Bakıya qarşı ABŞ-dan “vicdanlı yanılma”, yoxsa təxribat? -Ankaranın “qırmızı xətt” xəbərdarlığı
Çeynənən Minsk Qrupu “saqqızı”; köhnə iddialar; Amerika yenə “qaş düzəldən yerdə gözə xətər” yetirdi; bölgədə qalıcı barışığı istəyənlər revanşistlərin “çörəyinin üzərinə yağ sürtməyə” son verəcəklərmi?..
Yenixeber.org: Xəbər verildiyi kimi, iyulun 25-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Blinken ölkəsi tərəfindən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini, Tiflisdə iki ölkə xarici işlər nazirlərinin görüşü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.
Öz növbəsində İlham Əliyev XİN rəhbərlərinin Tiflis görüşünü sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan artıq belə bir müqavilənin hazırlanması üzrə öz komissiyasını formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımı gözləyir.
ABŞ dövlət katibi həmçinin ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib. Həmçinin bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə vurğulanıb.
Məlumata görə, İlham Əliyev humanitar məsələlərə də toxunaraq, 1-ci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilmədiyinə diqqəti çəkib. Habelə işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən kütləvi şəkildə minalar basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib. Telefon danışığı zamanı əməkdaşlığın perspektivlərinə dair də fikir mübadiləsi aparılıb.
*****
Ancaq təəssüf ki, ABŞ tərəfi yenə “qaş düzəldən yerdə gözə xətər” yetirib. Belə ki, Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, guya Əliyev-Blinken danışığı zamanı “digər məsələlərlə yanaşı, ATƏT-in Minsk Qrupu nümayəndələrinin Ermənistan-Azərbaycan sülh danışıqlarında iştirakının bərpası mövzusu da müzakirə olunub”.
Diplomatik mənbələrdən isə bəlli olub ki (Haqqın.az), söhbətdə Minsk Qrupundan bəhs edilməyib və bu səbəbə mənbə belə açıq-aşkar dezinformasiya faktının məyusluq doğurduğunu söyləyərək, bunu son dərəcə yersiz və hətta məsuliyyətsizlik adlandırıb. “Tarixə qovuşan ATƏT-in Minsk Qrupunu təzədən reanimasiya eləmək ideyasını müzakirə etmək səriştəsizlikdir və düzgün deyil” - izahatda bildirilir.
Oxşar terminologiya eyni gündə baş tutmuş Blinken-Paşinyan danışığı ilə bağlı rəsmi İrəvanın yaydığı press-relizdə də əksini tapıb. Ancaq ermənilər üçün bu, bir növ vərdiş halını alıb: kimlə gəldi “Minsk Qrupu”, “status” söhbəti edirlər. Bəs rəsmi Vaşinqtona nə gəlib? Məgər ABŞ 2-ci Qarabağ savaşından sonrakı reallıqların fərqində deyil, “Minsk Qrupu qatarı”nın həmişəlik getdiyini, onun daha heç bir işə yaramadığını bilmir? İndi bunu necə anlayaq, “vicdanlı yanılma”, yoxsa sülhə qarşı növbəti təxribat?
*****
Məhz belə “yanlışlıqlar”ın nəticəsidir ki, erməni tərəfi köhnə iddialarından əl çəkmir, 10 noyabr kapitulyasiya sənədinin bəndlərinin icrasını ləngidir, xüsusən də qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması öhdəliyindən yüz bəhanə ilə boyun qaçırır, Zəngəzur dəhlizinin açılışını əngəlləyir, Laçın yoluna alternativ yolun öz ərazisindən keçəcək hissəsinin inşasını süni şəkildə yubadır və s.
Bu arada isə məlumat yayılıb ki, Ermənistan müxalifəti sentyabrın 2-də Qarabağa qanunsuz səfərə hazırlaşır. Bildirilir ki, Qarabağdakı separatçı-kriminal rejimin rəhbərliyi onlara dəvət göndərib. Yada salaq ki, separatçılar 2 sentyabrı “Azərbaycandan ayrılma günü” kimi qeyd edirlər.
Göründüyü kimi, dövlətimizə qarşı növbəti təxribat hazırlanır. Hərçənd sonuncu dəfə rus sülhməramlıları erməni müxalifətini təmsil edən deputatları Qarabağa buraxmamışdı. Yenə eyni mövqe sərgilənəcəkmi? Təxminən bir ay sonra biləcəyik...
*****
Qayıdaq amerikanların “vicdanlı yanılmalarına”. Məhz belə “yanılmalar”dan ruhlanan erməni radikal-revanşist müxalifəti, erməni lobbisi də bölgəmizdə böyük sülhün perspektivinə zərbə vurmağa davam edirlər. Onlar Nikol Paşinyan sülh yönündə mikroskopik addımlarını belə milli xəyanət kimi təqdim edir, aranı qatmağa çalışırlar. İndi də “payız hücumu”na hazırlaşırlar.
Ancaq bütün bu səylər əbəsdir. Çünki Güney Qafqazda, Ermənistan ətrafında cərəyan edən geosiyasi proseslər və şərtlər, o sırada Azərbaycanın Qərbdən ötrü, Avropadan ötrü orta və uzaq perspektiv üçün artan energetik və logistik önəmi kapitulyant ölkənin, mistik arzularla yaşayan erməni müxalifətinin getdikcə daha çox ziyanına işləməkdədir, nəinki xeyrinə.
Qərbdəki müəyyən çevrələr nə qədər tez bunun fərqində olsalar, bir o qədər təmsil elədikləri güclərin maraqlarının bölgədə nəzərə alınmasına ümid bəsləyə bilərlər. Regionda səmimi şəkildə böyük sülhü, barışığı, əməkdaşlığı arzulayanlar, kommunikasiyaların və sərhədlərin açılmasını istəyənlər erməni revanşistlərin “çörəyinin üzərinə yağ sürtməyə” son verməlidirlər!
Bu xüsusda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Blinkenin telefon danışıqları ilə eyni gündə TRT-yə verdiyi müsahibədə söylədiyi aşağıdakı fikir yerinə düşür və dolayısı ilə ABŞ-a da incə mesaj sayıla bilər. Paşinyanla az öncəki telefon danışığı zamanı ikitərəfli münasibətlərin normallaşması prosesini müzakirə etdiklərini söyləyən Ərdoğan bu münasibətlərdə Türkiyə üçün “qırmızı xətt”in Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşmanın bu məsələ həll olunduqdan sonra mümkün olacağını məxsusi qeyd edib.
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üçün, sülh müqaviləsi üçün prinsiplər isə çoxdan masada. 5 prinsipdə nə Minsk Qrupu var, nə də status məsələsi. Olmayacaq da...“Müsavat”