Talıiban yalnız İranı hədəfə aldı
Yenixeber.org: Amma Taliban təhlükəsindən ehtiyatlanan ölkələrin qorxusu xoşbəxtlikdən özünü doğrultmadı. Ən azı bu günə qədər. Sözsüz ki, İran istisna olmaqla.
Hirmənd çayının su resursları ilə bağlı İranla Əfqanıstan arasında yaşanan gərginlik hətta sərhəd zonasında insan ölümü ilə nəticələnən silahlı toqquşmaya da səbəb oldu. Bundan sonra tərəflərin apardıqları qısamüddətli danışıqlar gərginliyi səngidərək, genişmiqyaslı hərbi əməliyyatların qarşısını aldı. Lakin bu heç də belə ssenarinin yenidən gündəmə gələcəyini istisna etmir.
Belə ki, məşhur “Fox News” telekanalı Əfqanıstanda fəaliyyət göstərən qeyri-kommersiya təşkilatlarından birinin direktoru Lesli Merrimana istinadən İranla yaşanan gərginlik zamanı Taliban hökumətinin iki ölkənin sərhədləri boyunca 2000 kamikadze və 20 min döyüşçü yerləşdirdiyini bildirib.
Həmin vaxt sosial şəbəkələrdə yayımlanan videolardan da ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra ölkədə qalan çoxlu sayda Amerika tankılarının və zirehli texnikanın İran sərhədlərinə cəmləşdirildiyi aydın olur. Talibanın güc nümayişinin cavabında İranın sərhəddə daha çox silah və canlı qüvvə yerləşdirib-yerləşdirmədiyi bəlli deyil.
Maraqlıdır ki, ABŞ Müdafiə nazirliyinin sözçüsü polkovnik Rob Lüdvik isə Taliban qüvvələrinin məhz onlar təhvil verilən Amerika maşınları və digər avadanlıqlarından istifadə etdiyini birmənalı şəkildə təsdiqləyib.
“Əfqanıstanın hərbi qüvvələrinin gücləndirilməsi üçün ayrılan vəsait hesabına həmin ölkənin ordusu üçün minlərlə maşın alınıb ki, bunun da 32 növü taktiki maşınlar olub” , - amerikalı hərbçi deyib.
Hesablamalara görə, Taliban lazım gələrsə hərbi məqsədlər üçün Əfqanıstanda 200 minə qədər insanı səfərbər edə bilər, hərçənd İranın hərbi və ehtiyat qüvvələrinin sayı bir neçə dəfə çoxdur. Bundan başqa, İran qırıcı təyyarələr və dronlar kimi üstün hərbi texnikaya malikdir. Taliban isə intihar dəstələrini özünün “qürur” mənbəyi hesab edir.
Tehranın “məhbuslar” jesti
Bir müddət əvvəl Əfqanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Fəzl Məhəmməd Həqqani “Azad Avropa” radiosunun Əfqanıstan bölməsinə müsahibəsində İranın 100 əfqan məhbusunu Taliban hökumətinə təhvil verdiyini bildirib.
“Bu məhbuslar Nimroz sərhədindən Talibana təhvil verilib. Bu proses davam edəcək və yaxın günlərdə daha 250-dən 260-a qədər məhbus İslam Qalada (Herat və Doğarun sərhədi) İslam Əmirliyinə təhvil veriləcək. Bu məhbuslar əsasən narkotik alveri və döyüşlərdə ittiham olunaraq həbs olunublar. Lakin onların heç biri ölümə məhkum edilməyib”, - Həqqani deyib.
Bundan əvvəl insan haqları təşkilatları İran həbsxanalarında ən azı 6 Əfqanıstan vətəndaşının edam olunduğunu və İranda daha çoxunun edam cəzasına məhkum edildiyini açıqlamışdı.
Əfqanıstanın Tehrandakı səfirliyinin müavini Məhəmməd Alim Nuraninin sözlərinə görə, əvvəllər və ötən dövrlərdə İran 884 əfqan məhbusunu Əfqanıstana təhvil verib və iyunun 11-də qaytarılan 100 məhbus da nəzərə alınmaqla onların sayı 984-ə çatıb. İstisna deyil ki, hazırda Qərbin ciddi təzyiqləri ilə üzləşən İran əfqanlı məhbusları Taliban hökumətinə qaytarmaqla xoş qonşuluq münasibətlərinə üstünlük verdiyini, beləliklə də Əfqanıstandan gələ biləcək potensial təhdidi neytrallaşdırmağa çalışır.
Maraqlıdır ki, Taliban hakimiyyətinə təhvil verilən əfqanların taleyi məlum deyil. Son günlər BMT-nin Təhlükəsizlik Şurası (TŞ) isə Talibanın hakimiyyətə qayıdışından sonra Əfqanıstandakı vəziyyətlə bağlı yeni hesabatında Kabilin 90-cı illərdəki radikal siyasət dövrünə qayıtdığını bildirib.
Hərçənd, belə iddianın həqiqəti əks etdirdiyini sübuta yetirən kifayət qədər dəlil-sübut təqdim olunmur. Lakin, hazırda demək olar ki, Vaşinqtonun siyasi sifarişlərini yerinə yetirən meydançaya çevrilmiş BMT-dən görünür bunu bu heç tələb edən də yoxdur. Digər tərəfdən, Talibanla gizli sövdələmədən sonra Əfqanıstanı tərk edən ABŞ-nin milyardlarla dollarlıq silah-sursatı və hərbi texnikanı hansı məqsədlə indi radikal siyasətdə günahlandırılan taliblərə təhvil verdiyini BMT-nin TŞ indiyədək Vaşinqtondan soruşmağa özündə cəsarət tapa bilmir.
Təsadüfi deyil ki, bəzi ekspertlər Talibandan İrana qarşı mübarizədə istifadə etmək məqsədi ilə Vaşinqtonun məhz bu addımı atdığını bildirirlər. Bu isə İran-Əfqanıstan münasibətlərinin kifayət qədər ziddiyyətli olduğundan xəbər verir.
Ziddiyyətli İran-Taliban münasibətləri
2021-ci ilin avqustunda Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi bir sıra ölkələri, xüsusilə də qonşu dövlətləri ciddi şəkildə narahat edirdi. Bu narahatçılıq əsasən Talibanın “Məşhər gününə qədər cihad” şüarını əməldə ən azı qonşu müsəlman ölkələrinə ixrac etmək cəhdləri göstərəcəyi qorxusu ilə bağlı idi.