ABŞ-ın ölkəmizi hədəf seçməsinin səbəbi nədir?
“Son bir neçə aydır ki, fasiləsiz olaraq ABŞ tərəfindən Azərbaycanın əleyhinə səslənən əsassız ittihamlar və qərəzli bəyanatların heç bir əsası yoxdur və bu, Azərbaycanın beynəlxalq imicinin zədələnməsinə yönəldilib. Əlbəttə ki, biz bu bəyanatların arxasında nələrin olduğunu və konkret olaraq hansı maraqların güdüldüyünü çox gözəl bilirik”.
"Xeberinfo.com": Məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
O, bu cür mövqelərin ictimaiyyətdə ciddi narahatlığa səbəb olduğunu bildirib:
“Təəssüf ki, ABŞ-ı özümüzə strateji tərəfdaş hesab etsək də, onların nə rəsmi, nə də qeyri-rəsmi dairələrindən eyni münasibəti görmürük. Buna görə də bütün bu baş verənlərin ətrafında müxtəlif suallar yaranır. Vaşinqtonun xarici siyasətindəki bu paradoks nədən qaynaqlanır? Niyə Azərbaycana bu qədər haqsızlıq olunur? Bizim bunun üçün kifayət qədər ciddi arqumentlərimiz var. 907-ci düzəlişdən tutmuş ABŞ-ın Dağlıq Qarabağa qanunsuz maliyyə yardımı göstərməsi, ümummilli maraqlarımız və ərazi bütövlüyümüzün təmin edilməməsi kimi. BMT TŞ-nin qətnamələrinin heçə sayılması isə çox böyük narahatlıq doğurur. Eyni zamanda bizim üçün Azərbaycanın bütün ölkələrdən ayırd edilərək hədəf seçilməsi qaranlıq qalan məqamlardandır. Bu gün qanun pozuntusunun ən pik həddə çatdığı Ermənistanda təxminən 80 nəfərə yaxın, Gürcüstanda isə 100-dən çox siyasi məhbusun adı QHT-lər tərəfindən bəyan edilib. Amma Azərbaycanda qanunsuz bir hərəkətə görə vətəndaş qanuna dəvət edilən zaman böyük bir beynəlxalq kampaniya başladılır. Geosiyasi vəziyyətin mürəkkəb olmasına, bütövlükdə yerləşdiyimiz coğrafiyanın və qonşuların asan olmamasına rəğmən, milli maraqlarımızı heç bir bloka qoşulmadan da qoruya bilərik”.
Millət vəkili bu gün Azərbaycana qarşı olan bu fərqli münasibətin çox böyük narahatlıq doğurduğunu bildirdi:
“Qərb dəyərlərinə hörmət etsək də, Avropa İttifaqının Şərq Tərəfdaşlığında aktiv olsaq da, bizə qarşı olan bu qeyri-adekvatlıq heç bir halda qəbul edilə bilməz. Bu gün ABŞ-ın özündə istər insan haqları, istər demokratiya, istərsə də qanunun aliliyi ilə bağlı kifayət qədər problemlər var. Vaşinqtonun yersiz bəyanatları artıq son həddə çatıb və bu, strateji tərəfdaşlıq münasibətlərinə qətiyyən uyğun gəlmir. Azərbaycanın başlıca siyasət kursu ölkənin milli maraqlarını bütün dairələrdə müdafiə etməkdən ibarətdir. Azərbaycan bu kursu dinc səslə müdafiə edir. Çünki burada nə iqtidar, nə də müxalifətçilik yoxdur. Burada sırf milli maraqlarımız var. ABŞ-ın Azərbaycanla bağlı hər hansı ssenarisi varsa, bu, heç bir halda həyata keçə bilməz. Buna görə də qaldırdığımız bu məsələlərlə bağlı ABŞ-ın müvafiq qurumlarından adekvat cavab gözləyirik”.
Axar.az