Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyilin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Yenixeber.org: Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ordumuz təxribatlara qarşı adekvat cavab tədbirləri görüb. Silahlı toqquşma zamanı erməni ordusu ağır itkilər verib.
Ermənistan tərəfi sərhəddə təxribat törətmələrinə baxmayaraq, gecə saatlarından etibarən öz çirkin əməllərinə don geyindirmək üçün beynəlxalq ictimaiyyətə haray salmağa başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan gecə saatlarında ilk olaraq Rusiya Prezidenti Vladimir Putinə zəng vurub. Paşinyan Putinlə sərhəddə vəziyyətin gərginləşməsini müzakirə edib.
Daha sonra Paşinyan Rusiyadan istədiyi dəstəyi ala bilmədiyini görüb Ermənistan Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
Baş nazirin növbəti telefon zəngi Fransa Prezidenti Emmanuel Makrona olub. O, Ermənistan-Azərbaycan sərhəddinə baş vermiş son hadisələr barədə məlumatları Makrona çatdırıb.
Bununla kifayətlənməyən Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenə də zəng edib. Erməni KİV-in verdiyi xəbərə görə, Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin narahatlığını ifadə edib. O, sərhəddəki durumu sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu söyləyib.
Ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrova müraciət edib.
Ermənistanın sərhəd təxribatından sonra paytaxt İrəvanda hərbi hospitalın qarşısında izdihamlar başlanıb. Paytaxt sakinləri gecə saatlarında hospital ərazisinə toplaşıblar. Onlar Ermənistan hakimiyyətindən təxribatların dayandırılmasını tələb ediblər.
Onu da bildirək ki, erməni KİV-lərinin bu gün səhər saatlarında yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb.
Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq-red) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblar. Ölü sayı barədə hər hansı açıqlama verilməyib. Ermənistan Müdafiə Nazirliyi itkilərin dəqiqləşdirildiyini bildirib.