Washington Times: “Qafqazda yeni Qarabağ müharibəsi yetişir”
Xeberinfo.com: Dağlıq Qarabağın statusu üzrə Qərbin qeyri-müəyyənliyi qaçılmaz şəkildə Qafqazda yeni müharibəyə səbəb olacaq. Professor Aleksandr Murinsonun "Washington Times"-dakı məqaləsində qeyd etdiyi kimi, qeyri-sabit bölgədə “donu açılmış” münaqişənin arxasında Rusiya durur. Putinin “xarici siyasət funksionerləri”ndən biri iyunda Dağlıq Qarabağın statusu barədə daha bir huiddətləndirici açıqlama verib. Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Azərbaycan nəşrinə müsahibəsində iddia edib: “Başa düşdüyüm qədər, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda məsələ hərbi məntiq və gerçək siyasət baxımından tamamilə qapadılıb. Azərbaycan istədiyi sayda adam güdaza verə bilər,bunun üçün istənilən sayda vaxt və pul sərf edə bilər, lakin açığını desək, bunda məna azdır. Əlbəttə, müharibənin birbaşa Azərbaycan ərazisinə keçməyini arzulamırsa”.
Məqalə müəllifi hesab edir ki, bu baxış nöqtəsi ona görə önəmlidir ki, Kremlə yaxın olanların baxışını və beynəlxalq hüquqa müntəzəm şəkildə əməl edilmədiyini əks etdirir. Bu, Rusiyanın ATƏT Minsk qrupuna üzvlüyü kontekstində təşviş doğurur və Vaşinqton, Minsk qrupunun digər üzvləri tərəfindən diplomatik reaksiya yaratmalıdır.
Professor Murinson hesab edir: Moskvanı xəbərdar etmək zəruridir ki, Qərb Ermənistanın atdığı düşmənlik addımlarının yalnız Moskvanın sükutlu razılığı ilə baş verməli olduğunu dərk edir.
Professor Murinson əmindir ki, faktlar Dağlıq Qarabağın Ermənistan hərbi qüvvələrinin dəstəyi ilə qeyri-qanuni işğalından xəbər verir. Bu ərazini isə Rusiyanın “təhlükəsizlik çətiri” altındakı qeyri-legitim dövlətlər – Abxaziya, Cənubi Osetiya, Dnestryanı tanıyıb.
Murinsonun dəyərləndirməyinə əsasən, bu, Moskvanın bu qeyri-sabit bölgədəki problemlərdə əli olduğunu açıq göstərir.
BMT, Avropa Şurası və başqa beynəlxalq qurumlar Dağlıq Qarabağ Respublikasını tanımır. Müəllif xatırladır ki, onların hamısı Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə ifadə edib və Ermənistanın bütün qüvvələrinin mübahisəli ərazilərdən çıxarılmasına çağırıb. Bundan başqa, BMT, NATO, AB, Avropa Şurası, ATƏT və digər təşkilatlar Dağlıq Qarabağdakı seçkiləri legitim saymır.
2008-ci ili martında BMT iştirakçıları 39 səslə (7 səs əleyhinə, 100 səs saxlanıb) Azərbaycanın “işğal edilmiş ərazilərinin” varlığını etiraf edən və “Ermənistanın bütün qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeydsiz-şərtsiz çıxardılmasını” tələb edən qətnamə qəbul edib. ABŞ, Rusiya və Fransa bu qətnamənin əleyhinə səs verib. Professor Aleksandr Murinson qənaətə gəlir: beləliklə, bu ölkələr bu “donu açılmış” münaqişəyə münasibətdə müəyyənləşməsə, Qafqazda daha bir müharibə qaçılmazdır.