizinlə çalışmağa hazırıq”.

Xatırladaq ki, Ermənistan hələ Serj Sarkisyan dövründə Aİ ilə Tərəfdaşlıq Sazişini paraflayıb və münasibətlər Bakı-Brüssel münasibətlərindən irəlidədir.

Rusiyanın postosvet məkanında apardığı aqressiv siyasətə qarşı duruş gətirməkdə, müstəqil xarici siyasətin və iqtisadi münasibətlərin qorunmasında Avropa İttifaqının uzatdığı əli sıxmaq mühüm rol oynaya bilər. Necə ki, Ermənistan bu məsələdə daha çevik siyasət yürütməyə cəhd edir, Bakı da daha böyük imkanları ilə regionda Avropa İttifaqının əsas tərəfdaşına çevrilmək üçün ardıcıl səylər göstərməlidir. Əlbəttə, Rusiyanın bu inteqrasiya meyllərini buxovlamaq cəhdləri olacaq. Kremlin siyasəti Cənubi Qafqazı parçalanmış halda saxlamaq və onu Moskvaya möhkəm iplərlə bağlamaqdır. Düşmənçiliklərin qalması bu baxımdan Moskvaya sərfəlidir. Bu tələyə düşmək olmaz. Xüsusən erməni toplumu soyuq başla düşünüb, öz gələcəyi ilə bağlı qərar verməlidir. Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü birmənalı tanımaq və bu ölkələrlə hərtərəfli əməkdaşlığa başlamaq Ermənistan üçün yeganə çıxış yoludur. Paşinyanı devirib, yenidən radikal millətçiləri və Rusiyaya bağlı adamları hakimiyyətə qaytarmaq Ermənistan üçün ən pis variant olar.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam