“Müharibə sadəcə olaraq gecikdirildi - Ermənistanın müstəqilliyi bahasına”
Yenixeber.org: Ermənistan Parlamentində Baş nazir Nikol Paşinyan istefaya çağrılıb və müharibəyə səbəb olmaqda günahlandırılıb.
Erməni mediası bildirir ki, müxalif “Ermənistan” blokundan olan deputat Mher Saakyan Paşinyanı sualları ilə ittiham edib. Deputat qeyd edib: “2018-ci ildə siz dediniz ki, “ya mən Ermənistanın Baş naziri olacağam, ya da Ermənistanın Baş naziri olmayacaq”. Nəticədə müharibə və məğlubiyyət aldıq. 2021-ci ildə kreslonuzdan yapışaraq özünüzü təkrar Baş nazir etdiniz və sübut etdiniz ki, Ermənistanın Baş naziri olaraq qalırsınız. Nəticədə biz “Artsax”dan tamamilə imtina etdik. Siz hələ də bu maniyadan əziyyət çəkirsiniz? İndi sizcə, Ermənistanın Baş naziri olmağa davam edəcəksiniz, yoxsa Ermənistanın Baş naziri olmayacaq?”.
Paşinyan isə deputata cavabında belə deyib: ““Maniya” sözünü “konseptual yanaşma” ifadəsi ilə əvəz edərdim. Ermənistan xalqı Ermənistanın Baş nazirinin kim olacağına öz seçimi ilə qərar verməlidir. 2018-ci ildən, mən müvəqqəti saxlama təcridxanasını tərk etdiyim vaxtdan kimin Ermənistanın Baş naziri olacağına yalnız və yalnız Ermənistan xalqı qərar verir. 2021-ci il hadisələrini təsvir edərkən “kreslodan yapışmaq” ifadəsini işlətdiniz. Əksinə, mən istefa verdim ki, qapıları Ermənistan xalqının üzünə bir daha açsın ki, onlar növbədənkənar seçkilər vasitəsilə Ermənistanın Baş nazirinin kim olduğuna qərar versinlər”.
Paşinyan deputatın açıqlamalarını ziddiyyətli adlandırıb:“Bir tərəfdən deyirsiniz ki, biz hakimiyyətdə olmasaq, müharibə olacaq. Digər tərəfdən, bir vaxtlar siz daim deyirdiniz və deyirsiniz ki, biz hakimiyyətdə qalsaq, müharibə olacaq. Reallıq başqadır. Təəssüf ki, Ermənistan ətrafında qlobal vəziyyət təkcə hakimiyyətdən asılı deyil. Başqa bir məsələ odur ki, qlobal vəziyyətdə biz düzgün mövqe tutmalıyıq. Təkcə indi deyil, keçmişdə də həmişə düzgün mövqe tutmaq mümkün olmayıb. 30 ildir ki, aramızda sülh yoxdur. Sadəcə olaraq, elə bir vəziyyətə düşdük ki, müharibə hətta Ermənistanın müstəqilliyi bahasına və marionete çevrilərək gecikdi”.
Bu sözlərə reaksiya verən Saakyan deyib: “Siz millət üçün dağıdıcı siyasət həyata keçirmisiniz. İndi isə siz müstəqilliyi müdafiə etmək bəhanəsi ilə Ermənistanı və erməni xalqını daha böyük çağırışlarla qarşı-qarşıya qoymağa çalışırsınız. Allahdan qorxun və ölkəni tam məhv etməyin, dönüşü olmayan nöqtəni keçməyin. Qoyun, xalq yaşasın”.
“Mən inkar etmirəm ki, biz çətinliklərlə üzləşirik və həmişə də çətinlik var. Hansı çətinliklərlə üzləşdiyimizi başa düşmək vacibdir. Əgər mənim gedişim bütün çətinlikləri neytrallaşdıracaqsa, mən bunu edəcəm. Mən kreslodan yapışmıram. Amma bütün təhlillərim göstərir ki, istefa verəcəyim təqdirdə bunun əksi baş verəcək. İstefa verməməyimin səbəblərindən biri də budur”, Paşinyan fikrini tamamlayıb.(AYNA)