Bakı kapitulyasiya aktından çıxa bilər -“Azərbaycanın 2 yolu var...”
Hər ikisi Xankəndinə aparır; Ermənistan öz taleyi ilə çilingağac oynamağa davam edərsə...
Yenixeber.org: Mediadan məlum olduğu kimi, iyulun 19-da Azərbaycan hərbiçiləri Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb. Hərbi mənbələr məlumatı təsdiqləyib. Bir zirehli maşın və 3 “Ural” avtomobilindən ibarət karvan Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən zaman yoxlanılıb. Yoxlama zamanı maşınlardan birinin yük bölməsində 5 ədəd Kalaşnikov avtomatı aşkar edilib. Bundan sonra karvan geri göndərilib. Maşınların haradan gəldiyi və daha nələr daşıdığı açıqlanmayıb.
Azərbaycanın Müdafiə Nazirliyi hələ ki insidentlə bağlı şərh verməyib. Rusiya sülhməramlılarının 19 iyul tarixli xəbər bülletenində deyilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında pozuntu qeydə alınmayıb.
***
İstənilən halda, belə çıxır, erməni separatçılarının arxa-dayağına çevrilmiş Rusiya “sülhməramlıları” həm də Qarabağa qanunsuz silah keçirməklə, silah qaçaqmalçılığı ilə məşğuldur. Hələ heç 2 il keçməyib. Demək, Rusiya hərbi kontingentinin mandatı məsələsi də gündəmə gətirilə bilər.
Baş verən insident eyni zamanda Rusiya və Ermənistanın Qarabağdan qanunsuz dəstələrin çıxarmaq istəməməsi fonunda məxsusi diqqət çəkir. Nəyi ki, bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan verdiyi müsahibədə bir daha rəsmən təsdiqlədi. Qriqoryan sırtıqcasına bildirdi ki, sentyabrdan Qarabağa Ermənistan hərbi çağırışçıları göndərilməyəcək, ancaq “özünü müdafiə” ordusuna yerli ermənilərdən çağırış davam edəcək.
Bu, Ermənistanın 10 noyabr 2020-ci il kapitulyasiya aktının 4-cü bəndinin icrasından açıq imtina ilə yanaşı, qalib Azərbaycan dövlətinə yenə meydan oxumasıdır.
***
“Bu, həm Rusiya, həm də Ermənistan tərəfindən 3 tərəfli sənədə açıq şəkildə məhəl qoyulmadığını göstərir. Bu isə Azərbaycana həmin sənəddən imtina etmək, imzasını geri götürmək imkanı yaradır. Bu, ifrat tədbirdir, amma əks halda, belə çıxır, 10 noyabr sazişinin şərtlərini yalnız Azərbaycan yerinə yetirir, digər iki tərəf isə açıq şəkildə sabotaj edir. Qriqoryanın müsahibəsini bunun həyasız etirafı kimi qiymətləndirmək olar. Yəni biz həmin sənədə məhəl qoymuruq”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a müsahibəsində politoloq, “Şərq-Qərb” Tədqiqat Mərkəzinin direktoru Ərəstun Oruclu deyib.
Rusiya və Ermənistanın nə Zəngəzur dəhlizi, nə qanunsuz silahlı ermənilərin Qarabağdan çıxarılması, nə də digər məqamlarda üzərinə düşən öhdəliklərə əməl eləmədiyinə diqqət çəkən Oruclunun fikrincə, rəsmi Bakının mövcud vəziyyətdən çıxmaq üçün cəmi iki yolu var.
“Bundan sonra nə etməli? Mən qorxuram ki, Laçın dəhlizi ilə bağlı öhdəliklər də yerinə yetirilməsin. Ona görə ki, Ermənistan faktiki olaraq yalnız avqust ayında bu dəhlizin alternativ marşrutunun özünə aid hissəsinin tikintisi üçün (cəmi 8 km-dən söhbət gedir - red.) tender elan etmək niyyətindədir. Belə çıxır ki, onlar indiki Laçın dəhlizini strateji obyekt kimi Rusiyanın sülhməramlıları adlanan qüvvələrinin nəzarətində saxlamağa çalışırlar”, - deyə politoloq qeyd edib.
Fikrini davam etdirən Ə.Oruclu bildirib ki, Azərbaycanın indi iki çıxış yolu var: “Birincisi, antiterror əməliyyatı keçirmək və bütün erməni birləşmələrini Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazidən çıxarmaqdır. İkincisi, 10 noyabr razılaşmasının şərtlərinə əməl etməkdən tamamilə imtina etmək, onu etibarsız saymaqdır. Rəsmi Bakı bunu edəcəkmi, bilmirəm”.
Politoloqun ehtimalına görə, Rusiya hətta digər strateji əraziləri, məsələn, Kəlbəcər və Tərtər istiqamətində nəzarəti ələ keçirməyə cəhd edə bilər. Ona görə də Bakı, onun qənaətincə, antiterror əməliyyatı keçirməlidir: “Düzdür, bu, çox risklidir, çünki Rusiyanı yeni müharibəyə təhrik edə bilər. Amma Rusiya Cənubi Qafqazda ”ikinci cəbhə" açmaq istəyərmi, “birinci cəbhə”də - Ukraynada hər şey onun üçün o qədər də yaxşı getmədiyi bir vaxtda? Bu da istisna deyil ki, Rusiya məhz diqqəti Ukraynadan yayındırmaq üçün buna getsin. Burada əminliklə mühakimə yürütmək çətindir".
Orucluya görə, Azərbaycan üçün daha məqbulu 10 noyabr razılaşmasından çıxmaq və Rusiya sülhməramlı kontingentə, məsələn, 2 həftə ərzində ölkəni tərk etmək üçün tarix vermək ola bilər. “Onlar (sülhməramlılar - red.) Qarabağa bir neçə saata daxil olublar, Bakı isə onlara geri dönmək üçün səxavətlə daha çox vaxt tanıya bilər. Əgər getməsələr, o zaman Azərbaycan dərhal kompleks tədbirlərə başlaya bilər: BMT, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq strukturların prosesdə iştirakından tutmuş, paralel şəkildə qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı aparmağa qədər, bir sıra tədbirlərdən söhbət gedir. Başqa çıxış yolu görmürəm”, - politoloq fikrini tamamlayıb.
***
Bu, əlbəttə ki, mövcud duruma politoloji yanaşmadan doğan ehtimal və versiyalardır. Bir şeyi əminliklə söyləmək olar ki, rəsmi Bakı Rusiyaya güvənən kapitulyant ölkənin oyunbazlığından artıq təngə gəlib və hansısa kritik qərarı vermək ərəfəsindədir...
“Müsavat”