Ötən gün bəzi xəbər portalları bir məlumat paylaşdılar ki, guya, Putin artıq Qarabağ adlı bir problemin qalmadığını söyləyib. Məqalənin başlığı diqqətimi cəlb etdiyi üçün yazını oxudum. Açığı yazının adı ilə məzmunu qətiyyən uzlaşmırdı. Cəmi bircə yerdə rast gəldim ki, Putin Makronla son görüşündə Qarabağ probleminin həll olunduğunu söyləyib. Lakin qalan fikirlər bir növ bəy tərifi idi. Müəllif az qalırdı ki, deyə: “Putin bizdən qorxur”.
Yenixeber.org: Mənim fikrimcə, bu gün Azərbaycanda mətbuatın hörmətdən düşməsinin bir səbəbi də boğazdan yuxarı, reallığı əks etdirməyən, gurultulu başlıqla oxucu cəlb etmək məqsədi ilə yazılan yazılardır.
İndi durub lapdan demək ki, Putin Qarabağ probleminin həll olunduğunu söyləyib, bu, ən azı gülməli çıxar. Çünki, o zaman adamdan soruşarlar ki, “Qarabağ problemi həll olunubsa, onda ay Vladimir Vladimiroviç, sənin sülhməramlıların Azərbaycan torpaqlarında nə gəzir?”
Və təbii ki, belə bir suala obyektiv cavab vermək nəinki Putinin, heç onun xaç atasının da hünəri deyil.
Bəli, 44 günlük müharibədə Azərbaycan Ali Baş Komandanı və Müzəffər Ordumuz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Lakin Qarabağ problemi kökündən çözülmədi. Əksinə, məsələ bir qədər də qəliz hüquqi don geyindi. Əgər dünənə qədər Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında bir münaqişə idisə, bu gün Qarabağ artıq Rusiyanın nəzarətində olan “qaynar nöqtədir”. İstəsək də, istəməsək də bu belədir. Zor-xoş ruslar gəlib oturdu Qarabağda. Və bu gedişlə yaxın vaxtlarda oradan heç çıxmaq fikrində deyillər. Ona görə də, Putinin Qarabağ probleminin həll olunduğunu söyləməsini demək sadəcə qeyri-ciddilikdir.
Bəli, Putin bu fikri söyləyə bilər. Amma baxır kimin qarşısında. Məsələn o, Makrona deyə bilər ki, Qarabağ problemi həll olunub. Bunu da Makronu başa salmaq üçün deyər ki, gözünüzü Qafqazdan çəkin. Bura mənim təsir dairəmdir. Və bu ərazilərdəki problemi də yalnız mən həll edə bilərəm. BMT, ATƏT-in Minsk qrupu və digər Qərb dövlətlərinin Rusiyanın təsir dairəsindəki problemlərə burunlarını soxması Moskva üçün arzuolunmazdır haldır. Elə Ukraynadakı kimi…
Putinin davası bu gün Zelenski ilə deyil, Baydenlədir, Consonladır, Makronladır… Məhz Qərb liderlərinə göz dağı vermək üçün Putin Ukraynada “va bank” gedir. Çünki, İkinci Qarabağ savaşından sonra Kremlin dişində şirə qaldı. Belə ki, son 30 ildə ilk dəfə Rusiya hansısa beynəlxalq problemin həllində təkbaşına hərəkət edirdi. 10 noyabr anlaşmasında nə ABŞ-ın, nə də ki Qərbin adı var. Ən maraqlısı da odur ki, bu anlaşmada Azərbaycan tərəf kimi Ermənistanı deyil, Rusiyanı tanıdı. Bu da Rusiya üçün əlavə divident idi. Yəni Qarabağda baş verə biləcək hər hansı bir insidentə görə, Azərbaycan Kremldən hesab soracaq. Bu bir tərəfdən yaxşıdır ki, Ermənistan artıq oyundan kənarda saxlanıldı. Pis tərəfi də odur ki, biz bu və ya digər şəkildə Rusiya ilə hesablaşmalı olacağıq.
Məsələn, bu gün biz Qarabağda anti-terror əməliyyatı keçirmək üçün ilk növbədə Rusiyanın “dabro”sunu almalıyıq. Çünki, biz Qarabağda sülhün təminatı üçün ruslara mandat vermişik. Qarabağdakı silahlı ermənilərin zərərsizləşdirilməsi, Ermənistandan Qarabağa silahlı dəstələrin gəlməsinin qarşısının alınması biləvasitə Rusiya sülhməramlılarının səlahiyyətlərinə aiddir. Məhz buna görədir ki, son günlər Qarabağdakı separatçıların davamlı şəkildə mövqelərimizi atəşə tutmasına konkret və kəsərli cavab verə bilmirik. Ən yaxşı halda “cavab atəşi ilə düşmən susdurulur”.
Ona görə də, hansısa İvanın sözüylə demək ki, “Qarabağ problemi həll olunub”, bu, ən azından məntiqsizlikdir. Bəli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi bizim xeyrimizə həll olunub. Ermənistan ordusu Azərbaycan ərazilərindən qovulub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Lakin Qarabağdakı erməni separatizminin kökü kəsilməyib. Bu isə o deməkdir ki, Qarabağ problemi hələ də qalır.(konkret.az)
Surxay Atakişiyev