“Azərsu”yun əməkdaşları -Ağdam və Füzulidə təhqir və fiziki təzyiqlə üzləşib
“Azərsu” ASC içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görür.
Yenixeber.org: Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəziləri hələ də göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. Ağdam və Füzuli rayonlarında “Azərsu” əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təhqir və fiziki təzyiqlə üzləşiblər.
Ağdam rayonu Quzanlı qəsəbəsində ayrı-ayrı təsərrüfatlarda yaşayan Zaur Quliyevin 340 manat, Zamin Quliyevin 488 manat 45 qəpik, İlqar Quliyevin 351 manat borcu, Qaytaran Quliyevin adına olan abunəçi kodu üzrə isə 415 manat 90 qəpik debitor borc yaranıb. Həmin abunəçilərlə dəfələrlə fərdi söhbət aparılıb və ödəniş olunmasının vacibliyi diqqətlərinə çatdırılsa da, buna əhəmiyyət verməyiblər və ödəniş etməyiblər. Ağdam Sukanal Sahəsinin mühəndisi Etiqad Səmədli borc ödənilməyəcəyi təqdirdə suyun kəsiləcəyi ilə bağlı sonuncu dəfə bildiriş təqdim edərkən həmin abunəçinin fiziki təzyiqlərinə məruz qalıb.
Füzuli rayonunun Horadiz şəhərində isə yerli sukanal idarəsinin əməkdaşı Nəbi Abbasov xidməti vəzifəsini yerinə yetirərkən abonent Cavid Xalyəddinovun ağır təhqirlərinə məruz qalıb. Horadiz şəhər sakini C.Xalyəddinov 303 manat borcunu ödəməkdən imtina edib və onunla aparılan maarifləndirici söhbət xoşagəlməz sonluqla nəticələnib. Hər iki faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
“Azərsu”yun bildiriş təqdim edən əməkdaşları xidməti vəzifələrini yerinə yetirir və onlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Bir daha istehlakçıların diqqətinə çatdırılır ki, göstərilən xidmətin səviyyəsi ödənişin vaxtında edilməsindən asılıdır.
Yaranmış debitor borcların hissəli ödənişinə də şəarait yaradılır. Bunun üçün abunəçi yerli sukanal idarəsi və yaxud sahəsinə müraciət edərək razılaşma protokolu imzalaya və götürdüyü öhdəliyə uyğun olaraq borcunu hissə-hissə ödəyə bilər.