Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Minsk Qrupu nə istəyir?-ŞƏRH

Uğursuz vasitəçilər qrupun reabilitasiyasına çalışır, Azərbaycan isə artıq onların missiyasına ehtiyac görmür

Yenixeber.org: Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev regiona səfərə gələn ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib. Görüşdə Fransa təmsilçisi Stefan Viskonti, ABŞ təmsilçisi Endrü Şofer iştirak etsə də, rusiyalı həmsədr Andrey Popovu bu ölkənin Azərbaycandakı səfiri Mixail Boçarnikov əvəz edib.

Həmsədrlərin bu səfəri bölgədə fərqli reallıqların və yeni geosiyasi vəziyyətin yarandığı dövrə təsadüf edir. 44 günlük müharibə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illər ərzində mövcud olan status-kvonu kökündən dəyişib. Azərbaycan işğalda olan 7 rayonu, üstəlik, Şuşa şəhərini, Hadrut qəsəbəsini və Xocavəndin bir hissəsini azad edib. Ermənistan ordusu darmadağın edilib, Rusiya bölgəyə sülhməramlı qüvvələr yerləşdirib. Bir sözlə, Minsk Qrupunun tərəflərə təklif etdiyi sülh variantının böyük bir hissəsi güc vasitəsilə həllini tapıb. Beləliklə, Azərbaycanın mövqeyi situasiyaya uyğun olaraq dəyişib, Bakı Dağlıq Qarabağla əlaqəli qalan problemləri fərqli formatda həll etməyə qərar verib. Bunu prezident İlham Əliyev Minsk Qrupu həmsədrlərinə açıq mətnlə söyləyib.

Dövlət başçısı vəziyyəti ətraflı təhlil etdikdən sonra üzünü vasitəçilərə tutaraq deyib ki, onları Bakıya səfərə dəvət etməyib, əgər deyəcəkləri sözləri varsa, buyursunlar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan İlham Əliyev hazırda regionda tamamilə yeni vəziyyət mövcud oluğunu vurğulayıb:

“Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm”.

Prezident daha sonra bildirib ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb:

“Halbuki bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməyib. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll edib. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”.

Prezidentin dediklərindən o qənaətə gəlmək mümkündür ki, Azərbaycan prosesin bundan sonrakı hissəsində Minsk Qrupunu görmək istəmir. Çünki ortada vasitəçilərin 28 illik nəticəsiz fəaliyyəti var. Bununla bərabər, işğalçı Ermənistanın aşkar-gizli şəkildə dəstəklənməsi, Azərbaycanın məğlubiyyətlə barışdırılması və münaqişənin birtərəfli qaydada İrəvanın maraqları çərçivəsində həll edilməsinə cəhdlər göstərilib. 44 günlük müharibə dövründə həmsədrlərdən Rusiya Ermənistana hərbi, Fransa siyasi dəstək verib, ABŞ-ın mövqeyi fərqlənsə də, o da beynəlxalq hüquqdan və ədalətdən yana olmayıb. İndi hansı təminat var ki, vasitəçilər qaldıqları yerdən davam etməyəcəklər. Burada Fransanın xarici işlər naziri Jan-İv Le Drianın dekabrın 8-də İrəvanda erməni həmkarı Ayvazyanla keçirdiyi mətbuat konfransında dediklərini yada salmaq yerinə düşər: “Dialoqu bərpa etmək zəruridir, çünki atəşin dayandırılması sülh yox, müharibənin sonudur. İndi bizə münaqişənin, o cümlədən Dağlıq Qarabağın gələcək statusuna, onun inzibati hüdudlarına və idarəçiliyinə aid məsələlərin stabil tənzimlənməsi lazımdır”.

Nazirin fikirləri problemin tam həllinə Fransanın baxışını əhatə edir. Bakı tamamilə haqlı olaraq heç bir vəchlə bu mövqedə olan vasitəçinin yenidən prosesə müdaxiləsinə imkan vermək istəməyəcək.

Azərbaycan Minsk Qrupunun permanent təzyiqlərindən yaxa qurtarıb, Türkiyə ilə fəaliyyətini koordinasiya etməklə mövqelərini güclü saxlamağa çalışır. Rusiya regionda daha da güclənib, indi o, Ermənistanın strateji müttəfiqi rolunu qismən arxa plana keçirib və arbitr qismində ön plana çıxıb. Onunla hesablaşmaq və təzyiqlərini Türkiyənin dəstəyi ilə neytrallaşdırmaq daha əlverişli görünür. Ona görə də Moskvanın Dağlıq Qarabağdakı fəaliyyəti Bakını o qədər də narahat etmir. Prezidentin çıxışından da bunu sezmək mümkündür:

“Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətlərinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün ehtimal ki, vəziyyət başqa cür olardı. Lakin biz planlaşdırdığımıza nail olduq. İşğal olunmuş bütün yeddi rayonumuzu, qədim Azərbaycan şəhəri Şuşanı, Hadrut qəsəbəsini, Xocavəndin bir hissəsini, Suqovuşanı və digərlərini qaytardıq. Əslində planlaşdırdığımıza nail olduq. Biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin, Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”.

Bəs, Fransa, ABŞ bundan sonra prosesdə necə iştirak etmək istəyirlər? Prezidentlə görüşdə onların nümayəndələri bu suala müəyyən qədər aydınlıq gətiriblər:

Fransalı həmsədr Stefan Viskonti:

“Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na gecən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk Qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaq. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər”.

Amerikalı həmsədr Endrü Şofer:

“Hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz?”

Rusiya səfiri Mixail Boçarnikov:

“Bildiyimiz kimi, Rusiya əldə edilmiş üçtərəfli razılaşmanın iştirakçısıdır, həmin Bəyanatın müddəalarının icrasına xüsusi önəm verir. Fikrimcə, bu sənədin tam icrası üçün hələ də görüləcək işlər var. Onlar məcburi köçkünlərin öz yerlərinə qayıtmasına, bölgənin dinc yolla yenidən qurulmasına aiddir. Minsk Qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz bu gün də qrupda iştirak edirik. Hesab edirəm ki, qrupun birgə mövqeyi bu yaxınlarda həmsədr ölkələrin 3 dekabr tarixli bəyanatında ifadə olunub. Bu sənəddə ümumi münasibət bildirilir və biz istənilən sahədə, eləcə də, cənab prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma işlərinin icrasında bacara biləcəyimiz yardımdan çox məmnun olardıq”.

Səfirlərin dediklərindən məlum olur ki, Minsk Qrupunun prosesdə bundan sonra iştirakı ilə bağlı Fransa, ABŞ və Rusiyanın mövqeyi biri-birindən fərqlənir. Paris təmsilçisi bu iştirakın daha çox Bakının mövqeyindən asılı olduğunu deyir, ABŞ isə bir qədər israrlı mövqe nümayiş etdirir. Bu, çox güman ki, Rusiyanın regionda möhkəmlənməsindən doğan narahatlıqdan irəli gəlir. E. Şofer ölkəsinin seyrçi qalmaq və regionu tamamilə Moskvanın ixtiyarına buraxmaq niyyətində olmadığına işarə edib.

Rusiya səfiri isə Dağlıq Qarabağda Moskvanın faktiki fəaliyyətinin legitimləşməsini, beynəlxalq mandat altında davam etdirmək niyyətini ifadə edib. Rusiya hazırki gedişatdan məmnundur, Minsk Qrupunun gələcək fəaliyyətini isə reallıqların qəbul edilməsində və onun digər həmsədrlər tərəfindən dəstəklənməsində görür.

Bəs, Azərbaycan nə edə bilər?

Prezident İlham Əliyevin görüşdəki çıxışından o nəticəyə gəlmək olur ki, Bakı hazırda Rusiya-Türkiyə formatında əməkdaşlığın davam etdirilməsini istəyir və bu mənada Moskva ilə mövqelər bir-birinə yaxındır. Amma gələcəkdə Kremlin ehtimal olunan müxtəlif təzyiqlərindən sığortalanmaq üçün Türkiyə ilə yanaşı, ABŞ-ı, yaxud BMT-ni hansısa formada sülhməramlı missiyaya nəzarətə cəlb etmək faydalı olar.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam