MTN-in dövləti dağıdan "dərin dövlət"i necə qurulub?
MTN ətrafında baş verən hadisələr ölkənin bütün diqqətini bir nöqtəyə cəmləyib. Baxmayaraq ki, hər gün MTN generallarının və vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı yeni-yeni məlumatlar aşkar olunur, ancaq yenə də cəmiyyət, sanki, daha ciddi nələrinsə baş verəcəyinin intizarındadır.
"Xeberinfo.com": Böyük ehtimalla, hələ daha çox məlumatların ictimailəşməsi ilə yanaşı, cəmiyyətdəki bu intizarlara da çox yaxın vaxtlarda son qoyulacaq: indiyədək aparılan həbslər, törədilən qanunsuzluqların miqyasının çözülməsi izin daha "yuxarılara" və daha təsirli fiqurlara aparıb çıxarmasıyla və onların zərərsizləşdirilməsiylə nəticələnəcək...
Bununla belə, indiyədək mediada gedən rəsmi və ya qeyri-rəsmi informasiyalar, həmçinin MTN əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış iş adamlarının aşkar şahidliyi artıq ilkin təhlillər və qənaətlər üçün yetərli sayıla bilər.
Artıq ictimailəşmiş məlumatlar əsasında demək olar ki, MTN-in vəzifəli şəxsləri, faktiki olaraq, ölkə içərisində dövlətin özünü dağıda biləcək "dərin dövlət" yaradıblarmış. Düzdür, adətən, gerçək mənada "dərin dövlət" anlayışı bir dövlətin əsaslarının qorunması məqsədiylə daha çox dövlətçi təfəkkürlü insanlardan formalaşdırılır. Ancaq bizdə isə MTN-in yaratdığı bu "dərin dövlət"in əsas fiqurları tamam başqa təfəkkür daşıyıcılarından formalaşdırılıb... Bu "dərin dövlət"in əsas qayəsi gerçək dövləti qorumaq yox, dövlətin mövcud sistemində mümkün qədər daha çox kök atmaq, şəbəkələşmək, heç kimin cürət etmədiyi formada təşkilatlanmaq, siyasət və biznes çevrəsinə hüdudsuz nəzarət əldə etmək və bütün bu nəhayətsiz imkanlardan da ancaq və ancaq var-dövlət, pul-para, sərvət toplamaq məqsədiylə yararlanmaq olub...
Ən azı, ictimailəşmiş məlumatların təhlili və MTN-də artıq vəzifdən kənarlaşdırılmış şəxslərin addımlarının analizi bunu deməyə tam əsas verir.
Beləliklə, əlimizə çatan məlumatlar əsasında MTN-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməllərini aşağıdakı kimi təsnifləşdirmək olar:
- İqtisadi reketçilik: İmkanlı iş adamlarınının çevrəsini müəyyənləşdirərək, onlara təzyiq edilməsi, qorxudulması və əllərindəki pullarının və əmlaklarının zorla alınması. KİV-ə danışan şahidlərin söylədiklərinin analizi göstərir ki, artıq keçmiş xəfiyyələr biznesə şərik olmaq, uzunmüddətli tərəfdaşlıq qurmaq yox, dərhal və nağd şəkildə pul almağa daha çox üstünlük verirmişlər.
- Ölkənin maliyyə sektorunda əhəmiyyətli paya sahib olmağa çalışmaq: Hələ təsdiqlənməmiş məlumatlara görə, keçmiş xəfiyyələr bir sıra banklar və maliyyəçilərlə sıx təmasda olublar. Onların vasitəçiliyi ilə kreditlər verilməsini, ölkədən pul çıxarılmasını, böyük maliyyə vəsaitlərinin leqallaşdırılmasını, "çirkli pullar"ın yuylmasını da təşkil ediblər.
- Çoşaxəli şantaj mexanizminin yaradılması: Xəfiyyələrin və xüsusi xidmət orqanlarının sevimli metodundan MTN-nin sabiq və hazırda istintaqa cəlb edilən vəzifəli şəxsləri spesifik məqsədlər üçün yararlanıblar. Yəni, dinləmələr, gizli çəkilişlər, izləmələr vasitəsilə əldə olunan məlumatlardan yenə pul qazanmaq üçün yararlanıblar və bu praktika daha çox tətbiq olunub. Eyni zamanda, KİV-də əsasən "reket jurnalistlər"dən ibarət formalaşdırılmış geniş şəbəkə vasitəsilə qanunsuz yollarla əldə olunmuş məlumatların bir hissəsi ictimailəşdirilib və sonradan keçmiş xəfiyyələr dövriyyəyə girərək, müxtəlif variantlarla iş adamları və şirkətlərdən, vəzifəli şəxslərdən pul qoparıblar. Şantaj mexanizminin əyani nümayişi MTN üçün, faktiki olaraq, bağlı qapı qoymayıb və xəfiyyələrlə mübahisənin hansı perspektiv vəd etdiyini mümkün müqavimət potensialı olanlara göstərib. Xüsusən bu şantajın daha çox şəxsi həyat sirrləri ilə bağlı olduğunu da nəzərə almaq lazımdır...
- Rəqib hesab etdikləri digər hüquq-mühafizə və güc strukturlarının qanunsuz dinlənilməsi həyata keçirilib və bununla da, MTN-nin "hamını qabaqlaması" təmin olunub, eyni zamanda dövlətin əsas gücü - gizli agentura şbəkəsi aşkarlanaraq, şəxsi məqsədlərə yönəldilib: Bu hal MTN-in ictimai rəydə və digər dövlət qurumlarında "daha operativ" işlədiyi görüntüsünü yaratmaqdan əlavə, həm də bu qrupun özünü də mümkün təhlükələrdən sığortalayıb. Yalnız elə bu kifayətdir ki, uzun illər ərzində bu qrupun niyə deşifrə oluna bilməməsinin izahı verilsin. Dinlənildiyini, izlənildiyini bilə-bilə hamı susmağa məcbur olub. Axı praktikada hər şeyi "gördüyünü və eşitdiyini" hədəflərinə necə lazmdır subut edən bu qrupa qarşı kim çıxa bilərdi? Əgər bu qrup sənin adi zəngindən belə xəbər tutursa, danışmağa necə cürət edə bilərdin?...
- Nazirlik və digər mühüm dövlət qurumlarına, icra hakimiyyəti orqanlarına özlərinin biznes maraqlarının təmin edilməsi üçün müvafiq kadr və icraçıların yerləşdirilməsi: İstənilən xüsusi xidmət orqanı kimi, MTN-nin də buna çox geniş imkanları olub və onlar bu istiqamətdə bundan əvvəl qeyd etdiyimiz səbəblərə görə, ciddi müqavimətlə üzləşməyiblər. Xüsusən bu şəxslərin dəstəklənməsi təhlükəsizliyin təmin edilməsi ilə əsaslandırılırsa, qüdrətli MTN generallarının sözünü yerə salmaq, yəqin ki, heç kimin ağlından belə keçməyib...
- MTN-nin öz daxilində qanusuz əməllərə imza atan strukturlaşmış və ciddi iyerarxiyaya və funksional bölgüyə malik qrupun yaradılması: Əslində keçmiş xəfiyyələrin əsas uğuru da bunda olub. Böyük ehtimalla, mütəşəkkil dəstə kimi fəaliyyət göstərən bu qrupun koordinasiyalı fəaliyyəti və faktiki olaraq, MTN-də qeyri-rəsmi paralel struktur yaratması mümkün məlumat sızmasının qarşısını almaq imkanında olub. Nazirliyin səlahiyyətli əsas fiqurlarının bu qrupun üzvü olması da, sözsüz ki, burada əsas rol oynayıb və MTN daxilində bu məsələlərlə bağlı sükutu təmin edə bilib.
Beləliklə, xüsusi xidmət orqanına malik geniş səlahiyyətlərdən yararlanaraq, MTN-nin bir qrup keçmiş vəzifəli şəxsi uzun illər ərzində özlərinin "dərin dövləti"ni genişləndirməyə və qüdrətli etməyə nail olublar. Əllərində olan imkan və vasitələr isə onlara mümkün təhlükələrdən çox yaxşı sığortalanmağa imkan yaradıb. Əldə etdikləri sərvət və icraçı fiqurların lazımı nöqtələrə yerləşdirilməsi, jantaj mexanizmi və şəbəkəsi, ictimai rəyi yönəltmək vasitələri onlar üçün çox böyük imkanlar, qarantiyalar yaradıb...
Bu qrupun hansı həddədək "şişməsini" artıq yüksək post tutan 9 generalın vəzifədən kənarlaşdırılması nümayiş etdirir. Əslində bu, xüsusi xidmət orqanları tarixində presedenti olmayan haldır.
Bir qayda olaraq, xüsusi xidmət orqanlarının strukturları həm də bir-birilərinə qarşılıqlı nəzarəti həyata keçirir və özlərinin fəaliyyəti ilə bağı məxfiçiliyin təmin olunmasına sərt şəkildə riayət edirlər.
Müşahidə etdiklərimiz isə deməyə əsas verir ki, MTN-nin "dərin dövləti" bu maneəni də aradan qaldırmağa nail olub... Təyinatına görə müxtəlif funksiyalara malik strukturların vəzifəli şəxsləri merkantil maraqlar ətrafında sıx birləşiblər...
Bu qrup sonadək ifşa olunacaqmı? Onun dövləti dağıdan "dərin dövlət"i tamamilə çökdürüləcəkmi? Bu qrupun Azərbaycanın son 11 illik həyatında baş vermiş üstü açılmayan cinayətlərdəki roluna dair indiyədək cəmiyyətdə dolaşan şübhələrə aydınlıq gətiriləcəkmi?
Bu suallara, yəqin ki, çox yaxın zamanlarda aydın cavab vermək mümkün olacaq.
Strateq.az