Faciəyə yol açan eyvanlarda şüşə sədlər:binalarda standart necə olmalıdır? - FOTOLAR
Bakıda bəzi yeni tikilən çoxmərtəbəlilərin açıq eyvanlarına şüşədən qoruyucu maneələr quraşdırılır. Məsələn, Nərimanov rayonu ərazisində ucaldılan çoxmərəbəli binanın eyvanlarında artıq bu kimi qoruyucu şüşələrə rast gəlmək olur. Vətəndaşlar istədikləri zaman bu şəffaf qoruyucuları aça, istədikləri an isə bağlaya bilirlər
Yenixeber.org: Bakıda xüsusilə də yeni binalarda açıq eyvan problemi çoxsaylı faciələrə səbəb olub. Ona görə də bu məsələ mətbuat tərəfindən də bir neçə dəfə qabardılıb. Belə ki, əksər çoxmərtəbəli binaların eyvanlarına dəmir barmaqlıqların və ya digər alternativ qoruyucuların vurulmasına icazə verilmir. Bu qadağa vətəndaşları narahat edir və onlar mövcud vəziyyətdən narazıdırlar. Lakin buna baxmayaraq, vəziyyətə müvafiq qurumlar tərəfindən əl qoyulmur. Əksər “Xruşovka”ların eyvanları bağlı olsa da, yeni binalarda bu hal müşahidə olunmur. Nəticədə isə xüsusilə yay aylarında valideyn nəzarətindən kənarda qalan azyaşlı uşaqlar bu açıq eyvanlardan yıxılırlar. Belə acı xəbərlərə tez-tez rast gəlirik.
Məsələn, iki il öncə Yeni Günəşli qəsəbəsinin V massivindəki binalardan birinin üçüncü mərtəbəsindən yıxılan azyaşlı qız uşağı ağır xəsarətlər almışdı. Eləcə də Xətai rayonunda iki yaşlı uşaq eyvandan yıxılaraq dünyasını dəyişmişdi. Ötən ilin iyun ayında isə Qaradağ rayonunun Sahil qəsəbəsində 2 yaşlı uşaq eyvandan yıxılmışdı. Lakin o, ikinci mərtəbədə qonşunun paltar iplərinə ilişərək, sağ qalmışdı.
Ümumilikdə isə bu kimi xəbərlər yuxarıda da qeyd etdiyimiz kimi kifayət qədərdir. Lakin maraqlısı budur ki, bu qədər hadisələrə rəğmən əksər çoxmərtəbəli binaların eyvanları hələ də açıqdır. Sakinlər bildirirlər ki, onlar yeni binalardan mənzil aldıqdan sonra eyvanlarına dəmir barmaqlıq vurmaq istəyiblər. Lakin binanın komendantı buna icazə verməyib.
Bildirilir ki, əgər binada hər hansı bir yanğın hadisəsi baş verərsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəmir barmaqlıq olan eyvanlardan içəri keçməkdə çətinlik çəkir. Buna görə də belə maneələrin vətəndaş tərəfindən yaradılması, sonra onun özü üçün problemə çevrilə bilər.
Bəs, binalarda standart necə olmalıdır?
“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, binaların fəsadları bir çox ölkələrdə mülkiyyətçilərə aid deyil: “Bələdiyyələrin qoyduğu qaydalara uyğun olaraq fasad hissədə işlər görülməlidir. Hər bir şəhərin özünün bəlli standartları olur. Bir çox yerlərdə tarixi hissələrə ümumiyyətlə, əl dəymək olmaz. Bizdə bələdiyyə strukturu zəifdir. İcra strukturlarında isə bununla bağlı doğru-dürüst sistem yoxdur. Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən binaların fasadının nə rəng, hansı formada olduğunu soruşsaq cavab verə bilməyəcəklər. Çünki bu barədə heç düşünməyiblər. Fövqəladə Hallar Nazirliyinin dəmir barmaqlıqlarla bağlı dediklərində müəyyən əsaslar var. Ancaq bu da böyük çətinliklər yaratmır.
Çünki əgər hansısa yanğın olarsa, FHN əməkdaşlarının əllərində kifayət qədər avadanlıqlar var ki, dəmir barmaqlıqları tez bir zamanda kəsib, içəri daxil ola bilsinlər. Lakin bu, əlavə zaman itkisinə səbəb olur. Hər hansı bir dövlət idarəsi bunun qarşısını almağı düşünürsə, o zaman vətəndaşın evində oğurluq hadisəsi baş verəcəksə bunun məsuliyyətini kim daşıyacaq? Bəlkə vətəndaş iddia edəcək ki, dəmir barmaqlıq qoysaydım, evimə oğru girməzdi...
Həmçinin məlumdur ki, binalardan tez-tez azyaşlıların da yıxılması xəbərini alırıq. Ona görə də bəlli standartlar tanınmalı, cavabdeh qurumların isə vətəndaşlarla paralel məsuliyyəti olmalıdır. Azərbaycanda bütün sistem elə qurulub ki, hər zaman ya özəl struktur, ya da dövlət qurumu haqlı çıxır. Vətəndaşın haqlı olduğu hala çox nadir hallarda rast gəlinir. Bütün müqavilələrdə, tənzimləyici funksiyalarda da məhz vətəndaşın hərəkətini tənzimləmək, məhdudlaşdırmaq üçün addım atılır. Açıq eyvanların təhlükəsi varsa, standartın təyini mütləqdir.
Dəmir barmaqlıqlar oğurluqların qarşısını alırsa, buna da icazə verilməlidir. Hamı sanki öz işini asanlaşdırmaq istəyir. Yanğın söndürənlər deyirlər ki, dəmir barmaqlıq olmasın ki, yanğına asan müdaxilə edək, icra qurumları yazılmayan qanunlarını tətbiq edib, vətəndaşın müəyyən əməliyyatlarını məhdudlaşdırırlar. Burada vətəndaş, dövlət və bələdiyyənin bir-biri ilə məsuliyyət və səlahiyyət bölgüsü çox dəqiq şəkildə, qanunlarla tənzimlənməlidir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu, belədir”.