Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Çin peyvəndinin effektivliyi aşağı imiş-Azərbaycanda və Türkiyədə yoluxmaların artmasının səbəbi budur?

 

Yenixeber.org: Çindən açıqlama verilib ki, ölkədə istehsal olunan peyvəndin effektivliyi aşağıdır. Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Fu bildirib ki, “Sinovac” peyvəndinin qoruma təsiri cəmi 50,4%-dir. Çindən kənarda ən çox bu peyvənd Braziliya və Türkiyədə vurulub, hər iki ölkədə hazırda virusun yayılmasının növbəti kəskin dalğası yaşanır.

Azərbaycanda isə 1 milyondan çox insana “Sinovac” peyvəndi vurulub və son günlər bizdə də virusun yayılması artıb.

       Bəs, bu barədə ekspertlər nə düşünür?

Elmi Tədqiqat Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev saytımıza açıqlamasında bildirdi ki, ayrı-ayrı ölkələr vaksinin effektivliyi ilə bağlı müxtəlif nəticələr elan edə bilər:

“Türkiyədə aparılan araşdırmaların nəticələrinə əsasən həmin peyvəndin 83 faiz effektiv olduğu və ağırlaşmaya qarşı da yüksək təsir göstərdiyi təsdiqlənib”.

Professorun sözlərinə görə, ümumiyyətlə, Dünya Səhiyyə Təşkilatı 47-48 faizdən artıq effektivliyi olan vaksinləri yararlı və təsirli sayır:

“Digər tərəfdən, aparılan araşdırmalara görə, vaksinasiya olunmuş şəxslər ya xəstəliyə tamamilə tutulmur, ya da yüngül keçirir. Bu, çox mühüm amildir. Bununla belə, qeyd edək ki, Azərbaycan bütün vaksinlərin alınması istiqamətində danışıqlar aparır və əhaliyə də seçim verilir. Bizim üçün peyvəndin təhlükəsizliyi çox önəmlidir”.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə qeyd etdi ki, Azərbaycanda

 

yoluxma sayının artmasını peyvəndin effektivsizliyi ilə əlaqələndirmək olmaz:

“Ölkəmizdə vaksinasiyaya yanvarın 18-dən başlanıb. Bəs, niyə yoluxmalar fevral ayında artmadı? Fevral ayı yoluxmalar 200-300 civarında olurdu. Yoluxmalar mart ayından yüksəlməyə başladı. Çünki 8 mart və Novruz bayramı ilə əlaqədar insanların bir-biri ilə təması artdı. İnsanlar bir-birlərinin evlərinə qonaq getdilər. Ona görə də mart ayında yoluxmaların kəskin şəkildə artdı. Yoluxma sayındakı artım hazırda da davam edir. Bunun vaksinasiyaya heç bir bağlılığı yoxdur. Peyvəndin effektivliyinə gəldikdə isə əgər Çin effektivliyin 50,4 faiz olduğunu deyirsə, 50 faizin özü də yaxşı göstəricidir. Vaksin bir nəfərin həyatını xilas edirsə, bu da yüksək bir göstəricidir”.

Həkim-infeksionist peyvənd olunub, yenidən xəstələnən insanların olduğunu da söylədi:

“Xəstələrim arasında iki doza peyvənd qəbul edib, virusa yenidən yoluxanlar da var. İki dozanı qəbul etdikdən üç gün sonra virusa yenidən yoluxan xəstələr olub. Bu isə təbii haldır. Çünki ikinci dozadan sonra ən azı iki həftə keçməlidir. Ümumilikdə birinci vaksin olunan şəxslərdə ikinci vaksinasiya daxil, 40-42 gün müddətində immunitet yaranmalıdır. Bu müddət ərzində insan yenidən virusa yoluxa bilər”.

Cavadzadənin sözlərinə görə, peyvənddən sonra virusa yenidən yoluxan insanlarda xəstəlik orta dərəcədə müşahidə olunur:

“Həmin xəstələrdən biri xəstəliyi yüngül, biri isə orta dərəcədə keçirdi. Orta dərəcədə keçirənlərin isə yanaşı xəstəlikləri – şəkərli diabet, təzyiqi olduğu üçün bu cür keçiriblər”.

Pulmonoloq İbrahim Əsədli hesab edir ki, əgər bir milyon insana peyvənd vurulduqdan sonra yoluxanların sayı yenə artırsa, deməli, burada nəsə yolunda getmir:

“Əlavə məlumatlarım yoxdur deyə, bu barədə konkret fikir söyləyə bilmərəm. Amma hazırda bizə müraciət edənlər xəstəliyi daha ağır keçirir. Xəstə sayı dekabr- yanvar aylarında olduğu qədər çox olmasa da, xəstələrin sağalma prosedur müddəti daha ağır keçir və uzun müddət çəkir”.

Həkim xəstələrini müalicə etdiyi protokolların yenə də ən yaxşı protokollar olduğunu vurğuladı:

“Həmin protokollar sayəsində xəstələrimizi düzgün müalicə edə bilirik. Amma bu dəfə eyni dərmanlardan istifadə etmək o qədər də effekt vermir. Vaksinlərə gəldikdə isə mən heç vaxt vaksinasiyanın tərəfdarı olmamışam. Xəstələrim arasında peyvənd olunub, sonradan və yenidən yoluxan xəstələr yoxdur. Çox güman, xəstələrin çoxu peyvənd olunmayan insanlardır. Əgər peyvənd olunanlar da xəstələnirsə, o zaman vəziyyət tamam başqadır. Hələ ki o cür xəstələrim yoxdur”.

Həkim-infeksionist Nicat Əzimli məsələyə öz təcrübəsinə əsasən münasibət bildirdi:

“Hazırda 60-a yaxın xəstəmizdən 11 nəfəri vaksinasiyaya cəlb olunmuş xəstələrdir. Onlardan 10-nu birinci doza vaksini, biri isə hər iki dozanı qəbul edib. Bizim şöbəmizdə son statistika bu cür olub. Vaksindən sonra yenidən yoluxan xəstələrimiz isə artıq sağalma mərhələsindədir. Bunlardan çoxu yanaşı xəstəliyi olan, xüsusi risk qrupuna aid xəstələrdir”.

Həkim hesab edir ki, vaksinasiyanın efektivliyinin 50 faizi belə xəstələrin həyatını xilas edir:

“Ona görə də peyvəndin effektivliyi aşağı da olsa, mütləq şəkildə vaksinasiyaya cəlb olunmaq lazımdır. Əhali bu prosesdə mütləq iştirak etməlidir”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam