Çin alternativ dünya nizamına dair ambisiyalarını ortaya qoyacaq -Qərb mediası yazır

Qərb mediası Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti haqda nə yazır:
-
Çin-Hindistan yaxınlaşması dünyanın qalan hissəsinə təsir göstərəcək;
-
Çin qlobal nizamla bağlı mesajını verir;
-
Pekin özünü beynəlxalq sülhyaratma qüvvəsi kimi göstərir.
Çin-Hindistan vs. dünyanın qalan hissəsi
Hər il Tiencində keçirilən Avrasiya siyasət və təhlükəsizlik sammiti Pekinin nüfuzunu möhkəmləndirmək, onun çoxqütblü dünya nizamına dair baxışını təşviq etmək niyyəti güdən bir platformadır. Bunu "Politico" nəşri yazır.
ŞƏT 2001-ci ildə NATO kimi Qərb alyanslarına qarşı balanslaşdırıcı qurum olaraq yaradılıb, hazırda 10 üzvü, 16 dialoq tərəfdaşı və müşahidəçisi var.
Builki sammit, əsasən, ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinə fokuslanacaq. Hindistan Rusiyadan neft almağa davam etdiyindən Tramp bu ölkədən alınan məhsullara 50 faizlik tarif qoyub.
Çin və Hindistan liderlərinin uzun illər etimadsızlıq və sərhəd mübahisələrindən dolayı gərginləşdiyi əlaqələrini yenidən qurmaq istədiyi görünür. Təhlilçilərin fikrincə, bunun riskləri Asiyanı aşacaq. "Bu münasibətdə baş verənlər dünyanın qalan hissəsi üçün əhəmiyyətlidir", – bunu "Chatham House" təhlil mərkəzindən Çietiqc Bacpai və Yu Ci deyirlər.
Onların fikrincə, Qərb ölkələri, özəlliklə də ABŞ Çinə qarşı Hindistanı dəstəkləməyə ciddi yanaşırsa, onda Hindistanın edə biləcəklərinə daha real yanaşmalıdır. Modinin Çinə səfəri isə potensial dönüş nöqtəsi sayıla bilər.
"ŞƏT olaraq fərqli baxışımız var"
"The Financial Times" yazır ki, Çin lideri Si Cinpin sammitdə Pekinin alternativ dünya nizamına dair ambisiyalarını ortaya qoyacaq.
"Bu ölkələri Qərb, xüsusilə də ABŞ ciddi şəkildə narazı salıb. Çin onları bir araya gətirir və qlobal idarəetmə, qlobal nizam haqqında mesaj verir... Bildiriləcək ki, ŞƏT olaraq tamamilə fərqli bir baxışa sahibik", – bunu Vaşinqtonda yerləşən "Stimson Center" təhlil mərkəzinin aparıcı elmi əməkdaşı Yun Sun deyib.
Təhlilçilər həmçinin Çin, Rusiya və Hindistan liderləri arasında üçtərəfli dialoqun bərpasını izləyəcəklər. 2020-ci ildə Çin və Hindistan qoşunlarının sərhəd toqquşmasından sonra dialoq dayanıb.
Qlobal sülh yaradan qüvvə?
CNBC bu sammitin Pekinin özünü qlobal sülhyaratma qüvvəsi kim təqdim etməsi fonunda keçirilməsinə diqqət çəkir.
Təhlilçilərin fikrincə, Çinin Hindistanla gərginliyi azaltması Pekinin nüfuzunun möhkəmlənməsinə kömək edə bilər.
"GeoMacro Strategy BCA Access" şirkətinin baş strateqi Marko Papiç bu baxımdan Hindistanla əlaqələrin yaxşılaşmasını böyük məsələ adlandırır: "Uzunmüddətli perspektivdə ABŞ Çini əsas araqarışdıran kimi göstərən təbliğat mübarizəsini uduzur".
Papiç bildirib ki, ŞƏT sammiti Çinin bir sıra ölkələrlə daha yaxşı münasibətlər qurmasına gətirib çıxara bilər.(pressklub)