Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“QANLI İLLƏR” VƏ “DAŞ YUXULAR”

 

BİR DƏ ARSRUNİNİN VƏSİYYƏTİ 

Xeberinfo.com:  Hələ XVII əsrin sonundan - 1699-cu ildən etibarən Qərbi Azərbaycan Azərbaycan torpaqlarında erməni vilayətinin yaradılmasıyla bağlı səslənən fikirlər və bu məqsədin gerçəkləşməsi üçün edilən səfərlər bu gün də tarixi fakt olaraq ortalıqdadır.. Nə yazıq ki, bu kateqoriyadan olan müdhiş faktların paralelliyində Azərbaycan türkünün elə indinin özündə də olduğu kimi hər zaman “qara durna taleyi” yaşadığının şahidi oluruq...

Yumurtadan çıxan kimi bir-birinin başına döyəcləyərək öz yaşamlarını təmin etməyə çalışan bu durnalar gücünü soydaşının, qardaşının başında göstərməklə sonradan təklənəcəyinin fərqinə belə varmır....

Biz də bir millət olaraq hər zaman bir-birimizə beləcə qənim kəsildik, özümüzü başqa adlar altında çağırmaqdan zövq aldıq və bir çox hallarda şəxsi maraqlarımız milli, dövləti maraqlarımızı üstələdi. Dünyanın 6 minə yaxın xalqı içərisində heç bir kəsin qarşılaşmadığı naqisliklərlə üz-üzə qaldıq – bir əsrdə 4 dəfə kimliyimiz (türk, tatar, azərbaycanlı, türk), 4 dəfə əlifbamız (latın, ərəb, kiril,latın) dəyişildi. Hətta bir çox hallarda özümüz də siyasi burulğanlar içərisində itib batmanın ssenarist qruplarına yardımçı olmaqdan zövq aldıq və indi də zövq alanlarımız var. DƏRDLƏRİMİZə güzgü tutası aydınlarımızın tam əksəriyyətinin korafəhmliyi və qarın qulu olması ucbatından dövlətçiliyimiz və millətçiliyimiz rusun, farsın istəyincə unutdurulmağa başlandı. Unutduqlarımızdan erməniyə yuva yapıldı, tarixi torpaqlarımız rusun, farsın işğalına keçməklə erməniyə, ərəbə, gürcüyə peşkəş edildi. “Turan-İran müharibələri”ylə bağlı Firdövsi sicilləmələrindən tutmuş Xomeyninin islam inqilabındakı aldadıcı yalvarışlarına, özünü “rus” adlandıran nasixlərinin saçma yalanlarına, həyatları boyu daha çox axçilərin döşək diplomatiyasından yararlanan ermənilərin əxlaqsızlıqlarına qədər – bütün məqamlarda kimliyimiz topa tutuldu. Ancaq nə yaxşı ünlü şairimiz, Türk Dünyasının Fikir Adamlarından olan SABİR RÜSTƏMXANLI demişkən, “...torpağım ikiyə bölünən zaman; bu dil bölünməyən torpağım odu”. 

Fəqət, dilimiz də topa tutulmaqdadır. İndiki nəsil bizə ən azından 10 min il yaşı olan “nənə” kəlməsini unutdurub, əvəzində milli olmayan söyüşləri kompaktlaşdırıb cəmiyyətə sırımaqla yoxluğumuza susayan düşmənlərin təbirincə özlərini “demokratik düşüncə” donunda təqdim etməyə çalışırlar. Silkələnən dünyada hələ də yatmaqdayıq. Ətrafımızda hürüşənlər ulduz müharibələrinin konsepsiyalarını hazırlamaqdaykən, bizim aydınlarımız da cinlə insanın intim münasibətlərindən, oruc tutarkən şəhvani hisləri coşdura biləcək gözlərin əxlaqsızlığından moizələr oxuyurlar. Düşmənlərimiz hərbçisiylə, mollasıyla, şairiylə, yazıçısıyla birgə mübarizənin formatı üzərində baş sındırmaqdaykən, bizim hərbçiləri(m)iz korrupsiya və hərbi bacarığın unutdurulması bataqlığında SƏFƏRƏBİYEVLƏŞİRdi, NƏCMƏDDİNSADIQOVLAŞIRdı. Mollaları(m)ız dinc dövrdə öldürülən əsgərlərimizə görə fatihə oxumaqla pul qazanır, bu da başda olmaqla bizlərə ALLAHA ŞÜKÜR ETMƏnin sirlərini öyrədirlər. Yazıçıları(m)ız “Daş yuxular”inda ERMƏNİLƏŞİR, özünü “real güc” sayan YURD siyasətçiləri(m)iz “Xocalı soyqırımı olmayıb” deyən qurumsaq Qrossların İYLƏNƏN DONLARI ALTINA SIĞINIR, erməni tərəfindən qovulan iqtidar yetkili(m)iz “erməni xalqı bizim düşmənimiz deyil” deyə mənəvi deqradasiyanı çəkinmədən təqdim edir, bir qisim MÜXALİF ƏTLƏRi(m)iz özlərinin hərzə-mərzə söyləntilərini hansısa Milli Şuranın qənaəti kimi ekstaz vəziyyətində olanlar qarşısında hərraca çıxarır, beynəlxalq tədbirlərdə mübarizəni zalı tərk etməkdə görən gəncliyi(m)iz meydan sulamaq üçün qarşı tərəfə daha geniş imkanlar verir, SALLANMIŞ QOLLARın müşayiətiylə komponentləri bəlli olmayan ŞIDIRĞI RƏQS edir, loxma həsrətli yazarlarımız maraqlar naminə beynəlxalq tədbirlərdə yambız oynatmaqla XƏDİCƏYEVALAŞIR və...və istər-istəməz belə olan halda da cəmiyyətimiz əməlli-başlı ÇAŞIR. ÇAŞAN , daha doğrusu ÇAŞDIRILAN CƏMİYYƏTin para hesabına ortaya qoyulan yanlış informasiyaları çox olanda onların istənilən səmtə yönləndirilməsi də su içimi kimi bir şey olur. Rusun, farsın, Qərb dünyasının bütün resursları bu məqsədlə hərəkətə gətirilib...  

Yazıqlar olsun ki, dövlət və siyasi hakimiyyətlər anlayışlarını bilərəkdən, ya da ki, bilməyərəkdən bir-birindən ayıra bilməyənlərimiz yanlış yolda yürüməkdən bir həzz alırlar. Siyasi hakimiyyəti əldə etmək üçün tərəflərin bir-birini hədəfə çevirmələri potensialların nümayişi ilə deyil, daha çox qərəz motivləriylə zənginləşdirilib. Belə olan halda istər-istəməz Azərbaycanı özünə yem sanan xarici qüvvələr erməni kartını işə salmaqla dövlətçiliyimizin üzünü də çıxılmaz labirintə yönəltməyə çalışırlar. Nə qədər qəribə səslənsə belə bizim düşmənlərimizdən öyrənəcəyimiz hələ çox şeylər var. Bizlər 2 milyon 400 kv. km-lik bir ərazini itirə-itirə gəlib 65 minə dirənmişik, ancaq ermənilər Qafqazlara heç bir aidiyyatları olmadıqları halda artıq özlərinə bizim torpaqları işğal etməklə 30 min kv. km-lik qondarma bir dövlət qurublar. Halbuki, heç uzağa getməyək, ötən əsrin əvvllərində dünyü birliyi “Ermənistan” deyilən hüquqi subyekti elə bizdən qoparılan 9 min kv. km-lik ərazi ilə tanımışdı. İndi heç soran da yoxdur - bu torpaq bəyəm balalayır ki, Ermənistan da günü-gündən genişlənməkdədir!?...

Baş verənlərə tarixi ekskurs edəndə də bir daha yuxarıda deyilənlərin şahidi oluruq. Və həm də şahidi oluruq ki, qondarma “erməni soyqırımı”yla bağlı ermənilər son yüz ildə dünyanın müxtəlif dillərində 100 minə yaxın tarixi, bədii kitablar yazıb paylaşdıqları halda, bizlər hələ də ancaq özümüzə xeyir gətirə biləcək nüanslara üstünlük verir, ara-sıra yazılan yazıları belə gözdən, könüldən uzaq saxlayırıq. Ermənilər, ruslar, farslar haqqında yazılan tükürpədici faktları gizlətməyə çalışır, yetişən nəslin tərbiyə olunmasında düşmənə nifrət hissini formalaşdırmaq haqqında kənara tullayırıq. Yalançı qəhrəmanları cəmiyyətə sırımaqla gerçək həqiqətlər gizlədilir. Ötən əsrin əvvəllərində rus və erməni birləşmələrinin bütöv Azərbaycanda qəddarcasına həyata keçirdikləri soyqırımdan bəhs edən Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərindən, Üzeyir Hacıbəylinin publisistikasındakı seçmələrdən müraciət etdiyim gəncliyin tam əksəriyyəti xəbərsizdir. Günahın böyüyüsə ad-san uğrunda yaxa cıran aydınlarımızdadır, çünki ötən zaman kəsiyində təbliğat bu istiqamətdə aparılmayıb. 

SÖZARASI: Şəxsi kitabxanamda “Qabusnamə” əsərinin bir neçə nəşri var, hamısı da ilk nəşrdən fərqlənir. Ötən əsrin 60-cı illərində buraxılan ilk nəşrdə erməniləri xarakterizə edən hissənin sonrakı nəşrlərdən çıxarılmasını mən öz övladıma necə başa salım, bax bunu bilmirəm. Dərslikləri vərəqləyəndə adamın inanmağı gəlmir ki, bunu bizimkilər yazıb. Tarix kitablarında “Böyük Ermənistan”ın xəritəsi apaydın bir şəkildə təbliğ edilməkdədir. “Vətənpərvər nəsil” beləmi yetişdirilir!?..

Ancaq bizlərdən tam fərqli olaraq ruslar, ermənilər, farslar planlı və məqsədli bir şəkildə öz mübarizələrini qurublar. Əvvəlcə kökündən yanlış olan ideyaların oturuşması üçün içəridə maarifləndirmə, xaricdənsə dəstək almaq üçün bütün mümkün vasitələrdən yararlanıblar. Ermənilər bu işdə daha qabarıq planda görünməkdədirlər. Daha doğrusu, ruslar və farslar öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün erməni faktorunu qabartmaqla Azərbaycanı bütün məhrumiyyətlərlə üz-üzə qoyublar...

Fransa başda olmaqla bir sıra Avropa ölkələrindən dəstək almaq üçün katalikos İsrail Orinin külli miqdarda zinət əşyalarıyla etdiyi səfərlərin sonucu olaraq Qafqazlarda yeni bir kart ortaya çıxarıldı. Bu kart ilə daha çox Pusiya imperiyası və İran adlanan dövlət oynadı, indi də oynamaqdadırlar. Səfəvi, Osmanlı, Əfşarlar Qacarlar xanədanında düzgün taktikanın seçilməməsi sonradan Azərbaycanın Rusiya, Ermənistan, İran üçbucağında təklənməsinə gətirib çıxardı. Əslində bu mənfur üçbucaq elə o zamandan qurulub. Belə ki, hörmətli alimlərimizdən olan Yaqub Mahmudovun, Dilavər Əzimlinin,  Anar İsgəndərovun, Kərəm Məmmədlinin də qeyd etdikləri tarixdən bəllidir ki, Ori özünün Fransa səfərindən dərhal sonra I Pyotra müraciət edir və ondan təminat alır. Bunun ardınca 1707-ci ildə irana səfər edən Ori farsların da dəstəyini alır. Və beləliklə, Azərbaycan türklərinin DEPORTASİYASIna, SOYQIRIMIna gedən yolun “təməl”i qoyulur. 

Sonradan 1721-ci ildə Pyotrun indiki rus hakimiyyətinin gizlətməyə çalışdığı məşhur “Vəsiyyətnamə”si, eləcə də I Yekaterinanın 1726-cı ildə erməniləri himayəyə götürmək haqqında qərarı Azərbaycan türklərinin soyqırımını törədəcək ermənilərin kompakt halda yerləşdirilməsinə, monolit gücə çevrilmələrinə real zəmin hazırladı. İran və Türkiyə ərazisindən İrəvan xanlığına başlanan köç, 1828-1831-ci illərin diplomatiyasıyla bağlı bir çox nüanslar Qriboyedovun da əsərlərində öz əksini tapıb. 1856-cı il Kırım müharibəsindən sonra ermənilərin İrəvan xanlığına köçləri kütləvi hal aldı. Bunu görən erməni İosif Emin Qafqazda erməni dövlətinin yaradılması təklifiylə 1760-cı ildə Yelizavetaya müraciət edir. Belə müraciətlərin intensiv hal alması hər zaman istər ruslar, istər farslar, istərsə də qərb ölkələri tərəfindən müsbət dəyərləndirilib.

1769-cu ildə Movses Səfərov, 1780-ci ildəsə Rusiya ermənisi Hovsep Aruqutyan və Hovanes Lazaryan Türkiyə və İran sərhədləri arasında erməni dövlətinin yaradılmasıyla bağlı rus çarlarıyla danışıqlar aparır. Yekaterinanın qəfil ölümü bu işi ləngitsə də, hakimiyyətə gələn I Pavel 1797-ci ilin 1 oktyabrında 20 mindən artıq İran ermənisini İrəvanda yerləşdirərək onları öz təbəəliyinə qəbul edir. Bununla da, BİRİNCİ MƏRHƏLƏ – TƏMİNATLI MONOLİT GÜCÜN FORMALAŞMASI başa çatır......

 

MART SOYQIRIMINA GƏLƏN YOL

 

NÖVBƏTİ ESKİZ

....Rusların və farsların səyilə Qafqazda monolit gücə çevriləndən sonra ermənilər öz strateyi fəaliyyətlərində İKİNCİ MƏRHƏLƏ olan TÜRKLƏRİN DEPORTASİYASI üçün zəmin hazırlayan taktikanın üstündə işləməyə başladılar. Bu məqsədlə yenə də tutalğac kimi rus və fars şovinizminin məkrli niyyətləri ortaq mexanizm olaraq işə salındı. Proseslərin gedişatında RUSİYA İMPERİYASI sonradan həm türk dövlətləri arasında, həm də ermənilərlə türklər arasında ixtilaf yaratmaq və daim bölgəni nəzarət altında saxlamaq məqsədi güdürdüsə, FARSLAR da qədim yurd yerlərimizi türksüzləşdirməklə iddialarını əsaslandırmaq üçün Firdövsisayağı növbəti sicilləmə hazırlayırdılar. ERMƏNİLƏR də öz növbəsində yala möhtac varlıqlar tək davranmaqda idilər...

Düşmən tərəfin apardığı məqsədyönlü siyasət nəhayət 1801-ci ildən etibarən əməli müstəviyə çıxarılır və İLK DEPORTASİYA gerçəkləşdirilir. İşğal altında qalan indiki Qərbi Azərbaycanın Basarkeçər (ermənilər rayonun adını dəyişərək “Vardenis” kimi qələmə verirlər) rayonunun Loru Pənbək adlanan qəsəbəsindən 6 min nəfər soydaşımız Azərbaycanın içərilərinə köçürülür. 1804-cü ildə gerçəkləşdirilən bu olayda əsas təzyiq vasitəsi kimi Rusiya imperiyasının çarı I ALEKSANDRIN GÖSTƏRİŞLƏRİ aparıcı yer tutur. 

Qoca tarix təsdiqləyir ki, daim ikibaşlı siyasət yürüdən ruslar paralel olaraq Osmanlı ərazisindəki ermənilərlə sıcaq münasibətdə bulunaraq bu rıçaqdan da I PYOTRUN “VƏSİYYƏT”ini gerçəkləşdirmək üçün təzyiq vasitəsi kimi istifadə edəcəklərini nəzərdə tuturdular. I Pyotrun 1721-ci ildə imzaladığı həmin bədnam “Vəsiyyətnamə”də deyilirdi: “Ruslar o zaman güclü təbəə ola bilər ki, onların qurduqları dövlətin paytaxtı Avropa və Asiya xəzinələrinin açarı olan İstanbul olsun. Bu məqsədi həyata keçirmək üşün həmişə Türkiyə və İran arasında fitnə-fəsad törətmək lazımdır. Həmin işdə sünni və şiə məsələləri arasındakı fikirləri inkişaf etdirib ixtilafa çevirmək, eyni zamanda İranın din xadimlərini ələ almaq, islam əqidəsini Asiyadan uzaqlaşdırmaq lazımdır”... 

TARİXİN açıq qalaraq ARAŞDIRILMASINI GÖZLƏYƏN SƏHİFƏLƏRİNDƏN BİRİ də budur: məhz rusların səyi nəticəsində islamçılar İranda şiəliyi ixtilaf doğuracaq həddə qədər qaldırmağa cəhd ediblər və indi də edilməkdədir...

XIX əsrin əvvəllərindən başlayaraq bu və ya digər formada bir-birinin ardınca Azərbaycan xanlıqlarının Pusiya imperiyası tərəfindən işğalı onların vassal asılılıqlarını da gücləndirdi. Belə olan halda dünən xahiş, minnət diliylə danışan Rusiya işğaldan sonra birbaşa diktə variantıyla məsələləri istədiyi formatda çözməyə başladı. Düşüncələrin işğalından başlanan yol varlığımızın yox edilməsinə doğru səmt götürdü. 1813-cü il 12 oktyabr tarixli 11 maddəlik GÜLÜSTAN və 1828-ci il 10 fevral tarixli  16 maddəlik TÜRKMƏNÇAY MÜQAVİLƏSİndən sonra çar Rusiyasıyla şah reyimi olan İran Azərbaycanı ikiyə parçalayaraq həm də erməni faktorundan gen-boluna yararlanmağa başladılar. Hər iki tərəf (Rusiya və İran) “köçürmə siyasəti”ndən gen-boluna istifadə etməklə türklərin assimilyasiyalarını, toponimikalarda olan türkizmlərin farslaşdırılmasını, ruslaşdırılmasını və erməniləşdirilməsini böyük bir cəhdlə həyata keçiriblər. Türkmənçay müqaviləsi zamanında Rusiyanın İrandakı səfiri olmuş QRİBOYEDOVun da gərgin fəaliyyəti nəticəsində 1828-ci ilin mart ayında Azərbaycan türklərinə bayram hədiyyəsi olaraq İrəvan və Naxçıvan xanlıqları arasında yeni inzibati ərazi vahidi – erməni vilayəti yaradılır. Xanlıqların ləğvindən sonra rus imperiyası özünün Pyotrdan qalma mənfur siyasətini davam edərək “köçürmə siyasəti”ndən daha çox yararlanmağa başladı. Belə ki, 1828-29-cu illərdə Qarabağa indi İran adlanan Güney Azərbaycandan 150 mindən artıq erməni köçürülür.1831-ci ildə gəlmələr hesabına Azərbaycanda sayları 161.7 minə çatan ermənilər XX əsrin əvvəllərində, daha doğrusu, 1914-cü ildə Qafqazlarda 1 milyon 14 mini haqlayırlar. Baş verən hadisələrlə paralel olaraq bu illər ərzində (1831-1914) qədim oğuz türklərinin yurdu olan Qərbi Azərbaycandan 1.5 milyon Azərbaycan türkü ölkəmizin içərilərinə deportasiya olunur...

Tarixi faktlar arasında aparılan araşdırmalar də göstərir ki, rus-fars işbirliyindən ərsəyə gələn koalisiya ermənilərdən bir vasitə kimi istifadə etdikləri halda, türklər bu bədniyyət varlıqlara hər zaman sayğıyla yanaşmış, onlara da tabeliklərində olan digər xalqlar kimi bütün imtiyazlardan ən yüksək səviyyədə yaralanmağa imkan yaratmışlar. Və bu hal həm Osmanlı ərazisində, həm də Azərbaycanda məskunlaşan ermənilərə şamil oluna bilər. Əvəzindəsə həm Osmanlı, həm də Azərbaycan türkləri zaman-zaman rusların və farsların təhrikiylə erməni xəyanətilə qarşılaşıblar, onları dünya çapına adam kimi təqdim edənlərə qarşı elə erməni kimi də davranıblar.  Hətta erməni tarixçisi VARTANYANın özü belə vurğulayır: “Avropa XIX yüzilliyin ortalarına qədər erməniləri tanımırdı. Onlar dünyaya səpələnmiş halda ticarətlə məşğul olurdular. Ümumilikdə dünya tərəfindən tanınmalarına görə bütün ermənilər həyatları boyu türklərə borcludurlar.”

Tarix boyu aparıcı dövlətlər ermənilərdən “peşka” olaraq istifadə ediblər. Ancaq ermənilər də real vəziyyəti bir şans olaraq qiymətləndirməklə bundan maksimum səiyyədə yararlanmağa çalışıblar. Hələ rus çarizminin Avropada yandarm rolunu oynamasına şərait yaradan Kırım müharibəsi ərəfəsində ermənilər Türkiyənin qərbində Naxçıvan da daxil olmaqla erməni dövləti yaratmaq istəyirdilər. Baxmayaraq ki, Osmanlı imperiyası o dövrdə özünün payız fəslini yaşayırdı, ancaq türk əsgəri bütün bunlara rəğmən yenə də bu çirkin niyyətin gerçəkləşməsinə qarşı sədd çəkə bildi.

Osmanlının erməni fitnəsi qarşısında duruş gətirməsi müəyyən mənada onların Azərbaycan planlarını da zaman etibarilə arxa plana keçirə bildi. Ancaq buna baxmayaraq muxtariyyət həvəsində olan ermənilər vaxtaşırı Londona, Parisə, “İran” adlanan Güney Azərbaycana, Amerikaya səfərlər edərək öz ağalarından göstərişlər alırdılar. Bax elə o vaxtdan ta bu günədək bir sıra Avropa dövlətləri və Amerika terroristlər üçün əgər belə dümək mümkünsə, “açıq qapı” günü keçirir. Qərb dünyası, Amerika, Rusiya və İran, eləcə də onların əl quşları olan erməni birləşmələri üçün maraqların təmin olunması məsələsində insan faktorunun zərrə qədər olsa belə əhəmiyyəti yoxdur. Bunu ötən zaman kəsiyində heç keçmiş tarix qalsın bir yana, XX əsrin soyqırımları, son olayları və XXI əsrin terror aktları, həmçinin dünyaya ağalıq uğrunda aparılan qanlı savaşlar da təsdiqləməkdədir. Terror dalğasıyla dünyanı üz-üzə qoymaq sadalanan qüvvələrə haradansa transfer olunmayıb, həmin dövlətlərin özləri bu dalğaların sayəsində və köməkliyilə üzə çıxıblar. Başda Rusiya olmaqla erməni və kürd terror təşkilatlarını bəsləyən bu qüvvələr Qafqazlarda və Yaxın Şərqdə öz oyunlarını qurmaq üçün terror eskizinin komponentlərindən istifadə etməklə həm də Azərbaycan türklərinin deportasiyaları üçün bölgədə vahimə effekti, qanlı çanaq yarada bildilər... 

1878-ci il Qars müharibəsində fərqlənən türklərdən dönmə erməni polkovniki LORUS-MƏLİKOV göstərdiyi xidmətlər müqabilində çarizmdən Üçkilsə (ermənilər bunu Eçmiədzin adlandırıblar) ANİ XƏRABƏLƏRİNİ tələb etdi. Əslində bu haqsız tələbə müəlliflik edən və öz millətinə o tələbi irəli sürməyi tövsiyyə edən XIX əsr erməni yazıçısı ARSRUNİ idi – SOL ƏLİ ƏKRƏM ƏYLİSLİNİN TƏPƏSİNƏ. O DA ƏKRƏM KİMİ YAZIÇI OLUB.

Sonradan Arsruni Türkiyə ərazisində ermənilərin qol-qanad aça biməyəcəklərini görüb onların təcili olaraq Qafqaza cəmləşmələrini məsləhət bildi. Fikri reallaşana yaxın Arsruni ölür, onun yerinə vəziyyətə uyğun olaraq Dövlət Dumasına yenə də türkdən dönmə erməni olan BAHADUROV “seçilir”. ARSRUNİNİN VƏSİYYƏTİNƏ GÖRƏ, Bakı və Gəncə quberniyasının aran yerlərini müsəlmanlara, İrəvan və Gəncə quberniyasının yaylaq hissələrini isə ermənilərə verməklə onları Qars sancağı ilə birləşdirib Erməni vilayəti təşkil etmək ən ümdə vəzifə idi. Arsruninin planlarına görə, bu mərhələ başa çatdıqdan sonra “ruslar sizdən əsgər tutacaq” deyə türkləri qorxutmaqla onları hiylə yoluyla başqa yerlərə köçməyə vadar edəcəkdilər. Arsruni də Pyotrun sünni-şiə məsələsinin qabardılaraq ondan yararlanmanın vacib şərt olduğunu bildirir....

XIX əsrin sonlarından etibarən ermənilərin kompakt halında siyasi cəhətdən təşkilatlanmaları, öz fəaliyyətlərində terroru əsas mübarizə metodu kimi qəbul etmələri deportasiyanın yeni formatının gündəmə gəlməsi və soyqırımların həyata keciriləsəyilə ilə bağlı növbəti eskiz idi. Və bu eskiz cızılaraq artıq icraçılara təqdim olunmuşdu. Rusların, farsların köməkliyilə ermənilər türklərin deportasiya ilə soyqırımını eyni vaxtda həyata keçirəcəkdilər və keçirdilər də.... 

(ardı var )        

 

    İGİD TEYMURLU        

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam