Nazirlik ləğv olunacaq?
Nemət Əliyev: «Nəqliyyatın vahid sistem halında fəaliyyət göstərməsinə zərurət varkən, dövlət başçısının qərarları həmin vəhdəti pozur»
"Xeberinfo.com": Ötən müddət ərzində Nəqliyyat Nazirliyinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Nazirliyin əlindən taksilərə lisenziyaların verilməsi alınaraq, “Asan xidmət”ə verilib. Bundan başqa, dəmiryolu da artıq nazirliyin sərəncamında deyil. Bundan başqa, nəqliyyat müfətişlərinin böyük bir qismi ixtisara salınacaq və bu funksiyanı da yol polisi həyata keçirəcək.
Amma bütün bu addımlardan sonra Nəqliyyat Nazirliyi ilə bağlı məsələ gündəmdən düşdü. Bir müddət Nəqliyyat Nazirliyi ilə bağlı qərarlar səngidi. Lakin srağagün Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti əlindən alınaraq yeni yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına verildi. Şuranın sədri isə Şahin Mustafayev təyin edildi.
Bu addımlar Nəqliyyat Nazirliyini, demək olar, səlahiyyətsiz bir quruma çevirib. Nəqliyyat siyasətini müəyyən etməyən bir qurumun mövcudluğu kimə lazımdır? Bu təşkilatın bu formada ömrü nə qədər sürə bilər?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ölkənin nəqliyyat sistemi ilə bağlı ciddi narahatlıq var. N.Əliyevin sözlərinə görə, bu narahatlıq özünü dəniz, hava, hətta magistral neft-qaz kəmərləri sahəsində göstərir. Nəqliyyat sektorunun ölkə iqtisadiyyatının həyatında çox mühüm rol almalı sahə olduğunu deyən N.Əliyev bildirdi ki, neçə illərdir bu sahədəki yarıtmaz idarəetmə ölkənin nəqliyyat sistemini, demək olar, dağıdıb: “Xəzər Dəniz Gəmiçiliyi sahəsində vəziyyət daha da ağırlaşıb. Hava yollarında vəziyyət də kəskin olaraq qalır. Yük və sərnişindaşınma sahəsində də tənənzül yaşanır. Ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə nəqliyyat sektoruna daha böyük yatırımlar edilib. Amma bu sahədə nəinki canlanma müşahidə olunmayıb, əksinə, tənəzzül daha da dərinə işləyib. Ümumi mənzərənin doğurduğu bu narahatlıq çox əsaslıdır. Kaş dövlət başçısı bu sahədəki problemləri nəzərə alıb, bu strukturda ciddi islahatların aparılmasına təkan verəydi. Amma biz dövlət başçısının konkret Nəqliyyat Nazirliyi ilə bağlı qərarlar qəbul etdiyini görürük. Amma onun məntiqi nəticəsinə diqqət yetirəndə görürük ki, Nəqliyyat Nazirliyi müxtəlif istiqamətlərdə dağıdılır, paylaşılır”.
N.Əliyevin fikrincə, nəqliyyatın vahid sistem halında fəaliyyət göstərməsinə zərurət varkən, dövlət başçısının məlum qərarları ilə həmin vəhdət pozulur. N.Əliyevin sözlərinə görə, bu yanlış qərarların bütün fəsadlarını bir müddət sonra Azərbaycan xalqı görəcək. N.Əliyev hesab edir ki, müvafiq dövlət orqanlarının əsl atmalı olduğu addım nəqliyyat sektorunda yaranmış bu vəziyyətə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması olmalı idi: “Nəqliyyat naziri öz vəzifəsinin öhdəsindən gələ bilməyib. Onun barəsində müvafiq tədbirlərin görülməsi lazımı qərardır. Nəinki lazımi, hətta bir qədər gecikdirilmiş addımdır. Ona bu sahədə müavinlik etmiş şəxslər barədə qanunların ən ağır maddələri üzrə qərarlar qəbul olunmalıdır. Çünki bu sahələrin iqtisadi göstəricilərinin təhlili onu deməyə əsas verir ki, bu sektorda korrupsiya və rüşvət halları meydan sulayıb”.
Azadliq.info