SABİQ NAZİR VƏ GENERALIN ŞƏRİKLİ MƏTBƏƏSİNDƏ ÖLÜM... -“İndigo” mətbəəsi kimlərə xidmət edir?
Xəbər verildiyi kimi, ötən gün dekabrın 16-da Bakıdakı “İndigo” mətbəəsində 28 yaşlı gənc işçi faciəli şəkildə həlak olub. Əvvəllər NİDA vətəndaş cəmiyyəti hərəkatının fəallarından olan, daha sonra Vətəndaş Həmrəyliyi Partiyasına üzv yazılan Xəyyam Təhməzov Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. O, iş zamanı qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Və hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.
Yenixeber.org: Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Bu faciəli ölüm hadisəsinin baş verdiyi mətbəə “İndigo” MMC adlı şirkətə məxsusdur, həmin şirkət isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova və onun hazırda ləğv edilmiş nazirliyində hərbi əks-kəşfiyyat idarəsinin rəisi olmuş general Nizami Şirinova məxsusdur.
virtualaz.org dəqiqləşdirib ki, mətbəənin üç payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus “Halal” MMC-dir. Babayev nəşriyyatın təchizat məsələləri ilə məşğuldur. Mənbəmiz bildirir ki, Cavid Babayevlə Tariel Salahov arasında münaqişə var, amma buna baxmayaraq Cavid təsisçi kimi qalıb. T.Salahov gəncliyində quldurluğa görə məhkum edilib, o Maliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşı Xaqani Rzayevin mənzilindən quldurluq yolu ilə oğurluq həyata keçiribmiş.
Nəhayət mətbəədə üçüncü payçı Nizami Şirinovdur, o əvvəllər “Halal” MMC-də işləyib, daha sonra “İndigo” mətbəəsini yaradıb.
Bəs hərbi əks-kəşfiyyat hara, mətbəə işi hara? Doğrudanmı general Nizami Şirinov ötən əsrin əvvəllərində Bakıda “Nina” adlı gizli mətbəəni yaradan bolşeviklərin yolunu davam etdirirdi və həmin mətbəədə Eldar Mahmudov üçün “İskra” qəzetini nəşr edirdi?
Oxşarlıq ola bilər, amma indiki halda nə Nizami Şirinov alovlu bolşevikdir, nə də onun “şefi” Eldar Mahmudov bolşevik inqilabı üçün gizli təbliğat aparan leninçidir. Onların hər ikisini ancaq bir ideologiya birləşdirə bilərdi-quldurluq və talançılıq, hədə-qorxu və şantaj yolu ilə varlanmaq! Və Şirinov öz mətbəəsində “İskra” qəzeti yox, Eldar Mahmudovun atasını vəsf edən kitab nəşri ilə məşğul olub.
Məsələ bundadır ki, Nizami Şirinov ötən əsrin 90-cı illərində mövcud olmuş, eynilə MTN kimi başdan ayağa çirkaba bulaşaraq iflasa uğramış xüsusi xidmət strukturunda, prezident yanında Xüsusi İdarədə işləyirdi. 1997-ci ildə həmin idarənin rəisi, general Elman Qəmbərov Nizami Şirinovu xidmətdə yol verdiyi çoxsaylı qüsurlara görə işdən azad edib. Və Şirinov 2001-ci ildən öz həmkarı, sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan DİN İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi Eldar Mahmudovun “krışası” altında “İndigo” mətbəəsini yaradıb.
E.Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunan kimi Nizami Şirinovu da özüylə aparıb, hərbi əks-kəşfiyyat idarəsinin rəisi təyin edib. Bu vəzifədə Nizami Şirinovun hansı əməllərlə məşğul olduğu, xarici ölkə casusları ilə mübarizə əvəzində qoyun-quzu, inşaat biznesi və digər murdar əməllərlə məşğul olduğu haqda daha əvvəl istintaq materiallarına əsasən geniş yazmışdıq. (Hazırda N.Şirinovun onun rəhbəri olduğu idarənin daha bir neçə əməkdaşının qapalı məhkəmə prosesi keçirilir,-red.)
“İndigo” mətbəəsinin Eldar Mahmudova bağlılığı haqda Böyük Britaniya mətbuatında keçmiş MTN rəhbərinin Avropadakı ailə biznes imperiyası haqda araşdırmasında da qeyd olunurdu. Belə ki, Mahmudov ailəsi nəhəng sərvətin mənbəyi kimi 20-ci əsrin əvvəllərində Bakıda yaşamış milyonçu Aslan Aşurovu təqdim etməyə çalışmışdı, onu “babaları” kimi təqdim etmişdi. Amma araşdırmada qeyd olunurdu ki, E.Mahmudovun atası, sovet dövrü akademiki Əhməd Mahmudov Bakıda milyonçu ailəsində yox, Şərurda sadə kəndli ailəsində anadan olub. Çünki bu haqda Əhməd Mahmudovdan bəhs edən və həmin “İndigo” mətbəəsində nəşr edilmiş, dəbdəbəli təqdimatında Eldar Mahmudovun iştirak etdiyi kitabda bəhs olunurdu…(virtualaz.org)