Ermənistan ordusuna məxsus məxfi sənəd: General Mirzəbekyanın şok məktubu
Ermənistan Prezidenti Serj Sərkisyanın istefaya göndərdiyi müdafiə nazirinin müavini, general Alik Mirzəbekyanın vəzifədə olarkən Dördgünlük müharibə ilə bağlı hesabat xarakterli məktubu yayılıb.
Xeberinfo.com: Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məktub Dördgünlük müharibə zamanı ermənilərin verdiyi dəhşətli itkiləri bir daha göz önünə sərir. Alik Mirzəbekyanın Dağlıq Qarabağdakı separat rejimin “müdafiə naziri” Levon Mnatsakyana göndərdiyi məktubda Azərbaycan ordusunun erməni hərbi birləşmələrini sıradan çıxarması açıq-aşkar ifadələrlə etiraf edilir.
Ermənistan Müdafiə nazirinin müavini Mirzəbekyan məktubu aprelin 11-də Mnatsakyana göndərib.Həmin məktubu olduğu kimi təqdim edirik:
“Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” general-leytenant L.Mnatsakyana
Ermənistan Respublikasının Müdafiə naziri general-polkovnik Seyran Ohanyanın əmrinə əsasən “Dağlıq Qarabağ Respublikası ordusu”nun hərbi hissələrində maddi-texniki vəziyyətin inspeksiyası aparılıb və aşağıdakı çatışmazlıqlar müəyyən edilib.
Yoxlama prosesində müəyyən olunub ki, döyüş fəaliyyəti zamanı çoxlu sayda avtomobil texnikası məhv edilib, yerdə qalanların böyük hissəsi istifadəyə yararlı vəziyyətdə deyil. Qeyri-kafi vəziyyətdə olan texnika və köhnə konstruksiyalı zirehli texnikanı bərpa etmək mümkün deyil. Bu zirehli texnikanın böyük əksəriyyəti isə tırtıllılardır.
“DQR ordusu”nun təmir-bərpa bazalarında hərbi texnikanın təmir və bərpası üçün gərəkli olan ehtiyat hissələrinin çatışmazlığı müşahidə edilir. Bunun da nəticəsində texnika istifadəyə yararsız vəziyyətdə olur. Bu çatışmazlıqlar birbaşa “DQR”in təhlükəsizliyi və müdafiəsinə təsir edir.
Həmçinin müəyyən olunub ki, döyüş fəaliyyəti zamanı bölmələrdə sursatların və yanacaq-sürtkü yağları materiallarının çatışmazlığı hiss edilib. Yuxarıda göstərilən problemlərlə yanaşı, avtomobil texnikasının olmaması ucbatından döyüş mövqeyinə hərbi sursatların çatdırılması mütəmadi həyata keçirilməyib.
Yuxarıda göstərilən çatışmazlıqlar aşkar göstərir ki, “Dağlıq Qarabağ ordusu”nun maddi-texniki sferasında ciddi problemlər mövcuddur. “Dağlıq Qarabağ ordusu”nun təhlükəsizliyinin təminatı üçün qısa müddət ərzində texniki baxış və təmir-bərpa işləri istiqamətində yuxarıdakı çatışmazlıqların aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir.
Hörmətlə, general-leytenant A.Mirzəbekyan”.