Şahın qanlı mirası, bitməyən düşmənlik, məhşərin astanası -İran-İraq müharibəsi niyə başladı və necə bitdi?

45 il öncə, 1980-ci il sentyabrın 22-də İran-İraq müharibəsi başladı. Bu müharibə tam 8 il davam etdi və XX əsrin ikinci yarısının üç ən iri lokal münaqişəsindən birinə çevrildi. Sovet İttifaqında bu müharibə xüsusi işıqlandırılmadı – bəlkə də ona görə ki, tərəflərin heç biri Lenin və Marks ideyaları uğrunda vuruşmurdu və heç kim “sosializm qurmağa” hazır olduğunu elan etməmişdi.
Yenixeber.org: Halbuki SSRİ-nin İranla sərhədi vardı və bu dövlətin daxilində baş verən hadisələr ittifaqın ali rəhbərliyini narahat etməyə bilməzdi. Üstəlik, maraqlı tərəfi də o idi ki, İraqın döyüş texnikası ilk mərhələdə əsasən sovet istehsalı idi, İranın silahları isə Qərbdən alınmışdı (sonradan sovet silahlarının Çin və Şimali Koreya istehsalı “klonlar”ı ilə döyüşürdülər).
Müharibə astanada
İran-İraq münasibətləri uzun müddət gərgin idi. Yaxın qonşuluğa və adların oxşarlığına baxmayaraq, İran və İraq tamamilə fərqli, bir-birinə bənzəməyən dövlətlərdir. İran əhalisinin çoxunu şiə farslar, İraq əhalisinin isə əksəriyyətini ərəblər təşkil edir. Bu, müxtəlif sivilizasiyaların nümayəndələridir və İranda hətta belə bir məsəl də var: “Özümü elə hiss edirəm, sanki mənə ərəb deyiblər”.
Xeyli şiə Səudiyyə Ərəbistanında, Bəhreyndə, Küveytdə, Livanda yaşayır. İraq da istisna deyildi. Hələ şah Məhəmməd Rza Pəhləvi yalnız yerli şiələri deyil, həm də İraq Kürdüstanı üsyançılarını fəal dəstəkləyirdi; XX əsrin 70-ci illərinin əvvəlində onların sayı 45 min nəfərə çatmışdı. Onlarla mübarizə üçün İraq hökuməti ordunun 80 faizə qədərini və mövcud zirehli texnikanın yarıdan çoxunu cəlb etməli oldu. Öz növbəsində İraq da İranın Xuzistan bölgəsindəki ərəb separatçılarını dəstəkləyirdi.
Nəhayət, 1975-ci ildə Əlcəzair sazişi imzalandı. Bu sazişə görə, mübahisəli sərhəd iki ölkənin arasında Şəttül-Ərəb çayının farvaterindən keçməli idi (dənizə məhdud çıxışı olan İraq sərhədin Şəttül-Ərəbin İran sahilindən keçməsini, çayın tamamilə öz ərazisi sayılmasını istəyirdi - Press klub). Pəhləvi hökuməti bunun əvəzində İraq şiələrinə və kürdlərinə dəstəkdən imtina etməyi öhdəsinə götürdü.
Lakin bu kövrək sülh 1979-cu il İslam inqilabı ilə pozuldu. Yeni İran hakimiyyəti dərhal “inqilabın ixracı” fürsəti və hətta zərurəti haqda bəyanat verdi və sözləri ilə əməlləri üst-üstə düşdü. Elə həmin 1979-cu ildə “Bəhreyn İslam Azadlıq Cəbhəsi” yaradıldı, o da 1981-ci ilin sonunda Bəhreyndə dövlət çevrilişinə cəhd göstərdi. Livanda isə 1982-ci və ya 1983-cü ildə məşhur iranmeyilli şiə təşkilatı – “Hizbullah” (“Allahın partiyası”) meydana gəldi.
İran İslam inqilabının qələbəsi İraq şiələri arasında böyük ruh yüksəkliyi yaratdı ki, bu da ölkə hakimiyyətini ciddi narahat etdi. Üstəlik, iraqlı ayətullah Məhəmməd Baqir Sədr iranlı həmkarı Xomeyniyə təbrik teleqramı göndərərək yazmışdı: “Məhşər günü başqa zalımlar üçün də gələcək.”
Bu eyham Bağdad hakimiyyətinin xoşuna gəlmədi və 1979-cu ilin yayın əvvəlində Sədr ev dustaqlığına məhkum edildi. Şiələrin etiraz nümayişlərinin dağıdılması zamanı onlarla adam öldürüldü, təxminən üç min nəfər həbs olundu. Tehranda Sədri “İraqın Xomeynisi” elan etdilər və “canilərə və zalımlara qarşı cihad edir” dedilər. Öz növbəsində Sədr də fitva verərək İraq dövlətini “qeyri-islami” adlandırdı və hakimiyyətlə əməkdaşlığı qadağan etdi. Beləliklə, qonşular arasındakı münasibətlər göz qabağında gərginləşirdi.
İraq prezidenti Əhməd Həsən əl-Bəkr əl-Ömər kompromis axtarışına meyilli idi, lakin iyunda onu həmişə himayə və etibar etdiyi adam – vitse-prezident Səddam Hüseyn hakimiyyətdən kənarlaşdırdı.

1979-cu il iyunun 16-da 42 yaşlı Səddam Hüseyn İraq prezidenti, İnqilabi Komandanlıq Şurasının rəhbəri, Ərəb Sosialist Dirçəliş Partiyasının (Bəəs partiyası) Regional Komandanlığının baş katibi oldu. 1979-cu ilin iyul ayının sonunda o, guya 68 yüksək vəzifəli Bəəs funksionerinin, o cümlədən İnqilab Komandanlığı Şurasının beş üzvünün iştirakı ilə dövlətə qarşı sui-qəsd hazırlanmasını elan etdi. Həm dövlət aparatında, həm də orduda “təmizləmələr” başlandı. Bununla yanaşı, Hüseyn zabitlərin, polislərin və hakimlərin maaşını əhəmiyyətli dərəcədə artırdı. Repressiyalar fonunda şiələr iki qrupa bölündülər. Səddam Hüseynin prinsipial rəqibləri 1979-cu ildə yaradılan, qərargahı Tehranda yerləşən, qadağan olunmuş dini partiya olan “Dava”nın (İslami dəvət) üzvləri idi. 1980-ci ilin martında bu partiyanın onlarla fəalı edam edildi. Öz növbəsində, “Dava” silahlıları polis məntəqələrinə, hərbi çağırış məntəqələrinə və Bəəs-in əyalət şöbələrinin binalarına hücumlar təşkil edirdilər. “Dava” həmçinin Səddam Hüseynə qarşı iki sui-qəsd hazırladı (1982 və 1987-ci illərdə), lakin hər ikisi uğursuzluqla nəticələndi.
Amma Əli Kəşif Gita və Əli Saqir kimi şiə şeyxləri Səddamın tərəfində oldular.
İraqın yeni prezidenti faktiki dini dövlətdən ayırdığını elan etdi: “Partiya və hökumət dini siyasətə alət etməkdən çəkinməlidir. Hər bir din və hər bir məzhəb öz dini ayinlərini icra etmək hüququna malikdir”.
Bu, siyasəti islam prinsiplərinə tabe etdirməyin vacibliyini hər zaman vurğulayan Xomeyninin mövqeyi ilə tam ziddiyyət təşkil edirdi.
1980-ci il aprelin 1-də Səddamın yaxın silahdaşı, İraq hökumətinin sədr müavini Tariq Əzizə qarşı sui-qəsd cəhdi oldu. O, xristian idi – elə BƏƏS partiyasının yaradıcısı Mişel Əflak kimi. Əflak hesab edirdi ki, islam təkcə din deyil, daha çox bir sivilizasiyadır – Məhəmmədin təbliğatından çox-çox əvvəl mövcud olan “ərəbizmin təcəssümü”dür.
Əzizə sui-qəsd edənlərdən biri ifadəsində bildirdi ki, bu əmri o, İranın Qum şəhərinə ziyarətə gedərkən görüşdüyü Xomeynidən şəxsən alıb. Aprelin 8-də ayətullah Sədr və onun bacısı Bint əl-Huda Bağdad həbsxanasında edam edildilər.

Sədrin edamından dərhal sonra Xomeyni bəyan etdi: “İraq Bəəs-nin alovlandırdığı müharibə İslama qarşı müharibədir. Necə ki, İran ordusu şah əleyhinə ümumxalq mübarizəsinə qoşuldu, elə də İraq ordusu Bəəs-ə qarşı mübarizəyə qoşulmalıdır! İraq xalqı və ordusu Bəəs-ə arxa çevirməli və onu devirməlidir!”
Cavabında İran mənşəli minlərlə insan İraqdan qovuldu. Üstəlik, İraq hakimiyyəti şah dövründə işğal edilmiş Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarının dərhal qaytarılmasını, həmçinin Xuzistan (Ərəbistan) əyalətində yaşayan ərəblərə muxtariyyət verilməsini tələb etdi. Təbii ki, Xomeyni bu ultimatumu rədd etdi.
Aprelin 30-da Londonda Demokratik İnqilabi Cəbhə təşkilatının fəalları İran səfirliyini ələ keçirdilər. Bina mayın 5-də xüsusi təyinatlı “Special Air Service” (SAS) xidmətinin 22-ci alayının döyüşçüləri tərəfindən azad edildi.
İraq və İran bir-birinin səfirlərini növbə ilə “persona non qrata” elan etdilər.
İran yenidən iraqlı kürdlərə dəstək verməyə başladı. Öz növbəsində Səddam Bağdadı Xomeyniyə qarşı olan iranlı royalistlərin və müxaliflərin toplaşdığı mərkəzə çevirdi. Onların arasında şahın sonuncu baş naziri Şahpur Bəxtiyar və keçmiş Baş Qərargah rəisi general Qulaməli Oveysi də vardı. Onlar yalnız təbliğat nitqləri yox, həm də İranda gizli fəaliyyət göstərən qruplara birbaşa göstərişlər verən radiostansiyalara rəhbərlik edirdilər. Nəticədə yeni İran hakimiyyətinə qarşı iki uğursuz üsyan cəhdi oldu (24–25 may və 9–10 iyul 1980-ci il).
Səddam iranlı zabitlərin ruh düşkünlüyü barədə məlumatlar alırdı. Onlar yoldaşlarına qarşı kütləvi repressiyalardan sarsılmışdılar – ordudan 300 general və 12 min zabit uzaqlaşdırılmışdı. ABŞ səfirliyinin ələ keçirilməsindən sonra İran hərbi texnika üçün ehtiyat hissələri ala bilmirdi, radar sistemləri isə amerikalı mütəxəssislər olmadan ümumiyyətlə işləmirdi. Səddam həmçinin İran iqtisadiyyatında ağır vəziyyət, işsizliyin artması və bir sıra malların defisiti barədə məlumatlı idi.
Bununla belə, İraqın da öz “Axilles dabanı” vardı – neft ixracı marşrutları təhdidə olduqca həssas idi və İran onları asanlıqla kəsə bilərdi. İraq ordusunun da vəziyyəti ideal deyildi, amma Səddam hesab edirdi ki, iranlıların durumu daha pisdir. O, 1980-ci il sentyabrın 6–7-də Əlcəzair sazişinə görə İranın İraqa verməli olduğu, amma hələ də vermədiyi ərazilərin tutulması əmrini verdi. İran ordusu sərhədyanı İraq şəhərlərini artilleriya atəşinə tutmaqla cavab verdi.
Sentyabrın 17-də Səddam parlamentdə televiziya kameralarının qarşısında Əlcəzair razılaşmasının İraq nüsxəsini cıraraq dedi: “İranlı liderlər kürd üsyançılarını maliyyələşdirməklə və İraqa aid torpaqları qaytarmamaqla bu sazişləri pozdular. İndi biz də bu sazişi pozulmuş hesab edirik”.
Müharibənin başlanması
Səddam Hüseyn hərbi əməliyyatların təşəbbüskarı kimi İranı göstərirdi. Guya onun ordusu daim sərhəddə təxribatlar törədirdi: təkcə 1980-ci ilin fevral-iyun aylarında onlar İraq ərazisinə 224 dəfə daxil olmuşdular. 26 avqustda isə artıq ciddi döyüşlər başlamışdı. 4 sentyabrda iranlılar sərhəd şəhərlərini artilleriya atəşinə tutdular – Həmin gün İraqda müharibənin başlanğıcı hesab olunurdu.
Sonra hava döyüşləri başlandı: 9 sentyabrda İran “Phantom-2” qırıcısını itirdi, 10 sentyabrda isə prezident Bənisədrin olduğu helikopterə hücum oldu. 21 sentyabra qədər İran azı 10 təyyarə və helikopterini itirdi.
Nəhayət, sentyabrın 22-də İraqın 192 hərbi təyyarəsi İran aviabazalarına zərbə endirdi. Amma təyyarələr anqarların içində qorunurdu, nəticədə iraqlılar cəmi 4 təyyarəni məhv edə bildilər, özləri isə 5-ni itirdilər. Əvəzində çoxlu yanacaq anbarlarını və rabitə mərkəzlərini yandırmaq mümkün oldu. Həmin gün tərkibində 1600 tank olan 100 minlik İraq quru qoşunları hücuma keçdi. Uzun və qanlı İran–İraq müharibəsi belə başladı.
İranda bu münaqişə “Məcburi müharibə” və ya “Müqəddəs müdafiə” adlandırılır. İraqda bu müharibə “Səddamın Qadisiyyəsi” adlandırılırdı: söhbət 636-cı ildə ərəb-müsəlmanlarla Sasani dövlətinin ordusu arasında baş vermiş həlledici döyüşdən gedir. O zaman ərəblər böyük itkilər versələr də, qalib gəlmişdilər.
Səddam Hüseyn Şəttül-Ərəb üzərində tam nəzarət əldə etməyə, Əlcəzair müqaviləsinə görə İraqa qaytarılmalı olan, lakin qaytarılmamış əraziləri ələ keçirməyə və həmçinin həmin sazişlə İrana verilmiş üç adanı (Fars körfəzində) geri qaytarmağa çalışırdı, İranın neftlə zəngin, əhalisinin çoxunun ərəblər olduğu Xuzistan bölgəsini işğal etmək də nəzərdə tutulurdu. Hərçənd, Səddam bəyan edirdi ki, onu qaytarmaq niyyətindədir: ya tələblərinin ödənilməsi müqabilində, ya da ayətullahlar rejiminin devrilib daha dostanə hökumət qurulduqda.
Formal əlamətlərə görə, beynəlxalq ictimaiyyətin gözündə məhz İraq təcavüzkar görünürdü. Amma İran ayətullahlarının orta əsrlərə xas ritorikası və dini motivlərlə apardıqları repressiyalar elə dərin şok yaratmışdı ki, simpatiyalar İraqın tərəfində idi. Ona demək olar ki, hamı kömək edirdi: SSRİ, Yuqoslaviya, Macarıstan, Çexoslovakiya, ADR, Fransa, Böyük Britaniya, AFR, ABŞ, İtaliya, Braziliya, Cənubi Afrika Respublikası və hətta hələ neytral olan İsveç. İranın tərəfində yalnız Liviya, Suriya və KXDR vardı. Çin isə hərbi texnikasını ürək genişliyi ilə satırdı – ona da, buna da.
Amma səfirliklərinin ələ keçirilməsindən incimiş amerikalılar da sona qədər dözə bilmədilər və “İran–kontras” sövdələşməsi çərçivəsində ayətullahlara F-4 “Phantom” qırıcıları və hərbi texnika üçün ehtiyat hissələr göndərməyə başladılar.
Xomeyni İraqın müharibəyə başlamağa cəsarət edəcəyinə inanmırdı, çünki onun fikrincə, belə olsaydı, iraqlı şiələr üsyana qalxmalı və Hüseyni devirməli idilər. Bu səhv İrana çox baha başa gəldi. Xuzistanın müdafiəsini əvvəlcə yalnız bir nizami diviziya, könüllülər və yeni yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcrübəsiz hissələri həyata keçirirdi. Sərhəddəki iranlıların sayı 25 min nəfəri aşmırdı, tankları isə cəmi 800 idi. İraqlılar həm canlı qüvvə, həm də texnika baxımından üstün idilər, amma buna baxmayaraq çox yavaş irəliləyirdilər.
Üstəlik, yerli ərəblərin köməyinə bəslənən ümidlər də özünü doğrultmadı. Havada üstünlük əldə etmək mümkün olmadı: bir həftə ərzində İraq 40 təyyarə itirdi, İran isə 24, bundan sonra iraqlılar hava hücumlarını dayandırmağa məcbur oldular. Həmin vaxtadək isə İranın Xark adasındakı neft terminalı və İraqın Bəsrədəki neft emalı zavodu ciddi ziyan görmüşdü – hər iki tərəfin itkiləri milyardlarla dollarla ölçülürdü.
Artıq sentyabrın 28-də Səddam Hüseyn atəşkəs təklif etdi, lakin Xomeyni iki gün sonrakı cavabında İraq prezidentinin istefasını, təzminat ödənilməsini, mühüm liman şəhəri olan Bəsrənin İrana verilməsini və İraq Kürdüstanının müstəqilliyi üçün referendum keçirilməsini tələb etdi. Döyüşlər yenidən başladı. 1980-ci ilin noyabrına qədər iraqlılar, böyük itkilər bahasına da olsa, 20 min kv.km-dən artıq İran ərazisini, o cümlədən Qəsri-Şirin, Neftşəhr, Mehran, Bostan və Xürrəmşəhr (burada 80 İran tankı və bir neçə ağır artilleriya batareyası ələ keçirildi) tutmağa nail oldular. Əsas zərbə İranın neftlə zəngin cənub-qərbinə endirildi, iraqlılar bu istiqamətdə 60 km irəliləyə bildilər.
Lakin Tehran hakimiyyəti ümumi səfərbərlik keçirdi və iraqlılar dayandırıldı. SEPAH-ın “Bəsic” adlı könüllü dəstələrinə hətta yeniyetmələr və qocalar qoşulurdu. Onların sağ qalmaq şansı az idi, amma “top yemi” kimi onlar da yararlı idilər. Çox vaxt boyunlarına asılmış plastik “cənnət açarları” ilə “insan dalğası” hücumlarının ön sırasına, bəzən də mina sahələrinə göndərilirdilər.
Amma bəzi könüllülər sağ qaldılar və bu gün İran ordusu və SEPAH-da rəhbər vəzifələri həmin müharibə veteranları tutur. Məsələn, mühəndis Qasım Süleymani cəbhəyə könüllü gedərək general rütbəsinə və SEPAH-ın xüsusi əməliyyat qüvvələrinin komandanı postuna qədər yüksəldi. Mühəndislik oxuyan Məhəmməd Baqeri sonradan Baş Qərargah rəisi oldu. 2017-2021-ci illərdə İranın müdafiə naziri olmuş Əmir Hatəmi də hərbi xidmətinə o zaman könüllü kimi başlamışdı.
Amma qayıdaq 1980-ci ilə.
Səddam Hüseyn artıq anlayırdı ki, “qısa və qalibiyyətli müharibə” planı baş tutmadı. O, bir daha İrana atəşkəs təklif etdi, amma yenə də onun üçün qəbulolunmaz şərtlər irəli sürüldü. Dizful yaxınlığında baş verən tank döyüşündə iraqlılar 60, iranlılar isə 40 tank itirdilər. Əhvaz istiqamətində hücum zamanı 150 İraq tankı palçığa batıb qaldı – bəziləri yandırıldı, digərlərini isə heyət tərk etdi.
İran dəniz piyadaları Bəsrənin neft terminallarını məhv etdilər. 28 noyabrda iranlı “Phantom” qırıcıları və katerlər uğurla İraq donanmasına və Əl-Fao limanına hücum etdilər: 2 təyyarə, 5 raket, 4 torpedo, 3 patrul kateri, bir desant gəmisi və təxminən yüz əsgər məhv edildi. İran yalnız bir kater və bir təyyarə itirdi. Bundan sonra İraq faktiki olaraq dəniz blokadasına düşdü. Bu tarix indi İranda Hərbi Dəniz Qüvvələri günü kimi qeyd olunur.
1981-ci il
1980-ci ilin sonunda İraq ordusu müdafiəyə keçdi. İran qüvvələri növbəti ilin yanvarında hücuma keçməyə çalışdılar. Həmidiye yaxınlığında müharibənin ən böyük tank döyüşü baş verdi. Burada İranın üç tank briqadası məhv edildi. İran 214 “M60” və “Chieftain” tankını itirdi (Tehran bu rəqəmin 88 olduğunu iddia etsə də, bu, inandırıcı deyil), İraq isə 50–100 “T-62” tankı itirdi.
Əvəzində iranlı təyyarələr uğurlu hücumla İraqın H-3 aviabazasını vuraraq 23 döyüş təyyarəsini və 4 helikopterini məhv etdilər. Baza komandiri və 5 zabit Bağdadda güllələndi, 20 zabit isə həbs olundu.
Eyni zamanda, 1981-ci ilin mayında İsrail aviasiyası fürsətdən istifadə edərək Fransanın köməyi ilə tikilən İraqın “Osirak” atom reaktorunu bombaladı.
Amma iraqlılar da boş dayanmadılar – onlar İran Kürdüstanında üsyan təşkil etdilər, bu da nəticədə prezident Bənisədrin istefasına və həbsinə səbəb oldu. Kürdlərin qiyamı 60 minlik birləşmə ilə yatırıldı, onun yarısını SEPAH qüvvələri təşkil edirdi.
Digər tərəfdən, Mücahidin Xalq Təşkilatı (Müjahedin-e Xalq, OMIN) hökumətə qarşı terror törətdi. Bənisədrlə müttəfiq olan Məsud Rəcəvi onun lideri idi. Təşkilat İslam Respublikası Partiyasının qərargahında partlayış törətdi: 74 nəfər həlak oldu, onların arasında ayətullah Behişti və 14 nazir vardı.
Dövlət çevrilişi cəhdi uğursuz oldu, 29 iyunda Bənisədr və Rəcəvi qaçırılmış “Boeing-707” ilə Tehrandan Fransaya qaçdılar. OMIN-in təqribən iki min üzvü isə edam edildi.
Belə bir şəraitdə Xomeyni yenə də Səddamın təklif etdiyi atəşkəsdən imtina etdi. İran ordusu yenidən hücuma keçdi və itirdiyi torpaqların 40 faizini 1981-ci ilin sonuna qədər geri aldı...(pressklub)
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada``