“ƏRDOĞANIN BÖHRANDAN ÇIXMAQ TƏCRÜBƏSİ VAR...” –Zəlzələ Türkiyənin Qafqazdakı mövqelərinə necə təsir edə bilər?
Yenixeber.org: Bunu politoloq Fərhad Məmmədov qardaş ölkədə yaşanan fəlakətin ölkəni daxili, xarici siyasətinə mümkün təsirlərini şərh edərkən bildirib.
Təhlilçi hesab edir ki, may ayına planlaşdırılan prezident və parlament seçkiləri təxirə salınmayacaq.
“Bu, hazırkı hakimiyyətin qərarıdır. Zəlzələnin iqtisadiyyatda yaratdığı afterşoklar yaxın bir-iki ildə artacağından, hakimiyyətin populyarlığı azala bilər. Türkiyə dağılmış vilayətlərin bərpası üçün donorlardan borc ala, daha çox lirə çap olunmasını stimullaşdıra bilər ki, bu da ölkədə yüksək inflyasiyaya səbəb ola bilər”, - o əlavə edib.
Ekspert xatırladır ki, 1999-cu ildə siyasi və iqtisadi böhrana səbəb olan zəlzələ Ərdoğanın komandasının hakimiyyətə gəlməsini şərtlədnriən amillərdən biri oldu.
“O zaman hakimiyyət dağılan yerləri bərpa edə, ölkəni inkişaf etdirə bildi. Yəni Ərdoğan iqtidarının böhrandan çıxmaq təcrübəsi var, -təhliçi qeyd edib.
F.Məmmədov daha sonra Türkiyənin bərpa prosesində beynəlxalq iştiraka və güc mərkəzlərinin maraqlarına toxunub: “Türkiyədə seçkilərə təkcə hazırki iqtidar hazırlaşmır. Ərdoğanın beynəlxalq aləmdəki dostları və əleyhdarları həm onun özünü, həm də hələlik açıqlanmayan rəqibini dəstəkləmək üçün pərdə arxasında addımlar atırlar. Düşünürəm ki, zəlzələ Türkiyə iqtidarının fəaliyyətini bir qədər məhdudlaşdıracağından Qərb ona maliyyə dəstəyi verməyə tələsməyəcək. Bu kontekstdə Türkiyədə siyasi və iqtisadi böhranın nə qədər dərin olacağı önəmlidir. Ərdoğanın əsas vəzifəsi hakimiyyəti saxlamaq və böhranın dərinləşməsinin qarşısını almaqdır. Bir ay ərzində dəymiş ziyanın miqyası, bərpa müddəti və əsas daxili və xarici aktorların mövqeləri aydın olacaq”.
Ekspert vurğulayır ki, Türkiyə hakimiyyətinin resursları bir qədər məhdud olacaq: “Bunu etiraf etmək lazımdır. Bununla belə, iqtidarın əlində iqtisadi, texnoloji və siyasi inkişaf alələri var. Kimin iqtidarda olmasından asılı olmayaraq beynəlxalq siyasətdə Türkiyə uzun müddət fəallığını davam etdirəcək. Türkiyə dünyanın o qədər çox yerinə və o qədər dərinə nüfuz edib ki, artıq çıxması mümkün deyil. Onun zəifləməsi Azərbaycan, NATO ölkələri, Ukrayna, Rusiya, İran, İsrail, Balkan ölkələri də daxil olmaqla çoxsaylı tərəfdaşların maraqlarına uyğun gəlmir. Eləcə də Mərkəzi Asiya, İslam dünyası, Afrika ölkələri də bu sıraya aiddir. Türkiyənin xarici siyasəti təkcə hakim gücün deyil, həm də ordunun, iqtisadiyyatın, xalqın ümumiləşmiş maraqlarını ifadə edir”.
Türkiyənin Cənubi Qafqazdakı mövqeyinə gəlincə, F.Məmmədov bildirir ki, qardaş ölkənin bölgəmizdəki rolu Azərbaycanla müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərindən ibarətdir.
Onun sözlərinə görə, bu əlaqələr həyata keçirilən bütün layihələlrə və üçtərəfli formatlarla möhkəm institutlaşdırılıb: “Ötən illər ərzində Azərbaycan sistemli şəkildə üçtərəfli əməkdaşlığı məzmunla doldurub, tərəfdaşlıq şəraitində strateji layihələr həyata keçirib. Türkiyənin gücü müttəfiqlərinin gücündə və qarşılıqlı effektli fəaliyyət mexanizlərindədir. Regional proseslərdə Azərbaycan Türkiyənin tam dəstəyinə malikdir, bu konteksdə siyasi liderlərin birliyini, türk xalqlarının və orduların inteqrasiyasını qeyd etmək lazımdır. Şuşa Bəyannaməsindən sonra bu müttəfiqlik sənədləşdirilib və Türkiyənin bütün əsas siyasi qüvvələri tərəfindən dəstəklənir.
Ermənistanda, İranda və Fransada kiminsə ümidi ola bilər ki, yaxın illərdə Türkiyənin resurslarının məhdudlaşdırılması vəziyyətin dəyişməsinə şərait yarada bilər, Ankara zəlzələdən əvvəl atmadığı addımları atmağa məcbur ola bilər, onlar dərindən məyus olacaqlar”.
Politoloq xatırladır ki, Ermənistanda necə deyərlər, “şərqdə də, qərbdə də “iki Bakımız” var” düşünsəsi hakimdir. Onun sözlərinə görə, bu reallıq gələcəkdə də dəyişməyəcək.
“Laçın-Xankəndi yolunda aksiya məntiqi nəticə əldə olunana qədər davam edəcək. Vardanyan layihəsi Moskvada onun təşəbbüskarları tərəfindən yenidən nəzərdən keçirilir. Çünki bu layihə əks effekt verdi: Ermənistanda Qərbin mövqelərinin güclənməsi, Rusiya sülhməramlıları Laçın yolunda müstəsna rolunu faktiki itirməsi və Qarabağ erməniləri arasında ümidsizliyin güclənməsi bundan xəbər verir”, - o vurğulayıb.
F.Məmmədov bildirir ki, həlledici işlər yazda görülə bilər: “Son iki ilin ənənəsi - qar əriyəndən sonra mövqeləri dəqiqləşdirmək, danışıqlar platformasına təzyiqləri artırmaq, Ermənistanı substantiv danışıqlara inandırmaqdır. Azərbaycanda bu resurslar var. Türkiyədə baş verən zəlzələ bölgədəki vəziyyətə təsir edir, lakin Azərbaycanın öz imkanları, resursları öz gündəliyini həyata keçirməyə imkan verir”. “Azpolitika”