Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Papanın “başındakı xəritə” -Naxçıvan və Türkiyə arasındakı “Kürdüstan”...

İraqdakı Kürd Bölgəsi İdarəsinin Roma Papasının səfərini “tarixiləşdirmək” üçün buraxdığı poçt markasına etirazlar davam edir


Yenixeber.org: Dünya katoliklərinin ruhani lideri Roma Papası Fransiskin martın 5-dən 8-dək İraqa etdiyi səfər tarixi adlandırıla bilər. Səfər zamanı Papa İraqın siyasi və dini liderləri ilə görüşdü, dinlərarası konfransa qatıldı və kütləvi dua mərasimində iştirak etdi.

Papa səfəri zamanı ölkənin paytaxtı Bağdadla yanaşı, Şimali İraq kürd administrasiyasının mərkəzi Ərbil şəhərinə də səfər etdi. Papa Ərbil şəhərində kürd muxtariyyəti başçısı Nəçirvan Bərzani ilə görüşdü.

Qərb mediası bu səfəri "riskli və təhlükəli" adlandırmışdı. Buna səbəb kimi isə pandemiya və İraqdakı qeyri-sabitliyi göstərmişdi. Amma məlum olduğu kimi, əsl qalmaqal Papanın səfəri başa çatdıqdan sonra başlayıb.

 

Belə ki, İraqdakı Kürd Bölgəsi İdarəsi səfəri “tarixiləşdirmək” üçün bir poçt markası buraxıb. Markada Türkiyənin Sivas, Ərzincan, Ərzurum, Qars və cənubu, habelə İskəndərun, Qaziantep, Mardin və Hakkari “Kürdüstan torpağı” olaraq göstərilib.

Sözügedən xəritəyə baxanda Naxçıvanla Türkiyənin arasına yeni bir dövlətin “girdiyi” görünür.

Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik məsələyə dərhal reaksiya verərək deyib ki, müxtəlif zamanlarda belə cəhdlər olur. “Bunların hamısı yalan və səhv hərəkətlərdir. Əvvəllər Fransa belə bir xəritə buraxmışdı. Ermənistan da vaxtaşırı bunu edir. Bu, Papanın ziyarətinin xaricində olan bir işdir. Bunun Türkiyəyə qarşı düşmənçilik yaradan bir addım olduğunu düşünürük. Türkiyənin bütövlüyünə qarşı həddini aşan hər cür bez parçası xəritə və layihələrə qarşı iradəmiz və qərarlığımız ortadadır" deyə, Çelik bildirib.

Ekspertlər də hesab edirlər ki, Qərb yeni münaqişə ocaqları yaratmağa cəhdlər edir. ABŞ-da Demokratlar Partiyası hakimiyyətdə olduğu zaman isə adətən, “Kürdüstan” ideyası gündəmə daha qabarıq gətirilir.

Məsələ ilə bağlı AYNA-ya danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi şərhçi Araz Aslanlı deyib ki, Yaxın Şərqdə və dünyanın bir sıra yerlərində sərhədləri dəyişdirmək, əraziləri parçalamaq ideyaları gündəmdədir: ”Adi vaxt bu cür marka buraxmaq belə genişmiqyaslı effekt yaratmazdı. Olsa da, lokal təsir göstərərdi. Amma Papa regiona gəlirsə, dünyanın diqqəti ordadırsa, bu, beynəlxalq medianın, xarici dövlət başçılarının mövzusu olacaq. Separatçılar da bundan istifadə etdilər. Fikrimcə, belə bir markanın buraxılması oradakı separatçı kürdlərin özlərinin beyin məhsulu deyil. Necə ki, ora ilə bağlı beynəlxalq güclərin maraqları, siyasətləri var, həmin marka da onların ideyası ilə buraxılıb”.

 

Ekspertin sözlərinə görə, demokratların ABŞ-da hakimiyyətə gəlməsinin “kürd dövləti” ideyası ilə bir neçə baxımdan əlaqəsi var: “Birinci əlaqə simvolikdir. Adətən, Demokrat Partiyası milli azlıq problemləri ilə daha çox məşğul olur.

İkincisi, ABŞ-ın hazırkı prezidenti Co Bayden hesab edir ki, Donald Tramp Amerika qitəsi daxilinə daha çox qapanan siyasət yeritdi ki, bu da səhv idi. Baydenin düşüncəsinə görə, bir qədər dünyaya açılmaq lazımdır. Bu baxımdan, əlbəttə, dünyanın hər bölgəsi ilə bağlı məsələləri Bayden administrasiyası dəyərləndirməyə çalışır. Üçüncü məsələ Bayden hakimiyyətinin Türkiyə ilə münasibətlərə verəcəyi önəm olacaq. O, Obama kimi, Türkiyənin bölgədə və dünyadakı rolunu güclü görəcəkmi? Ankaranın önəmli olduğunu hesab edəcəksə, o zaman Ağ Evin “kürd dövləti” məsələsi ilə bağlı siyasəti fərqli olacaq. Yox, əksini düşünəcəksə, o zaman bir qədər də basqı siyasəti yeridiləcək. Ümumiyyətlə, İraqdakı Kürdüstan bölgəsi ilə bağlı toxumu ata Buş atmışdı, separatizmin dirçəlişi üçün isə Klinton dövründə çox ciddi işlər görüldü. Ötən əsrin 90-cı illərində kürdlərin içərisindən insanlar seçdilər, onları təlimatlandırdılar, hazırladılar. Oğul Buşun dövründə, yəni 11 sentyabr hadisəsindən sonra ABŞ İraqa girəndə, Kürdüstan bölgəsinə hazır kadrlar gətirdilər. “Kürd dövləti” ideyası birdən-birə yaranmadı. Demək istədiyim odur ki, Respublikaçılar, Demokratlar və sonra yenə Respublikaçılar hakimiyyətə gəldi və bunlar bir-birinin davamı olan siyasət yeritdi. Burada incə bir məsələ var – Türkiyəyə Ağ Evin verdiyi önəm. Türkiyəyə ABŞ administrasiyası önəm verəndə “kürd dövləti” məsələsi gündəmə qabarıq şəkildə gətirilmir. Əksinə, kürdlərin Türkiyə ilə yaxın olmasını, birlikdə hərəkət etmələrini istəyirlər. ABŞ Türkiyəyə təzyiq göstərmək istərkən isə “kürd dövləti” məsələsi qabardılır. Kürdlər Ankaraya bir növ basqı alətidir”.

“Bəs, belə bir vəziyyətdə rəsmi Ankara hansı addımları atacaq” sualına ekspert belə cavab verib: “Bu gün Türkiyə bölgədəki kürd problemi qarşısında tək qalmaq istəmir. Əvvəl sözügedən problemlə 4 ölkə qarşı-qarşıya idi – Türkiyə, İraq, Suriya və İran. Hər biri də problemin fərqli şəkildə zərərini görürdü. Suriyada, İraqda mərkəzi hakimiyyət çox zəiflədi, İranda da vəziyyət yaxşı deyil. Elə vəziyyət yaradırlar ki, bu problemin qarşısında sadəcə, Türkiyə qalsın. Hamının ziyanına olan bir məsələnin yükünü rəsmi Ankara yəqin ki, təkbaşına üzərinə götürməyəcək. Amma Türkiyə ərazi bütövlüyünə qarşı təhdidlərə əvvəlkindən daha kəskin reaksiya verəcək. Çünki Türkiyə “soyuq müharibə” dövründən sonra bəzi məqamlarda çox cəsarətli olub, amma gücü cəsarətinə uyğun olmayıb. Bəzi məqamlarda da gücü uyğun olub, amma cəsarəti çatmayıb. İndiki halda ilk dəfədir ki, güc və cəsarət zirvə nöqtədədir. Yəni rəsmi Ankara indi qərarları rahat qəbul edir və icrasını da həyata keçirməyə gücü var”.

 
(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam