Azərbaycan Ordusu pandemiya dövründə: əsgərlər qorunur, döyüş hazırlığı davam edir
Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Ordu hissələri bunu praktiki olaraq 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatların qarşısının alınmasında göstərdikləri nəticələrlə bir daha sübut etdilər.
Yenixeber.org: Ölkədə ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə də alınan ən müasir silah və hərbi texnika, bütün təchizatın modernləşdirilməsi, o cümlədən yeni texnologiyaların tətbiqi ilə istehsal olunmuş döyüş vasitələri, bölmələrimizin hərtərəfli təminatı, müntəzəm keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəldib. Ordumuzun yüksək peşəkar kadrlara malik olması müasir silah və hərbi texnikalardan, yeni döyüş vasitələrindən istifadədə çətinliklər yaratmayıb. Azərbaycan Ordusu koronavirus pandemiyası dövründə də döyüş hazırlıqlarını davam etdirir.
Azərbaycan əsgəri koronavirusdan necə qorunur?
Dünyanı cənginə alan koronavirus təhlükəsi ordumuzda da ciddi qabaqlayıcı tədbirlərin icrasını zərurətə çevirdi. Koronavirus pandemiyası dünyaya təhlükə törətməkdə və bir çox ölkələrin iqtisadiyyatından tutmuş ordusuna kimi zərər verməkdə davam edir, amma ölkəmizdə o cümlədən Azərbaycan Ordusunda vəziyyət tamamilə başqadır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkənin bütün sahələrində olduğu kimi, orduda da müvafiq qabaqlayıcı və maarifləndirmə işlərinin təşkil edilməsi tapşırıldı.
Bu məqsədlə, hələ virusun ölkəmizdə olmadığı vaxtdan başlayaraq Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə təxirəsalınmaz tapşırıqlar verildi.
Nə idi bu tapşırıqlar? Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilsin;
xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülsün;
tibbi personal Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun mütəmadi təlimatlandırsın.
Hazırda da Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçirilərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib. Hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr, o cümlədən qoruyucu maskalar çatdırılıb və onların ehtiyatı mövcuddur. Binaların girişində fərdi qaydada dezinfeksiya üçün spirt tərkibli antiseptik məhlullar yerləşdirilib. Şəxsi heyət arasında müvafiq maarifləndirmə işləri təşkil edilir və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.
Hərbi hissələrdə ərzaq məhsullarının qəbulu, saxlanması və emalı prosesinə, həmçinin qida hazırlanması texnologiyasına ciddi riayət olunur. Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, polivitaminlərlə təmin olunub. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb. Hazırda müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin pressmd@mod.gov.az, dti@mod.gov.az elektron poçt ünvanları və ya (012) 912 qaynar xətt nömrəsi fəaliyyət göstərir.
Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlərin icrası nəticəsində ümumiyyətlə yoluxma halı qeydə alınmayıb.
Hərbi qulluqçular maaşlarının 50 faizini fonda köçürdü
Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50% həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Ehtiyacı olanlara yardım paylanılır
Xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən, hərbi qulluqçuların ailələrə ünvanlı yardımı davam edir. Ərzaq anbarında qablaşdırılan zəruri ərzaq məhsulları şəhid ailələri, müharibə veteranları və əlillərə təqdim olunub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq hərbi qulluqçular şəhidlərimizin 65 yaşdan yuxarı ailə üzvlərinə, yaşlı müharibə veteranları və əlillərə ünvanlı yardım çatdırıblar. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər. Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan əsgəri hər an döyüşə hazırdır
Orduda modernləşdirilmiş hərbi texnikanın olması ondan istifadə edə bilən hərbi kadrların da zəruriliyini ortaya çıxarır. Buna görə də hərbçilərimiz təkcə Azərbaycanda deyil, Rusiyada və hərbi təhsil səviyyəsi yüksək olan digər ölkələrdə təhsil alırlar. Bu gün şəxsi heyəti savadlı, intellektual hərbçilər təşkil edir və şəxsi heyətin döyüş hazırlığı imkan verib ki, adəti üzrə Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozmaqla təxribat törətdikdə bölmələrimizin sayıqlığı nəticəsində düşmənə layiqli cavab verilsin.
Ona görə də cəbhədəki vəziyyətə uyğun olaraq Müdafiə naziri düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.
Verilən tapşırığa uyğun olaraq, bu gün həmin şəxsi heyət bütün tapşırıqları uğurla yerinə yetirir.
Şəxsi heyətin döyüş hazırlığı
Müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan bölmələrin tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Bütün bunlar da döyüş növbətçiliyinin uğurlu təşkilinə müsbət təsir göstərir.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri öyrədilir, ərazinin relyef və iqlimi haqqında məlumat verilir, eləcə də təhlükəsizlik qaydaları çatdırılır.
Bu gün Azərbaycan əsgəri peşəkar döyüşçü kimi Hərbi Andın və nizamnamələrin tələblərinə əməl edir, dövlətin qayğısını hər zaman üzərində hiss edərək və xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb.
Bütün relyef formalarında silsilə təlimlər: quruda, suda, havada
Koronavirus pandemiyasına baxmayaraq Azərbaycan Ordusu döyüşə hazırlığını davam etdirir. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planında nəzərdə tutulan bütün təlim, məşq və toplanışlar təxirə salınmadan həyata keçirilir. Bu tədbirlər Naxçıvanda, Bakıda və regionlarda keçirilir.
Poliqonlar cari ilə uyğun olaraq boş qalmır. Minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir, üzən minanın və dəniz hədəfinin artilleriya atışı ilə məhv edilir, gəminin idarə olunması və digər tapşırıqlar yerinə yetirilməsi, şəxsi heyətin hazırlıqları bir daha nəzərdən keçirilir. Təlimlərdə şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.
Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edib.
Eyni zamanda "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.
Artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.
Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.
Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.
Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib.
Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilmiş siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırolma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib. İkinci mərhələdə siqnala əsasən sualtı diversiya əleyhinə qüvvələrin əməliyyat rayonlarında açılması və sualtı diversiya əleyhinə müdafiə tapşırıqları, həmçinin neft-qaz infrastrukturunun mühafizəsi əməliyyatları yerinə yetirilib. Üçüncü mərhələdə döyüş atışları icra olunduqdan sonra gəmilər dislokasiya məntəqələrinə qayıdıb.
Təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.
Təlim mərkəzləri və poliqonlarda tankəleyhinə bölmələr ilə döyüş atışlı təlim məşqləri keçirilib.
Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetiriblər.
Tankəleyhinə bölmələr həmçinin şərti düşmənin zirehli texnikasını təqlid edən hədəflərə döyüş atışları icra edib.
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edib, onlara müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sonra döyüş hazırlığında ən yaxşı nəticələr göstərərək xüsusi fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Döyüş növbətçiliyinə daxil olan hərbi qulluqçular nümunəvi xidmət göstərəcəkləri və düşmənə qarşı amansız olacaqlarını bildiriblər.
Sonda bölmələr təntənəli surətdə döyüş mövqelərinə yola salınıb.
Hazırda Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.
Döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.
Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.
Ordumuz bayram günlərində
Novruz bayramı günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimiz, veteranlarımız yad edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Novruz bayramı münasibətilə hərbi qulluqçular şəhid ailələrini ziyarət edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti bayram ərəfəsində ön xətdə yerləşən hərbi hissələrdə olublar. Onlar şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.
Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub.
Rəhbər heyət Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edib, eyni zamanda Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıblar.
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyası və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.
Bütün ehtimal olunan təhlükələr nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb. Ancaq Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunub.
Əsgərin işi yalnız xidmətdir - digər işləri mülki insanlar icra edir
Əsgərlərin təsərrüfat işlərindən azad olunması ilə bağlı Müdafiə nazirinin müvafiq əmri var. Əmrə uyğun olaraq, əsgərlərin təsərrüfat işlərindən azad edilməsi üçün hərbi hissələrdə yemək bişirən, paltar yuyan, təmizlik işlərini mülkü şəxslər həyata keçirir. Bu proses bütün hərbi hissələrdə tətbiq olunur. Ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə xidmətlərinin göstərilməsindən mərhələlərlə azad edilib. Qısa müddət ərzində xeyli sayda mülki şəxs Silahlı Qüvvələrdə işə qəbul olunub. Bu məsələləri həll etməklə həm vətəndaşlar iş yerləri ilə təmin edilmiş olur, həm də şəxsi heyətin diqqəti sırf döyüş hazırlığı məsələlərinə yönəldilir. Mülki heyət Silahlı Qüvvələrin ştatında mövcud olan müxtəlif mülki ixtisaslar üzrə - aşpaz, çilingər, sürücü, xadimə, dalandar və s. vəzifələrə işə götürülürlər.
Mənzil təminatı
Azərbaycanda hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.
Ölkə başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.
Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib. Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.
Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq. Hər bir hərbçi, müharibə əlili, şəhid ailəsi tam əmin ola bilər ki, dövlətimiz daim onların yanında olacaq və öz qayğısını yüksək səviyyədə göstərməyə davam edəcək.
Təchizat təminatı
Əlahiddə Ümumqoşun Orduya yeni təminat avtomobilləri təqdim edilib.
Bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olub. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınmış 10 “Qazel” markalı yük, eləcə də “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.
Naxçıvan Qarnizonunda hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində yeni binalar inşa olunur, hərbi şəhərciklərdə yeni istirahət parkları salınır və yaşayış binalarında əsaslı təmir işləri aparılır.
Müasir və qüdrətli ordusu olan ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ordu qurculuğu uğurla həyata keçirilir və bu istiqamətdə işlər hər keçən gün daha da geniş vüsət alır. Hazırda Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası və 2 yataqxananın tikintisi aparılır.
Hərbi hissənin qərargah binası və yataqxanaların hər biri 3 mərtəbədən ibarət olacaq. Qərargah binasında işlər yekunlaşmaq üzrədir. Binanın dam örtüyü vurulub, qapı və pəncərələri quraşdırılıb, daxili və xarici divarlar suvanıb.
Tikintisi davam etdirilən yataqxanaların birində hörgü işləri başa çatıb. Hazırda suvaq işləri aparılır, elektrik xətləri çəkilir və dam örtüyünün vurulmasına başlanılıb.
Eyni zamanda 4 min 92 kvadratmetr ərazini əhatə edən Mərkəzi Hərbi Xəstəxana inşa olunur. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan hərbi xəstəxananın hər mərtəbəsində 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Binada 250-yə yaxın otağın olması nəzərdə tutulub. Hərbi xəstəxanada travmatologiya, poliklinika, anesteziologiya, intensiv terapiya, reanimasiya, qəbul çeşidləmə, əməliyyat, cərrahiyyə, VİP, urologiya, psixonevrologiya bölmələri, laboratoriya, yeməkxana və digər infrastruktur şəraiti yaradılacaq. Hər mərtəbədə 4 lift və veb-kameralar quraşdırılacaq.
Göründüyü kimi, Azərbaycanın modernləşdirilmiş, yeni silahlara malik güclü ordusu var. Müxtəlif miqyasda keçirilən təlimlərdə əldə olunan nəticələr şəxsi heyətin hər vaxt döyüşə hazır olduğunu göstərir. Bütün bu hazırlıq Azərbaycanın ərazi bütövlüyünün bərpasına hesablanıb, tarixi əzəli torpaqlarımızı işğal edən düşmən tərəfin oradan qeyd-şərtsiz çıxarılmasına xidmət edir. Bu, təkcə Azərbaycan tərəfinin deyil, BMT-nin də qəbul etdiyi qətnamələrin də son qərarıdır.
Hazırda sülh danışıqlarına sadiq qalan Azərbaycan bütün mövcud vəziyyətləri dəyərləndirib, ordusunun qətiyyəti və əzmkarlığı ilə istənilən variantda torpaqlarını düşmən işğalından azad etməyə hazırdır. Bunun üçün bütün imkanlarını səfərbər edən Azərbaycan Ordusunun əsgərindən tutmuş generalına kimi bütün hərbi qulluqçuları həmin günü gözləyirlər.