Ermənistan intihar yolu ilə “Qafqaz evi” arasında -Şuşadan verilən daha bir kritik mesaj
Bakı və Ankaranın İrəvana sonuncu şansı; 2 gün sonrakı seçkilərdə erməni xalqı kimi qalib elan edəcək: ona daha böyük fəlakətə sürükləyən “müharibə partiyası”nı, yoxsa mötədilləri...
Yenixeber.org: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa zəfəri şübhəsiz ki, hələ uzun müddət siyasi təhlilçilərin müzakirə predmeti olaraq qalacaq. Ən əvvəl o səbəbə ki, bu səfər çərçivəsində imzalanan Şuşa Bəyannaməsi ilə Güney Qafqazda Türk amili, Bakı-Ankara hərbi siyasi tandemi yeni və qalıcı bir status qazanmış oldu, Azərbaycanın bölgədə açar rolu birə-iki gücləndi, regionda möhkəm və ədalətli sülhün, sabitliyin perspektivi məsələsinə xeyli dərəcədə aydınlıq gəldi - pozitiv planda təbii ki.
Şuşada hər iki lider - Ərdoğan və İlham Əliyev Cənubi Qafqazda təminatlı sülh və effektli əməkdaşlıq platformasının qurulmasında Rusiyanın vacib ölkə olduğunu da vurğuladı. Bununla Moskvaya aydın mesaj verildi ki, əgər Rusiya da bəyan elədiyi kimi, bölgədə müharibə arzulamırsa, nəqliyyat yollarının və kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman forpostu Ermənistana təzyiqi artırsın. Onu davakar və revanşist ritorikadan əl çəkməyə vadar eləsin, 10 noyabr kapitulyasiya sənədinin bəndlərini qeyd-şərtsiz və qısa zamanda yerinə yetirməyə məcbur eləsin.
*****
Bunu eləmək Kremlə indi daha asandır, çünki məğlub ölkə heç vaxt olmadığı qədər zəif, Rusiyadan asılı durumdadır. Söhbət həm də sülhməramlıların nəzarətindəki ərazidə qalmış qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasından gedir.
Bəlli məsələdir ki, quldur dəstələri ruslara arxayın olub ərzimizdə qaldıqca, Qarabağ səmasından barıt qoxusu çəkilməyəcək, müharibə riski sıfırlanmayacaq, demək, region ölkələri arasında etimad atmosferi yaratmaq və iqtisadi inteqrasiyanı sürətləndirmək və təmin eləmək də mümkün olmayacaq. İqtisadi inteqrasiya isə gələcəkdə qonşu dövlətlər arasında sərhədlərinin şəffaflaşması, xalqların bir-birinə maksimum yaxınlaşması üçün mühüm önəm kəsb edir. Bir növ Avropa Birliyi ölkələri arasında mövcud olan sərhədlər kimi. Başqa sözlə, niyə də Avropa Birliyinin mini-modeli kimi, bir “Qafqaz Evi” yaradılmasın? O halda Ermənistanın ərazi ambisiyaları da tam mənasız hala gəlmiş olacaq.
*****
Əslində Bakı və Ankaranın təklif elədiyi “altılıq formatı”, daha sonra isə Ərdoğanın az öncə Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə Türkiyədə görüşü zamanı irəli sürdüyü “üçlü platforma” (Azərbaycan, Gürcüstan və Ermənistan) “Qafqaz Evi” üçün mühüm hüquqi və ideoloji baza rolu oynaya bilər. İki liderin Şuşadan verdiyi daha bir ortaq mesajın mahiyyəti məhz bu idi.
Lakin ona qədər kifayət qədər uzun yol var. Çünki məğlub ölkənin kaprizləri heç cür bitmək bilmir. Ermənistan XİN-in iki prezidentin Şuşa səfəri ilə bağlı yaydığı təxribatçı, beynəlxalq hüququ növbəti dəfə ələ salan həyasız bəyanatı buna bariz sübutdur. Beləcə, Ermənistanda hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayan qüvvələr var. “Qafqaz Evi” ideyası isə tələb edir ki, Ermənistan bütün qonşu ölkələrin, xüsusən də Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıdığını bəyan eləsin.
Ən əsası, erməni toplumu boş və mənasız ideyaların əsiri olmağa, “miatsum”, “böyük Ermənistan” nağıllarına inanmağa, illüziyalarla yaşamağa son verməli, bölgədəki reallığı qəbul eləməlidir. Heç olmasa, neçə vaxtdır reallığı dilə gətirib qəbul etməyin vacibliyini söyləyən sabiq prezident Ter-Petrosyanın çağırışlarına qulaq verməlidir. Hansı ki, Qarabağ məsələsini artıq bitdiyini, bu məsələdə Ermənistanın müttəfiqinin qalmadığını, “miatsum”, “böyük Ermənistan” kimi iddiaları unutmağı, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağın vacibliyini bildirir.
Belə çağırışlara qulaq vermək erməni xalqına həm də indiki və gələcək hakimiyyətlərini düz yola yönəltmək üçün vacibdir. Verəcəkmi? Bunu iki gün sonra Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrindən biləcəyik. Erməni xalqı ona yeni fəlakət vəd edən revanşist-daşnak-faşistləri, yəni “müharibə partiyası”nı qalib edəcək, yoxsa mötədilləri?
Birinci yol Ermənistan üçün faktiki intihar anlamına gələcək. Çünki növbəti müharibə artıq Azərbaycanın deyil, Ermənistanın ərazisində gedəcək və erməni dövlətinin son qalıqlarını nəinki Qərb, heç Rusiya da xilas edə bilməyəcək. Ona görə ki, ermənilər öz hoqqaları, yerə-göyə sığmayan iddiaları və tələbləri ilə Rusiyanı da, Qərbi də bezdiriblər.
“Bir müddət sonra Ermənistan ordusu Xankəndindən könüllü şəkildə çıxmaqdan imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər”.
Bu barədə “Genaket” analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Tiqran Abramyan “Pressinq” verilişinin efiri zamanı bildirib (Axar.az).
“Böyük ehtimalla ”artsax" məsələsi artıq mövcud deyil, bu məsələ tam olaraq bağlıdır. Bu gün biz dövlətimizin və ölkəmizin sonunu görürük. Güman etmək olar ki, əgər hər şey belə davam etsə, 10 ildən sonra bütün Ermənistan Türkiyənin tərkibində olacaq", - deyə o qeyd edib.
Ancaq heç olmasa, Ermənistan dövlətçiliyinin qırıntılarını xilas eləmək mümkündür. Yolu bəlli. Qalır erməni xalqının ağıllı çağırışlara qulaq asıb da yeganə doğru qərara gəlməsi...
“Müsavat”