TRAMPI MÜFLİS OLMAĞA QOYMAYAN RUS OLİQARX KİMDİR?-Fransa mətbuatında 54 milyonluq sövdələşmə ilə bağlı sensasion məqalə çıxıb
Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsinin gündəmdə olduğu, xüsusi prokuror Robert Müllerin bu məsələnin araşdırmasına dair ilk ittiham qərarını dərc etdiyi bir vaxtda Fransanın "Journal du dimanche" qəzeti səs-küylü məqalə ilə çıxış edib.
Yenixeber.org: Dünən – fevralın 18-də dərc edilən təhqiqat yazısında ABŞ prezidenti Donald Trampın rusiyalı milyarder Dmitri Rıbolovlevlə əlaqələrindən bəhs edilir və konkret faktlar göstərilir.
«Rıbolovlev: Trampı müflis olmaqdan xilas edən oliqarx" başlığı altında dərc edilən məqalədə qeyd olunur ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdıran istintaqçılar adıçəkilən ikilinin münasibətlərini də diqqətdən kənar qoymamalıdır.
İstintaqçılara Monakoya baş çəkməyi tövsiyə edən müəllif oliqarx, maqnat Dmitri Rıbolovlevin hazırda orada yaşadığını xatırladıb. Rıbolovlev Monakoda həm də yerli futbol klubunun sahibidir.
Qəzet xatırladır ki, 2008-ci ildə tərəflər arasında əldə olunan razılaşmadan sonra rusiyalı oliqarx Trampdan 95 milyon dollara villa alıb. Villa Florida ştatında, "Palm Biç" adlanan ərazidə yerləşir: "Bu razılaşma Tarampa 54 milyon dollarlıq fantastik gəlir gətirib və amerikalı iş adamını müflis olmaqdan qoruyub".
Dmitri Rıbolovlev
Bu il fevralın 9-da Demokrat Partiyasından olan senator Ron Uayden ABŞ Maliyyə Nazirliyinə sorğu göndərərək bildirib ki, "Palm Biç"dəki əmlakın satışı diqqətlə araşdırılmalıdır.
Məqalədə qeyd olunur ki, Atlantik okeanından 150 metr məsafədə yerləşən, 62 hektarlıq ərazisi olan olan villa qiymətcə bahalıdır. Lakin nəzərə alınmalıdır ki, Donald Tramp onu 2004-cü ildə cəmi 41 milyon dollara alıb. Belə çıxır ki, Tramp bu mülkü rusiyalı oliqarxa ən azı iki dəfə bahasına satıb. Özü də ABŞ-da ipoteka böhranının ən qızğın dövrü olan 2008-ci ildə: "Bir maraqlı məqam da odur ki, amerikalı təhqiqatçılar Trampla Kreml arasında gizli razılaşmanın məhz həmin ərəfədə baş tutduğunu düşünürlər. Beləliklə Tramp biznes karyerasının vacib dönəmində keçmiş SSRİ-dən gələn vəsaitin hesabına müflis olmaqdan qurtulub".
Rıbolovlevin keçmiş həyat yoldaşı olqarxdan boşanarkən bildirib ki, əri Dmitri Trampın evini almağı çox arzulayırdı. Lakin evi bir dəfə də görməmişdi. Məhkəmə prosesi zamanı o həmçinin qeyd etmişdi ki, Trampın villasını alandan sonra əri bir gün belə, orada yaşamayıb.
"Journal du dimanche" hesab edir ki, ikinci şübhəli məqam villanı rusiyalı oliqarxa satandan iki ay sonra Trampın Kiprdə şirkət açmasıdır. Rus oliqarxlar arasında populyar olan bu "vergi cənnəti"nə az qala, bütün varidatını yerləşdirənlərdən biri Rıbolovlev olub: "2010-cu ildə Rıbolovlev "Bank of Cyprus"ın kapitalının 9,7 faizini satın alır. Bankın əsas səhmdarı isə amerikalı Uilbur Ross olur. Bu şəxs də hazırda Trampın ticarət naziridir".
Amerikalı təhqiqatçılar Rıbolovlevin Tramp və onun bir neçə yaxın adamı ilə görüşdüyünü deyirlər. Bundan başqa, məlum olub ki, 2016-cı ilin 3 noyabrında Trampın və Rıbolovlevin təyyarələri Şimali Karolinada – Şarlot aeroportundakı uçuş zolağında bir neçə saat yanaşı olub: "Tramp ora seçkiöncəsi kampaniyaya görə getmişdi. Rusiyalı oliqarxın isə orada olması qəribə görünür. Üstəlik amerikalı istintaqçılar üzə çıxarıblar ki, Rıbolovlev Las-Veqasda, Berbankada, Mayamidə qısa fasilələr verib ki, həmin vaxtlarda Tramp da oralarda olub".
Daha bir diqqətçəkən məqam 2016-cı ildə Rıbolovlevin yaxtasının Xorvatiya sahillərində Trampın qızı və kürkəninə məxsus yaxtanın yaxınlığında göründüyünə dair iddiadır.
Ağ Evdən Trampla Rıbolovlevin heç vaxt görüşmədiyini bildiriblər. Rusiyalı biznesmenin yaxın ətrafı isə Floridadakı villanın alışı zamanı maxinasiyalara yol verildiyinə dair ittihamları qətiyyətlə rədd edib.
Rəsmi Vaşinqton ikilinin təmasını inkar etsə də, "Journal du dimanche" bu məqaləsi ilə Trampın Rusiya ilə mümkün əlaqələrinə dair yaranmış gərginliyin bir qədər də artmasına və müzakirələrin qızışmasına rəvac vermiş oldu…
Strateq.az