Yenixeber.org: İsrail mediası Knessetin (parlament) Beynəlxalq Əlaqələr və Müdafiə komitələrinin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında keçən üç saatlıq görüşü barədə bəzi məlumatlar dərc edib.
Görüşdə iştirak edən İsrailin baş nazir Benyamin Netanyahu Vaşinqton-Tehran danışıqlarının Təl-Əviv üçün də məqbul sayılan təfərrüatları barədə açıqlama verib.
“Vaşinqton və Tehran arasında keçiriləcək görüşün gündəliyi nüvə anlaşması deyil, kiçik bir razılaşmadır. Biz bunun öhdəsindən gələ bilərik”, - Netanyahu deyib.
İsrailin baş naziri, həmçinin 2015-ci ildə Təl-Əvivin şiddətlə qarşı çıxdığı və Vaşinqtonun 2018-ci ildə geri çəkildiyi JCPOA (İranın nüvə probleminin həlli üzrə 5+1 formatı) sazişinə toxunaraq, bunun indiki razılaşmadan fərqli olduğunu bildirib.
Yayımlanan məlumatlara görə, indiki razılaşmanın şərtlərindən biri də Tehranın uranı 60%-dən yuxarı zənginləşdirmək prosesini dayandırması, bunun qarşılığında isə İrana məxsus və sanksiyalara əsasən ölkə hüdudlarından kənarda bloklanan pullarını ABŞ-nin sərbəst buraxmasıdır. Bu müqavilə çərçivəsində hər iki ölkədən olan məhbusların dəyişdirilməsi də nəzərdə tutulur.
MAQATE-nin son hesablamalarına görə, hazırda İranda 60% zənginləşdirilmiş 1,114 kiloqram (251 funt) uran var. Nüvə silahlarının yayılmasına qarşı çıxan ekspertlər mülki məqsədlər üçün uranın bu səviyyədə zənginləşdirilməsinə ehtiyac duyulmadığını bildirirlər.
Maraqlıdır ki, ABŞ rəsmisi iki gün əvvəl Vaşinqtonun uzun müddətdir təxirə salınan nüvə danışıqları ilə bağlı Tehranla əlaqə saxladığını təsdiqləsə də, İranla “müvəqqəti razılaşma” üzrə danışıqlara dair xəbərləri təkzib edib.
Netanyahu:"İran-ABŞ razılaşması kiçik bir razılaşmadır"
Son vaxtlar İranın nüvə problemi ilə bağlı Vaşinqtonla Tehran arasında “müvəqqəti razılaşma” barədə bir sıra media resurslarında yayımlanan xəbərlər ABŞ-nin Yaxın Şərqdəki strateji müttəfiqi olan İsraildə ciddi narahatlıq yaradır. Bununla belə, Təl-Əviv ABŞ-İran danışıqlarının ciddi nəticələr verəcəyinə skeptik yanaşır.