Son vaxtlar çörəyin baha olması İranın dövlət mediasında da ciddi müzakirə mövzularından birinə çevrilib. İyulun 10-dan çörəyin bahalaşması ölkənin əsas böhran istiqamətlərindən biri kimi təqdim olunur. Heç bir dövlət məmuru məsuliyyəti öz üzərinə götürmək istəmir.
Yenixeber.org: İran hökumət nümayəndələri açıqlamalarında əhalini qiymətin artmayacağı ilə bağlı arxayın etməyə çalışır. Amma iyulda artım 40 faizə çatmışdı. Hökumət əhalini növbəti dəfə aldadıb. “Fərda” saytı iqtisadiyyat nazirinin müşavirindən sitat gətirib: “Hökumət çörəyin qiymətinin artırılmasına diqqət yetirmir. Hökumətin diqqəti çörəkçilərə dəstək olmaq üçün qeyri-qiymət modellərini tətbiq etməkdir”. Sayt yazır ki, nazir müavininin açıqlaması yetərincə qarışıqdır. Bu qeyri-müəyyən bəyanat çörəyin niyə birdən-birə çox bahalaşmasına dair heç bir aydın izahat göstərmədən düşünməyə çox material verir. Sanki hər hökumət mediasının ictimaiyyəti daha da çaşdırmaq üçün öz missiyası var. Bir nəşr çörəyin yalnız Məşhəddə bahalaşdığını, digərləri isə təlimatın bütün ölkəyə şamil edildiyini yazıb.
İyulun 9-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə bağlı Təsnim Xəbər Agentliyi “Çörəyin heç bir qiymət artımı olmayıb, hər hansı qiymət artımı və çörəyin həddən artıq satılması qadağandır, qaydanı pozanlar cəzalandırılacaq” xəbərini verib.
İyulun 25-də İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Fars Xəbər Agentliyi Məşhəddən xəbər verib: “Bu səhərdən etibarən Xorasan Rəzəvi vilayətində çörəyin qiyməti qəfil artıb”.
Xaricdə yaşayan iranlı jurnalistlər yazır ki, hökumət xalqın qəzəbindən qorxduğundan belə ziddiyyətli xəbərlər təşkil edir. Rejimin indi üzləşdiyi iqtisadi çarəsizlik onun 2019-cu ildə benzinin qiymətinin qalxmasından sonra baş verən ümummilli etirazlar kimi ani partlayış qorxusunun birləşməsindən qaynaqlanır. İran hökuməti çox narahatdır. Əhalinin qəzəbi açıaq-aşkar hiss olunur. Əxlaq polisini geri qaytarmaq həm də rejimin acizliyindən xəbər verir. Ölkədə qarşısıalınmaz proses gedir.