“ELÇİBƏYİ ƏŞRƏF QANİ İLƏ MÜQAYİSƏ ETMƏK UĞURSUZ ADDIMDIR” –“Erməni mafiyası, Rusiya və İran birləşərək Elçibəyin getməsini təmin etdilər"
Fazil Mustafa: ““Taliban”ın hakimiyyətə gəlişinin əsasını Əfqanıstan toplumu təşkil edir”
Yenixeber.org: “ABŞ Taliban hakimiyyətini Pakistan, Qətər və Türkiyə vasitəsilə nəzarətdə saxlamağa çalışacaq”
Artıq bir neçə gündür ki, Əfqanıstan növbəti hakimiyyət dəyişikliyini yaşayır. “Taliban” hərəkatı 20 ildən sonra yenidən hakimiyyəti ələ keçirərək islam əmrliyi quracağını elan edib.
Dünya gündəmini zəbt edən bu mövzunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müzakirə etdik:
- Fazil bəy, beynəlxalq konyukturanı nəzərə almaqla Əfqanıstanda baş verən prosesləri necə qiymətləndirmək olar?
- “Taliban” 1996-2001-ci illərdə hakimiyyətdə olarkən bəzi ölkələrdə olduğu kimi ənənəvi siyasi islam təşkilatı formasında sərt rejimin qurulması baş vermişdi. Bunlar mahiyyət baxımından islamla uyğun gəlməyən, amma islam adını manipulyasiya edərək dini vəhşi və qəddar şəkildə göstərən anlayışa sahibdirlər. Avropada və digər yerlərdə təhsil almalarına, müəyyən təlimlər keçmələrinə, ABŞ və digər ölkələrlə dərin münasibətlərə malik olmalarına baxmayaraq, zehniyyət məsələsi çox önəmlidir.
“Taliban” əvvəlki hakimiyyəti dövründən fərqli olaraq indi daha yumşaq mesajlar verir. Amma bu bu proses yenə də nəyə gətirib çıxarır? Məlum olduğu kimi, bu idarəçilik islam qaydalarına uyğun yaşamağın məcburiyyətini ehtiva edir, üstəlik şəriət məhkəməsi və ya buna bənzər strukturlar yaradılacaq.
“Taliban”ın hakimiyyətə gəlişinin əsasını Əfqanıstan toplumu təşkil edir. Toplum geri qalanda onu hansısa formada dəyişmək çətin olur. Bizim bəxtimiz onda gətirdi ki, düşüncə adamlarımızın müəyyən qismi rus məktəblərindən keçib gəldilər, dövlət qura bildilər. Amma bizdə indiki dövrdə dini cəhalət kifayət qədər güclənməyə başlayıb. Odur ki, bizim üçün də gələcəkdə belə bir təhlükə görünə bilər. Bizdə həm də siyasi cəhalət yüksək səviyyədədir. Son dövrün hadisələri göstərdi ki, 40 il avara gəz, heç nə ilə məşğul olma, bir məqalə və kitabın olmasın, amma çıx bir dəfə söyüş söy və milli qəhrəmana çevril. Bir söyüş söyməklə siyasi qəhramana çevrilmək mümkün olursa, deməli bu, siyasi cəhalətin göstəricilərindən biridir. Bizdə də vəziyyət ürəkaçan deyil. Xalqın ziyalı potensialı zəiflədikcə həm qaraguruh, həm də dini cəhalət hakimiyyətə gəlmək üçün şans qazanır.
Əfqanıstanda da belədir. Modern təbəqə məhdud saydadır və onların da çoxu da mühacirətdədir. Bu səbəbdən də normal konsepsiya işləyib hazırlaya bilmədilər. Nəticə olaraq hər yanda korrupsiya, xaricdən gələn vəsaitlərin “yuyulması” müşahidə olundu. Əhali də sonda “Taliban”a simpatiya bəsləməyə başladı. Son seçkilərdə ölkədə 30 milyon seçicinin olmasına baxmayaraq, “Taliban”ın boykot çağırışı nəticəsində cəmi bir neçə milyon nəfər seçkidə iştirak etmişdi. Əslində, əfqanlar həmin seçkini boykot etmişdilər.
Fikrimcə, geopolitikada müxtəlif dövlətlərin layihələri üst-üstə düşdüyünə və həm də “Taliban” sistemli təşkilat olduğuna görə, onu məhv etmək mümkün olmadı, əksinə, onun hakimiyyətə yolları açıldı. Təsəvvür edin ki, ABŞ üçün “Taliban” Çinə və İrana qarşı balans alətidir. Artıq mesajlardan da görünür ki, “Taliban”ı idarə edə biləcəklər. Ona görə ABŞ-ın razılığı ilə “Taliban” rahatlıqla hakimiyyətə gəldi. “Taliblər” də keçmiş hakimiyyətləri dövründəki səhvlərini bilirlər, müəyyən nəticələr çıxarıblar. Anlayırlar ki, dünya birliyinə qarşı açıq dirəniş göstərsən, hamı birləşib səni məhv edəcək. Fikrimcə, bu səbəbdən onlar yeni yanaşma ortaya qoyacaqlar.
Əlbəttə, burada Çinin mövqeyi də böyük önəm daşıyacaq. Çin də bu bölgəyə yatırım etməyə, “Taliban”la ünsiyyət qurmağa çalışır. Bunu da edəcək. Hər halda, “Taliban”ın hakimiyyətə gəlməsi təsadüfi deyil. Həm daxildən dəstəyi var idi, həm də xarici konyuktura onun xeyrinə oldu. Onu hakimiyyətə gətiriblər ki, bəzi layihələr həyata keçirilsin.
- Demək istəyirsiniz ki, Kabilin qapılarını “Taliban”ın üzünə açan Vaşinqton ikinci mərhələdə bu qüvvəni Çin və Rusiyaya qarşı istifadə edə bilər?
- Əlbəttə, ABŞ-ın birinci niyyəti budur. “Taliban” da ABŞ-a hamıdan bir köynək daha yaxındır. Buna görə də, “Taliban”ı idarə etmək məsələsində ABŞ-ın çətinliyi olmamalıdır. Üstəlik, “Taliban”ın bir qanadının Pakistan, bir qanadınınsa Rusiya ilə əlaqələri var. Ancaq onun hakimiyyətə gəlməsi əsasən hərəkatın Qətərdəki siyasiqanadının başçılığı ilə mümkün olub. Nəzərə alınmalıdır ki, son 3 ildə bütün danışıqları “Taliban”ın Qətər qanadı aparıb və hakimiyyətə gəlımək üçün münbit şərait yarada bilib. Bizim də bu danışıqlardan xəbərimiz yoxdur.Hər halda, bu danışıqlar ABŞ-ı qane etdiyi üçün tələsik bölgədən çəkilərək hakimiyyətin “Taliban”ın əlinə keçməsinə şərait yaratdılar.
Həmçinin, ümid edirəm ki, Çin də Talibanla dil tapacaq. Çünki Əfqanıstanın narkotik plantasiyalarından başqa heç bir istehsal mirası yoxdur. “Taliban” məcburdur ki, sənaye, dağ sənayesi və digər sahələrdə əməkdaşlığa getsin. Bu əməkdaşlıqla bağlı ən sərfəli təkliflər isə Çindən gələcək.
- Sizcə, “Taliban” Rusiyaya hansısa problemlər yarada bilərmi?
- Fikrimcə, “Taliban” Rusiyaya əsasən Orta Asiya vasitəsilə təhlükə yarada bilər. Burada mümkün variant kimi iki istiqamət müzakirə mövzusu ola bilər.
Birincisi, narkotik trafikidir. Orta Asiya üzərindən belə bir trafik Rusiya üçün problem yaradır.
İkincisi, Orta Asiya bölgəsində islamçı təşkilatların daha çox stimullaşdırılmasıdır. Burada belədir, bir tərəfdə islamçı qüvvələr hakimiyyətə gəldisə, digər tərəfdə də islamçı qüvvələr güclənəcək və fəallaşacaq. Daha çox radikal qruplar hakimiyyətə silahlı yollarla gəlməyin mümkünlüyünü özləri üçün müəyyən edərək addımlar ata bilərlər. Orta Asiya respublikalarında isə sərhədləri ruslar qoruyur. Məncə, artıq Rusiya üçün narahat dövr başlayıb.
Burada daha bir məqam kimi qaçqınlar məsələsini qeyd etmək olar. Bunların böyük əksəriyyəti işsiz-gücsüz, heç bir ixtisasa malik olmayan insanlardır. Bu da ruslar üçün problem yaradır.
- Əgər dedyiniz kimi Əfqanıstandaki hakimiyyət dəyişikliyindən sonra uduşlu tərəf ABŞ olacaqsa, bu zaman Türkiyənin qazancı və ya itkiləri haqqında nə demək olar?
- Burada daha çox üç dövlətin avantajı artır - Pakistan, Qətər və Türkiyə. Qənaətimcə, ABŞ məhz bu üç dövlət vasitəsilə Əfqanıstanla iltibas quracaq. Gözlənilməz olan odur ki, “Taliban”ın ilk mesajları Türkiyəyə yönəldi. Bu, o deməkdir ki, “Taliban” Türkiyəyə meyl etməklə müəyyən dərəcədə yumşaq islam anlayışına maraq göstərdiyini ortaya qoyur. Əslində, Türkiyədə də islamçı qüvvələr hakimiyyətdədir, amma orada dünyavi sistemi zədələmək niyyəti güdən siyasət anlayışı gündəmdə deyil. Diqqət etsəniz görərsiniz ki, 2000-ci illərdə ABŞ Türkiyədə də islamçı qüvvələrin hakimiyyətə gəlişinə mane olurdu. Daha çox sağ mərkəzçi partiyaların hakimiyyətə gəlişinə dəstək verirdi. Sonradan baxdı ki, Türkiyədə islami cinahın qarşısını almaq mümkün deyil. Yəni AKP-nin hakimiyyətə gəlməsi ilə bu model Türkiyədə sınaqdan çıxarılıb. Amma Türkiyədə cəmiyyətin alt yapısı imkan verməz ki, totalitar islam dövləti qurulsun. Lakin Əfqanıstanda nə belə cəmiyyət, nə də belə alt yapı yoxdur. Ona görə də Əfqanıstanda sərt rejim qurulacaq.
-İŞİD əvvəl İraqda, sonra Suriyada islam əmirliyi qurmağa cəhd etdi, amma Qərb qüvvələri ona imkan vermədi. Nəticədə İŞİD-in dağıdılmış ordusunun qalıqları Əfqanıstana üz tutaraq “Taliban”a qoşuldu və indi “Taliban” Əfqanıstanda islam əmrliyini rəsmən elan edir. Bütün bunlar nə dərəcədə təsdüfə bənzəyir?
- “Taliban” elan etdi ki, İŞİD-ə qarşı mübarizə aparacaq. Amma 1996-cı ildə “Əl-Qaidə”yə qarşı mübarizə haqda heç bir söz demirdi. İŞİD-ə qarşı mübarizə aparmaq o deməkdir ki, ABŞ-la siyasət uzlaşmasına gedəcəyik.
İkincisi, belə toplumlara nə qədər pul töksən, imkan yaratsan da, bunun nəticəsi olmur. Bunlar islamı kitab anlayışı ilə qavramırlar.
- Bəzi analitiklər iddia edirlər ki, ABŞ-ın Əfqanıstanda buraxdığı boşluğu Çin, Pakistan və Rusiya doldurmağa çalışacaq. Bu, nə dərəcədə realdır?
- Əslində, yaranan boşluğu hamı doldurmağa, kontakt qurmağa çalışacaq. Burada başqa toplumlar, etnik və milli baxımdan fərqli millətlər, onların dirənişi məsələsi də var. Özbəklər, taciklər var ki, onların baxışları və mövqeyi başqadır. Artıq Əhməd Şah Məsudun oğlu “Taliban”a qarşı mübarizə aparacağına and içib. Yəni Əfqanıstanın başını qısa müddətə yığmaq da elə asan məsələ olmayacaq. Odur ki, bu prosesdə kimin “Taliban”a hansı qarmaq atacağı sözsüz ki, maraqlıdır.
- Sizcə, bundan sonra regionda şərtlər hansı şəkildə dəyişəcək?
- Əslində, regionda artıq indidən şərtlər dəyişib. Zənnimcə, ABŞ-ın mövqeyi xeyli zəifləyəcək. Aydındır ki, Vaşinqton “Taliban” üzərindən müəyyən işləri görməyə çalışacaq. Amma Əfqanıstanda ABŞ-ın özünün birbaşa diktə edə biləcəyi rejim artıq yoxdur.
- Necə düşünürsünüz, Əşrəf Qani iqtidarının qısa müddətdə iflas etməsinə səbəb nədir? Onları ABŞ satdı, ya özləri vuruşmaq, müqavimət göstərmək istəmədilər?
-Başqa çıxış yolu yox idi. Ordunun xeyli hissəsi “Taliban”ın tərəfinə keçmişdi. ABŞ qüvvələri ölkədən çıxdıqdan sonra əfqan hökuməti anladı ki, bu, səbəbsiz deyil, ortada razılaşma var. Bu halda qaydasız döyüşə girmək mümkün deyil. “Taliban”la mübarizədə Əhməd Şah Məsud, yəni tacik faktoru nəsə edə bilər. Çünki belə quruluşlarda müqavimət üçün etnik faktor daha vacibdir, nəinki ordu amili. Ordu bütün hallarda əsgərdən ibarətdir. Diqqət edirsinizsə, biz Qarabağ savaşında da daha çox xüsusi təyinatlılarla döyüşdük...
Orada bu potensiala sahib olanlar əsasən etnik taciklərdir. Amma onlara dəstək verilməsə “Taliban”la baş-başa gələcəklərini gözləmək sadəlöhvlük olardı. Özbəklər də müqavimət göstərə bilərdi. Ancaq onlar da torpağı verdikdən sonra dirənişləri effektiv ola bilməz. Nəyin üzərində müqavimət göstərəcəklər? General Dustun dünya malına başını çox qatıb və ordu hazırlaya bilməyib.
- Prezident Əşrəf Qani Kabildan qaçdıqdan sonra sosial şəbəkənin Azərbaycan seqmentində bu faktı mərhum Əbülfəz Elçibəyin Bakını tərk etməsi ilə müqayisə edənlər ortaya çıxdı. Bu iki prezidentin taleyi nə dərəcədə oxşardır?
- Əvvəla, Əbülfəz Elçibəy Bakını tərk edərkən özü ilə nə xalqının pulunu, nə də bir qram qızılını götürməmişdi. Əşrəf Qaninin isə özü ilə 100 milyonlarla pul götürdüyü haqda xəbərlər var. Odur ki, bu, uğursuz müqayisədir.
Digər tərəfdən, Əbülfəz Elçibəyin arxasında ABŞ və ya o böyüklükdə hansısa başqa bir güc dursaydı, Azərbaycan belə bir problemi qətiyyən yaşamazdı. Ancaq dünyadakı erməni mafiyası, Rusiya və İran birləşərək onun hakimiyyətdən getməsini təmin etdilər. Bu baxımdan da müqayisə uğursuzdur.
Başqa bir məqam odur ki, Əbülfəz Elçibəy ölkəsini tərk etmədi, sona qədər Azərbaycanda qaldı. Həm də o dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı. Bu da onun əsl vətənpərvərliyini göstərdi. Yəni hakimiyyətdən getsə də, ölkənin dağılmaması üçün daha güclü bir liderin hakimiyyətə gəlməsinin zərurətini hiss etdi. Əşrəf Qani isə özündən sonra dövlətin taleyini düşünmədi, pul götürüb ölkəsini tərk etdi. Əslində, Qani qalmalı və “Taliban”la məsələləri çözüb sonra getməli idi. Amma qorxdu k, “Taliban” Nəcibullah kimi onu da boğazından asacaq.
“azpolitika”