Aparıcı Aytən Səfərova fevralın 9-da keçiriləcək parlament seçkilərinə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.

Yenixeber.org: Aparıcı bu barədə "İnstagram" hesabında məlumat verib.

O, seçicilərə müraciət edib: "Əziz ağsulular və ismayıllılar. Hamının dəstəyinə böyük ehtiyacım var. Siz bilirsiniz ki, jurnalist olduğum dövrlərdə sadə xalqın tərəfini tutmuşam, bacardıqca, efir vasitəsilə həmişə insanların problemlərini işıqlandırmağa, onların güzəranında yaranan çətinlikləri efir vasitəsilə lazımı qurumların diqqətinə çatdırmağa çalışmışam. Heç vaxt arxamda hansısa "day-day", tapşırıq və sairə olmayıb. Göydə Allaha, yerdə də xalqımıza güvənmişəm. Məhz sizin rəğbətiniz və isti münasibətinizdir ki, bu gün Aytən Səfərova sadə insanlar arasında tanınan, sevilən və əsası, hörmətlə yanaşılan jurnalistlərdəndir. Son 20 il ərzində Ağsudan müxtəlif insanlar millət vəkili seçilib. Nəticə, daha doğrusu, nəticəsizlik göz qabağındadır. Sözübütöv, qorxmaz, problemlərinizi səsləndirməyə cürəti çatan bir jurnalistin dəstəyinizə ehtiyacı var".