Rauf Mirqədirovun həbsində Rusiya izi
Proses qapalı keçiriləcək
Xeberinfo.com: “Zerkalo” qəzetinin əməkdaşı, ötən ilin aprelindən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan əməkdar jurnalist Rauf Mirqədirovun məhkəməsi qapalı keçiriləcək. Bu barədə noyabrın 4-də Rauf Mirqədirovun işi üzrə məhkəmənin hazırlıq iclasının yekununda qərar verilib.
Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyilə baxılır.
Dünənki hazırlıq iclasında Rauf Mirqədirovun vəkili Fuad Ağayev bir neçə vəsatət qaldırıb. Onlardan birincisi şifahi vəsatət olub. Vəkil Rauf Mirqədirovun şüşə qəfəsdən çıxarılaraq, müdafiəçisi ilə yanaşı əyləşməsinə icazə verilməsini istəyib. Fuad Ağayev bildirib ki, sivil dövlətlərdə məhkəmədə təqsirləndirilən şəxslər şüşə və ya dəmir qəfəsə salınmır.
Fuad Ağayevin ilk yazılı vəsatəti isə cinayət işi üzrə icraata xitam verilməsi və ya işin ibtidai istintaqa qaytarılması barədə olub. Vəkil bildirib ki, Rauf Mirqədirov 2010-2014-cü illərdə “Zerkalo” qəzetinin Türkiyədə akkreditasiya olunmuş əməkdaşı olub. Bununla əlaqədar Xarici İşlər Nazirliyinə müraciət olunub, Türkiyənin müvafiq mətbuat qurumunun razılıq qərarı əldə edilib. 2014-cü ilin aprelində akkreditasiya qəfildən ləğv edilib, amma bu məsələni məhkəmə qaydasında mübahisələndirməsi üçün ona heç bir sənəd verilməyib. Mirqədirov məcburiyyət qarşısında qalaraq, 15 gün ərzində ölkəni tərk etməli olub. Onun övladlarından biri Türkiyədə təhsil aldığından məcbur idi ki, ölkədən çıxıb yenidən geri qayıtsın. O, ailəsi ilə birlikdə Gürcüstana gedərkən onların olduğu avtobus Türkiyə polisi tərəfindən saxlanılıb. Rauf Mirqədirov polis bölməsinə aparılıb və orada ona Türkiyədən deportasiya olunduğu bildirilib. Mirqədirov deportasiya qərarını istəsə də, ona təqdim olunmayıb. Ertəsi gün təyyarə ilə Bakıya göndərilib. Təyyarə Bakıda yerə enən kimi MTN-in Antiterror Mərkəzinin əməkdaşları Rauf Mirqədirovu təyyarənin içində şübhəli şəxs qismində saxlayaraq, onu birbaşa MTN-ə aparıblar. Halbuki, onun CM-nin 274-cü maddəsilə şübhəli şəxs qismində saxlanılması üçün heç bir əsas yox idi. İki gün sonra Rauf Mirqədirova eyni maddə ilə ittiham irəli sürərək, barəsində həbs-qətimkan tədbiri seçildi. Bununla əlaqədar Avropa Məhkəməsinə bir neçə şikayət göndərmişik.
İttihama görə, Rauf Mirqədirov 2008-ci ilin fevral ayından David Şahnazaryan və Laura Baqdasaryan vasitəsilə Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunub, ona ictimai-siyasi məlumatları toplamaq tapşırılıb. Guya, Mirqədirov 2 oktyabr 2008-ci ildə düşmən ölkəyə müvafiq məlumatları ötürüb.
Rauf Mirqədirovun Ermənistana səfərləri qanunvericiliklə qadağan olunan səfərlər olmayıb. Ona görə də bu, ağır cinayət, vətənə xəyanət sayıla bilməz. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Konvensiyasının 10-cu maddəsilə təminat verilən ifadə azadlığı xüsusən jurnalistlər üçün müstəsna əhəmiyyət kəsb edir. Rauf Mirqədirov bir sıra mükafatların sahibidir, eyni zamanda, əməkdar jurnalist adına layiq görülüb. Ona qarşı belə bir ittiham tamamilə uydurmadır. Maraqlıdır ki, niyə məhz 2008-ci ilin fevralından? Əgər onun Ermənistana getməyinə əsaslanırlarsa, onda Rauf Mirqədirov 2000-ci illərin əvvəllərindən o ölkəyə gedib-gəlib. İstintaq orqanı sadəcə, söz yazmalı deyildi, həm də ortaya sübut qoymalı idi. Belə bir sübut yoxdur və ola da bilməz. Eyni məntiqlə Rauf Mirqədirovu İsrail, ABŞ xüsusi xidmət orqanlarına da işləməkdə ittiham etmək olar, çünki o ölkələrə də gedib-gəlib.
Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alındığını kim müəyyən edib? İstintaq orqanı Mirqədirovun Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla görüşməsinə istinad edir. Şahnazaryan Petrosyanın prezidentliyi dövründə bir il nazir olub. Namiq Abbasov da Azərbaycanda 10 il milli təhlükəsizlik naziri olub, indi Özbəkistanda səfirdir. Özbəkistanda heç kim onunla görüşməsin ki, bu, məxfi əməkdaşlığa cəlb olunma kimi qiymətləndirilə bilər? Bu nə yanaşmadır?
MTN əməkdaşları bu cür ifrat qeyri-peşəkarlıqla Rauf Mirqədirovu Ermənistan nədi, hətta Burkino Fasoya işləməkdə də ittiham edə bilərdilər.
Rauf Mirqədirov, ümumiyyətlə, heç bir dövlət sirrinin daşıyıcısı olmayıb. Amma Azərbaycanın çox vacib siyasi fiqurlarından biri açıq şəkildə bəyan edib ki, Sərkisyanın kabineti Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən dəqiqliklə izlənilir. Dövlət sirrinin daşıyıcısı olan bir adam və özündə dövlət sirrini ehtiva edən bu məlumatı yaydığı halda, heç bir araşdırma aparılmadı, bu cür məsuliyyətsiz hərəkəti cavabsız qaldı, amma Rauf Mirqədirova qarşı ortada heç bir sübut olmadığı halda belə bir ittiham irəli sürülür.
İttihamda belə bir məqam var ki, Rauf Mirqədirov David Şahnazaryan və Laura Baqdasaryanla Tiflisdə mərkəzi restoranların birində kanspirasiya qaydasında görüşüb. Əgər konspirasiya qaydasında görüşürdülərsə, onların Tiflisin mərkəzi restoranında nə ölümü var idi?
Nə baş verdi ki, Rauf Mirqədirov həbs olundu? Rauf Mirqədirov 2008-ci ilin avqustunda Gürcüstana Rusiyanın məlum müdaxiləsindən sonra Rusiyanın işğalçı cəhdlərilə bağlı kəskin yazılar yazmışdı. “Zerkalo” Cənubi Qafqazda ən çox oxunan rusdilli qəzet idi. 2009-cu ilin oktyabrında Gürcüstan məsələsi məlum dövlətlər üçün aktuallığını itirdi. 2014-cü ildə Rusiya Ukraynaya müdaxilə etdi və Rauf Mirqədirov bu dəfə də Rusiyanın Ukraynanı işğal etməsi cəhdləri ilə bağlı geniş tənqidi yazılar yazdı. Və ardınca da həbsi baş verdi.
Ekspertiza təyin olunarkən Rauf Mirqədirov və vəkilləri bu barədə qərarla tanış olmayıb. Bu da ciddi qanun pozuntusudur”.
Fuad Ağayevin növbəti yazılı vəsatəti Rauf Mirqədirov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı olub. Vəkil bildirib ki, Rauf Mirqədirov barəsində həbs-qətimkan tədbirinin seçilməsi də, həbs müddətinin uzadılması da ciddi qanun pozuntuları ilə müşayiət olunub. Əlavə edib ki, təqsiri sübuta yetirilmədiyi halda, bir şəxsi 1 il 7 ay həbsdə saxlamaq çox ciddi qanun pozuntusudur: “Bir il yeddi aydır ki, həbsdədir, amma heç bir sübuta istinad olunmayıb. Bu iş cəmi 8 cilddir. O 8 cildin bəlkə 2 cildi Raufa aiddir. Bundan ötrü 1 il 7 ay lazım idi? Bunun üçün uzağı bir ay kifayət idi”.
Fuad Ağayev həmçinin yolverilməz, qanun pozuntuları ilə əldə olunan materialların sübutlar siyahısından çıxarılması, bir sıra şəxslərin, o cümlədən David Şahnazaryan və Laura Baqdasaryanın da məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatətlərlə çıxış edib.
Prokuror Mübariz Miriyev müdafiə tərəfinin bütün vəsatətlərinin əleyhinə çıxıb. O, eyni zamanda, məhkəmənin qapalı keçirilməsini istəyib.
Məhkəmənin hazırlıq iclasının qərarı da prokurorun mövqeyinə uyğun olub – vəkilin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb, həmçinin işdə dövlət sirri təşkil edən məlumatların olduğu əsas gətirilərək, məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib.
İş üzrə məhkəmə baxışı noyabrın 18-nə təyin olunub.