Ermənistan qarışır: Kremldən yeni plan -TƏHLİL
Ermənistanın Konstitusiya Məhkəməsi eks-prezident Robert Köçəryanın həbsinin əsaslarının konstitusiyaya uyğun olub-olmaması məsələsinə baxıb.
Yenixeber.org: Konstitusiya Məhkəməsi Robert Köçəryanın həbsinin Ermənistan Cinayət Prosessual Məcəlləsinin 35-ci maddəsinin və 135-ci maddəsinin 2-ci hissəsinin konstitusiyaya uyğunluğu məsələsinin müəyyənləşdirilməsi ilə bağlı müraciətinə baxaraq qərar çıxarıb.
Hrayr Tovmasyanın sədrlik etdiyi məhkəmə kollegiyası R.Köçəryana qarşı qaldırılmış cinayət işinin konstitusiyaya uyğun olmaması barədə iddianı qismən təmin edib.
Cinayət Prosessual Məcəlləsinin 35-ci maddəsi Konstitusiyaya uyğun olmayan və etibarsız sayılıb. Qərarın ikinci bəndinə görə, Ermənistan Cinayət Prosessual Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi ölkənin əsas qanununa uyğun hesab edilib.
Eyni zamanda, Cinayət Prosessual Məcəllənin 35-ci maddəsində xüsusi müdafiə edilməli olan vəzifəli şəxslərin cinayət işi və cinayət təqibini istisna edən hallar toxunulmazlığını təmin etməyən və konstitusiyaya uyğun olmayan hissə hesab edilib. Yəni Köçəryanın həbs olunmasının qanuniliyi şübhə altına alınıb.
Hüquqşünasların fikrincə, bu, Robert Köçəryanın həbsdən azad edilməsi üçün prosedurun başlanğıcı ola bilər.
Köçəryanın vəkili Aram Vardevanyan bildirib ki, 35-ci maddə eks-prezidentin konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüquqlarının pozulduğunu göstərir. O qeyd edib ki, CPM-nin 35-ci maddəsi mövcud olmadan 135-ci maddə ola bilməz. O, Köçəryanın həbsinin nə qədər qanuni olması barədə məhkəmə qərarı ilə tanış olduqdan sonra fikir bildirəcəyini deyib.
Robert Köçəryana qarşı cinayət işinin konstitusiyaya uyğun olmaması barədə iddianın məhkəmə tərəfindən qismən təmin edilməsi Ermənistanda artıq siyasi və hüquqi müstəvilərdə fikir ayrılığına səbəb olub. Bu baxımdan, eks-prezidentin azadlığa buraxılması ölkədə siyasi qarşıdurmaya gətirib çıxara bilər.
Nikol Paşinyan iqtidarı son aylar R.Köçəryan həbsdə saxlamaq üçün Ermənistanda məhkəmə sisteminin Qarabağ klanına yaxın hakimlərdən təmizlənməsinə xeyli nail olub. May ayında R.Köçəryanın barəsindəki həbs-qətimkan tədbirinin dəyişidirilməısi barədə qərar çıxarmış hakim David Qriqoryanın özünə qarşı cinayət işinin açılması bu məsələdə məhkəmə orqanlarına ciddi xəbərdarlıq məqsədi daşıyırdı. Buna baxmayaraq, görünür Qarabağ klanı və Rusiya R.Köçəryanın həbsinin konstitusiyaya zidd olduğunu sübuta yetirməklə azadlığa çıxmasına nail olmağa çalışır.
Təbii ki, R.Köçəryanın azadlığa çıxması Qarabağ klanının güclənməsinə təkan verə bilər. Sabiq dövlət başçısının barəsində cinayət işi ləğv edilərsə, Paşinyan hakimiyyətini devirmək üçün onun ərafında siyasi güc mərkəzi yaratmağa cəhd edəcək. Avqustun 31-də Rusiya prezidenti Vladimir Putinin R.Köçəryanı 65 yaşının tamam olması münasibəti ilə təbrik etməsi Kremlin Qarabağ klanının lideri ilə bağlı ümidini itirmədiyini göstərir. Köçəryan terrorçudur və zərurət yaranarsa, öz xalqının qanını tökmək bahasına olsa belə, hakimiyyəti ələ keçirməyə hazırdır. O, 1999 və 2008-ci illərdə bu xüsusiyyətini Kremlə sədaqətlə sübut edib. Ona görə də Rusiya rəhbərliyi Paşinyanı devirmək üçün Köçəryanın xidmətlərindən istifadə etmək planlarından hələ imtina etməyib.
Ancaq Köçəryanın buna nə qədər nail ola biləcəyini demək çətindir. Çünki Köçəryanın azadlığa çıxması onun əleyhinə etiaz aksiyalarının başlanılması ilə nəticələnə bilər. Sabiq prezidentin həbs edilməsində əsasən 2008-ci 1 mart hadisələri zamanı güllələnmiş şəxslərin ailə üzvləri və özləri, baş nazir Nikol Paşinayanın rəhbərlik etdiyi “Mənim addımım” blokuna daxil olan siyasi qüvvələr və Ermənistan Milli Konqresi maraqlıdır.
Hakimiyyət dəyişikliyindən sonra Qarabağ klanının vəzifəsini itirmiş nümayəndələri, Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyası, Daşnaksütyun Erməni İnqilabi Federasiyası, bir sıra hərbçilər, polis və məhkəmə sistemindən xaric edilmiş kadrlar Köçəryanın ətrafında birləşə bilər. Yəni Robert Köçəryanın azadlığa çıxması Ermənistan cəmiyyətində siyasi qarşıdurmanın yaranması deməkdir.
Onu da nəzərə almaq lazımdır ki, indi 2008-ci il deyil və Ermənistanda “məxməri inqilab”dan sonra geosiyasi balans Rusiyanın xeyrinə deyil. Yəni Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edərsə, geosiyasi ağırlığı əlinə almış ABŞ-ın prosesə müdaxiləsi qaçılmaz olacaq. Robert Köçəryana isə hazırkı mərhələdə hakimiyyətə gəlməkdən daha çox azadlığa çıxmaq vacibdir. Əks təqdirdə, Köçəryanın hakimiyyət uğrunda mübarizə oyunlarının iştirakçısına çevrilməsi növbəti dəfə ona qarşı dövlətin konstitusion quruluşunu devirmək ittihamının irəli sürülməsinə gətirib çıxara bilər.
Hər halda, Paşinyan hökuməti gözlənilən təhlükəni nəzərdən qaçırmır. Ona görə də Paşinyanın komandası Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq, R.Köçəryanın barəsində cinayət işinin saxlanılmasına çalışır. Artıq Ermənistan Baş Prokurorluğu Konstitusiya Məhkəməsinin qərarını etirazla qarşılayıb. Ermənistan baş prokurorunun müşaviri Hor Abramyan Köçəryanla bağlı Konstitusiya Məhkəməsinin hər-hansı cinayət işi ilə bağlı qərar qəbul etmək səlahiyyətinin olmadığını deyib: “Mən bəzi KİV-lərin başlıqlarını oxudum və məndə belə təsəvvür yarandı ki, Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Robert Köçəryanın işi üzrə həbs-qətimkan tədbirləri ilə bağlı cinayət-məhkəmə qərarı qəbul edib və onun hüquqlarının müdafiəsi ilə bağlı mövqeyini açıqlayıb. Bu halda Konstitusiya Məhkəməsinin qərarın yalnız son hissəsini dərc edib. Yəni tam qərar hələ yoxdur. Konstitusiya Məhkəməsi konkret cinayət işi barədə qərar verə bilməz. O, yalnız tətbiq olunan hüquqi aktın və ya onun müddəalarının Ermənistan Konstitusiyasına uyğunluğu baxımından qərar vermək hüququna malikdir. Qərarın mümkün nəticələri yalnız bu qərarın hərtərəfli öyrənilməsi əsasında müzakirə edilə bilər. Tələsmək lazım deyil”-deyə Abramyan bildirib.
Vəkil Norayr Norikyan isə facebook sosial şəbəkəsində Konstitusiya Məhkəməsinin qərarını belə şərh edib: “Bu qərar Robert Köçəryanın indiki statusunun dəyişdirilməsini nəzərdə tutmur. Onun gələcək statusu Konstitusiya Məhkəməsində baxılan digər işlərin yekun nəticəsindən asılıdır”.
(Cebhe.info)