Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ukraynanın Azərbaycandakı səfiri:"Nəyin bahasına olursa olsun, tab gətirəcəyik"

 

Yenixeber.org: Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin ölkəsinin müstəqilliyini elan etməsinin 31-ci ildönümünə həsr olunmuş “Qələbə resepti” sərlövhəli məqaləsini təqdim edirik.

Avqustun 24-də Ukrayna müharibə vəziyyəti şəraitində öz 31-ci ad gününü qeyd edəcək. Bu gün həmvətənlərim üçün necə olacaq? Onların bir çoxu silahdaşları ilə birlikdə əllərində silahla dövlətin suverenliyini və ərazi bütövlüyünü Rusiya işğalından müdafiə edəcəklər. Onlardan bəziləri fədakarlıqla şəhər və qəsəbələrin həyat fəaliyyətini təmin edəcək, Rusiyanın iyrənc və ədəbsiz şəkildə atəşi nəticəsində dağılmış infrastrukturu bərpa edəcəklər. Digərləri Rusiyaya təzyiq göstərmək və düşmən tərəfindən müvəqqəti ələ keçirilən bütün ərazilərimizin tezliklə azad edilməsini təmin etmək üçün könüllü fəaliyyətini və ya beynəlxalq ictimaiyyətin səylərini birləşdirməyə davam edəcəklər.

Ukraynalılar üçün hər gün, hər dəqiqə həyat mübarizəsi, varlıq mübarizəsi, öz gələcəyi və övladlarının gələcəyi uğrunda gedən mübarizədir. Biz “Qolodomor”a, dəhşətli dağıdıcı müharibələrə, deportasiyalara və bizə qarşı törədilən digər cinayətlərlə sinə gəlmiş xalqıq. Biz qırılmadıq, çünki öz tariximizi yaxşı bilir və ona hörmət edirik, azadlığı yüksək qiymətləndiririk, uğurlu gələcək yaratmaq, öz torpağımızı məharətlə idarə etmək və digər icmalarla sülh şəraitində yaşamaq istəyirik. Təhlükə yaxınlaşdıqda düşmənə layiqli cavab vermək üçün cəld toplanmağa meylli oluruq.

Altı aydır ki, Ukrayna şərə müqavimət göstərir. Bu müddət ərzində Rusiya bütün dünyaya özünün əsl yırtıcı mahiyyətini və Ukrayna dövlətini, Ukrayna xalqını məhv etmək üçün manyak istəyini nümayiş etdirdi. Rusiyanın başlatdığı müharibə onun “Ukrayna” anlayışı ilə bağlı hər şeyi məhv etmək məqsədi daşıyan kampaniyasının bir hissəsidir.

Kremlə suveren dövlətin ərazisinə silahlı hücum həyata keçirmək üçün bəhanə belə lazım deyildi. Beynəlxalq hüquqa qarşı etinasız yanaşaraq, 21-ci əsrdə Kremlin hərəkətləri müasir qlobal təhlükəsizlik arxitekturasının mövcudluğunu şübhə altına aldı. Rusiya rəhbərliyi xüsusən də nüvə silahından istifadə etmək və ya Zaporojye vilayətində Rusiya qoşunları tərəfindən müvəqqəti ələ keçirilən atom elektrik stansiyasını məhv etmək ehtimalı ilə bəşəriyyəti təhdid edərək, bütün sivil dünyanı girov götürmək istəyir. İndiki Rusiya terror dövlətidir.

Ukrayna və beynəlxalq tərəfdaşlarımız Rusiya silahlı qüvvələrinin əslində terror qruplaşması olduğunu, mülki infrastrukturu qəsdən məhv etdiyini, Ukraynanın dinc əhalisini öldürdüyünü və ya girov götürdüyünü göstərən çoxlu sübutlar toplayıb.

Uzun illərdir ki, Ukrayna qlobal ərzaq təhlükəsizliyi sisteminin qorunmasında etibarlı tərəfdaşdır. Eyni zamanda, Rusiya Federasiyası hazırkı mərhələdə Ukrayna taxılından dünya ictimaiyyətinə növbəti təzyiq aləti kimi istifadə edir. Məhsullarımızın dünya bazarlarına çıxarıldığı Ukrayna limanlarının dəniz blokadası ilə yanaşı, Rusiya Ukrayna məhsullarını oğurlayır, öz ərazisinə qaçaqmalçılıq yolu ilə gətirir, məqsədli şəkildə Ukrayna taxıl anbarlarını raket atəşinə tutur, nəticədə tonlarla Ukrayna buğdası, qarğıdalı və günəbaxan məhv olub və ona ən çox ehtiyacı olanlara çatmayacaq. Ukrayna ərzağının qiymətini ukraynalı fermerdən soruşun! Siz pul ekvivalentini eşitməyəcəksiniz. Yorğun əllər və baxış görəcəksiniz, tarlanın bir yarısının Rusiya qoşunlarının atəşi nəticəsində yandığı anda digər yarısında məhsulun necə tez biçilməsi haqqında danışdıqlarını eşidəcəksiniz.

Ancaq bu cür cinayətlərdə təkcə Rusiya Federasiyası ali siyasi rəhbərliyi və ya Rusiya ordusu günahkar deyil. Təqsirkar öz cəsarətsiz susqunluğu və ya qətiyyətsizliyi ilə Kremli bəşəriyyətə qarşı yeni, daha cəsarətli cinayətlərə sövq edənlərdir - bu, kollektiv məsuliyyətdir!

Bu gün Ukrayna xalqı əslində təkcə öz dövlətini deyil, həm də bütün sivil dünyanın dəyərlərini qoruyur, bunun üçün ən yüksək qiyməti öz canı ilə ödəyir. Ukrayna xalqının keçdiyi bütün qəm-qüssə və qeyri-insani sınaqlara baxmayaraq, Ukrayna xalqı – məğlub olmayanlar xalqı, qaliblər xalqı kimi bərkiməkdə davam edir.

Dövlətin mövcudluğu üçün bu dönüş dövründə aydın bir anlayış peyda olur: sizin əsl dostunuz, düşməniniz kimdir və Ukraynada baş verənlərə qarşı öz biganə olmayan münasibətini və həyəcanını sadəcə yamsılayan kimlərdir.

Biz bir daha əmin olduq ki, Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də həqiqi və etibarlı dostdur. Xalqlarımız müasir qlobal çağırışlar və təhdidlər şəraitində suverenliyi və ərazi bütövlüyünü qorumağın qiymətini yaxşı bilirlər.

Müharibənin ilk günlərindən Azərbaycan Respublikası Ukraynaya güclü dövlət humanitar yardımını müntəzəm olaraq göstərir. Azərbaycandan Ukraynaya ərzaq, dərman, tibbi avadanlıq və s. ibarət minlərlə ton yük çatdırılıb. Bu kömək ürəkdən gəlir və buna görə də dəyərlidir.

Ukrayna yanacaqdoldurma məntəqələrində xilasetmə maşınları, təcili yardım maşınları üçün minlərlə litr pulsuz yanacaq, əkin üçün yanacaq-sürtgü materialları... Azərbaycan Hökumətinin bizə yardım əlini uzatdığına dair belə misallar kifayət qədər çoxdur.

Müharibənin ilk günlərindən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında dinc aksiyalarla toplaşaraq Ukrayna xalqına dəstək və həmrəyliklərini “Yaşasın Ukrayna! Yaşasın Qəhrəmanlar!” qüdrətli şüarı ilə ifadə edən minlərlə sadə azərbaycanlının narahat üzlərini yaxşı xatırlayırıq.

Bir neçə gün ərzində ölkənin müxtəlif şəhərlərində Ukraynaya kömək məqsədilə birgə səylərlə könüllülər hərəkatı təşkil edildi. Bu yardım uşaqlardan, böyüklərdən, qocalardan, hər yerdən gəlirdi. Yeni velosiped almaq üçün pul yığan və nəticədə bütün əmanətlərini Ukrayna hərbçiləri üçün ilk tibbi yardım dəstləri almağa sərf edən azərbaycanlı yeniyetməni unutmaq olarmı? Rusiya tərəfindən güclü atəşə tutulan evlərindən tələm-tələsik götürülən əşyalarla Ukraynanı tərk etmək məcburiyyətində qalaraq qonaqpərvər Azərbaycana gələn ukraynalıları səhər yedizdirmək üçün bütün gecəni dolma bişirən yaşlı qadını unutmaq olarmı? Müharibə dəhşətlərindən keçmiş, son aylarda aldığı təqaüd vəsaitinin böyük hissəsini zərərçəkmiş ukraynalıların ehtiyacları üçün bağışlayan bakılı təqaüdçünün gözlərini unutmaq olarmı? Həmçinin, azərbaycanlı məktəblilərin Ukraynaya qələbə arzulayan təsirli məktublarını, eləcə də sağlamlaşdırma və reabilitasiya üçün Azərbaycana gəlmiş ukraynalı uşaqların xoşbəxt gözlərini də unutmaq olmaz...

Bizə kömək əlini uzadan hər kəsə demək istəyirik: “İnsanlar, siz inanılmazsınız! Dəstəyiniz üçün təşəkkür edirik! Ukraynalılar sizin biganə qalmadığınızı hiss edir və qiymətləndirirlər, bu, bizə güc verir!”

Çətin sınaqlar zamanı Ukrayna dövlətçiliyi ilə yanaşı, vətəndaş cəmiyyəti də möhkəmlənməkdə davam edir. Rusiyanın Ukraynaya qarşı başlatdığı səkkiz illik müharibədə ukraynalılar son dərəcə çətin sınaqlardan keçdilər ki, onlar bizim ruhumuzu möhkəmlətdi və bizi Vətənə məhəbbətin ən yüksək mənəvi dəyər olduğu monolit ailənin içində birləşdirdi.

Azərbaycandakı Ukrayna icması da oxşar təkamül proseslərindən keçib. Liderləri “rus dünyası” ideologiyası ilə aşılanmış və başqalarının narrativlərini təbliğ etmək və ya yalnız öz ambisiyalarını təmin etmək üçün etnik ukraynalıların səmimi hisslərindən istifadə edən saxta-vətənpərvərlər və saxta Ukrayna törəmələri unudulmaq üzrədir.

Azərbaycandakı bugünkü Ukrayna icması ürəyində “vışivanka” ilə yaşayanlardır, bu, öz tarixi ilə fəxr edən, xalqının dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşan ailə, bundan əlavə, Ukraynanın dünyada müsbət imicinin təsdiq olunmasına təsir göstərən və Ukrayna ilə Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfə verən kəslərdir. İcmamız həm də ukraynalıların və azərbaycanlıların müxtəlif nəsillərinin qayğıkeş nümayəndələridir ki, onlar Ukraynanın əsl dostları və öz ölkələrinin vətənpərvərləri olduqlarını sözdə deyil, əməlləri ilə nümayiş etdirirlər.

Bu gün silahımız təkcə avtomat deyil! Dürüstlük, ədəb və həqiqət yalana, alçaqlığa, qeyri-səmimiliyə, paxıllığa, nifrətə qarşı güclü silahdır.

Biz Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı məlumatları obyektiv və qərəzsiz şəkildə işıqlandıran və işıqlandırmaqda davam edən Azərbaycan ekspert icmasının nümayəndələrinə və jurnalistlərə, o cümlədən daim Rusiya atəşi altında olan sıravi ukraynalıların hər gün yaşadıqları hissləri təhrif olunmamış vəziyyətdə Azərbaycan tamaşaçısına çatdırmaq üçün Ukraynanın ən təhlükəli şəhər və qəsəbələrinə getməyə cəsarət göstərmiş şəxslərə səmimi minnətdarlığımızı bildiririk.

Təəssüflər olsun ki, peşəkarlıq və ədəb-ərkan imtahanından keçməyənlər, müharibədən gizlənərək “divan mütəxəssisi”nə çevrilənlər, əxlaq prinsiplərinə xəyanət edərək, yalan xəbərlər yayaraq, xayp tutmağa çalışanlar oldu. Allah onların hakimidir. Amma necə deyərlər, heç olmasa bir dəfə peşəsinə, dostuna və ya həmkarına xəyanət edən növbəti dəfə öz Vətəninə asanlıqla xəyanət edə bilər. Vətənpərvərlik və peşəkarlıq böhtanlarla deyil, utanmayacağımız əməllərlə, eləcə də fəxr edəcəyimiz nəticə üçün gündəlik işlərlə, ümumi uğur hekayəsinin yazılmasında iştirakla sübut edilməlidir.

Zaman hər şeyi öz yerinə qoyur. Müharibənin bu altı ayı ərzində biz başa düşdük ki, qələbəmizin, ümumi qələbəmizin resepti birlik və əsl səmimi dostların varlığından ibarətdir. Bizim gücümüz həqiqətdədir. Dəqiq bilirik ki, nəyin bahasına olursa olsun, tab gətirəcəyik, çünki özümüzə aid olanları - uşaqlarımızı, evlərimizi, ölkəmizi, dəyərlərimizi qoruyuruq! Bizi satın almaq mümkün deyil, çünki torpağa olan sevgi satılmır. Bizi sındırmaq mümkün deyil, çünki məşhur ukraynalı kinorejissor Aleksandr Dovjenkonun dediyi kimi - “Biz bütün dünyada ən yüksək dəyərə malik olan Vətən üçün mübarizə aparırıq!”

Ad günün mübarək, əziz Ukrayna!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam